Mənim ömrüm
Əlli saniyə nə, əlli saat nə,Beş yüz il yaşadım bu əlli ildə.Rahat ömür nədir, sakit həyat nə,Dərdim dastan oldu, gör, neçə dildə.
Azadlıq istədim, məhbəs verdilər,Genişlik istədim, qəfəs verdilər.Çağırdım, dadıma çatan olmadı,Nə haray çəkdilər, nə səs verdilər.
Qaldı öz içimdə səs, mənim ömrüm,Yumruğu daş elə, kürəyi sipər,Dərdin qarşısını kəs, mənim ömrüm.
Qapını kəsəndə böhtan ilə şər,Ürəklər qəzəbdən alışdı-yandı.Üçrəngli bayraqdan yapışan əllər,Yanvar gecəsində qana boyandı.Amansız ağrılar qəlbimi sıxır,Çəkilməz dərdim var, dərmanı yoxdur.Məni öz haqqıma qovuşdurmağa,Bəndənin gündə bir fərmanı çıxır,Hələ ki, Allahın fərmanı yoxdur.“Allah” de, ordunu köməyə çağır,Qalma bu meydanda tək, mənim ömrüm.Kökündən, soyundan zorla ayrılan,Mənim qaçqın ömrüm, didərgin ömrüm.Daşı, qayası, torpağıƏsir yaşım, girov yaşım.Canımda bir üşütmə var,Saçlarımda qırov, yaşım.
Rahat yaşamağı haram buyrulan,Hey narahat ömrüm, hey gərgin ömrüm.Torpağım daşınır torbalar ilə,Bacara bilmirəm zorbalar ilə,Əgər belə getsə, başa çıxammaz,Qəlbimi, ruhumu didər kin, ömrüm.
Kor olmuş gözlərim hər şeyi gördü,Girov da, dustaq da, əsir də gördü.Babək zirvəsinə qalxan qeyrəti,Ayaqlar altında həsir də gördü.Təbiət vurursa yara bağrıma,Qarabağ dönürsə qara bağrıma,Gündə tikə-tikə kəsirsə düşmən,Çara tapılmırsa qara bağrıma,Göyçə həsrətiylə yanır, tökülür,Borçalı üstündə saz ağlayırsa,Millətin gözündə yaz qışa dönüb,Şairin qəlbində yaz ağlayırsa,Dünyadan əlini üz, mənim ömrüm.Əllidə heç nəyi bacarmadınsa,Nəyinə gərəkdir yüz, mənim ömrüm?
İki qanadı var mənim ömrümün,Bir yanım Borçalı, bir yanım Bakı.Ruhumun kökündə, mayasındadır,Hislərin durusu, sözlərin pakı.Şair taleyidi, şair baxtıdıBu uzaq yolların qucağındakıHər keçidə cığır, hər çaya körpü,Ellərdən ellərə yol, mənim ömrüm.Gündüz dincəlməyən, gecə yatmayan,Yollarda əzabı bol, mənim ömrüm.
Olummu, qalımmı onun qisməti,Bu xalqın baxtına fal açmaq çətin.Verən qürrələnər, alan utanar,Əl tutmaq asandı, əl açmaq çətin.Dilin ağrısıdı, qəlbin əzabı,Dilənə-dilənə əl açmaq çətin.Əlində əsa var, gözündə eynək,Əynində cırılmış bir qara köynək.Cahan bir oğlanı nə günə salıb,Alnındakı qırış, saçındakı dən,Tut onun əlindən, tut, mənim ömrüm.
Bəlkə, dərdimizə biganələrinƏlini cibindən çıxara bildin.
Qırx arşın quyuya düşən kəsləri,Quyunun dibindən çıxara bildin.Bəlkə, bir harını, yekəqarınıOynadıb təbindən çıxara bildin.Bəlkə, satqınları, yaramazlarıÖz köhnə dəbindən çıxara bildin.Ölüm bir savaşdı haqqın yolunda,Çəkinmə, savaşa gir, mənim ömrüm.“UT” demə həqiqət axtarışında,Səni parçalasa şir, mənim ömrüm.
Əsrin yarısıyla durdum yanaşı,Mənəvi ömrümün yaşı bilinməz.O qədər qədimdi ruhumun yaşı,Saysalar kərpici, daşı bilinməz.Qorquddan, Yunusdan Allaha çatdı,Səsim qanadlandı, Allaha çatdı.Saz mənim ömrümdü, söz mənim ömrüm,Qabağa düşmüşəm Prometeydən,Od mənim ömrümdü, köz mənim ömrüm.
Söhbətin şirini, sözün xasıyam,Ruhun sevinciyəm, qəlbin yasıyam.Dünyanın ən qədim əlyazmasıyam,Tarixdə ən uzun yaş, mənim ömrüm.Üstü min illərlə mamır bağlayan,Ömrümə ikinci ömür bağlayan,Qaya mənim ömrüm, daş mənim ömrüm.Leyliyə Məcnunam, Şirinə Fərhad,Kərəmə Əsliyəm, Qəribə ustad,Mələklər yanında çalmışam qanad,Merac gecəsində göy mənim ömrüm.Füzuli ahından mayalanmışam,Dodaqlar yandıran ney — mənim ömrüm.
Altaya qovuşan Anadoluyam,Təbrizəm, Dərbəndəm, Qarsam, Boluyam.Dünyanın nə qədər yolları varmış,Yollara yol olan haqqın yoluyam.Türkün xilaskarı qurd oğlu qurdam,Doğudan Batıya bir ulu yurdam.Bilgəyəm, Meteyəm, Osman Qaziyəm,Ölçülər içində ölçüyəgəlməz,Məkana sığışmaz bir əraziyəm.Yer üstə ən böyük yer, mənim ömrüm,21 yaşında İstanbul alanAğ atın üstündə ər, mənim ömrüm.
Yandırmır işığı, əritmir şamı,Hamının dərdini daşımır hamı,Dünyanın yükünü tək-təklər çəkir.Ən böyük adamdı dərdin adamı,Yükü də ən böyük ürəklər çəkir,Həyatda ən ağır yük, mənim ömrüm.Buludlar qoynunda ən hündür budaq,Torpaqda ən dərin kök, mənim ömrüm.
Ulduzun ziyası, Ayın işığı,İşıqlı dünyanın yar-yaraşığı,Tanrının vergisi, haqqın aşığı,Gündüzlər Günəşi, sabahlar mehi,Gecələr sultanı Ay, mənim ömrüm.Bəndənin hələ də görəmmədiyi,Allahın verdiyi hay, mənim ömrüm.
Gözünün nurunu kitablar yeyən,Suallar yedirən, cavablar yeyən,Dərvişlər, ozanlar, qəriblər görübİçini həmişə əzablar yeyən,Ürəyin qanından şərablar içən,Qəlbinin ətindən kabablar yeyən,Təpədən-dırnağa dərd, mənim ömrüm.Bu dərdlər önündə duruş gətirən,Duruşu yenə də sərt, mənim ömrüm.
Bu da iş otağı, şamdanım, şamım,Səliqəm, səhmanım, işim, nizamım.Bu da müqəddəsim, kitabxanamdı,Anamdan sonrakı doğma anamdı.Şirin həmsöhbətəm Dədə Qorquda,Axır damarıma, hopur canımaUdduğum hava da, içdiyim su da.Əlimin altında “Oğuznamə” var,Dilimin gücündə “Qudatqu bilik”.Homerdən, Dantedən üzü bəriyəHər biri ölməzlik, mərdlik, kişilik.“Faust”, “Leyli-Məcnun”, “Şahnamə”, “Xəmsə” —Bəşər övladının neçə dastanı.Hər dəfə qapını açıb girəndəBağrıma basıram bu gülüstanı.Hər gün dahilərlə üz-üzəyəm mən,Durmuşuq göz-gözə, nəfəs-nəfəsə,Möcüzə içində möcüzəyəm mən.Təpədən-dırnağa nur içindəyəm,Hər şeydən ucadı nur, mənim ömrüm.Dünyanın işığı azalan günüİşıqdan bir dünya qur, mənim ömrüm.
Torpaq sızıltısı, yurd göynərtisi,Şam kimi yandırıb, iç əridəndi.Neyləyə bilərdi özgələr bizə,Ən böyük bəlamız içəridəndi.Bizi ətrafımız yedi, taladı,Bayır dəyirmandı, içəri dəndi.
Yağmasa yağışı, axmasa suyu,Göyərə bilərmi dən, mənim ömrüm?Ürəkdən gülməyi yadırğamışam,Bulud mənim ömrüm, çən mənim ömrüm.
Hələ də öz əlin, öz başın deyil,Sənin keçmişini saxtalaşdırıb,Sənin tarixini saxtalar yazır,Qanı qarışıqlar, üzü dönüklər,Ürəyi, qafası dönüklər yazır.Quruyur yerində, doğru mat qalır,Oğrunu balaca bərkə çəkəndə.Ərəbə çəkirlər, farsa çəkirlər,Müsibət başlanır türkə çəkəndə.Dözə bilirsənsə sən bu dərdlərə,Daha sözüm yoxdu, döz, mənim ömrüm,“Desəm öldürəllər, deməsəm ölləm",Yandırır dilimi köz, mənim ömrüm.
Ulu Füzuliyə eşqim, heyrətim,Dədə Ələsgərə əcdadım deyən,Vaqifə dilinin şəhdi-şirəsi,Sabirə üsyanım, fəryadım deyən,Baba Şəhriyara tüstüm, dumanım,Vurğuna ən böyük ustadım deyən,Bu qədər xəzinəsi olan kəslərin,Nəyinə gərəkdi pul, mənim ömrüm.Böyüklər yanında uşaqdan uşaq,Ustadlar yanında qul, mənim ömrüm.Səni yerə çəkən, göyə bağlayan,Yerin bəndinə bax, göyün qatına.Tanrı neçə gündə qurub dünyanı,Bacara bilirsən, bax saatına.Nə ki gördüyün var, görəcəyin var,Hopdur damla-damla sən həyatına.
Qırx doqquz qapını açıb gəlmisən,Əllinci qapını aç, mənim ömrüm.Səpələ Allahdan aldığın nuru,Bəndənin üstünə saç, mənim ömrüm.
Ağzından çıxmısan əfdahaların,Salamat qalmısan, şir oğlu, şirsən.Üstünə nə qədər daşlar atıldı,Dözümdə, təmkində, bəlkə də, birsən.Köçür varaqlara ürəkdə nə var,Bir dəftər, bir qələm, bir gecə, bir sən.Əkinçi taleyi yaxşı taledi,Şumla, mənim ömrüm, ək, mənim ömrüm.Bu vaxtın tək bircə Zəlimxanı var,Qatlaş zəhmətinə, çək, mənim ömrüm.
2000, yanvar
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-menim-omrum-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zaman-zaman dünya durar yerində,Ömrümüzdən ömür gedər, gün gedər.
Yetimin ağısıGöz yaşımdan zaman-zaman üzüm nəm çəkdi, nəm çəkdi,Başım daşdan-daşa dəydi, ürək qəm çəkdi, qəm çəkdi.
QaldıQarlı bir qış günündətufan qopdu, nə qopdu,
Onun ruhuna söykənSəni yasdan çıxardaq, anam Azərbaycanım,Sil gözlərin yaşını, qaralara bürünmə, gəl!
Başqa şairlərin şeirləri
بیگانه اختلاط میباید بود
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Boş görünən bu yer əslində, boş deyilBoş görünən bu yer əslində, boş deyil, gündüz görünməyən ulduzlarla dolu göyüzü kimidir – Allahın qəlbindəki hələ gəlib bizə çatmamış İlahi Sözün – İlahi Şeirin varlığına kiçicik bir işarədir.O Sözün – Şeirin varlığını duymadan səhifəni çevirsək də çevirməmiş kimi olacağıq.