Torpaq ətri
Öz içimdə torpaq əkib, dən səpirəm,Duyğuları cücərdirəm pöhrə kimi.Yağışım gur, Günəşim bol, havam təmiz,Yetişirəm ən şirin bar-bəhrə kimi.
Çirkinliyin son ucu qaranlıq olur,Gözəlliyin meyvəsi heyranlıq olur.Söz var yağdı, söz də var ayranlıq olur,Gecə-gündüz çalxanıram nehrə kimi.
İçimdəki qaynar çeşmə, axar çaydı,Nəğməsini hər gün eldən-elə yaydı.Ürəyimdə torpaq ətri olmasaydı,Quruyardım qumsal kimi, səhra kimi.
2004, avqust
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-torpaq-etri
← → düymələri ilə keçid, R — təsadüfi şeir