Cahan içrə mənim bir dilbəri-naməhribanım var,Nə cövrinə şəkibim, nə cəfasına təvanım var.

İtibdir nəqdi-can qaşü gözü qəmzə arasında,Hər üçü bassın əl ol müşhəfi-hüsnə, gümanım var.

Həzər qıl qaməti-xəm birlə ahi-cangüdazımdan,Mühəqqər sanma, ey çərx, adəməm tirü kəmanım var.

Səri-kuyin səfadə rövzeyi-rizvandan artıqdır,Necə həqdən keçim mən göz görə, dinim, imanım var.

Cəfavü rənc çəkdim gənci-hüsnündən olam faiz,Tutub ətrafını əfi, bu sövdadə ziyanım var.

Nolar ahu gözün fikri mənim çeşmim vətən tutsa,Gədayəm, həqdi, yaxşı otlağım, abi-rəvanım var.

Bu dağ ilə qəmim yox, qanda varsam aliqədrəm mən,Əgərçi ürəm, amma bir şəhənşəhdən nişanım var.

Nə müddətdir qara günlü könül zülfilə xu tutmuş,Qayıtmaz bir deməz axır dağılmış xanimanım var.

Diyari-hicrində sənsiz nə qalar udmuşam, gör kim,Dəmi, dilbər, ayaq saxla sana şərhü bəyanım var.

Sizi tarı, mürüvvətdirmi ol birəhmü səngindilEdər əğyar ilə işrət, deməz bir natəvanım var.

Sərasər əhli-aləm şikvə etsin cövrü zülmündən,O xatircəmdi kim, Zakir kimi övsafxanım var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq