Su dəyirmanı
Page 2 of 9 · 11%
... Mən təzə-tər söyüd yarpaqlarının pıçıltısında sanki qızın qəlbinin döyüntüsünü eşidirdim. Mən onun gəncliyi ilə üçgünlük Ayın işıqlandırdığı bu körpə söyüd yarpaqları arasında qəribə bir ahəng duyurdum. Mənə elə gəlirdi ki, onun aramla aldığı nəfəs bu bahar gecəsinin canı, ruhudur. Mən hər şeydə xəyali bir sonsuzluq, bir əbədiyyət hiss edirdim. Sanki yanımda oturan, mənə mehriban sözlər danışan bu qızın, ulduzların zərif işığını əks edərək qaranlıqda parlayan qara gözləri ilə bu gecə, bu əzəmətli kainat bir yaranmışdır. Biz Musa dayıdan, onun keçən yay su üstündə mənim anam Bədirxanla savaşmasından (anam bizim kəndin cuvarıdır), sonra hər ikisinin xeyli müddət küsülü qalaraq, yığıncaqlarda bir-birinə tikanlı sözlər atmalarından, daha bilmirəm nələrdən söz salaraq gülür, bir dəfə də olsun, özümüz barədə danışmırdıq.
Birdən ayaq tappıltısı eşidib, geri baxdıq. Qaranlıqda yüklü bir at, onun ardınca da uzunboğaz çəkmə geyib belini enli qayışla qıvraq bağlamış ucaboylu bir oğlan çıxdı. Bu, mənim uşaqlıq yoldaşım Şahlar idi. O, iki çuval yüklənmiş atını dəyirmana enən cığıra salaraq:
– Axşamınız xeyir, – deyə yanımızda ayaq saxladı. – Nə yaxşı yerdə oturmusunuz!
Sonra inci kimi düzülmüş dişlərini ağardaraq gülümsəyib əlavə etdi:
– Gedib Musa dayıya deyəcəyəm...
– Bax, gecə iti açıb buraxaram ha, – deyə mən də eyni zarafatla cavab verdim. (Şahlar bizimlə qapı-qapıya qonşu olan bir qıza nişanlanmışdı. Görüş yerləri də bizim bağçanın alt tərəfi idi).
– Onda susdum, – o, məzəli bir hərəkətlə əlini ağzına qoydu.
Tələsik atın ardınca qaçdı. Sonra yenə ayaq saxlayaraq:
– Eyvaz, – dedi, – sizə qonaq gəlib...
– Kimdir?
– Bilmirəm. Bir cavan oğlandır... Deyəsən, Gəncədəndir... Evinizi göstərdim, getdi...
Şahlar cığırı enərək, böyürtkən kolları arasında gözdən itdi.
– Gedək, Eyvaz! – deyə Bəyim ayağa qalxdı, – yəqin ki, qonaq səni gözləyir.
– Eybi yoxdur, əyləş.
– Yox.
O, daha oturmadı. Mən naəlac qalaraq, ayağa qalxdım. Biz dəyirman arxının üstündən salınmış balaca körpüdən keçərək, kəndə sarı yönəldik. Pıçıldaşan söyüd yarpaqları, novdan tökülən bahar suyunun şırıltısı, aşağı dərədə qaralan dəyirman arxada qaldı. Bu, məni kədərləndirirdi. Elə bil ki, bu gedişlə mən, nə isə əziz bir şeydən ayrılırdım. Sanki mən onları və indi yanımda ürəyinin döyüntüsünü eşitdiyim Bəyimi bir də heç bir zaman bu qədər yaxından görməyəcəkdim. Elə bil ki, bu, mənim həyatımda əvvəlinci və axırıncı gecə idi... Qəribə idi, bu uğursuz hiss mənim ürəyimə haradan girmişdi?
– Bu vaxt sizə gələn qonaq kim ola? – deyə Bəyim kəndin işıqlarına baxaraq soruşdu.
– Bilmirəm. Mənim Gəncədə elə bir tanışım yoxdur.
Kəndimizin işıqları getdikcə yaxınlaşırdı, demək, biz yenə də ayrılırdıq. Yenə də mənim narahat gecəm başlanırdı. Eh... Bəyim, sənsiz keçən bu yaz gecəsinin nə qədər uzun olduğunu, məni nə xəyallarla yorduğunu bircə bilsəydin!.. Odur, qoşa çinar arasından sizin pəncərəniz görünür.
– Bir az dayan, Bəyim...
– Yox, Eyvaz... Gecdir.
– Sabah axşam yenə də həmin yerdə görüşəkmi?
– Bilmirəm... Vaxtımız olsa, görüşərik... Hələlik, sağ ol.
Sonra elə bil ki, mənim könlümü sındırmamaq üçün düz gözlərimə baxaraq, qaranlıqda gülümsədi və çevrilib iti addımlarla darvazalarına tərəf getdi.
– Gecən xeyrə qalsın, Bəyim.
O, başını döndərib, eyni mehribanlıqla:
– Sağ ol, – deyə darvazalarından içəri girdi.
Mən uzun zaman yerimdən tərpənə bilmirdim. Mən bu bahar gecəsi ilə yalqız qalmışdım. Mən pəncərənin tül pərdəsi arxasındakı işıqlı otaqda onun kölgəsinin ora-bura necə hərəkət etdiyini görürdüm. Yəqin ki, o, indi anası ilə danışır və mənim buraya mıxlanıb qaldığımı heç ağlına da gətirmir.
«Eh... tərpən, Eyvaz... qonaq səni gözləyir...». Mən ağır addımlarla uzaqlaşdım. Gecə mənim məhəbbətimi bir əfsanəyə, bir nağıla döndərmişdi. Göydə sayrışan ulduzlar, budaqlarda xışıldayan bahar yarpaqları mənə və mənim iztirablarıma qarşı tamamilə biganə idi. Axı, bu kədər, bu ümidsizlik nə üçündür? O mənə demədimi ki, kəndimizdə iki yaxşı oğlan varsa, biri sənsən... Demədimi ki, qoy bir az fikirləşim... Nə olar, qoy fikirləşsin. Mən bu düşüncələrlə həyətimizə girib, evimizin artırmasına çıxdım. Stolun başında anamla qabaq-qabağa oturub, söhbət eləyən qonaq ayağa qalxaraq, şabalıd rəngində olan iri və canlı gözləri ilə mənə baxıb, xəfifcə gülümsədi. Bir anlıq mənə elə gəldi ki, bu adamı haradasa görmüşəm...
Mən qonaqla əl tutuşaraq:
– Əyləşin, əyləşin, – dedim, – xoş gəlmisiniz.
– Hüseynin yoldaşıdır, – deyə anam bildirdi. – Adı Humaydır. Bizim MTS-ə işləməyə gəlib.
Hüseyn mənim əmim oğludur. Gəncə Kənd Təsərrüfatı İnstitutunun axırıncı kursunda oxuyur. Humay şəhər dəbi ilə tikilmiş təmiz, lakin bir qədər nimdaş boz pencəyinin qoltuq cibindən bir kağız çıxarıb mənə verdi.
Hüseyn yazırdı ki, məktubu təqdim edən oğlan institutu qurtarıb, MTS-ə mühəndis-mexanizator təyin edilmişdir. Daha sonra Hüseyn dönə-dönə xahiş edirdi ki, onun bu dostuna yaxşı hörmət eləyək.
Mən məktubu oxuyub qurtarandan sonra Humay mənə açıq və şən bir nəzər salaraq:
– Kənddə mehmanxana olmadığı üçün bu gecəlik sizi narahat etməyə məcbur oldum, – dedi.
– Bu nə sözdür, gözümüz üstə yeriniz var...
– Ya Hüseyn, ya onun dostu... Elə bil öz evindir, – deyə anam Humayın stəkanını götürərək o biri otağa keçdi.
Biz xeyli müddət ordan-burdan söhbət etdik. Məlum oldu ki, Humay Gəncədə yaşayan qoca bir müəllimin oğludur.
O, ayağa qalxaraq, mənim kitab şkafıma yaxınlaşdı.
– Baxmaq olarmı?
– Xahiş edirəm, burada özünüzü öz evinizdəki kimi hiss edəsiniz.
Humay şkafın qapısını açaraq, kitabları nəzərdən keçirirdi. Mən aqronom olsam da, lap uşaqlıqdan bədii ədəbiyyat maraqlısıyam. Tələbə olanda da əlimə düşən pulu kitaba verərdim. Odur ki, indi balaca bir kitabxanam vardır.
Humay Çexovun külliyyatından bir cild götürüb baxır, mən də onu nəzərdən keçirirdim. Çox arıq olmasına baxmayaraq, yaraşıqlı oğlan idi. Yaşı iyirmi beşdən artıq olmazdı. Orta məktəbi qurtarandan sonra iki il orduda xidmət etdiyi üçün ali məktəbə gec daxil olubmuş. Əlləri və üzü xəstəlikdən yeni qalxmış adamlarda olduğu kimi, arıq və solğun idi. Lakin iri şabalıdı gözlərində canlı, qaynar bir ifadə var idi. Bu da onun üzündəki solğunluğa sanki bir həyat və atəş verirdi. O, gözlərini qırpmadan mənə baxdıqda, mən bu arıq, solğun adamda, nə isə tükənməz bir qüvvə, həyatla güclü bir bağlılıq hiss edirdim. Elə bil ki, o bu saat səni heyrətdə qoyan fövqəladə bir iş görəcəkdi. Elə bil ki, sənin bilmədiyin bir çox sirlər ona məlum idi. Gözləri şabalıdı rəngdə olan, yana daranmış qalın və yumşaq saçları, düz və yaraşıqlı burnu, gülümsəyərkən görünən qar kimi ağ dişləri ilə üzündəki solğunluq arasında bir ahəng hiss olunurdu.
O, Stendalın gündəliklərindən ibarət cildini götürüb vərəqləyərək:
– Bunu oxumusunuzmu? – deyə məndən soruşdu.
– Oxumuşam.
– Romanlarına söz yoxdur. Ancaq gündəlikləri xoşuma gəlmir.
– Nə üçün?
– Hər gün ziyafət, hər gün bal, hər gün gözəl qadınları ziyarət... Adam lap təngə gəlir, – deyə o, üz-gözünü turşutdu.
Sonra qətiyyətlə əlavə etdi:
– Bu böyük adamların fikirləri ilə əməlləri arasında çox zaman qəribə bir ziddiyyət görürsən. Bəzi həkimlər kimi, sənə deyirlər, şərab içmə, amma özləri küpün dibindən əl çəkmirlər. Jan Jak Russo cəmiyyətin ədalətsizliklərindən danışır. Uşaqları tərbiyə etmək haqqında cildlər dolusu öyüd-nəsihət verir. Amma öz övladlarını anadan olan kimi aparıb uşaq evinə verirmiş. Siz buna nə deyirsiniz?
– Bizim üçün onların fikirləri maraqlıdır. Adamlar ölüb gedir, fikirlər, ideyalar isə yaşayır.
– Düzdür. Ancaq irəli sürdüyün ideyanı, birinci növbədə, özünə tətbiq etmək, onun doğru olduğunu öz həyatınla sübut etmək sənin vətəndaşlıq borcundur. Məsələn, biz bilirik ki, həqiqi insan cəmiyyətin xeyrini öz şəxsi nəfsindən həmişə üstün tutmalıdır. Bu, öz-özlüyündə bir ideyadır, elə deyilmi? Lakin bir anlığa təsəvvür edin ki, bizlərdən hər birimiz bu ideyanı təbliğ etdiyimiz halda, gecə-gündüz öz xeyrimiz haqqında düşünsəydik, onda nə olardı?
O, açıq pəncərədən qaranlıq bağçaya baxaraq susdu.
Anam bizim üçün qayğanaq gətirərək:
– Humay, – dedi, – gərək bizi bağışlayasan, vaxtsız oldu.
– Çox yaxşıdır, xala, – deyə Humay təklif gözləmədən gəlib əyləşdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-su-deyirmani
Use ← → keys to move, R for a random poem
More by this author
Ağabəyim ağa və Saday bəy.*Ağabəyim ağa**
Üçüncü şəkilSəltənət bəyim və Hüseynqulu xan gəlirlər.*Hüseynqulu xan**
Dördüncü şəkilİbrahim xanın iqamətgahı. İbrahim xan və Mirmöhsün ağa səhnəyə daxil olurlar.*Mirmöhsün ağa**
Beşinci şəkilİbrahim xanın iqamətgahı. İbrahim xan və Ağabəyim ağa.*İbrahim xan**
Poems by other poets
The centre of the first encircling line; the seal of all creation at the end;Fresh fruit of garden of the seven old spheres; of eloquence’ pearl-necklace central pearl —
ƏslimizƏslimiz olmuş əhli-Hövsandan,Gəmi zəhmətkeşi olubdur atam.
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər