Contents
  1. İkinci şəkil
  2. Üçüncü şəkil
  3. Dördüncü şəkil
  4. Beşinci şəkil
  5. Altıncı şəkil
  6. Yeddinci şəkil
  7. Səkkizinci şəkil
  8. İkinci pərdə
  9. Doqquzuncu şəkil
  10. Onuncu şəkil
  11. On birinci şəkil
  12. On ikinci şəkil
  13. On üçüncü şəkil
  14. On dördüncü şəkil
  15. On beşinci şəkil
  16. On altıncı şəkil
  17. On yeddinci şəkil
  18. On səkkizinci şəkil
  19. On doqquzuncu şəkil
  20. İyirminci şəkil

Page 3 of 11 · 18%

Üçüncü şəkil

Mircəfər Bağırovun kabineti. Gecədir.

Mircəfər Bağırov (telefonla danışır)

Arxayın ol, arxayın ol, Lavrenti! Biz heç bir xalq düşməninə aman verməyəcəyik. Biz elə dünən Qarabağın Arazqırağı tərəkəmələrindən qoyunları, malqaraları əllərindən alınan, sonradan kolxoza soxulan üç yüz kulakı həbs eləyib, Şpartı düzündə güllələdik. Bizə qarşı çıxsaydılar, hərəsi bir bölük adamımızın qabağını saxlardı... Mən bu barədə Stalin yoldaşa informasiya vermişəm... Stalin yoldaş özü maraqlanırdı... Əmin ola bilərsən, Lavrenti. Sən də, Stalin yoldaş da yaxşı bilirsiniz, mən 20-ci ildən indiyə qədər Azərbaycanda əksinqilabçılarla, müsavatçılarla, pantürkistlərlə həmişə amansız mübarizə aparmışam. Tamamilə doğrudur. Xalq düşmənlərinən mübarizə apararkən, şəhər ziyalılarını da bir an nəzərdən qaçıra bilmərik. Bir ziyalı “xalq düşməni” min avam kulakdan qorxuludur. (Səlim Babayev gəlir, salam verir) Beriya zəng eləmişdi... deyir, Azərbaycan, xalq düşmənlərinən zəif mübarizə aparır... Sən buna necə baxırsan?

Səlim (payını götürür)

Bu, bizim üçün böyük ittiham olar, yoldaş Bağırov. Qafqazda ən çox xalq düşməni güllələyən, ən çox kulak ailəsi sürgün eləyən bizim respublikadır...

Mircəfər Bağırov (onun sözünü kəsir)

Mən bunu Lavrenti Pavloviçə dedim... Bunu da dedim ki, biz heç bir xalq düşməninə aman verməyəcəyik. (Əsəbi halda) Beriya haqlıdır... biz xalq düşmənlərinən mübarizə apararkən, şəhər ziyalılarını da bir an nəzərdən qaçıra bilmərik. Bir ziyalı “xalq düşməni” yüz avam kulakdan qorxuludur... Hüseyn Cavid... Əhməd Cavad... Mikayıl Müşfiq, professor Bəkir Çobanzadə kimi xalq arasında nüfuzu olan belə pantürkistlərin hərəsi Sovet Azərbaycanı üçün bir təhlükədir! (Gəzişir) Mən Üzeyir bəy haqqında da düşünürəm. Hələlik, onu bu siyahıya qatmaq istəmirəm. (Birdən əsəbi halda) Sluşi... o artist... Ayaz Turan nə vaxtacan göylərdə uçacaq? Proletar yazıçısı Şəfi Sadıqovun pyesində xalq düşməni rolunu oynamaqdan boyun qaçırır. Amma Cavidin əsərlərində tufan qoparır. Gah İblis olur, gah Ərəbistandan gələn Şeyx Sənan! (Qəzəblə) Nə vaxt qurtaracaqsan onunla?

Səlim

Ciddi nəzarət altındadır.

Mircəfər Bağırov

Yoxsa, deyirsən Ayaz Turan tutulsa, Azərbaycan teatrı məhv olar?

Səlim

Biz onun haqqında material toplayırıq. Ciddi nəzarət altındadır.

Mircəfər Bağırov

Nə material? Hər bir hərəkəti – pantürkistliyi, Şəfi Sadıqov kimi yeni proletar yazıçılarına nifrəti göz qabağındadır.

Səlim

Yoldaş Bağırov! Şəfi Sadıqov zəif yazıçıdır, pyesi də çox sünidir. Xalq düşməninin obrazını da bədii cəhətdən əsaslandıra bilməyib.

Mircəfər Bağırov (bir qədər yumşalaraq)

Nə olar? Hər halda, apardığımız siyasətlə ayaqlaşmağa, xalq düşmənlərini ifşa etməyə çalışır, daha Cavid kimi göylərə uçmur.

Səlim

Cavidnən onu bir tutmaq günahdır...

Mircəfər Bağırov

İndi sözün nədir? Deyirsən dünən meydana çıxan proletar yazıçısı da birdən-birə burjua yazıçıları kimi bitkin olsun?

Səlim

Hər halda, istedad da lazımdır, yoldaş Bağırov.

Mircəfər Bağırov (qəzəblə)

İstedad Allah vergisi deyil. Yaza-yaza yaxşı yazmağı öyrənər... Niyə başa düşmürsən, Səlim, Ayaz kimilərinin canı Osmanlı türklərinin yanındadır. Onlardan mənəvi qida alırlar.

Səlim

Lakin bunun üstündə tutub güllələmək də çətindir. Axı, Lenin özü Türkiyə ilə dostluq tərəfdarı olub. Atatürkün xarici imperialistlərlə vuruşuna hüsn-rəğbət bəsləyib.

Mircəfər Bağırov (qəzəblə)

Lenin hüsn-rəğbət bəsləyirdi, amma Stalinin zəhləsi gedir... Səlim! Sənin özünün də əhvali-ruhiyyən mənə şübhəli görünür.

Səlim (hiss edilən təlaşla)

Yoldaş Bağırov... mən elə bu gün Ayaz Turanı həbsə alaram...

Mircəfər Bağırov

Di get... Yadından çıxarma, biz Stalinlə nəfəs alırıq. Stalin cəmiyyəti təzələmək, Yer üzündə yeni dünya yaratmaq istəyir.

Səlim (otaqdan çıxa-çıxa)

Mən “xalq düşməni” damğası basılan adamları tuturam, güllələyirəm. Sibirin uzaq, buzlu çöllərinə göndərirəm. Lakin heç kəs bilmir ki, qorxudan, dəhşətdən gecələr gözümə yuxu getmir. Mən özümün də bir gün, bəlkə bu gün, bəlkə sabah, bəlkə bir ildən sonra tutulub güllələnməyəcəyimdən arxayın deyiləm. Adamların Bağırova sui-qəsd hazırladıqlarını, ya sovet hökuməti əleyhinə, Stalin əleyhinə olduqlarını zorla boyunlarına qoymaq üçün onlara verdirdiyim işgəncələr məni dəhşətə salır.

İşıq sönür

Dördüncü şəkil

Ayazın toyu. Xumar ağ gəlinlik paltarında həyəcan içində səhnəyə daxil olur. Ayaz da ardınca gəlir.

Ayaz (Xumarın əllərindən tutaraq)

Nə olub, Xumar? Niyə belə həyəcanlısan?

Xumar

Bilmirəm... Mənə elə gəlir ki, dayım adamların başı üzərindən qəzəblə baxır. Elə bil ki, havada dayanıb. Ah, Ayaz, mən qorxuram... cəsarətim büsbütün yox olub gedib.

Ayaz (qıza təskinlik verir)

Qorxulası bir şey yoxdur, Xumar. Amma gərək evlənmək istədiyimizi ona deyəydik... nə üçün razı olmadın?

Xumar (əsəbi həyəcanla)

Çünki razılıq verməyəcəkdi!

Ayaz

Nə üçün?

Xumar

Ayaz! Gəl sevgimizin, qəlbimizin vüsala çatdığı bu xoşbəxt gecəmizdə o barədə danışmayaq. Mənim sevgilim! Mənim Şeyxim! Sən dünyanın ən günahsız, ən mərdanə oğlusan! Mənim tale quşum əbəs yerə sənin çiyninə qonmayıb... Bilirsən, bayaqdan nə düşünürəm? Deyirəm, bəlkə toyumuzdan sonra çıxaq gedək başqa respublikaya... Məsələn, Özbəkistana, Türkmənistana. İkimiz də işləyərik... Orda özümüzü daha sərbəst, azad hiss edərik.

Ayaz (bir an sarsılaraq, kədərlə)

Bilirəm, nə üçün elə düşünürsən, Xumar... Toyumuza dəvət elədiyimiz adamların biri də gəlmədi. Bu da səni təşvişə salır. Amma nahaq! Heç bir günahımız olmadığı halda, vətənimizi, doğma səhnəmizi tərk edib getməyə haqqımız yoxdur! Biz həmişə vətənimizə, xalqımıza sadiq, namuslu adamlar olmuşuq. Qohumlarımın “xalq düşməni” kimi tutulmaları səni qorxudursa, bunun üçün hara... hansı respublikaya qaçmağın mənası yoxdur. Bütün ölkə dəmir hasar içindədir. Gözə görünməz cəhənnəm kabusu tək mənim-sənin deyil, bu dəhşətli hasar içindəki bütün insanların başı üzərində hərlənir. Ona görə də, dəvət elədiyimiz adamları, qorxub, toyumuza gəlmədiklərinə görə qınamıram.

Cabbar əlində gül dəstəsi daxil olur.

Cabbar

Mənim əzizlərim, mənim gənc aşiqlərim! Vüsala çatdığınız bu gecədə iştirak eləməyi özümə borc bildim. Toyunuzu təbrik eləyirəm! Arzu eləyirəm, ürəkləriniz həmişə şad olsun, həmişə bir-birinizlə fərəhlənəsiniz. Allah sizi dünyalar qədər xoşbəxt eləsin!

Xumar

Sağ olun, Cabbar əmi! Sağ olun, bizim sədaqətli dostumuz!

Ayaz

Cabbar! Qorxmadın toyumuza gəldin? Görürsən, dəvət elədiyim adamların heç biri gəlməyib...

Cabbar

Eh, qardaşım, onlarda da günah yoxdur, qorxurlar, uşaqları var... mənim kimim var? Bir özüməm, bir qarım... Nədən qorxacağam? Gəlin, şənlənək! Bu dövranın acığına! Bu dünyanın acığına!

Rəqs etmək istərkən, Mayis iki nəfərlə daxil olur.

Mayis

Toyunuz mübarək, Ayaz Turan!

Xumar

Sizi bura çağıran olmayıb!

Mayis

Xumar xanım, sən nə cəsarətli qızsan. Adamlar dayın Səlim Babayevi görəndə qorxularından özlərinə yer tapa bilmirlər. Amma sən ondan xəbərsiz “xalq düşməni”nə ərə gedirsən.

Xumar (ondan gözlənilməyən cəsarət və qəzəblə)

Dayımın xəbəri var! Bu oğlanı sevdiyimi bilir! Həm də Ayaz xalq düşməni deyil!

Mayis

Gözəl Xumar, narahat olma, baxarıq. “Xalq düşməni” olmaz, yenə də gələr, toyunuz davam eləyər.

Cabbar

İnsafınız olsun, toyu yarımçıq qoymayın.

Mayis

Oho, Cabbar! Sən də burdasan? Biz elə sənin də dalınca gələcəkdik. Axı, sən Ayazın yaxın dostusan. Özün də komiksən! Gedək, bizim dustaqların sənə ehtiyacı var.

Mayis işarə edir. Onunla gələn cəlladlar Ayazla Cabbarın qolundan yapışırlar.

Xumar (özünü irəli atır)

Qoymaram!.. Qoymaram!..

Ayaz

Sakit ol, Xumar! Bu ölkədə, azca da olsa, ədalət varsa, mən qayıdacağam. Qayıtmasam, barı, sən yaşa. Yaşa! Başımıza gətirilən faciələri gələcək nəsillərə danışmaq üçün yaşa!

Cabbar

Eh, qardaşım Ayaz. Bizim sümüklərimiz Nargin adasında sürmə olandan sonra gələcək nəsillər nə biləcək? (Xumara) Zəhra qarıma denən məni bağışlasın, üzrlü hesab eləsin, onunla görüşə bilmədim.

Xumar

Cəlladlar! Cəhənnəmdən gəlmiş cəlladlar! Buraxın nişanlımı! Buraxın!

Ayaz

Xumar! Sən həmişə ifa elədiyim rolların mərdliyinə, qüruruna heyran olduğunu söyləyərdin. İndi mən də səndən xahiş edirəm, qoy bu faciəmiz sənin də qürurunu, mərdanəliyini alçaltmasın. Sənə “əlvida” demirəm. Mən günahsızam. Günahsız adamı məhv etmək asan deyil. Mən qayıdacağam.

Cabbar (sərxoşluqdan kövrələrək)

Xumar, qarıma denən onunla görüşə bilmədim, məni bağışlasın. Denən, vallah, mən günahsız gedirəm.

Mayis

Tərpən, Cabbar! Böyük sənətkarınız sizi mərdliyə çağırır. Gedək görək özü necə mərdlik göstərir! (Ayazla Cabbarı aparırlar. Xumar da qapıya sarı cumur. Mayis onun yolunu kəsir) Gözəl Xumar! Gəlinlik paltarında qalmağınıza təəssüflənməyin! Sən bu xalq düşməninə ərə getməməlisən. Dayının iradəsi belədir.

Random poem

More by this author

Güney Güzdəkdə nələr düşünürdüm...

Mən ürəyimin dərinliklərində Qaçaq Xanmurad kimi bir qəhrəman olmağı arzulayırdım. Gecələr yerimə girəndən sonra da bu barədə uzun xəyallara dalırdım. Özümü, neçə atlı-tüfəngli adamı təkbaşına qoyun sürüsünün içindən çıxmağa məcbur eləyən Qaçaq Xanmurad kimi bir igid təsəvvür edirdim. Lakin Qaçaq Xanmuradın bu dəfə anama danışdığı bir əhvalat mənim bu şirin xəyallarımı alt-üst elədi. Qaçaq Xanmurad o tayda (yəni Arazın o tayında) bir düşmənindən necə qisas aldığını nağıl edirdi. O, nəşə ilə danışırdı ki, çiskinli, qaranlıq bir gecədə öz dəstəsilə qəfildən həmin düşməninin alaçığını mühasirəyə alaraq, uşaqdan böyüyə hamını necə gülləbaran eləyib qırıblar...Anam həssas qadın idi. Kiçik bir sarsıntı onun bənizini dərhal soldururdu. İndi bu əhvalatı eşidəndə də rəngi ağardı və o, həyəcanla soruşdu:

7 min
Yenə şəhərdə

Bir neçə gündən sonra babam anamgilə xəbər verdi ki, onu «A» qəzasına rəis təyin eləyiblər. Ona görə də köçüb getdik şəhərə, evimizə...Sonra Bayram babam kürkünün üstündən iki patrondaş çəkdi, gödək beşatılanını doldurdu, ağac qoburlu onatılanını belinə bağlayaraq məşhur kəhər atına minib, Qızılbaşoğlu Alının müşayiətilə «A» qəzasına yollandı. Fatma nənəm babamın ardınca su atdı. Babamı yola salmağa atamla anam da gəlmişdilər. Novruz bayramından keçməsinə baxmayaraq, çöllər hələ ki, qar idi. Anam babamın ardınca baxaraq dedi:

3 min
Nuru dayımın qayıtmağı...

Bir dəfə atam mal gətirmək üçün Bakıya getmişdi. Qayıdanda gördük ki, Nuru dayım onunla gəldi. Sonra atam anama danışırdı ki, neft mədənlərində işləyən qohumlarını görmək üçün Binəqədiyə gedibmiş. Birdən cır-cındır içində olan Nuru dayım çıxır qabağına. Qərəz, məlum olur ki, dayım atasının evindən satdığı şeylərin pulunu kefə sovurandan sonra lüt qalıb, gəlir neft mədəninə, Fatma nənəmgilin kürd qohumlarından olan fəhlələrin yanına. Fəhlələr də onu yedirib-içirdirmişlər.İndi dayım elə şən idi ki, elə bil, Parisdən kefdən gəlmişdi. Laklı uzunboğaz çəkmə, qalife şalvar, qiymətli buxara dərisindən təpəsi gen qabardin papaq, qolları enli üst köynəyi, körpüləri qızıl Qafqaz kəməri, nazik, qumral bığları, onsuz da, gözəl olan dayıma fövqəladə yaraşıq verirdi. O, Tiflisdə, Bakıda, daha nə bilim haralarda çəkdiyi keflərdən anama səhnələr danışırdı. Ən maraqlı söhbətlərdən biri də anamgilin ögey qardaşı, yəni Fatma nənəmin qabaqkı ərindən olan oğlu Cəlilə rast gəlməsi idi. Nuru dayımın danışmağına görə, Cəlil indi Bakının adlı-sanlı mühərrirlərindən, ziyalılarındandır. Fatma nənəm onun bu söhbətinə kənardan diqqətlə qulaq asaraq, Cəlil barədə heç nə soruşmurdu. Mən də buna təəccüb edirdim. Mən başa düşmürdüm ki, Fatma nənəm Nuru dayımı bu qədər istədiyi halda, nə üçün öz dualarında, söhbətlərində bir dəfə də olsun o vaxt atasının üstünə atıb getdiyi oğlu Cəlilin adını dilinə gətirmir?

6 min
Anamın bir rəfiqəsi vardı...

Atam hər dəfə Bakıya gedib-gələndə Müsavat hökumətinin ideoloqu Məhəmməd Əmin Rəsulzadənin nitqlərindən danışardı. Küçələrdə uşaqlar Azərbaycan haqqında, vətən haqqında nəğmələr oxuyardılar, anamla rəfiqələri eyzən zabitlərdən söhbət edərdilər. Bizim şəhərimizdə müsavat zabitləri ilə bərabər, türk zabitləri də var idi. Bunlar Azərbaycana gələn türk hərbi hissəsinin zabitləri idi. Onlardan Hatəm bəy və Tofiq bəy adlı iki nəfəri bizim qonşuluğumuzdakı ikimərtəbəli binada yerləşmişdilər, yazın gur vaxtı olduğu üçün axşamçağılar bağçadakı qızılgüllükdə stul qoydurub, orada əyləşərdilər. Bəzən çay, bəzən şərab içərək bərkdən danışıb gülərdilər. Anam və rəfiqələri bizim bağımızda gəzib söhbət edərdilər.Anamın Məhbub xanım adlı çatmaqaş, qaraşirin, uzun qarasaç, incəbel bir rəfiqəsi var idi. O, bizə gələn bütün cavan qadınlardan gözəl və zinətli geyinərdi. Mən həmişə ona baxanda nağıllarda eşitdiyim şahzadə gözəllər yadıma düşərdi. Şən, deyib-gülən bir gəlin idi. Onun da tumanı anamınkı kimi uzun idi. Tumanının ayağına əşrəfi deyilən qızıl, qanavuz arxalığının yaxasına isə qızıl düymə düzülmüşdü. Belində enli, qızıl kəmər vardı. Atası Məşədi Həbib şəhərimizdəki böyük hamamın və motorla işləyən un dəyirmanının sahibi idi. Anam bizi hamama aparanda qabaqcadan xüsusi nömrə hazırlanardı. Biz çimib çıxandan sonra gəlib Məhbub xanımgildə çay içərdik (onların evləri hamamın böyründə idi). Məhbub xanımın anası Xurşid xanım iricüssəli, kök, yaraşıqlı bir qadın idi, həmişə Novruz bayramında üç-dörd vedrə sututan iri mis qazan dolusu səməni bişirib, bütün qonşulara paylayardı. Qışda da iki-üç dəfə hədik, ya da əriştə bişirib yenə də qonşulara paylayardı. Anam atama deyirdi ki, «Xurşid xala bundan həzz alır». Məhbub xanımı Aşqabadda yaşayan əmisi oğlu Talıba vermişdilər, ancaq anamın söhbətlərindən bilirdim ki, oğlan qıza qarşı soyuq imiş, ona görə də tezliklə ayrılmışdılar.

4 min

Poems by other poets