Üçüncü hissə, ikinci fəsil
Page 3 of 5 · 40%
Amma Nəzər gülümsünməklə kifayətlənmişdi. Görünür, Nəzər hələ də açılmamışdı. Müseyibə diqqətlə qulaq asırdı, hərdən başını tərpətməklə sözünü təsdiq eləyirdi, hərdən isə qəribə bir şəkildə qımışırdı. O qımışanda Müseyib udqunurdu, tikəsi boğazından güclə keçirdi; bu, çörək yemək deyildi, başdan-ayağa əzab idi Müseyib üçün. Hələ indiyəcən o, belə məclisə düşməmişdi: həmişə özünü ərkyana, ağayana aparan, buyruq verən, çox zaman masabəyilik eləyən Müseyib indi çaşıb qalmışdı. Nə açılan kimi açıla bilirdi, nə də təslim olan kimi təslim olurdu. Gözü ağzında idi: bəlkə Nəzər bir ağıllı-başlı söz deyə.
Yenə süzdü. Bu dəfə sarı simə toxunmaq istəyirdi:
⎯ Nəzər kişi, sənin də üç uşağın var, mənim də. Bu uşaqlar üçün yaşamışıq ⎯ onlar dünyaya gələndən sonra. Çalışdığımız, vuruşduğumuz da uşaqlar üçündü. Heylə deyildi?
⎯ Elədi. ⎯ Nəzər quruca təkrar elədi.
⎯ Sənin uşaqlarından təkcə Qəribi tanıyıram. ⎯ Nəzər qulaq kəsildi. ⎯ Qərib, mənə elə gəlir ki, çox tərbiyəli, başıaşağı, ağıllı oğlandı. Onun gələcəyinə çox inanıram.
Nəzər özünü saxlayammadı:
⎯ Onun gələcəyi yoxdu, Müseyib.
Müseyib udqundu:
⎯ Nə? Gələcəyi yoxdu?
⎯ Hə.
⎯ Niyə, ay kişi?
⎯ Biləcəyi olmayanın gələcəyi də olmaz, Müseyib.
⎯ Hə, sən oxumağını deyirsən? Əşi, mən də deyirəm görəsən bu kişi nəyi deyir? Əşi, o boş şeydi… Əslində, oxumağın vaxtı keçib indi, Nəzər müəllim. Oxumağa indi heç nə vermirlər. Gərək özün zirək olasan. Oğullar var ki, dördüncü sinfi güclə qurtarıb, amma daşdan pul çıxarır.
Nəzər yenə qımışdı:
⎯ Və bir gün də o daş düşür başına, yediyini-içdiyini burnundan tökür.
Müseyibin nitqi yenə batdı, çünki Nəzərin qımışdığı yenə çoxmənalı, eyhamlıydı.
⎯ Nə bilim, ay Nəzər müəllim. Həyat elə bir kitabdı ki, hərə bir cür oxuyur, bir cür başa düşür. ⎯ Susdu. ⎯ «Yox. ⎯ Yox, bu ağız aramağa, elçiliyə gələn adama oxşamır. Elə olsaydı, o, öz oğlunun belə qoparağını götürməzdi». ⎯ Nə isə, deyirəm uşaqların sağlığına içək, xoşbəxt olsunlar.
⎯ Amin, ⎯ dedi Nəzər və bayaqdan bəri dilinə gətirdiyi sözlərdən deyəsən elə bircə bu kəlməni ürəkdən söylədi. Hər halda Müseyibə belə göründü.
Nəzər saatına baxıb ayağa qalxanda Müseyib təəccübləndi:
⎯ Hara, belə, Nəzər müəllim?
⎯ İdarəyə getməliyəm.
⎯ Əşi, Simuzər kofe hazırlayır. Bir fincan kofe içərsən, sonra gedərsən.
⎯ Yox, kofe ilə heç aram yoxdu. Şam üçün çox sağ olun. Simuzər xanıma da mənim təşəkkürümü yetirərsən.
⎯ Heç yaxşı olmadı…
⎯ Lap əla oldu, Müseyib. Bundan əlası heç təsəvvürümə də gəlməz.
⎯ Qoy zəng eləyim, şofer gəlsin…
⎯ Yox, yox, gəzə-gəzə gedəcəyəm. Hava yaxşıdı.
Nəzər qıçını çəkə-çəkə gedəndən sonra, Müseyib qayıdıb stolun arxasında əyləşdi. Süfrəyə pərişan-pərişan tamaşa elədi. Cəmi iki tikə balıq yemişdi Nəzər. Konyak şüşəsinin dibində lap az qalmışdı. Qədəhə tökmədən, elə şüşədəcə başına çəkib içdi. Bir gilə üzüm atdı ağzına. Eyvana sarı boylandı:
⎯ Simuzər. ⎯ Çağırdı. Qız qapıda görünəndə: ⎯ Bir dənə araq gətir bura, qız, ⎯ söylədi. Simuzər əlində araq gəlib atasını tək görəndə təəccübləndi:
⎯ Bə Nəzər müəllim hanı, ay dədə?
⎯ Cəhənnəm olub getdi. Adam döyülmüş ki. Köpəyoğlunun qarnının altını bilmək olmur. Hardadı o gədə?
⎯ Hansı gədə, ay dədə?
⎯ Sənin Qəribini deyirəm də.
Qız başını aşağı saldı, yavaşcadan:
⎯ Gələcək, ⎯ dedi.
⎯ Hə? ⎯ Müseyib sevindi. ⎯ Gələcək? Haçan?
⎯ Dünən demişdi axşam saat 10-da gələcəyəm.
⎯ Nə yaxşı. Qoy gəlsin. Dədəsindən bir təməsük annamadım. Nə adamlığı adamlıqdı, nə yeməyi yeməkdi, nə içməyi içməkdi çolaq köpəyoğlunun. Hə, mısmırığını sallama, qız. Sənin yanında söyürəm də.
⎯ Birdən Qəribin yanında da…
⎯ Sən dədəni beləmi tanıyırsan? Niyaran olma. Buranı sahmana sal, çirkli qabları-zadı yığışdır. ⎯ Boş konyak şüşəsini ona sarı sürüşdürdü. ⎯ Hayıf bu «Napalyon»dan. Hər gədə-güdə nə bilir «Napalyon» konyakı nədi?
Simuzər heç nə demədən qab-qaşığı üst-üstə yığıb apardı. Stolla eyvan arasındakı yolda Bəhram qabağına çıxdı, gözlərini qızın üzünə zillədi və sanki baxışları ilə: «Sən niyə əziyyət çəkirsən, mən ölməmişəm ki, ver mən aparım» ⎯ söylədi və əllərini irəli uzadaraq qabları ondan aldı. Simuzər Bəhrama baxıb özü də hiss eləmədən mehriban-mehriban gülümsündü. Oğlanın sifəti bu təbəssümdən elə bil işıqlandı və qız o an, Bəhramın özünü necə də xoşbəxt hiss elədiyini duyaraq ciddiləşdi. Qəribə idi ⎯ yenə Ələmdar yadına düşdü və onu ürəyində söydü: «Sən elə deməsəydin, mən heç bu lal köpəkoğlunu görmürdüm, axı. Bunu istəyirdiz? İndi sənin Simuzərin bu lal gədənin üzünə baxıb gülümsünür» ⎯ düşündü və irəli addımladı. Bəhram arxasınca gəlirdi. Simuzər oğlanın iti, isti baxışlarını kürəyində, saçlarında, ayaqlarında hiss edirdi. Baxmasa da, görməsə də duyurdu bunu. «Görərsən indi bu lal adamın ürəyindən nələr keçir. Görəsən, o, danışa bilsəydi, nə deyərdi mənə? Necə deyərdi? Hayıf, danışa bilmir. Amma gözləri… dilindən yaxşı danışır, gözləri hər şeyi deyir». Bəhram qab-qaşığı mətbəxə qoyandan sonra, Simuzər, gəlib qarşısında əmrə müntəzir halda dayanan oğlana həm dililə, həm də sağ əlini qulağının dibinə qoymaqla:
⎯ Sən get yat, Bəhram, ⎯ dedi. ⎯ Bay-bay elə.
Bəhram qızın nə söylədiyini başa düşdü, yenə gülümsündü və qıza elə gəldi ki, yazıq, onun bu sözündə də özünə qarşı bir qayğıkeşlik hiss eləyib bəxtəvərləşdi.
Və çıxıb getdi.
Müseyib arağı açıb qədəhini doldurdu, içdi. Elə bil böyük bir sıxıntıdan qurtarmışdı. Uşaq kimi sevinirdi. Ən başlıcası isə o idi ki, çoxdan qəlbini üzən bir nigarançılığa bu gün, bu axşam son qoymuşdu: Nəzər onu sevmir, Nəzərin onu görməyə gözü yoxdu. Oğlunu da qoymayacaq Simuzəri alsın. Müseyibə də bunu bilmək kifayət idi. Bu həqiqəti dərk edəndən, beynində, ürəyində qətiləşdirəndən sonra o, yenə araq süzüb su kimi nuş-can elədi və dindar adamlar kimi başını göylərə ⎯ allahın dərgahına qaldıraraq: «Ay tanrı, özün şahidsən ki, mən belə istəmirdim, mərdimazarlıq eləmək istəmirdim. O, özü elədi. Özü dedi ki, şələni qoy yerə, gəl güləşək, Müseyib. Keçinin əcəli çatanda çobanın çomağına sürtüşdüyü kimi, bu da gəlib mənə sürtüşdü. O, gərək biləydi ki, kimin bostanına daş atır. Bilmədi. Allah adama qəzəb eləyəndə, əvvəlcə ağlını alır başından. İndi mən… sənin «rayonumuzun böyük talançıları» hesab elədiyin adamları yığaram başıma, əhvalatı açıb deyərəm. Sənə bir toy tutduraram ki, adın da yadından çıxar, bir də qələt eləyərsən bizim birimizin adını dilinə gətirməzsən. Elə bircə prokurora danışsam ha, bəsindi, Nəzər. Amma Qəribə də heyifim gəlir. Yaxşı uşaqdı. O biri yandan da… Qərib elə onsuz da yetim kimidi də. O boyda cavanın geyimi yox, pulu yox, maşını yox, ev-eşiyi yox. Nəzər kimi atanın olmağı ilə olmamağının Qəribə bir isti-soyuğu yoxdu. Ağlı olar, alaram qanadımın altına, ev-eşik sahibi eləyərəm, yaşayar, olar beş kişidən biri».
Həyət qapısının açılması Müseyibin fikirlərini qırdı. Gələn Qərib idi. Kişini köşkdə, miz arxasında tək-tənha oturan görüb bir az addımlarını yavaşıtdı, utanırdı. Müseyibdən. Zəhmli adam idi. Sözü qəti deyirdi, şax deyirdi ⎯ bu isə Qəribin xoşuna gəlirdi. Onun nəzərində gələcək qayınatası bütöv adam idi ki, Qərib də, öz aləmində, özünü belə hesab eləyirdi. Elə birinci dəfə onu bura görəndən, Səltənətlə him-cim eləyib məsələnin nə yerdə olduğunu başa düşəndən sonra, Müseyib, çəkinmədən üzünü oğlana tutub demişdi: «Sıxılıb-eləmə. Utancaq kişilərdən mənim zəhləm gedir, oğul. Öz evin hesab elə buranı. Atanı da tanıyıram, yaxşı kişidi…»
Ondan sonra Qəribin qırışığı bir balaca açılmışdı. Amma bununla belə, Qərib həmişə hörmət-izzət pərdəsini qoruyur, ədəb-ərkan dairəsindən çıxmır, Səltənət xanıma anasından çox ehtiram qoyur, Müseyibi görəndə ayağa dururdu.
Müseyib Qəribi gördükdə ayağa qalxdı və sağ əlini yuxarı qovzayıb:
⎯ Gəl, a bala, qaynanan səni çox istəyirmiş, ⎯ dedi. ⎯ Süfrə üstə gəlib çıxıbsan.
Qərib əl verdi.
⎯ Otur, qənşərimdə otur, oğul, Simuzər, ay Simuzər, ⎯ deyə eyvana sarı boylananda qızın gəldiyini görüb kiridi.
Simuzər mehriban və gülümsər baxışları ilə Qəribə salam verib astadan da:
⎯ Xoş gəlmisən, ⎯ söylədi.
⎯ Sağ olun. ⎯ Qərib də güclə eşidiləcək bir səslə dilləndi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-ucuncu-hisse-ikinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Neçə ay bundan əvvəl Müseyib kişinin Gəncədən üzülüşüb Bakıya gəlməsi Sədəfin sakit, səssiz-küysüz hücrəsində yeni, mənalı bir canlanmaya səbəb olmuşdu. Sükut bu evdə yoxa çıxmışdı. Bunu hamıdan çox Rəhim hiss eləyirdi. O, babasının gəlişiylə sanki canlanmış, gümrahlaşmışdı. Anası ilə danışmağa söz tapmayan, fikrini-zikrini ancaq kitablara verən Rəhimin indi dili açılmışdı. Babası ilə hər barədə söhbətə girişir, daha doğrusu, çoxlu suallar verir, bu və ya digər məsələ haqqında onun fikrini soruşurdu. İlk günlər o fikirləşirdi ki, Müseyib kişi adi bir hambaldı, onunla nə barədə danışmaq olar?! Yanıldığını, mülahizəsinin yanlış olduğunu tezliklə başa düşdü. Müseyib kişi yaşının ötməsinə baxmayaraq, gümrah qalmışdı, sözündə və hərəkətlərində yük altında əyilib düzəlmiş adamdan çox, müdrik adama oxşayırdı. Söhbətləri elə şirin, elə məntiqli olurdu ki, Rəhim bəzən saatlarla qulaq assa da, yoruldum demirdi. Xasiyyətindəki tündlük Rəhimin o qədər xoşuna gəlmirdi. Məsələn, xalasına dediyi sözlər, Rəhimin fikrincə, lazım olduğundan sərt idi. Elə şeylər var ki, onları açıb-ağartmaq, üzə vurmaq lazım deyil. Bir soyuq münasibət sənin bu fikrini dediyin acı və sərt sözlərdən daha yaxşı çatdırmırmı sahibinə? Rəhim belə düşünürdü. Amma Müseyib Rəhim deyildi, o, dünya görmüşdü; o, isti-soyuq dadmışdı. Sərt və ağır günlər yaşamışdı. Bəlkə xasiyyətindəki sərtlik də elə bundandı? Ömrü boyu ürəyindəki dilində olmuşdu. Heç nədən, heç kəsdən qorxmamışdı. Bu dəfə Rəhimlə qabaq-qənşər oturub söhbət eləyəndə Müseyib kişi danışdı:– Mən sözü adamın düz gözünün içinə deməyi xoşlayıram. Kimdən, kimsədən qorxum yoxdur, balası. Stol, vəzifə, bir də arvad-uşaq adamı qorxaq eləyir. Bu üç şeyi düşünən adam qorxaqlıqdan əlavə, bəzən yaltaqlığı da boynuna götürür, sözün düzün demir, həqiqəti ört-basdır eləyir, arada isə sənin-mənim halalca haqqım tapdanır. Qorxur ki, stolu, vəzifəsi əlindən çıxar, arvad-uşağını ürəyi istəyən kimi dolandıra bilməz. Mənim belə adamlarnan salam-əleykümüm olmayıb. Bir də, — o susub əlavə eləmişdi, — mən nədən qorxacam ey! Palanımı alacaqdılar əlimdən? Amma sənə deyim ki, elə adamlar olub ki, mənim palanımı da əlimdən almaq istəyib. Elə bilirsən, özü üçün? Yox sözün düzünü dediyimə görə mənim palanımı alıb çaya, qatarın altına atmaq, mənim bir tikə çörəyimə bais olmaq istəyib. Ancaq mən yenə qorxmamışam. Mənim qorxduğum yeganə şey varsa, o da vicdan əzabıdı, bala. Mən belə qocalmazdım, mən ağır gün, ağır yük altında qocalmazdım, əgər vicdan əzabı olmasaydı.
Üçüncü hissə, onuncu fəsil...Qapı astaca açıldı, astanada zahir olan Əqdəm ehmal, səssiz addımlarla içəri girdi. Əlindəki çamadanı yerə qoyub iri açılmış gözlərini paltar yuyan Gülmirəyə zilləyib neçə saniyə sükut içində dayandı.Gülmirə çiynindən üzüaşağı sallanan saçını başının hərəkəti ilə dalına atıb qəddini düzəltdi. Sabunlu əllərini bir-birinə sürtə-sürtə, gözlərinə inanmırmış kimi, Əqdəmi nəzərdən keçirdi.
Üçüncü hissə, on birinci fəsilYeddisi çıxandan sonra gəlib-gedənlərin arası seyrəldi. Gülmirə öz dərdli ürəyi və qəmli taleyi ilə tək-tənha qaldı.Bir axşam otağa çəkilib leytenantın gətirdiyi şeyləri yerbəyer eləyirdi. Bax, bu onun səliqə ilə ütülənmiş hərbi kostyumu idi. O, ütülü paltar geyməyi çox xoşlardı; həmişə özü ütülərdi. Bu, onun mavi köynəyi, bu onun qalstuku. Bu nişanlar da onundur. Pasportu, hərbi bileti... Qəzet bükülüsü arasında nəsə vardı. Açdı. Pul idi. «Özünə qismət olmadı — deyə fikirləşdi.— Yox, bu pulların bircə qəpiyinə də əl vurmaram. Qəbrini düzəltdirəcəm, Orxanın qəbri kimi, gözəl, yaraşıqlı...»
Üçüncü hissə, on ikinci fəsilKitabların da taleyi insanların taleyi kimi müxtəlif olur. Xoşbəxt doğulanı var — ürəklərin, ağılların mənəvi qidası olur, əl-əl gəzir, öləndə də əldə ölür, oxucu əlində. Fərli övlad kimi müəllifinin adını uca eləyir.Bədbəxt doğulanı var — şikəst olur, uzağa gedə bilmir, kitabxanaların, mağazaların rəflərində toz qalağı altında itib-batır, fərsiz övlad təki müəllifinin başını aşağı, gözünü kölgəli eləyir.