Page 4 of 5 · 60%

Sən bilirsən ki, qadınlar cürbəcür olur: Biri özü gəlir, birinin yanına gərək sən özün gedəsən. Bir başqası istəyir zor işlədəsən, güclə təslim eləyəsən. Yadında deyil, sən Tanrıgülü demək olar ki, zorla fəth elədin? Və sənin bu cəsarətin onun çox xoşuna gəlmişdi. Demişdi: «Mən belə xoşlayıram».

Leylanın əgər rəyi olmasaydı, qapını örtərdi və sonra arxadan cəftələrdi. Eləmədi. Divar… Əşi, nə divar, evin içində nə divar ola bilər, ay avam? «Lənətə gələsən, kor şeytan. Yenə gəldin girdin ürəyimə. Çox fərli adama fitva verirsən. İndi duracağam, keçəcəyəm yanına… Sonra da içindən ayrı bir əngəl çıxacaq, qoyub gedəcək, qalacağam çabalaya-çabalaya».

«Yox, Aslan. Sən uyma bu şeytan əclafın fitvasına. Otur yerində. Bir də axı sən ona «bacı» dedin. Nə tez yadından çıxdı?.. Kişi ol, Aslan. Hə, «bacı» sözünü deyəndə bayaq o nə isə qəribə sözlər söylədi… Hə, hə, üzdə «bacı»… xəlvətdə…» Hə, dedi ki, sənin də… elə bir müsibətin var… Dedi, dedi…»

«Dur ayağa, keç o biri otağa. Leyla yatmayıb. Yalandan özünü yatmışlığa vurub və özü də səbirsizliklə səni gözləyir. Əgər getməsən, sabah üzünə deməsə də, ürəyində deyəcək: «Sən də kişisən?»…

Ürəyində gedən bu səssiz-səmirsiz vuruşda şeytan üstələdi və o, ehtiyatla qalxıb çarpayısında oturaraq tumbanın üstünə qoyduğu siqaretdən birini yandırdı. Xeyli fikirləşdi və:

«Əşi, yüz dəfə mollanın sözünə baxanda, bir dəfə də şeytanın sözünə qulaq asmaq lazımdı» ⎯ dedi və ayağa qalxdı. Stolun yanına gəldi və sanki nə üçün gəldiyini unudaraq çaşqın halda o yan-bu yana baxdı.

«Yox, ayığam. İçmiş olsaydım, gedərdim!»

İçindəki ikinci səs rişxəndlə söylədi:

«Konyak vur bir az. Gözləyir o səni!»

«Hə, doğrudan a. Konyak heç yadıma düşmür». Və Aslan bayaqdan axtardığını tapmış adam kimi sevindi, gecə lampasını yandırıb soyuducudan yarımçıq şüşəni götürdü və stolun üstəki çay stəkanını ağzına qədər dolduraraq başına çəkdi. Açıq qutudakı fransız şokoladından birini ağzına atdı və əyləşdi…

Siqaretini çəkə-çəkə yenə götür-qoy eləməyə başladı. Bir neçə dəqiqədən sonra, özündə heç bir dəyişiklik hiss etməyərək stəkanı bir də doldurub içdi. Yenə siqaretinə qüllab vurub alaqaranlıqda qarşıdakı güzgüdə özünə tamaşa eləmək istədi, nədənsə sir-sifətindən xoşu gəlmədi, üzünü yana çevirdi. Gözü yenə konyak şüşəsinə sataşanda…

«Görəsən yenə içim? Zəhrimarın heç təsiri yoxdu. Elə bil sudu. Eh, bu qalcağın nə olacaq» ⎯ deyə konyakın qalanını da doldurub birnəfəsə ötürdü…

«Niyaz əclaf! Oturmuşdum da yerimdə. Çiynində oturmamışdım, yerini dar eləmirdim. «Yox, səni burda saxlaya bilmərəm. Sən onun adamısan ⎯ deyir hamı. Gərək gedəsən. Deyirəm, ay yoldaş Niyaz, dünənəcən onun adamı idim, saxlarsan, bu gündən olaram sənin adamın. Mən az qüvvə deyiləm ha. Sənə xeyrim dəyə bilər». «Yox ⎯ dedi və məni bu günə qoydu. Eybi yoxdu, sənin də başına gələr, səni də qulağından tutub atarlar, onda məni başa düşərsən. Amma sənə mən çox böyük pislik elədin, Niyaz. Sən məni burdan atmasaydın, bəlkə Tanrıgül də elə eləməzdi…»

Leyla Aslanın yadından çıxmışdı.

«İtin belindən gələn köpəkoğlu. Mənim sənə nə pisliyim keçmişdi, ay Mehman? Səni pis dolandırırdım? Maaşın yaxşı, ərzağın bol, xalturan da öz yerində.

İndi sən belə ağız bəhəm eləmisən ki, mənim arvadımla… Lap o axmaq özü təklif eləsə də, sən gərək bu işə qol qoymayaydın. Deyərdin: «Aslan Fərhadoviçin çörəyi gözümü tutar, xanım! Mən o qələti eləyə bilmərəm». Sən əclaf isə onun üzünə qımışırsan da hələ utanmaz-utanmaz. Hələ gedib dostunun kabinetindən zəng də eləyirsən Leylaya. Dayan, dayan, qoy hər şeyi bilim, sənin ananı ağladacağam, itin belindən gələn haramzada»…

Qonşu otaqdan çarpayı cırıltısı eşidib qapıya sarı boylandı və yadına düşdü ki, Leyla ordadır. «Yatmayıb. Səni gözləyir. Dur, Aslan. Özünü biabır eləmə». Bu səs güclü idi, qətiyyətlə deyilmişdi o sözlər və Aslanı müti qul kimi ayağa qaldırdı. Şıqqıltı salmamaq üçün, oğurluğa gedən adam kimi, ayaqlarını yerə asta-asta basaraq açıq qapıya sarı addımladı. Astanada… dayandı… Burdan Leylanı çarpayısının ayaq tərəfi aydın görünürdü. Elektrik pilətəsinin tək gözünün işıltısında çarpayının ağ nikelli ayaqlarının yanında qoyulmuş stulun başından asılmış xalatı ⎯ o Leylanın olan, ancaq bir neçə saat qabaq bu Leylanın geydiyi xalatı görəndə o, başa düşdü ki, qonağı soyunub… və bu, onu bir az da həvəsləndirdi, Leylanı alt paltarda, ağ yorğan-döşək içində təsəvvür eləyib içəri keçmək istəyəndə… qeybdənmi, göydənmi, haradansa gələn bir səs eşitdi və bu səs ona tanış idi ⎯ bu səs Leylanın öz səsi idi:

«Sən o divarı keçə bilməzsən, Aslan. Get yat, get yat, get yat…»

Aslan ayağının biri o otaqda, biri bu otaqda, dayandı, səsə qulaq asdı və istədi soruşsun: «Sən hələ oyaqsan, Leyla xanım? Sənə soyuq deyil ki?» ⎯ Ancaq bu sözləri ürəyində söylədi, dilinə gətirə bilmədi və birdən, key kimi, əmri yerinə yetirməyə borclu olan bir əsgər sayağı geri dönüb çarpayısına sarı gəldi, yerinə uzandı…

Qulaqlarında bir neçə dəqiqə bundan qabaq qeybdənmi, Leylanın özündənmi eşitdiyi o sözlərin ancaq axırıncısı getdikcə azalan bir ahənglə səslənirdi:

«Yat, yat, yat…»

Və onun kiprikləri qapandı.

… Aslan səhv eləyirdi, Leyla da yatmamışdı. Leyla bu elektrik plitəsinin tək gözü işıldayan alaqaranlıq otaqda haçandan bəri həsrətini çəkdiyi belə rahat yorğan-döşəkdə böyrü üstə uzanıb Aslan haqqında, onun qəribə, maraqlı, təzadlı həyatı haqqında düşünmürdü, səhəri, o birisi günü barədə fikirləşmirdi. Burada fikirləşməli bir şey də yox idi. Leyla arxayın idi ki, sabah bu dərd, namüəyyənlik içində dəli kimi çırpınıb çapalayan adam onun qabağında diz çöküb hətta bütün var-yoxunu belə verməyə razı olaraq ondan öz həqiqətlərini, şübhələrini aydınlaşdırmaq üçün yalvaracaq və Leyla da qulağına qeybdən deyilən, pıçıldanan, kimsənin eşidə bilmədiyi şeyləri olduğu kimi ona deyəcək, nəhayət o, toxtayıb rahatlanacaq. Düzdü, sarsılacaq, ağlayacaq, ölüb-diriləcək, ancaq həqiqəti biləcək. Əvəzində, durulacaq, saflaşacaq və bəlkə də dəyişib tamam başqa adam olacaq. Leyla bunu da indidən bilirdi ki, Aslanın sabah, biri gün və bəlkə də gələcək bir neçə ayı çox çətin, sınaqlı, ağrılı keçəcək, o, çox əzablar çəkəcək. Bu əzablar bəlkə də o dünyada təpədən-dırnağa qədər günahlar içində itib-batmış hər hansı bir günahkar bəndənin çəkə biləcəyi ən dəhşətli əzablardan da ağır və dözülməz olacaq. Görünür, Aslan elə bir insandı ki, onun cənnəti də bu dünyadadı, cəhənnəmi də. Belə adamlar o dünyada behiştdə, qismətisə, görə biləcəyi xoşbəxtliyi, ləzzəti, nəşəni bu dünyada ala bildikləri kimi, əzablarını da bu dünyada çəkməli olurlar və onlar bu əzabların içində elə yanırlar ki, o dünyadakı əfsanəvi qır qazanında yanmaq bunun yanında elə də qorxulu əzab olmur. Hər halda Leylanın Aslan barədə ilk təəssüratı belə idi və bu, məsələnin ancaq bir tərəfi ⎯ Aslanla bağlı tərəfi idi. Və Leyla yerinə girənəcən öz təzə tanışı haqqında belə düşünmüşdü, lakin o, soyunub yatağında rahatlanaraq dua oxuyandan az sonra,bugünkü qəribə sərgüzəşti və onun qəhrəmanı barədə düşünməyə başlarkən yaxında hənirti duyub gözlərini açdı. Anasıydı. Ağappaq paltarda, başında qara kalağayı, ayaqları yalın halda onun çarpayısının böyründə dayanmışdı və eynən Leylanın gözləri kimi qonur, işıqlı və eyni zamanda silinməz bir kədər həkk olunmuş baxışlarını ona zilləmişdi. Çoxdandı gəlmirdi. Qızının yatdığı yer, qaldığı otaq pis olanda, narahat olanda arvad gözə görünmürdü; Leyla arzulasa da, çağırsa da harayına hay vermirdi. Ancaq elə ki, qızının bir balaca qarnı tox olurdu, üzü gülürdü, yatacağı, yurdu babat olurdu ⎯ ana elə bil yel qanadında uçub gəlir, Leylanı axtarıb tapır, ona doyunca tamaşa eləyir, danışdırıb ürəyinin hovunu-köpünü alandan sonra çıxıb gedirdi.

Çoxdan idi yoxdu, çünki çoxdan idi Leylasının günü-güzəranı pis keçirdi, nə doyunca yeməyi olurdu, nə gecələr rahat yatacağı. İndi onu görəndə Leylanın bədəni uçundu. Dodaqları səyridi, gözləri doluxsundu və qəhər boğmuş səslə lap ağzının içindəcə astadan pıçıldadı:

⎯ Gəlmisən, ay ana? Qədəmlərinə qurban olum, ay ana. Bəs hardasan indiyəcən? Yoxsa məndən incimisən?..

O, başını yuxarı qaldırmaqla «yox» cavabını verdi.

⎯ Niyə elə uzaqda dayanıbsan, ay ana? Yaxına gəlsənə. Yenə ayaq yalınsan, əynin-başın nazikdi, üşüyərsən axı. Xəstələnərsən axı. İndi bizim yerlərə yəqin qar yağıb.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, dördüncü fəsil

...Dünya xanım səhər tezdən yuxudan ayılanda Nəcməddini yanında görməyib heyrətləndi. Şirin-şirin gərnəşib əsnəyərək, ətrafına baxındı və ərini çarpayıda yox, otağın o başında qoyulmuş yumşaq divanda pallı-paltarlı yatmış görəndə təəccübü daha da artdı. «Bu orda niyə yatıb?» — Varlığında dolaşan ilk sual bu oldu, sonra yenə səssizcə ürəyində: «Özü də paltarlı» — dedi. Dünya xanım başını silkələyib tam ayılmağa çalışdı və keçən axşamkı xudmani məclisi xatırladı: «Hə, içmişdi axşam. Lap çox içmişdi. Yəqin bərk sərxoş olub, ya soyuna bilməyib, ya da yadından çıxarıb soyunmağı?!»Neçə il birgə yaşadıqları muddətdə belə şey olmamışdı. Əvvələn, Nəcməddin heç vaxt bu qədər içməmişdi, dünən nə isə dəmi gəlmişdi, ya çərxi dönmüş o Əbdülün həvəsinə düşüb içmişdi — o, bilmirdi. İkincisi, hər dəfə içəndə; Nəcməddin daha da şən, gümrah olurdu, Dünya xanımın yatağına girər, onunla mehribanlıqla, nəvazişlə rəftar edər, səhərə az qalana qədər, yorulub əldən düşənə qədər Dünyanı yatmağa qoymaz, gah zabitəli olar, gah da uşaq kimi ağlardı. Belə gecələrdə Dünya xanım özü də Nəcməddinin nazı ilə az oynamamışdı.

11 min
Dördüncü hissə, beşinci fəsil

Az qala gen-bol otaqlarına, doğma şəhərinə, məmləkətinə sığışmayan şairi, balaca, sement döşəməli, adam boyundan yuxarı, göyərçin hininin qapısı boyda pəncərəsi, lay dəmir qapısı olan bir otağa salmışdılar. Gündüz o əl boyda pəncərədən gün işığı düşürdü içəri, axşamlar tavandan asılmış iyirmi şamlıq elektrik lampası solğun-solğun parıldayırdı. Divarın sol dibində qırmızı kərpicdən tikilib suvanmış daş «divan» vardı — Məhəmməd Şəfi onun üstündə oturur, onun üstündə yatırdı. Havası xəfə idi, rütubət iyi verirdi. Bu otaq uzun, alaqaranlıq dəhlizin lap axırında yerləşirdi. Dustaqlar arasında «otaği-siyasi» adı ilə məşhur idi. Buraya ancaq siyasi işlər üstündə həbs olunmuş, siyasi cəhətdən qorxulu adamlar salınırdı və onları əsl ad-familiyası ilə yox, «siyasi» kəlməsi ilə tanıyırdılar. Mühafizlər dəhlizdə gəzinir, nizam-intizama diqqət yetirir, belə «siyasi»lərin o biri dustaqlarla təmasda olmasına heç cür imkan vermirdilər.O biri tərəfdə, həyətin o başında ümumi həbsxana yerləşirdi. Bir sözlə, bura daş hasarlı, tikanlı məftilli, dəmir qapılı, qarovulçulu balaca bir şəhər — dünya idi. Buranın da sakinləri vardı, daimi və müvəqqəti sakinləri vardı, varlısı, kasıbı vardı, oğrusu vardı, davakarı vardı, işləyəni, işləməyəni vardı, «padşahı» vardı — amiri-həbsxana idi. Casusu, xəfiyyəsi də vardı. Şairləri də vardı — Rəhgüzər idi, Elməddin idi. Elməddin «ümumilər» içərisində idi, Şəfi kimi, hamıdan ayırmamışdılar.

8 min
Dördüncü hissə, altıncı fəsil

Həbsxana rəisinin kabinetinin böyründə dəmir qapılı bir otaq da vardı: qapının üstünə qara hərflərlə «istintaq otağı» sözləri yazılmışdı və Elməddin burada indiyə qədər bircə dəfə olmuşdu. Qolları qandallı gətirmişdilər, danışdırmışdılar, hədələmişdilər, sonra yenə aparmışdılar.İndi də o qapının ağzına çatan kimi Elməddin anladı ki, yenə sorğu-sual başlanacaq, yenə o dazbaş, eynəkli müstəntiqin üzünü görəcək və nalayiq sözlərini eşidəcək. İkrah hissi duydu ürəyində. Mühafiz demək olar ki, onu itələyib saldı içəri. Otaq həmin otaq idi, müstəntiq də həmin müstəntiq. Ancaq arxası qapıya tərəf oturmuş çalsaç bir adam da vardı. Arxadan Elməddin onu tanıdı. Bu, Şəfi idi. Qəlbi çırpındı, ani olaraq özünü ustadın üstünə atmaq, qucaqlayıb əllərindən öpmək arzusu bütün vücudunu sardı, lakin dayandı: «Olmaz, olmaz!» — beynində özünə əmr elədi. Şəfi əvvəlcədən bilirdi ki, Elməddini gətirəcəklər, çünki müstəntiq yanındaca həbsxana rəisinə onu bura gətizdirməyi tapşırmışdı. Buna görə Şəfi Elməddinlə necə görüşəcəyini irəlicədən müəyyənləşdirmişdi. Şəfinin bu cavan oğlana yazığı gəlirdi, onun arzularına, ürəyinə yaxşı bələddi, onu heç nədən, yolunun lap başlanğıcında qurban vermək olmazdı. «Hər şeyə dözmək lazımdı, nəyin bahasına olursa-olsun onu xilas etmək gərəkdi. Nəcməddin də görünür, bacara bilmədi, azad elətdirə bilmədi onu». — Şəfi belə düşünürdü və bütün fikri-zikri bunda idi ki, görüş zamanında özünü ləyaqətlə apara bilsin. O, Elməddindən qorxurdu ki, birdən dözə bilməz, hisslərini cilovlaya bilməz və onda hər şey məhv olub gedər.

10 min
Dördüncü hissə, yeddinci fəsil

Elməddini indicə buraxdılar. «Sən azadsan!» — dedi həbsxana rəisi. Əlbəttə, Elməddin bu xəbərə çox sevindi, deyəsən çoxdandı belə sevinməmişdi. Geri qayıtmağa, dustaq yoldaşları ilə görüşüb xudahafizləşməyə izacə vermədilər. Elə ordanca yola saldılar. Şəfini də görmək mümkün olmadı.Bayırda təmiz, soyuq bir hava vardı. Göylər tutqun idi, geniş idi. Küçə də elə bil enlənmişdi, ora-bura tələsən adamlar da sanki dəyişmişdilər... Əslində, heç nə dəyişməmişdi, küçə də, adamlar da... Sadəcə, Elməddinin gözləri bu mənzərələrdən yadırğamışdı, ona hər şey başqa cür görünürdü.

5 min

Poems by other poets