Contents
  1. İkinci şəkil
  2. Üçüncü şəkil
  3. Dördüncü şəkil
  4. Beşinci şəkil
  5. Altıncı şəkil
  6. Yeddinci şəkil
  7. Səkkizinci şəkil
  8. İkinci pərdə
  9. Doqquzuncu şəkil
  10. Onuncu şəkil
  11. On birinci şəkil
  12. On ikinci şəkil
  13. On üçüncü şəkil
  14. On dördüncü şəkil
  15. On beşinci şəkil
  16. On altıncı şəkil
  17. On yeddinci şəkil
  18. On səkkizinci şəkil
  19. On doqquzuncu şəkil
  20. İyirminci şəkil

Page 8 of 11 · 64%

On ikinci şəkil

Həbsxana. Səlim və Ayaz.

Səlim

Nə üçün Şəfi Sadıqovun pyesində “xalq düşməni” rolunu ifa eləmək istəməmisən?

Ayaz

Ona görə ki, pyes zəifdir. Sünidir. Müəllif C.Cabbarlının yaratdığı süjeti, obrazları pis şəkildə təkrar edir. “Xalq düşməni” məfhumunun ictimai mahiyyəti də aydın deyil.

Səlim

Nə üçün aydın deyil? Həmin obrazın kollektivləşmə əleyhinə olduğu göstərilmir?

Ayaz

Göstərilir. Amma kollektivləşmə əleyhinə olmaq hələ xalq düşməni olmaq demək deyil. Çünki bu kollektivləşmə xalqın istəyi, rəyi nəzərə alınmadan, ondan heç nə soruşulmadan məcburi

[Mənbənin skanında burada mətn itib.]

Səlim

Demək, sən özün də kollektivləşmənin əleyhinəsən... (Bu arada Mayis daxil olur, onu görcək qəzəblə) Sən Stalinin düşmənlərinin – Buxarinin, Zinovyevin dəyirmanına su tökürsən! Sən onların əksinqilabçı ideyalarını təbliğ edirsən!

Ayaz

Mən siyasət adamı deyiləm. Bu barədə də birinci dəfədir danışıram.

Səlim

Sən iliklərinə qədər əksinqilabçısan! Sən azərbaycanlıların, türk-tatar xalqlarının rus əlifbasına keçməsinin də əleyhinə olmusan!.. (Qışqırır) Olmusan, olmamısan?!

Ayaz

Mən, ümumiyyətlə, əlifbanın dəyişilməsi və bunun yuxarılardan əmrlə olmasının əleyhinəyəm. Bu, xalqı öz keçmişindən, tarixindən ayırıb uzaqlaşdırır. Az bir zaman ərzində Azərbaycan xalqının əlifbası iki dəfə dəyişdirilib. Etiraz edənləri tutub güllələyiblər. Bununla bizim yeni nəsillərimizi öz tarixi keçmişimizdən həmişəlik qoparıblar! Bu, yalnız ədalətsizlik yox, cinayətdir!

Səlim

Yoxsa, sən istəyirdin ki, biz o çətin ərəb əlifbası ilə qalaq!

Ayaz

Ərəb əlifbası klassik əlifbadır. Heç bir çətinliyi də yox idi. Çətinliyə qalsa, yapon əlifbası ən çətin əlifbadır. Lakin yaponlar...

Səlim

Sən qatı millətçisən! Sən xaricdə olan müsavatçıların agentisən. Sən “türk” adının da “azərbaycanlı” sözü ilə əvəz edilməsinin əleyhinə olmusan.

Ayaz

Mən bir millətin adını məcburiyyətlə dəyişməyi ədalətli iş hesab eləmirəm. “Türk” bizim milli adımızdır, biz min illərdən bəri bütün tarixlərə, bütün başqa xalqlara “türk” adı ilə məlum olmuşuq. Nədən ötrü birdən-birə o “azərbaycanlı” sözü ilə əvəz olundu? Məgər, gürcülərə “gürcü” yox, “gürcüstanlı” deyirlər. Ya ingilisə “ingilis” yox, “ingiltərəli” deyirlər? Hər millətin öz adı var. Əgər, Stalin Osmanlı türklərinə görə bizim adımızı dəyişibsə, bu da misli görünməmiş bir ədalətsizlikdir!

Cəllad qalxıb acıqlı nəzərlərlə ona baxır.

Səlim (cəllada)

1134 nömrəli dustağı! (Cəllad çıxır. Ayaza) Sənə məsləhət görürəm, hər şeyi öz xoşunla boynuna alasan! Hamısı birdir, boynuna qoyacaqlar.

Cabbarı gətirirlər. O döyülməkdən, əzab verilməkdən eybəcər hala düşüb.

Səlim

Cabbar! Bu dostun haqqında dediklərini indi üzünə de!

Cabbar

Ayaz! Qardaşım!

Səlim (qışqırır)

Sən təsdiq edirdin ki, Ayaz Turan xalq düşmənidir, xaricdə olan müsavatçıların agentidir. Azərbaycan bolşeviklərinin rəhbəri Mircəfər Bağırovu vətən, millət xaini adlandırırdı.

Cabbar (dəhşət içində)

Bəli, bəli, təsdiq edirəm. Təsdiq edirəm, Ayaz Turan xalq düşmənidir. Təsdiq edirəm ki, Ayaz Turan Bağırova sui-qəsd etməyə hazırlaşan dəstəyə daxildir! (Və birdən Ayaza dəhşətlə baxaraq qışqırır) Ayaz, qardaşım... məni məcbur elədilər!..

Ayaz

Cabbar, qardaşım, sakit ol. Mən sənin sədaqətinə əminəm.

Səlim

Aparın!

Cabbar

Ayaz, bəlkə biz bir də görüşmədik, bağışla...

Ayaz

Cabbar, sakit ol... Bunlar indi bizə belə divan tuturlar, vaxt gələcək onlara...

Cabbarı aparırlar.

Səlim

Bizə kim divan tutacaq?

Ayaz

Kimin divan tutacağının əhəmiyyəti yoxdur. Əsas odur ki, bu, mütləq olacaq. Çünki bu, sizin qurduğunuz diktatura sisteminin əsas qanunlarından biridir.

Səlim

Nəyə əsasən belə deyirsən?

Ayaz

Bunu dərk etməyə böyük ağıl lazım deyil. Siz elə bir cəhənnəm üsuli-idarəsi yaratmısınız ki, orada qurduğunuz qır qazanlarında gec-tez özünüz yanmalısınız! Başqa cür mümkün deyil!

Səlim

Nə üçün mümkün deyil?

Ayaz

Çünki diktatorun qurduğu sistem bütün insanları bir-birinə düşmən etmişdir. O, bütün insanlarda bir-birinə etibarsızlıq, şübhə yaradır. Bütün insanları bir-birini keçi qiymətinə satmaq ruhunda tərbiyə edir! Atanı oğula, qardaşı qardaşa qarşı qoyur. Təbii məsələdir ki, bu sistemi davam etdirmək üçün diktatora cəlladları tez-tez dəyişmək, vəzifələrini yerinə yetirmiş köhnə cəlladları yenilərin əli ilə qətl çarxının ağzına vermək lazımdır.

Səlim

Axı, nə üçün lazımdır? Bu, diktatora nə üçün lazımdır?

Ayaz

Elədiyi saysız-hesabsız qətllərin ağlasığmaz sayını, səbəbsizliyini gələcək nəsillərdən, tarixin amansız mühakiməsindən gizləmək üçün. Təkcə bu son vaxtlara qədər neçə təhlükəsizlik komissarının biri o birinin başını verib cəhənnəm çarxının ağzına?! Halbuki onların hər biri öz vaxtında diktatorun sevimlisi idi!

Səlim

Axı, bu dəhşətli qırğınlar diktatora nə üçün lazım idi?

Ayaz

Romanı yandırmaq Nerona nə üçün lazım idi? Ölkələri fəth eləyib tar-mar etmək, bunun üçün milyonları qırğına vermək Hannibalın, Napoleonun nəyinə lazım idi? Bu onların xalqına hansı səadəti verəcək idi? Hansı böyük fateh öz xalqını xoşbəxt eləyib... Fütuhat... qələbə... hamısı diktatorun özü üçündür. Diktatorluq ehtirası doymaq bilməyən nəhəng bir əjdahadır ki, bəşəriyyəti onun zülmündən xilas etmək üçün ancaq onun özünü məhv etmək lazımdır.

Səlim kameradan çıxır.

Səlim (tək)

Xalq həqiqəti başa düşür. Başa düşür ki, bu ölkədə sovet hökuməti əleyhinə işləyən heç bir partiya-zad yoxdur. Lakin heç kəs də səsini çıxara bilmir. Hamı qoyun sürüsü kimi gəlib girir qanlı diktatorun qurduğu qətl çarxının ağzına. Biz isə, əlinə ölüm silahı verilmiş robotlarıq. Lakin biz şüurlu robotlarıq. Biz kimləri öldürdüyümüzü bilirik. Diktatorun məramını dərk edirik. Lakin, bununla belə, onun qətlinə fitva verdiyi milyonları qırırıq. Anaları körpələrindən ayırıb, Sibirin buzlu çöllərinə göndəririk! Ataları ayaqlarından asırıq, biz diktatorun əmrinə tabe olmaya bilmərik! Çünki biz özümüz də məhbusuq!

İşıq sönür

Random poem

More by this author

Güney Güzdəkdə nələr düşünürdüm...

Mən ürəyimin dərinliklərində Qaçaq Xanmurad kimi bir qəhrəman olmağı arzulayırdım. Gecələr yerimə girəndən sonra da bu barədə uzun xəyallara dalırdım. Özümü, neçə atlı-tüfəngli adamı təkbaşına qoyun sürüsünün içindən çıxmağa məcbur eləyən Qaçaq Xanmurad kimi bir igid təsəvvür edirdim. Lakin Qaçaq Xanmuradın bu dəfə anama danışdığı bir əhvalat mənim bu şirin xəyallarımı alt-üst elədi. Qaçaq Xanmurad o tayda (yəni Arazın o tayında) bir düşmənindən necə qisas aldığını nağıl edirdi. O, nəşə ilə danışırdı ki, çiskinli, qaranlıq bir gecədə öz dəstəsilə qəfildən həmin düşməninin alaçığını mühasirəyə alaraq, uşaqdan böyüyə hamını necə gülləbaran eləyib qırıblar...Anam həssas qadın idi. Kiçik bir sarsıntı onun bənizini dərhal soldururdu. İndi bu əhvalatı eşidəndə də rəngi ağardı və o, həyəcanla soruşdu:

7 min
Yenə şəhərdə

Bir neçə gündən sonra babam anamgilə xəbər verdi ki, onu «A» qəzasına rəis təyin eləyiblər. Ona görə də köçüb getdik şəhərə, evimizə...Sonra Bayram babam kürkünün üstündən iki patrondaş çəkdi, gödək beşatılanını doldurdu, ağac qoburlu onatılanını belinə bağlayaraq məşhur kəhər atına minib, Qızılbaşoğlu Alının müşayiətilə «A» qəzasına yollandı. Fatma nənəm babamın ardınca su atdı. Babamı yola salmağa atamla anam da gəlmişdilər. Novruz bayramından keçməsinə baxmayaraq, çöllər hələ ki, qar idi. Anam babamın ardınca baxaraq dedi:

3 min
Nuru dayımın qayıtmağı...

Bir dəfə atam mal gətirmək üçün Bakıya getmişdi. Qayıdanda gördük ki, Nuru dayım onunla gəldi. Sonra atam anama danışırdı ki, neft mədənlərində işləyən qohumlarını görmək üçün Binəqədiyə gedibmiş. Birdən cır-cındır içində olan Nuru dayım çıxır qabağına. Qərəz, məlum olur ki, dayım atasının evindən satdığı şeylərin pulunu kefə sovurandan sonra lüt qalıb, gəlir neft mədəninə, Fatma nənəmgilin kürd qohumlarından olan fəhlələrin yanına. Fəhlələr də onu yedirib-içirdirmişlər.İndi dayım elə şən idi ki, elə bil, Parisdən kefdən gəlmişdi. Laklı uzunboğaz çəkmə, qalife şalvar, qiymətli buxara dərisindən təpəsi gen qabardin papaq, qolları enli üst köynəyi, körpüləri qızıl Qafqaz kəməri, nazik, qumral bığları, onsuz da, gözəl olan dayıma fövqəladə yaraşıq verirdi. O, Tiflisdə, Bakıda, daha nə bilim haralarda çəkdiyi keflərdən anama səhnələr danışırdı. Ən maraqlı söhbətlərdən biri də anamgilin ögey qardaşı, yəni Fatma nənəmin qabaqkı ərindən olan oğlu Cəlilə rast gəlməsi idi. Nuru dayımın danışmağına görə, Cəlil indi Bakının adlı-sanlı mühərrirlərindən, ziyalılarındandır. Fatma nənəm onun bu söhbətinə kənardan diqqətlə qulaq asaraq, Cəlil barədə heç nə soruşmurdu. Mən də buna təəccüb edirdim. Mən başa düşmürdüm ki, Fatma nənəm Nuru dayımı bu qədər istədiyi halda, nə üçün öz dualarında, söhbətlərində bir dəfə də olsun o vaxt atasının üstünə atıb getdiyi oğlu Cəlilin adını dilinə gətirmir?

6 min
Anamın bir rəfiqəsi vardı...

Atam hər dəfə Bakıya gedib-gələndə Müsavat hökumətinin ideoloqu Məhəmməd Əmin Rəsulzadənin nitqlərindən danışardı. Küçələrdə uşaqlar Azərbaycan haqqında, vətən haqqında nəğmələr oxuyardılar, anamla rəfiqələri eyzən zabitlərdən söhbət edərdilər. Bizim şəhərimizdə müsavat zabitləri ilə bərabər, türk zabitləri də var idi. Bunlar Azərbaycana gələn türk hərbi hissəsinin zabitləri idi. Onlardan Hatəm bəy və Tofiq bəy adlı iki nəfəri bizim qonşuluğumuzdakı ikimərtəbəli binada yerləşmişdilər, yazın gur vaxtı olduğu üçün axşamçağılar bağçadakı qızılgüllükdə stul qoydurub, orada əyləşərdilər. Bəzən çay, bəzən şərab içərək bərkdən danışıb gülərdilər. Anam və rəfiqələri bizim bağımızda gəzib söhbət edərdilər.Anamın Məhbub xanım adlı çatmaqaş, qaraşirin, uzun qarasaç, incəbel bir rəfiqəsi var idi. O, bizə gələn bütün cavan qadınlardan gözəl və zinətli geyinərdi. Mən həmişə ona baxanda nağıllarda eşitdiyim şahzadə gözəllər yadıma düşərdi. Şən, deyib-gülən bir gəlin idi. Onun da tumanı anamınkı kimi uzun idi. Tumanının ayağına əşrəfi deyilən qızıl, qanavuz arxalığının yaxasına isə qızıl düymə düzülmüşdü. Belində enli, qızıl kəmər vardı. Atası Məşədi Həbib şəhərimizdəki böyük hamamın və motorla işləyən un dəyirmanının sahibi idi. Anam bizi hamama aparanda qabaqcadan xüsusi nömrə hazırlanardı. Biz çimib çıxandan sonra gəlib Məhbub xanımgildə çay içərdik (onların evləri hamamın böyründə idi). Məhbub xanımın anası Xurşid xanım iricüssəli, kök, yaraşıqlı bir qadın idi, həmişə Novruz bayramında üç-dörd vedrə sututan iri mis qazan dolusu səməni bişirib, bütün qonşulara paylayardı. Qışda da iki-üç dəfə hədik, ya da əriştə bişirib yenə də qonşulara paylayardı. Anam atama deyirdi ki, «Xurşid xala bundan həzz alır». Məhbub xanımı Aşqabadda yaşayan əmisi oğlu Talıba vermişdilər, ancaq anamın söhbətlərindən bilirdim ki, oğlan qıza qarşı soyuq imiş, ona görə də tezliklə ayrılmışdılar.

4 min

Poems by other poets