Dünən körpəsiydim Kəpənəkçinin,Atayam, babayam, əmiyəm indi.Dünən bir dən kimi düşdüm torpağa,Sünbülü tellənən zəmiyəm indi.

Bir gün dolu döyür, bir gün qar gəlir,Meydandan çəkilmək mənə ar gəlir.Üstümə dəlisoy dalğalar gəlir,Tufanla çarpışan gəmiyəm indi.

Üzüm kədərədi, yönüm ahadı,Qəm-kədər ucuzdu, sevinc bahadı.Düşmənin hər biri bir ə/dahadı,Yeddi əydahanın yemiyəm indi.

Mən də Yaradanın bir aşığıyam,Ərköyün övladı, kür aşığıyam.Məni sevənlərin yaraşığıyam,Məni sevməyənin qəmiyəm indi.

Xatirəyə dönmüş neçə cığır var,Sevgilim çiçəkdi, sevgim arıdı.Qoynunda gəzdiyim yaşıl cığırlarŞeirimin yamyaşıl misralarıdı.

Qarlı qış səhəri gəldim dünyaya,Neçə yaz doğuldu qışımdan mənim.Həyatın sevinci, müsibətləriYağdı yağış kimi başımdan mənim.

Ayna bulaqların, güzgü göllərin,Mavi dənizlərin ətrinə batdım.

Qaynar çeşmələri, dənizləri dəKönlümdə təzədən özüm yaratdım.

Haqqın işığıyla gəldim dünyaya,Dünyanın hər yeri gördüm işıqdı.İşığa bağlıdı insanın canı,Sevincim işıqdı, dərdim işıqdı.

Elə bu işıqla çıxdım yollara,Qarşımda işıqlı yollar açıldı.“Can” dedim həmdəmə, “dost” dedim yara,Sinələr qabardı, qollar açıldı.

Elə bu işıqla gəldim Məkkəyə,Kəbənin içinə girdim işıqla.Adını qoysaq da gözəgörünməz,Allahın özünü gördüm işıqla.

Dillərdə, yollarda, ellərdə gördüm,Aşılmaz Çin səddi aşan ömrümü.Çağlayan sularda, sellərdə gördümQayğılar içində daşan ömrümü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar