Gedir
Vaxt deyilən axar sudu, dayanmağı, durmağı yox,Düşür axşam, gəlir gecə, sökülür dan, keçib-gedir.
İnsan ulu, insan böyük, çiyinlərdə dağ boyda yük,Haqq yolunda igid başdan, oğul candan keçib-gedir.
Qanın yoxsa, ruhun yoxdur, ruhun yoxsa, özün yoxsan,Coşub-daşan duyğuların yolu qandan keçib-gedir.
Qəm yeriyir axın-axın, istədiyin gəlmir yaxın,Kədər qalır içəridə, sevinc yandan keçib-gedir.
Ağzıgöyçək deməsin ki, dünya onun nə vecinə,Bu dünyanın hər ağrısı Zəlimxandan keçib-gedir.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-gedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir