Üçüncü hissə, ikinci fəsil
Page 5 of 5 · 80%
⎯ Anadan olduğu gün? ⎯ Qərib diksinən kimi oldu.
⎯ Hə, bu gün mənim Simuzər balamın anadan olduğu gündü, Qərib! Səni təbrik eləyirəm, qızım! Gəl səni bir maç eləyim! ⎯ Simuzər ona sarı əyildi, atası yanağından öpdü.
⎯ Mən də təbrik eləyirəm, Simi! ⎯ Qərib pərt halda dilləndi.
Nə qədər kefli olsa da bu pərtlik Müseyibin nəzərindən yayınmadı:
⎯ Eybi yoxdu, hələ təzəsiz! Yəqin Simuzər özü deməyib, səni xərcə salmaq istəməyib! Mənim qızım ağıllıdı, hər şeyi ölçüb biçən-di. Amma yadında saxla, bu gün Simuzərin anadan olan günüdü, Qərib!
⎯ Mənim özümün də yadımdan çıxmışdı, ay dədə. ⎯ Qız dedi.
⎯ Çıxar da. İşiniz-gücünüz o qədərdi ki, Onu da gərək mən yadımda saxlayam ⎯ kinayəynən söylədi. ⎯ Boş-bekar adamam da.
Əslində bu günü neçə il idi ki, qeyd eləmirdilər. O vaxt o bədbəxt hadisə baş verəndən ⎯ Müseyibin nazir ağası Simuzərin gülünü dərəndən sonra, qız dəli kimi olmuşdu, dərdini-sərini heç kəsə deməmişdi Həmin il, Səltənət xanım, qaşqabağı qətiyyən açılmayan, kölgə kimi səssiz-səmirsiz gəzib-dolanan qızının fikrini dağıtmaq üçün ad gününü keçirmək, tələbə yoldaşlarını başına yığıb könlünü açmaq istəyəndə Simuzər çığıra-çığıra demişdi:
⎯ Lazım deyil, lazım deyil! Sən gərək mənim əvəzimə qara bir daş doğaydın, arvad! Mən sənə deyirəm: ⎯ Məclis eləsən, od vurub özümü yandıracağam. Elə bir mənə yaraşır ad günü!
«Qızın başına hava gəlib, allah! Sən özün kömək ol, ilahi!» ⎯ deyə düşünən Səltənət xanım qorxusundan:
⎯ Yaxşı, yaxşı. ⎯ söyləmişdi. ⎯ Eləmə deyirsən, eləmərəm, qız. Ta niyə əsib-coşursan?
⎯ Mən daha heç vaxt ad günümü keçirməyəcəyəm!
O vaxtdan bu gün ⎯ Simuzərin anadan olduğu gün «yaddan» çıxmışdı. İndi, Qəribin yanında atası bu söhbəti təzələyəndə Simuzərin bədbəxtliyi təkrarən yadına düşsə də, üstünü vurmadı, bunu adi bir söz kimi qəbul elədi, ancaq ürəyindən keçirtdi ki, o da daha atası təki artistlik eləyə bilirmiş! Qız ağlı kəsəndən çox görmüşdü ki, qonaq otağına keçəndə ⎯ stol arxasında necə də yağlı-yağlı, şirin sözlərlə tərifləyib göylərə qaldırır və sağlığına içir! Qız bu xüsusiyyəti anasında da görmüşdü və əvvəllər çox təəccüblənmişdi, heyrətlənmişdi və ilk çağlar onların ikisindən də zəhləsi getmişdi. İllər keçdikcə artıq buna adət eləmişdi, indi isə ⎯ elə bu gecə anlamışdı ki, o da bunu bacarırmış. Və belədə, deyəsən, yaşamaq nisbətən asan imiş!
Müseyib sol əlində tutduğu açarları havada yellədi, Simuzərin qabağına qoydu. Qız əvvəl heç nə başa düşəmmədi.
⎯ Götür, qızım, ⎯ dedi Müseyib, ⎯ bu açarları, yəni ki, o qarajda dayanan ağ ceyranı ⎯ «QAZ-24»ü sənə bağışlayıram. Ad günün münasibətilə.
Görünür, anadan olduğu günü yaddan çıxartmış qızın bu qərardan da xəbəri yoxmuş; sevinc içində açarları stolun üstündən götürüb möcüzəli bir şeyə baxırmış kimi işığın altında o yan-bu yana çevirərək tamaşa elədi. Qəribin gözünün qabağında oynatdı və birdən qalxıb atasının üzündən öpdü:
⎯ Dədəmə qurban olum! Çox sağ ol, ay dədə!
Müseyib sol qolunu onun boynuna doladı, böyrünə sıxıb alnından öpdü:
Amma şərtim var, qızım!
⎯ Nə şərt, ay dədə?
⎯ Toyunuz olan günü o açarları Qəribə verəssən. Maşın ikinizindi.
Qəribin ürəyi gizildədi. Bir anlığa xəyal onu qanadlarına aldı ⎯ o, hələ üzünü görməyən «QAZ-24»ün sükanı arxasında gördü özünü. Neçə ay əvvəl o dükançı öz maşınını ona vermək istəyəndə olduğu kimi; şüşə kimi yol. Maşın uçur… Arxada saçlarını yel vurub dağıdan ağ paltarlı bir qız oturub… Maşın uçur, uçur, nəhayət, asfalt yoldan qopub eynən təyyarə kimi havaya qalxır… və günəşə doğru gedir!..
Müseyib gözlərini qıyıb Qəribə baxdı ⎯ oğlanın ayrı aləmdə olduğunu hiss eləyib Simuzərə göz vuraraq gülümsündü:
⎯ Hə, indi içək, Qərib. Maşınınız mübarək! ⎯ Müseyibin səsini eşidən anda, Qərib səksəndi və bayaqdan əlində tutduğu qədəh birdən sürüşüb sement döşəməyə düşərək çilik-çilik oldu. Qərib də, Simuzər də eyni zamanda, bir adam imişlər kimi, heyrətlə içini çəkib peşiman-peşiman Müseyibin üzünə baxdılar. Müseyib Qəribin gözlərindəki sevinc qarışıq çaşqınlığı görüb təmkinini pozmadan:
⎯ Eybi yoxdu, aydınlıqdı! ⎯ dedi.
Qədəhin yerə düşüb sınması Simuzəri yamanca pərt eləmişdi və o, bunu bəd fal sayaraq nə atasının, nə də Qəribin üzünə baxmadan, hər şeyi alt-üst qoyaraq, stoldan aralandı, evə getmək istəyəndə, birdən üzüm meynələri arxasında dayanaraq, iri, işıqlı gözlərini ona zilləmiş Bəhramı gördü, ayaqları bir-birinə dolaşdı. «Bəs… mən ona dedim axı, get yat! Yatmayıb! Tənək dibindən bizə baxır! Ay sənin, Bəhram!»
Özünü görməməzliyə vurdu, açıb-ağartmadı, ağır addımlarla eyvana qalxdı, işıqları söndürdü. Ancaq yataq otağına keçmədi, eləcə, qaranlıqda, pərdələri yana çəkilmiş pəncərənin qənşərində dayanaraq neon işığı altında aydın görünən stolun ətrafında üzbəüz dayanıb nəsə danışan atasına, Qəribə xeyli tamaşa elədi. Nəhayət, onlar bağın içinə keçdi. Bu zaman Bəhram meynə dibindən çıxaraq stolun yanına gəldi. Və heç nəyə fikir vermədən, balığa, konyaka, arağa baxmadan, allaha səcdə edirmiş kimi, əyilib dizlərini yerə qoydu və Simuzərin bayaq oturduğu stulu öpməyə başladı! Stul cansızdı, bir parça taxtadı, bir tikə parçadı. Ürəyi yox, yaddaşı yox, nəfəsi yox! Amma Bəhram o cansız stulu ⎯ Simuzərin oturduğu stulu ən əziz, illər boyu görmədiyi doğmasını öpən kimi, hərarətlə busələrə qərq edirdi. Söykənəcəyindən öpürdü, oturacağından öpürdü, torpağa-sementə toxunan dörd ayağını qaldırıb onlardan öpürdü və hər şeydən qəribəsi bu idi ki, dodaqları tərpənirdi, nəsə deyirdi Bəhram! «Dəli olub nədi?» Bunu Simuzər görürdü və gördüklərinin mahiyyəti haqqında düşünmədən Ələmdarın öpüşlərini xatırlayırdı. O öpüşlər isti idi, əvəzsiz idi, onun qəlbini titrədirdi, gözlərini yaşadırdı, çünki o, ⎯ Simuzər o vaxt canlı, hissli, duyğulu bir qız idi; ürəyi, heysiyyəti, arzuları var idi. Amma o cansız stulun ⎯ o taxta-parça stulun nəyi vardı? Ürəyimi? Hissimi? ⎯ Heç nəyi yox idi!
Və birdən onun, neçə il qabaq öz rəfiqəsinə verdiyi sual yadına düşdü: «O heç sənin ayaqlarından öpür?» «Ayaqlarımdan? Yox!» «O heç sənin oturduğun stuldan öpür?»
Hansı daha çox sevirdi?
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-ucuncu-hisse-ikinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Neçə ay bundan əvvəl Müseyib kişinin Gəncədən üzülüşüb Bakıya gəlməsi Sədəfin sakit, səssiz-küysüz hücrəsində yeni, mənalı bir canlanmaya səbəb olmuşdu. Sükut bu evdə yoxa çıxmışdı. Bunu hamıdan çox Rəhim hiss eləyirdi. O, babasının gəlişiylə sanki canlanmış, gümrahlaşmışdı. Anası ilə danışmağa söz tapmayan, fikrini-zikrini ancaq kitablara verən Rəhimin indi dili açılmışdı. Babası ilə hər barədə söhbətə girişir, daha doğrusu, çoxlu suallar verir, bu və ya digər məsələ haqqında onun fikrini soruşurdu. İlk günlər o fikirləşirdi ki, Müseyib kişi adi bir hambaldı, onunla nə barədə danışmaq olar?! Yanıldığını, mülahizəsinin yanlış olduğunu tezliklə başa düşdü. Müseyib kişi yaşının ötməsinə baxmayaraq, gümrah qalmışdı, sözündə və hərəkətlərində yük altında əyilib düzəlmiş adamdan çox, müdrik adama oxşayırdı. Söhbətləri elə şirin, elə məntiqli olurdu ki, Rəhim bəzən saatlarla qulaq assa da, yoruldum demirdi. Xasiyyətindəki tündlük Rəhimin o qədər xoşuna gəlmirdi. Məsələn, xalasına dediyi sözlər, Rəhimin fikrincə, lazım olduğundan sərt idi. Elə şeylər var ki, onları açıb-ağartmaq, üzə vurmaq lazım deyil. Bir soyuq münasibət sənin bu fikrini dediyin acı və sərt sözlərdən daha yaxşı çatdırmırmı sahibinə? Rəhim belə düşünürdü. Amma Müseyib Rəhim deyildi, o, dünya görmüşdü; o, isti-soyuq dadmışdı. Sərt və ağır günlər yaşamışdı. Bəlkə xasiyyətindəki sərtlik də elə bundandı? Ömrü boyu ürəyindəki dilində olmuşdu. Heç nədən, heç kəsdən qorxmamışdı. Bu dəfə Rəhimlə qabaq-qənşər oturub söhbət eləyəndə Müseyib kişi danışdı:– Mən sözü adamın düz gözünün içinə deməyi xoşlayıram. Kimdən, kimsədən qorxum yoxdur, balası. Stol, vəzifə, bir də arvad-uşaq adamı qorxaq eləyir. Bu üç şeyi düşünən adam qorxaqlıqdan əlavə, bəzən yaltaqlığı da boynuna götürür, sözün düzün demir, həqiqəti ört-basdır eləyir, arada isə sənin-mənim halalca haqqım tapdanır. Qorxur ki, stolu, vəzifəsi əlindən çıxar, arvad-uşağını ürəyi istəyən kimi dolandıra bilməz. Mənim belə adamlarnan salam-əleykümüm olmayıb. Bir də, — o susub əlavə eləmişdi, — mən nədən qorxacam ey! Palanımı alacaqdılar əlimdən? Amma sənə deyim ki, elə adamlar olub ki, mənim palanımı da əlimdən almaq istəyib. Elə bilirsən, özü üçün? Yox sözün düzünü dediyimə görə mənim palanımı alıb çaya, qatarın altına atmaq, mənim bir tikə çörəyimə bais olmaq istəyib. Ancaq mən yenə qorxmamışam. Mənim qorxduğum yeganə şey varsa, o da vicdan əzabıdı, bala. Mən belə qocalmazdım, mən ağır gün, ağır yük altında qocalmazdım, əgər vicdan əzabı olmasaydı.
Üçüncü hissə, onuncu fəsil...Qapı astaca açıldı, astanada zahir olan Əqdəm ehmal, səssiz addımlarla içəri girdi. Əlindəki çamadanı yerə qoyub iri açılmış gözlərini paltar yuyan Gülmirəyə zilləyib neçə saniyə sükut içində dayandı.Gülmirə çiynindən üzüaşağı sallanan saçını başının hərəkəti ilə dalına atıb qəddini düzəltdi. Sabunlu əllərini bir-birinə sürtə-sürtə, gözlərinə inanmırmış kimi, Əqdəmi nəzərdən keçirdi.
Üçüncü hissə, on birinci fəsilYeddisi çıxandan sonra gəlib-gedənlərin arası seyrəldi. Gülmirə öz dərdli ürəyi və qəmli taleyi ilə tək-tənha qaldı.Bir axşam otağa çəkilib leytenantın gətirdiyi şeyləri yerbəyer eləyirdi. Bax, bu onun səliqə ilə ütülənmiş hərbi kostyumu idi. O, ütülü paltar geyməyi çox xoşlardı; həmişə özü ütülərdi. Bu, onun mavi köynəyi, bu onun qalstuku. Bu nişanlar da onundur. Pasportu, hərbi bileti... Qəzet bükülüsü arasında nəsə vardı. Açdı. Pul idi. «Özünə qismət olmadı — deyə fikirləşdi.— Yox, bu pulların bircə qəpiyinə də əl vurmaram. Qəbrini düzəltdirəcəm, Orxanın qəbri kimi, gözəl, yaraşıqlı...»
Üçüncü hissə, on ikinci fəsilKitabların da taleyi insanların taleyi kimi müxtəlif olur. Xoşbəxt doğulanı var — ürəklərin, ağılların mənəvi qidası olur, əl-əl gəzir, öləndə də əldə ölür, oxucu əlində. Fərli övlad kimi müəllifinin adını uca eləyir.Bədbəxt doğulanı var — şikəst olur, uzağa gedə bilmir, kitabxanaların, mağazaların rəflərində toz qalağı altında itib-batır, fərsiz övlad təki müəllifinin başını aşağı, gözünü kölgəli eləyir.