Mən bu qumların üstə keçirmişəm illəri,Ərköyün uşaq kimi yetmişəm boya-başa,Qarış-qarış gəzmişəm qayalı sahilləri,Sulara heyran-heyran çox etmişəm tamaşa.

Yadımdadır indi də daş atıb, tor qurduğumHavadakı quşlara, sudakı balıqlara;Xatirə qalsın deyə çoxlu nişan vurduğum,Sinəsi düyüm-düyüm o sərt qayalıqlara.

Quşlar oyanmamışkən yuxudan, səhər-səhərÇal qayanın üstünə yetirərdim özümü.Yeltək ötüşsəydi də saatlar, dəqiqələr,Xəzərin sularından ayırmazdım gözümü.

Sevincim aşar-daşar şıltaq ləpələr kimi,Günüm belə keçərdi, qayğısız, səhər-axşam.Mən dünyaya gələrkən ilk sevgimi, eşqimiBu sahildə, bu yerdə, bu dənizdə tapmışam.

Bir qanadlı quş oldu uşaqlıq zamanları,Demirəm ki, eşqimi, sevincimi apardı.İndi yada salıram bircə-bircə onları.Ah, o günlərimin də başqa alemi vardı!

İndi də oturmuşam haman qayanın üstə,Axşam düşür, qaranlıq gərir öz qanadını,Quşlar, yenə o quşlar, ötüşür dəstə-dəstə,Mən tapıram qayada nəqş olunmuş adımı.

Yenə də nəzərlərim dikilir göy sulara,Ulduzlarını sayrışır ləpələrdə görəsən?Yox, yox yanılıram mən, ulduz hara, su hara?Buruqlardır, neft çəkir göy Xəzərin dibindən.

İndi Xəzərin özgə hüsnü var, aləmi var,İnsan oğlu onun da sinəsini bəzəyir.Dalğaların qoynunda işıq saçan buruqlarCərgə ilə düzülmüş adalara bənzəyir.

Budur, yenə də ötdü havada bir dəstə quş,Bir şamayı atılıb düşdü suya təzədən...Qəlbim indi başqa bir gözəlliyə vurulmuş,Uşaqlıq günlərimi unutmuram yenə mən.

İndi bu, sahillərə baxdıqca heyran-heyranGörürəm ki, dəyişmiş qurular da, sular da.Bu azad ölkəmizdə xoşbəxt yaşayan insanÖz qadir əllərilə od axtarır sularda.

Hardasınız, qayıdın, ey uşaqlıq günləri,Mən bu gözəl aləmə vermişəm öz qəlbimi.İstəyirəm bu doğma, qayalı sahilləriDolanam uşaq kimi, sevəm bir böyük kimi!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri