Nahaq endik o dağların başından,Gərək orda qal oğlu qal olaydıq.Ömrümüzü gül ömrünə döndəribZirvədə qar, pətəkdə bal olaydıq.

Allaha tən, haqqa yardı zirvələr,Yaranışdan dümağ qardı zirvələr.Ömrümüzü uzadardı zirvələr,Nahaq endik o dağların başından.

Üfüqlərdə quş olmaq da gözəldi,Şimşəklərə tuş olmaq da gözəldi,Lap o yerdə daş olmaq da gözəldi,Nahaq endik o dağların başından.

Ucalığı ölüm-itim haqlamır,Peyğəmbərdi, qəlbində kin saxlamır.Min il keçir, bir qayası laxlamır,Nahaq endik o dağların başından.

Haqq evidi hər daş otaq, hər kaha,Salam verir dan yerinə, sabaha.Təzə-təzə qovuşurduq Allaha,Nahaq endik o dağların başından.

Ruh paklaşır, yağan qardan ağ olur,Can bərkiyir, saf poladdan sağ olur.Dağ başında vallah, adam dağ olur,Nahaq endik o dağların başından.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq