Saz üstə köklədin məni,Ozan oldum, ulu dünya!Söz üstə köklədin məni,Yazan oldum, ulu dünya!

Çəkinmədim buzdan, qardan,Keçirdim eşqimi dardan.Damcı-damcı qayalardan,Sızan oldum, ulu dünya!

Yaxşını əzdi zamana,Verildi meydan yamana.Şər dönəndə çən-dumana,Azan oldum, ulu dünya!

Çox oldu yeyən, döşürən,Yandım, olmadı düşürən.Dərd qovuran, qəm bişirən,Qazan oldum, ulu dünya!

Susdu qəlbin ötən simi,İllər taladı səbrimi.Öz əlimlə öz qəbrimi,Qazan oldum, ulu dünya!

Çən salladı qaş-qabağı,Kəsdi qaya, daş qabağı.Gəlib çatdı qış qabağı,Xəzan oldum, ulu dünya!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri