Dərd gəlməsinmi eynimə,Qan sızmasınmı beynimə?Paltar kimi yad əyninəGeyilməkdən zülüm nə var?

Yazın döysə, qışın döysə,Gözdən axan yaşın döysə,Səni öz qardaşın döysə,Döyülməkdən zülüm nə var?

İşıq saça qəlbin nuru,Göz tox ola, könül duru.Acqarına quru-quruBəy olmaqdan zülüm nə var?

Çağırdıq, çatmadın dada,Ömrüm-günüm getdi bada.Xeyrə-şərə, dosta-yadaKey olmaqdan zülüm nə var?

Qovrularsan od ağzında,Qalmaz ləzzət, dad ağzında.Tikə olub yad ağzındaYeyilməkdən zülüm nə var?

2000, 29 fevral

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri