Birinci hissə, üçüncü fəsil
Page 2 of 5 · 20%
⎯ Eybi yox, qalsın qırmızı qulluğunda. O, o olsun, mən də mən ⎯ söylədi.
⎯ Yaxşı, yaxşı, qəzəblənib özündən çıxma, Aslan. Olan olub, keçən keçib ⎯ bu elə şeydi ki, geri qaytarmaq, silib atmaq, pozmaq, unutmaq olmur. Bu, sənin ömür kitabına qara hərflərlə yazılmış xəcalət gətirən bir dastandı ki, heç vəchlə, heç nəylə üstündən götürə bilməzsən. Bir də əhvalat sən düşündüyün kimi də deyil ⎯ deyə Leyla xanım getdikcə, yadına saldıqca əsib-coşmağa başlayan Aslanı sakitləşdirmək istədikdə o, yenə bir cavab almaq ümidiylə soruşdu və səsindəki çılğınlığı Leyla hiss etməyə bilmədi:
⎯ Axı, bəs necədi bu?
⎯ Səbrli ol, Aslan. Sabah, sabah.
⎯ Səbrsiz olmuşam son vaxtlar, Leyla xanım. Daha dözümüm qalmayıb. ⎯ O, ah çəkdi: ⎯ Döz deyirsən, dözüm də. Dözməkdən başqa əlimdən nə gəlir ki. ⎯ Aslan çarəsiz-çarəsiz susub otağa göz gəzdirdi, sonra o biri otağa işarə edərək: ⎯ Ancaq ora soyuq olar qorxuram. Bəlkə sən burda yatasan, mən o otaqda, hə?
⎯ Yox, ora xoşuma gəlir.
⎯ Onda qızdırım. ⎯ Qaz sobasının yanındakı elektrik sobasını götürüb yan otağa apardı, çarpayının birini ⎯ özününkünü açıb mələfəni, balış üzünü öz səliqəsilə dəyişdi, rahat bir yataq hazırlayıb qayıdanda Leylanı görməyib qəribə bir qorxu içində düşündü: «Vay, bu yox oldu ki. Adə, vallah, bu gözbağlayıcıdı». Elə bu zaman qapı ağzında Leylanın gecənin sükutunu pozan cingiltili gülüşünü eşitdi:
⎯ Mən burdayam. Özüm də gözbağlayıcı-zad deyiləm.
⎯ Ay səni ⎯ deyə ona tərəf çevrilib o da güldü: ⎯ Məni qorxuzmuşdun, Leyla xanım.
⎯ Qorxma. Mən heç yerə qaçan deyiləm. Qanadım da yoxdu ki, uçub gedəm.
⎯ Nə bilim, vallah. Düzü, çaşıb qalmışam. Doğrusu, sehr aləmindəyəm elə bil. Nə eşitdiklərimə inanmaq istəyirəm, nə də gördüklərimə.
Leyla xanım güldü:
⎯ İnanarsan, inanarsan. ⎯ Aslanın özünü tilsimə düşmüş hesab eləməsi onun kefini xeyli durultdusa da, yatmaq həvəsini söndürə bilmədi: yan otağa sarı addımlayanda Aslan da dalınca getdi və Leyla xanım ağappaq, qar kimi yumşaq yorğan-döşəyin açılıb hazırlandığını görəndə razılıq və mehribanlıq hissilə qanrılıb ev sahibinə baxdı:
⎯ Çox sağ ol. Nə əziyyət çəkirdin? Özüm hazırlayardım də.
⎯ Sənin kimi əziz qonağa qulluq eləmək mənim üçün çox xoşdu, Leyla xanım. İnanırsan, mən ömrümdə birinci dəfədi ki… ⎯ Aslan adəti üzrə qadın qonağına söylədiyi, buna görə də tutuquşu kimi əzbər bildiyi bu sözləri dilinə gətirib yarıda peşiman oldu və sözünü yarımçıq kəsdi. Yadına düşdü ki, yalan danışdığı Leylaya əyandı və indi bunun üstündə yaxşı məzəmmət olunacağını fikrinə gətirib günahkar təkin onu süzdü. İncəvara, Leyla xanım həqiqətən oxuduğu o düşüncənin başına ip salmayıb ayrı şey söylədi:
⎯ Yaxşı elədin bu çarpayıda yer açdın mənim üçün. Onda açsaydın ⎯ deyə dənizə açılan pəncərənin qənşərindəki əl vurulmamış qurulu çarpayını göstərdi:
⎯ Yatmayacaqdım.
⎯ Hə? Niyə?
⎯ Ona görə ki, o, sənin arvadının çarpayısıdı.
⎯ Arvadımın çarpayısı olduğunu bildiyinə görə təəccüblənmirəm. Ancaq niyə onda yatmaq istəmədiyini bilmək istərdim, Leyla xanım. Yəqin ona görə ki, ermənidi, hə?
⎯ Həm ona görə, həm də… ⎯ Leyla bir anlığa dayandı, nəyisə demək istəmədiyi aydındı və bunu Aslan da duydu: ona görə ev sahibinin acığına gələcəyini əvvəlcədən bilsə də, ürəyindəkini dilinə gətirdi: ⎯ həm də natəmizdi, murdardı, Aslan.
⎯ Deyəsən burda bir balaca səhv eləyirsiz, Leyla xanım. ⎯ deyə Aslan çəkinə-çəkinə etirazını bildirdi: ⎯ O, insafən çox təmizkardı, Leyla xanım. Səliqə-səhmanına, silib-süpürməyinə söz ola bilməz.
⎯ Sən məni başa düşmədin, Aslan. O, mənən, daxilən, vicdanən natəmizdi. Bax, onun bu yorğan-döşəyi natəmizdi: burda səndən başqa bir adamın nəfəsi hiss olunmamalıdı qanunnan. Amma, burda, yalnız sənin girib yatmalı olacağın bu yorğan-döşəkdə o başqaları ilə…
Aslan tezcə onun nə demək istədiyini anlayıb sözündən tutdu və tələsik soruşdu:
⎯ Başqaları ilə, ya başqası ilə, Leyla xanım?
⎯ Bunun nə fərqi varmış?
⎯ Yox, yox, fərqi var, Leyla xanım. Bir var, yalnız bir nəfərlə oturub dura, bir də var kim girinə keçdi… Bu, artıq fahişəlikdi, bilirsənmi?
⎯ Bir nəfərlə oturub-durmaq yox, hə? Əcəb fəlsəfədi. Bu fəlsəfəni sən ancaq özün üçün uydurmusan və hardasa özünə təskinlik vermək istəyirsən bununla. Amma yox, bir rəqəmlərin əvvəlidi, ondan sonra iki gəlir, üç gəlir və sair. Sən bu fikri qəbul eləmək istəmirsən ki, səninlə oturub-duran sabah, ya sənin gözünün qabağında, ya səndən xəlvət ya da səndən sonra bir başqası ilə də oturub-duracaq. Sən bunun belə olduğunu yaxşı başa düşürsən, ancaq o fikri özündən uzaqlaşdırmağa çalışırsan, çünki onu qəbul etmək sənin üçün sərf eləmir. Sən hələ deməsən də, mən yaxşı bilirəm: indi sənin yandığın odların içində elə bu məqam da var, Aslan. Ancaq gəl indi bunu xatırlamayaq, gecdi. Get, yat. Gecən xeyrə qalsın.
⎯ Xeyrə qalsın… gecən. ⎯ dedi çaşqın-çaşqın. Çünki doğrudan da Leyla düz söyləyirdi: o, bununla Tanrıgül haqqındakı düşüncələrinə işarə eləyirdi və necə də doğru tutmuşdu: iş cəhənnəm, lap Leylası da, Mehmanı da cəhənnəm, təkcə Tanrıgül, təkcə o gözəl, müəmmalı mələk… Bax, hər şeydən çox onu dəli eləyən bu idi və fil kimi dözümlü, əstəğfürullah, Allah kimi səbrli olan Aslan ancaq buna dözəmmirdi.
Aslan ani olaraq beynindən keçirdiyi bu fikirləri özündən uzaqlaşdırmağa çalışaraq qonağının sözünə əməl edib dal-dalı otaqdan çıxmaq istəyəndə Leyla xanım qəribə bir şəkildə sağ əlini yuxarı qaldırıb onunla özü arasında havada şaquli bir xətt çəkdi və bunu Aslan gördü. Maraq üzündən xəbər aldı:
⎯ O nə demək idi, Leyla xanım?
Leyla uşaq kimi saf bir təbəssümlə qımışdı:
⎯ O? Heç… Bir an susub əlavə elədi: ⎯ Divar idi.
⎯ Divar? Nə divar?
⎯ Ordan beləsinə. ⎯ O, yenə əlilə havada bir xətt cızdı ⎯ səninlə öz aramda bir divar çəkdim, Aslan.
⎯ Daşsız, palçıqsız da divar olar? ⎯ Aslan təəccübünü gizləmədi.
⎯ Olur, Aslan. İnsanlar arasında çox gözəgörünməz divarlar var, biri də budur ki, mən çəkdim. İndi sən daha ordan bu tərəfə keçə bilməzsən. Bunu hər ehtimala qarşı elədim. İşini ehtiyatlı tutmayanlar, həmişə qonşudan gileyli olurlar.
⎯ Hə, indi başa düşdüm, Leyla xanım. ⎯ Aslan süni surətdə güldü və söhbətin artıq bitdiyini anlayıb çıxanda:
⎯ Qapını örtüm, Leyla xanım? ⎯ deyə soruşdu.
⎯ Yox, lazım deyil. ⎯ dedi. ⎯ Qoy açıq qalsın. Get yat, get yat.
Aslan bir saatdan çoxdu ki, yorğan-döşəyin içindəydi, ancaq yatammırdı ⎯ yorğun, əsəbi, həyəcanlı idi, bir az içmiş olsa da, yuxu ondan elə bil qaçaq düşmüşdü. Yerinin içinə qor dolmuş kimi çalıxıb-çabalayır, gah o üzü, gah bu üzü üstə çevrilir, amma heç cür aram olub uyuya bilmirdi. Bütün bu həngamələrdən sonra yatmaqmı olardı? Bu gün onun başına gələnlər bir nağıla, əfsanəyə bənzəmirdimi? Gördüklərinə, eşitdiklərinə inanmaq istəməsə də, hamısını həqiqət kimi qəbul etmək məcburiyyətində idi. Onsuz da çaş-baş olan düşüncələri bir az da çözələnib elə dolaşmışdı ki, nəyin necə olduğunu, niyə belə olduğunu və nə ilə nəticələnəcəyini aydınlaşdırmaq, ona elə gəlirdi ki, daha mümkün olmayacaqdı.
Aslan küt, key adam deyildi, həmişə özünü ağıllı, tədbirli bir adam saymışdı. Tutduğu hər işi yüz dəfə ölçüb-biçməyin, nəyin xeyrinə olacağını, nəyin adına, vəzifəsinə, sərvətinə ziyan gətirəcəyini əvvəlcədən götür-qoy eləməmiş bir addım atmağı qətiyyən sevməzdi. Baş verə biləcək, mümkün təhlükələrdən, sualtı qayalardan məharətli bir kapitan kimi yan keçməyi bacarmaq qabiliyyətinə malik olmasına hamıdan, ətrafındakılardan da qabaq özü qiymət verir və bundan daxili bir məmnunluq duyurdu. Son illərə qədər belə yaşamışdı. Nə iş dərdi çəkmişdi, nə yemək-içmək, nə vəzifə, nə paltar. Əslində bunların heç biri zərrəcə də onu maraqlandırmamışdı. Bir kərə ondan soruşmuşdular: «İşlərin necə gedir?» O zaman Aslan özü də fərqinə varmadan, bütöv bir zəmanənin səciyyəvi xüsusiyyətini ifadə eləyən müdrik bir söz demişdi: «Vallah, işləri elə qurublar ki, elə öz-özünə gedir». Həqiqətən bunu o, sonralar daha dərindən anlamağa başlamışdı ⎯ məsələ eləymiş. Çünki Aslan öz vəzifəsini bilirdi, ona tabe olan adamlar da nə eləməli olduqlarını anlayırdılar və beləliklə, doğrudan da işlər yağ kimi gedirdi. Onun özünün də, ondan asılı adamların da yalnız bir qorxusu var idi: Aslanın BİRİNCİnin qəzəbinə düçar olmaq qorxusu və ona tabe olanların da Aslan Fərhadıçın gözündən düşmək təhlükəsi. Vəssalam. Uzun-uzun illər o və o qəbil adamlar yalnız bu qorxu içində yaşamış, işləmişdilər. Lap-lap keçmiş Bİ- RİNCİnin vaxtında ortalığa çıxan, neçə-neçə illər çox sürətlə vəzifə pillələri ilə yüksəlib ucalan, böyük bir bölgənin balaca BİRİNCİSİ olan, nazir «seçilən», o, əlbəttə ki, qayğısız, dərdsərsiz yaşamalı idi və yaşayırdı da. Özü də, insafən, əl-ayaq altında qalanlardan olmamışdı. Mötəbər iclaslarda çıxışlar eləməsi, az-maz qələm çala bilməsi, yuxarı dairələrdə tarix ilə məşğul olan bir adam kimi tanınması, hərdən-birdən imzası, adı heç olmasa «Kommunist» qəzetinin (o, öz yazılarını ən çox burada çap etdirirdi) oxucularının yadından çıxmasın deyə cəmiyyətin məfkurəvi əsaslarından, onun «kapitalizm cəmiyyətindən üstünlüklərindən» bəhs edən yazılarla meydan sulaması gözə görünməyə, qeyd olunmaya bilməzdi və buna görə də o, təzə BİRİNCİnin özü üçün də maraqlı bir adam təsiri bağışlamışdı. Bu səbəbdən də BİRİNCİLƏR dalbadal gəlib getsələr də, Aslan elə həmin Aslan kimi qalmışdı üzdə. Sadəcə gah bir az qalxmışdı, gah bir az enmişdi, ancaq oyundan-meydandan tamam çıxmamışdı. Hətta səksən səkkizin axırlarında, səksən doqquzun əvvəllərində, hadisələr təzəcə tüğyan eləməyə başlayanda «aparatın əsas ideoloqu» kimi, bunlar ona mənasız və gülünc görünmüşdü: qüdrətinə, əzəmətinə, möhkəmliyinə öz varlığından çox inandığından, bu cəmiyyətdə, belə şeylərin mümkünlüyünü qəbul etməmiş, bunu ⎯ oradakı ⎯ Ermənistandakı bir neçə ekstremistin təhriki ilə baş verən bir hadisə saymış, beşinci ilin, on səkkizinci ilin əhvalatlarından, ermənilərin tamahından, qəddarlığından yaxşı xəbəri ola-ola, buna ötəri bir şey kimi baxaraq, yuxarıya yazdığı arayışda da həmin mövqeyini ifadə eləmişdi. Bundan əlavə o zamankı BİRİNCİnin də başının altına yastığı o qoymuşdu: Moskvanın tezliklə, lap beş-on günə bu özbaşınalığa son qoyacağını, lap böyük Bİ- RİNCİnin, Ermənistanın BİRİNCİSİNƏ, möhkəm bir qulaq-
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-mocuze-birinci-hisse-ucuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
...Dünya xanım səhər tezdən yuxudan ayılanda Nəcməddini yanında görməyib heyrətləndi. Şirin-şirin gərnəşib əsnəyərək, ətrafına baxındı və ərini çarpayıda yox, otağın o başında qoyulmuş yumşaq divanda pallı-paltarlı yatmış görəndə təəccübü daha da artdı. «Bu orda niyə yatıb?» — Varlığında dolaşan ilk sual bu oldu, sonra yenə səssizcə ürəyində: «Özü də paltarlı» — dedi. Dünya xanım başını silkələyib tam ayılmağa çalışdı və keçən axşamkı xudmani məclisi xatırladı: «Hə, içmişdi axşam. Lap çox içmişdi. Yəqin bərk sərxoş olub, ya soyuna bilməyib, ya da yadından çıxarıb soyunmağı?!»Neçə il birgə yaşadıqları muddətdə belə şey olmamışdı. Əvvələn, Nəcməddin heç vaxt bu qədər içməmişdi, dünən nə isə dəmi gəlmişdi, ya çərxi dönmüş o Əbdülün həvəsinə düşüb içmişdi — o, bilmirdi. İkincisi, hər dəfə içəndə; Nəcməddin daha da şən, gümrah olurdu, Dünya xanımın yatağına girər, onunla mehribanlıqla, nəvazişlə rəftar edər, səhərə az qalana qədər, yorulub əldən düşənə qədər Dünyanı yatmağa qoymaz, gah zabitəli olar, gah da uşaq kimi ağlardı. Belə gecələrdə Dünya xanım özü də Nəcməddinin nazı ilə az oynamamışdı.
Dördüncü hissə, beşinci fəsilAz qala gen-bol otaqlarına, doğma şəhərinə, məmləkətinə sığışmayan şairi, balaca, sement döşəməli, adam boyundan yuxarı, göyərçin hininin qapısı boyda pəncərəsi, lay dəmir qapısı olan bir otağa salmışdılar. Gündüz o əl boyda pəncərədən gün işığı düşürdü içəri, axşamlar tavandan asılmış iyirmi şamlıq elektrik lampası solğun-solğun parıldayırdı. Divarın sol dibində qırmızı kərpicdən tikilib suvanmış daş «divan» vardı — Məhəmməd Şəfi onun üstündə oturur, onun üstündə yatırdı. Havası xəfə idi, rütubət iyi verirdi. Bu otaq uzun, alaqaranlıq dəhlizin lap axırında yerləşirdi. Dustaqlar arasında «otaği-siyasi» adı ilə məşhur idi. Buraya ancaq siyasi işlər üstündə həbs olunmuş, siyasi cəhətdən qorxulu adamlar salınırdı və onları əsl ad-familiyası ilə yox, «siyasi» kəlməsi ilə tanıyırdılar. Mühafizlər dəhlizdə gəzinir, nizam-intizama diqqət yetirir, belə «siyasi»lərin o biri dustaqlarla təmasda olmasına heç cür imkan vermirdilər.O biri tərəfdə, həyətin o başında ümumi həbsxana yerləşirdi. Bir sözlə, bura daş hasarlı, tikanlı məftilli, dəmir qapılı, qarovulçulu balaca bir şəhər — dünya idi. Buranın da sakinləri vardı, daimi və müvəqqəti sakinləri vardı, varlısı, kasıbı vardı, oğrusu vardı, davakarı vardı, işləyəni, işləməyəni vardı, «padşahı» vardı — amiri-həbsxana idi. Casusu, xəfiyyəsi də vardı. Şairləri də vardı — Rəhgüzər idi, Elməddin idi. Elməddin «ümumilər» içərisində idi, Şəfi kimi, hamıdan ayırmamışdılar.
Dördüncü hissə, altıncı fəsilHəbsxana rəisinin kabinetinin böyründə dəmir qapılı bir otaq da vardı: qapının üstünə qara hərflərlə «istintaq otağı» sözləri yazılmışdı və Elməddin burada indiyə qədər bircə dəfə olmuşdu. Qolları qandallı gətirmişdilər, danışdırmışdılar, hədələmişdilər, sonra yenə aparmışdılar.İndi də o qapının ağzına çatan kimi Elməddin anladı ki, yenə sorğu-sual başlanacaq, yenə o dazbaş, eynəkli müstəntiqin üzünü görəcək və nalayiq sözlərini eşidəcək. İkrah hissi duydu ürəyində. Mühafiz demək olar ki, onu itələyib saldı içəri. Otaq həmin otaq idi, müstəntiq də həmin müstəntiq. Ancaq arxası qapıya tərəf oturmuş çalsaç bir adam da vardı. Arxadan Elməddin onu tanıdı. Bu, Şəfi idi. Qəlbi çırpındı, ani olaraq özünü ustadın üstünə atmaq, qucaqlayıb əllərindən öpmək arzusu bütün vücudunu sardı, lakin dayandı: «Olmaz, olmaz!» — beynində özünə əmr elədi. Şəfi əvvəlcədən bilirdi ki, Elməddini gətirəcəklər, çünki müstəntiq yanındaca həbsxana rəisinə onu bura gətizdirməyi tapşırmışdı. Buna görə Şəfi Elməddinlə necə görüşəcəyini irəlicədən müəyyənləşdirmişdi. Şəfinin bu cavan oğlana yazığı gəlirdi, onun arzularına, ürəyinə yaxşı bələddi, onu heç nədən, yolunun lap başlanğıcında qurban vermək olmazdı. «Hər şeyə dözmək lazımdı, nəyin bahasına olursa-olsun onu xilas etmək gərəkdi. Nəcməddin də görünür, bacara bilmədi, azad elətdirə bilmədi onu». — Şəfi belə düşünürdü və bütün fikri-zikri bunda idi ki, görüş zamanında özünü ləyaqətlə apara bilsin. O, Elməddindən qorxurdu ki, birdən dözə bilməz, hisslərini cilovlaya bilməz və onda hər şey məhv olub gedər.
Dördüncü hissə, yeddinci fəsilElməddini indicə buraxdılar. «Sən azadsan!» — dedi həbsxana rəisi. Əlbəttə, Elməddin bu xəbərə çox sevindi, deyəsən çoxdandı belə sevinməmişdi. Geri qayıtmağa, dustaq yoldaşları ilə görüşüb xudahafizləşməyə izacə vermədilər. Elə ordanca yola saldılar. Şəfini də görmək mümkün olmadı.Bayırda təmiz, soyuq bir hava vardı. Göylər tutqun idi, geniş idi. Küçə də elə bil enlənmişdi, ora-bura tələsən adamlar da sanki dəyişmişdilər... Əslində, heç nə dəyişməmişdi, küçə də, adamlar da... Sadəcə, Elməddinin gözləri bu mənzərələrdən yadırğamışdı, ona hər şey başqa cür görünürdü.
Poems by other poets
Luvr! Luvr!Luvr deyəndə
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Səadətnamə, 20صورت وحدت از جهان مثالنقطه ای بست نقش بند خیال
Bəni hər dəmdə nedim öldürür eşqBəni hər dəmdə nedim öldürür eşq,Qara yerə dirilmə girdürür eşq.