Canım, gözüm, nə yaxşı ki, qayıtdın,Nə yaxşı ki, bu yollara düşdü gün.Bu ömrümə şəkər qatdın, bal qatdın,Darıxmışdım nə zamandı səninçün.

Pozulmuşdu rahatlığım, dincliyim,Sinəm üstə elə bil qor dolmuşdu.Sənsiz keçən günə, aya nə deyim,Yuxularım pərən-pərən olmuşdu.

Nə yaxşı ki, yuxularım cəm oldu,Gəldin, gözüm işıqlandı bir anda.Həsrət qəmim duman kimi dağıldı,Çətin olur göz yollarda qalanda.

Sevincimdən pay götürdü quşlar da,Nəğmələri şirinləşdi bir az da.Nəğmələndi qayalar da, daşlar da,Sinəmdə söz aşdı, daşdı bir az da.

Nə yaxşı ki, səsin doldu evimə,Nə yaxşı ki, ürəyimi ovutdun.Həsrət qəmi üz verməsin heç kimə,Nə yaxşı ki, nə yaxşı ki, qayıtdın...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets