Yağırdı Yaltaya yay yağışları
Yağırdı Yaltaya yay yağışları,Enirdi hər damla nəğmə, səs kimi.Dünya gözlərimdə təzələnirdi,Sinəmə çəkdiyim tər nəfəs kimi.
Dəniz də, meşə də, dağ da, duman daBaxıb bir-birinə naz eyləyirdi.Ağaclar çimirdi su pərisi tək,Çiçəklər kefini saz eyləyirdi.
Sevən könülləri nurlandırırdı,Doğan göy qurşağı, çaxan ildırım.Qınından sıyrılan qılınc olurdu,Buluddan sıyrılıb çıxanda Krım.
Yaltada yağışlar şeir yazırdı,Yarpağa, torpağa, qönçəyə, gülə.Təzə rəng qatırdı, boya verirdi,Xalıya, ipəyə, məxmərə, tülə.
Yağırdı Yaltaya yay yağışları,Hava bal dadırdı, pətək dadırdı.Çaxan şimşəyiylə, axan seliylə,Bizim Kəlbəcəri xatırladırdı.
Yalta, 2010, 17 iyun
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yagirdi-yaltaya-yay-yagislari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kim deyir bu dünya kefdi, damaqdı,Kefi olanlar da kefdə deyilmiş.
SöyləDərd içini yandıranda,Apar dağa-daşa söylə.
Xatirələr yumağıDağlar uca, düzlər geniş, dərələr dərin,Gəl çözələ yumağını xatirələrin.
Heç kim öz yükünü tək çəkə bilmirSevgisiz olanda həyatda insan,Bir qarışqa qədər yük çəkə bilmir.