Şairim, şəhidim — Şəmsim
Şəhid peyğəmbəri, şəhid imamı,şəhid şairləri çoxdu dünyanın.Şair qanı ilə suvarılmayan,Bir qarış torpağı yoxdu dünyanın.
Gətir xəyalına Mənsur Həllacı,Həq məndə var olub, mənəm həq dedi.Başı bədənindən ayrılanda da,“Ənəlhəq” söylədi, ənəlhəq dedi.
Tökdülər Tanrını görən gözləri,Bəbəklər oyuldu həqiqət üstə.Allahı insana endirdiyindən,Dahilər soyuldu məhəbbət üstə.
Düz dedi, sərt dindi, açıq danışdı,Heyif ki, haqq səsə qulaq kar oldu.Başkəsən cəlladlar tarixlər boyu,Şair dərisinə həvəskar oldu.
Dilini ağzında dustaq eləməz,Şair içəridən azad olanda.Eşşək bağlananda atın yerinə,Ürəklər dağlayan fəryad olanda.
Bayrama çevrilər doğum günləri,Ölümü dünyanı batırar yasa.Qəbir evində də rahat yatamaz,Böyük yalanları o, susdurmasal
Ariflər, aqillər ölür söz üçün,Şairi nadanın gözü götürmür.Dağları çiynində götürür şair,Yalandan deyilən sözü götürmür.
Təpədən-dırnağa eşq adamıdır,Nəyi danışırsa, ürəkdən deyir.Kişisən üz-üzə, döş-döşə dayan,Saplama bıçağı kürəkdən deyir.
Dahilər həmişə haqqa güvənib,Satdıran olmayıb, satan olmayıb.Bir xalqın səsini batıran olub,Şairin səsinə batan olmayıb.
Dağlardan güc alan arxa, dayağı,Sellərdən güc alan əzələsi var.Nahaqqın daşını daş üstə qoymaz,İçində tufanı, zəlzələsi var.
Bir də danışmasın, dinməsin deyə,Dilindən vurulur haqq şairləri.Vuran qılıncını sərrast endirir,Belindən vurulur haqq şairləri.
Harda susduruldu, nə vaxt vuruldu,Tarix o günlərdən xəcalət çəkir.Şairin üstünə əl qaldıranın,Adının üstündən qara xətt çəkir.
Zaman güvənməsin zora, silaha,Güc nə vəzirində, nə şahındadı.Dar gündə millətlə yan-yana durar,Şairlər Allahın dərgahındadı.
Amansız olanda şairə qarşı,Zaman söz adında toxum əkmədi.Şairin üzünə şilləni çəkdi,Şairin başına sığal çəkmədi.
Şairi şairtək kim yaşatdısa,Ona zaman-zaman rəhmət dedilər.Şairi nahaqdan kim öldürdüsə,Ölüb qalanına lənət dedilər.
Şairi yaşatmaq baş ucalığı,Şərəfdi tarixi yaşatmaq qədər.Şairi öldürmək ağır günahdı,Ağırdı Allaha daş atmaq qədər.
Sal qayalar kimi dönməz inamı,Dağa hökm eləyən inadı vardı.Təkcə yeriməyə ayaqları yox,Uzaq uçuşlara qanadı vardı.
Dolaşdı Bağdadı, Şamı, Hələbi,Bəlxi, Ərzurumu, Sivası gəzdi.Elə Allah dedi, Allah eşitdi,Başında bu eşqin havası gəzdi.
Quran yaddaşında, Tanrı ruhunda,Heç yerdə papağı günə vermədi.Öyrənə-öyrənə öyrədən oldu,Boş-boş söhbətlərə çənə vermədi.
O, Allah hökmündə görüb insanı,Oğulsan var elə yoxu, deyirdi.Hikmət kitabları oxumaq azdı,Özünü kitabtək oxu, deyirdi.
Elə Şəmsin özüdü,Ərdi, ərəndi sufi.Könül bağçalarından,Güllər dərəndi sufi.
Uzaq yolları ilə,Qeyli-qalları ilə,Hər cür halları ilə,Haqqı görəndi sufi.
Əvvəli haqq, sonu haqq,Həmi yağdı, həm çıraq.Qəbrə girməzdən qabaq,Qəlbə girəndi sufi.
Sufi külək kimi əsir, sovurur,Külü dağıtsa da közü dirildir.Alim şəhidliyi elmə nur saçır,Şair şəhidliyi sözü dirildir.
Uca peyğəmbərlə, mələklə birgə,Haqqın dərgahına gəlmək öyrədir.Şəhidlik əbədi yaşamaq verir,Şəhidlik adama ölmək öyrədir.
Allahdan icazə, izin olmasa,Sən yolu seçsən də, yol səni seçməz.Allahın yanında üzün olmasa,İmza təsdiqləməz, qol səni seçməz.
O haqqa qovuşan haqq aşiqiydi,Bir sevgi şahının quluna döndü.Özü şəhidliyin zirvəsindədi,Yolu aşiqlərin yoluna döndü.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-sairim-sehidim-semsim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən möhkəm adamsan, özünü şax tut,Əzilib-büzülmək yaraşmaz sənə.
Dünya öz dərdini çəkənə verirSarayı daşıyıb, damı çəkəmmir,Yanmışı, bişmişi, xamı çəkəmmir,
Şairin sözüFərman padşahındı, dağlar bizimdi.*Dadaloğlu*
Azər Turana təsəlli25 yaşında həyatdan gedən gənc alim, idrak və*təfəkkür sahibi, hər söhbətində məni heyrətləndirən*