Contents
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5

Page 2 of 4 · 25%

2

İyirminci il, sentyabr.

İnqilabın işıq və həyat gətirən təsiri kəndlərin dərinliklərinə qədər işləyirdi. Hər yerdə yeniləşmə duyulurdu. Şəhərdə fabrik və zavodlar fəhlələrin əlinə keçmişdi. Kəndlərdə torpağın kəndlilərə paylanması böyük bayram mərasiminə çevrildi. Bəzi kəndlərdə yoxsullar qrupu zəif idi. Bəzi kəndlilərə də kimin lehinə, kimin əleyhinə, nəyə qarşı əl qaldırmağı başa salmaq çətin idi. Ağır zəhmətdən başqa bir şey görməyən İslam, Əziz, Vəli kimiləri yeni hadisələrdən yaxşı baş açmırdılar.

– Bir başa düş, hökumət sənindir! Muzdursan, bundan sonra kəndin hər işinə sən məsulsan!

Bu sözlər onların çoxunda təəccüb doğururdu. Hər gün şəhərdən kəndlərə dəstə-dəstə təbliğatçı fəhlələr gəlirdi.

Quru Qobu qırağı ilə əlində kağız qovluğu olan bir gənc yeriyirdi. O, böyürtkən kolları, çalı çəpərlərin arasından keçib, kəndin yaşıl ağaclıqları arasında gözdən itdi. O, Abadlı kəndində komsomol özəyi düzəltməyə gedirdi. Gənci hamıdan əvvəl sovet sədri Telli xala qarşıladı. Telli xala gəncin vacib və yeni bir məsələ üçün gəldiyini bildi.

Telli xala hay salmışdı:

– Sabah kotandan sonra cavan uşaqlar hamısı məscidin qabağına yığılsın, şəhərdən hökumət gəlib.

Şər qarışanda məscid həyətinə otuza qədər gənc yığılmışdı. Burada sığırçılar, naxırçılar, qapı nökərləri və bir-iki hampa uşağı da vardı. Kişilər qıraqda durub baxırdılar. Kənddə danışılırdı ki, cavanları əsgər aparacaqlar.

Kimisi də deyirdi:

– Yox, canım, əsgər söhbəti yoxdur, məsələ oxumaq barəsindədir.

Şəhərdən gələn oğlan, cavanların iclasında bir sədr və bir katib seçilməsini təklif etdi. Heç kəs bundan bir şey başa düşmədi. İki dəqiqəlik sükutdan sonra Telli xala ayağa qalxdı:

– Belə, bir adam lazımdır ki, burada stolun dalında dursun, bu günlüyə böyüklük eləsin. Biri də savadlı lazımdır, stolun böyründə otursun, yazsın. Deyin görək, kimi istəyirsiniz?

Yenə heç kəsdən cavab çıxmadı. Uşaqların çoxu utancaqlıqla gülümsəyirdi. Yalnız Hidayət yerində qımıldanaraq qızardı. Telli xala ona işarə ilə:

– Hə, Hidayət, de görüm, sən kimin tərəfdarısan?

Hidayət danışmaq bacarmırdı və istəmirdi. Telli xalanın işarəsinə görə hamı ona baxdı. O özünü itirərək, güclə deyə bildi:

– Mən Sovet hökumətinin tərəfdarıyam.

Uşaqlar əl çaldılar. Telli xala başa saldı:

– Belə bu iclasda kimin böyük olmağını istəyirsən, onu de!

– Elə isə böyüyümüz Xanlar olsun.

– Xanları istəməyən yoxdur ki? - deyə şəhərdən gələn oğlan soruşdu. Cavab çıxmadı. Şəhərli gənc, Xanlar Qasım oğlunun sədr olmasını səsə qoydu:

– Kim istəyir ki, Xanlar iclasımızın sədri olsun, əlini qaldırsın!

Sədr özü əlini qaldırdı, buna baxıb, hamı əlini qaldırdı.

– Salın! İndi kim istəmirsə, əlini qaldırsın!

Yenə hamı əlini qaldırdı.

Gənc gördü ki, başa düşülməyib, yenidən üç dəqiqə izahat verdi, Telli xala kəlağayısının ucunu çiyninə atıb, əlini stula söykədi, danışdı:

– Bax, oğul, bir adamı seçəndə sən bir söz deyə bilərsən: ya istə, ya da istəmə! İstəyirsən, əlini qaldır, istəmirsən, əlini qaldırma. Vəssalam! İndi fikirləşin! Kim istəyirsə, qabaqca əlini qaldırsın, kim istəmirsə, sonra qaldırsın. Bir qaldıranlar sonra qaldırmasın.

Xanlar sədr keçdi. Katibliyə savadlı adam olmadığından bu iş şəhərdən gələnin boynunda qaldı. Xanlar ayaq üstə dururdu, gənc danışırdı, başqaları qulaq asırdı. O, komsomol təşkilatının nə olduğunu kənd gənclərinin anlayacağı dildə danışmağa çalışırdı. Bu onun üçün olduqca çətin idi.

– Baxın, yoldaşlar! Bu gün mən buraya vacib bir iş üçün gəlmişəm. Şəhərdə və böyük kəndlərdə komsomol təşkilatı vardır. Sizin kənddə də bunu düzəltmək istəyirik. Bu kənddə iki nəfər komsomol üzvümüz var. Komsomol nə deməkdir? Yəqin ki, kommunistləri tanıyırsınız. Kommunist Partiyası hökumətimizin, xalqımızın rəhbəridir. Gələcəkdə kommunist olmaq üçün cavanlar indidən hazırlaşmalıdır, öyrənməlidir, oxumalıdır, tərbiyələnməlidir, kommunistlərdən ibrət götürməlidir. Bu işi eləmək olarmı? Olar! Lap yaxşı eləmək olar, o zaman ki komsomol olasan, komsomol olmaq - Lenin yolu ilə getmək, kənddə kommunistlərə kömək etmək, Sovet hökumətinə, yoxsul-muzdura kömək etmək deməkdir. Gərək sən işində lap düz olasan, hamıya nümunə olasan. Komsomol ola bilər on dörd yaşından yuxarı, iyirmi üç yaşından aşağı fəhlə, muzdur, yoxsul və ortabab cavanlar. Varlı, hampa və dükançı balalarını komsomola götürmək olmaz. Heç vaxt olmaz! Bizim təşkilat fəhlə və yoxsul cavanlarındır...

Gənc sözünü bitirib kiridi. Oturdu. Əl çalmadıqlarından bildi ki, yenə danışmasını gözləyirlər. Təzədən ayağa qalxıb əlavə etdi:

– İndi, yoldaşlar, mən məruzəni qurtarıb, deyirəm: yaşasın Sovet hökuməti!

Bu sözü eşidən kimi əl çaldılar. Sədr soruşdu:

– Kimin sualı var, desin, harasım başa düşmədiniz, soruşun!

Uşaqların hamısında bir həvəs və sevinc oyanmışdı. Sual verən yoxdu. Lakin bu, heç də o demək deyil ki, hamı anlamışdı. Uşaqlarda komsomol təşkilatına oyanan həvəs və maraqla qarışıq təsəvvür də doğmuşdu. Bu təşkilatın harada olacağı, nə vaxtadək olacağı və nə edəcəyi haqqında çox adam aydın düşünə bilmirdi.

Cəmilin özü də mat qalmışdı. Məruzəçi deyirdi: "Komsomola hampa, dükançı balaları girə bilməz, halbuki, bu saat iclasın sədrliyini aparan Xanlar özü hampa balasıdır. Ondan başqa burada hampa uşaqları da vardır."

Cəmil bir qəsd edirdi ki, bu işi soruşsun, bir də fikrinə gəldi, bəlkə yersiz olar. Dayana bilmədi. Qorxa-qorxa əlini qaldırdı. Xanlar baxırdı. Şəhərli gənc Xanlara işarə etdi ki, ona söz ver.

– Cəmil, danış!

Cəmil əlindəki dəyənəyi yerə uzatdı, əlini məruzəçi gəncə tutub kəsmə-kəsmə dedi:

– Sən dedin ki, yoxsullar olacaq, eləmi? Komsomol yoxsulundur. Bəs buna nə deyirsən ki, böyründə oturub, böyüklük eləyənin bu saat beş mənim kimi nökəri var. Bununla mənim yoldaşlığım necə tutacaq?

Cəmilin çıxışı iclası çaxnaşdırdı. Xanlar pul kimi qızardı, ayaq üstə dondu, dil-dodağı qurudu. Hamı əvvəl Cəmilin qızarmış üzünə, sonra da Xanların ağarmış sifətinə baxdı. İclasda bir gurultu başlandı. Gənc ayağa qalxdı. O, hər şeydən əvvəl Cəmilin bu çıxışını alqışladı. Başqa yoxsulları da onun kimi gözüaçıq, cəsarətli olmağa çağırdı. Sonra iclasa sədr olmaq üçün Cəmili göstərdi və Cəmil sədrliyə keçəndən sonra o, suala cavab verməyə başladı:

– Yoldaşlar! Cəmil düz deyir. Komsomol iclasına hampa oğlu, varlı uşağı sədrlik edə bilməz. Gərək onları biz aramıza buraxmayaq. Bu günahın bir azı məndədir. Mən soruşmadım, o kimdir? Günahın çoxu da sizdədir ki, mən məsələni başa salandan sonra, onu deyən də olmadı.

İclas kənddə komsomol təşkilatı qurmağı vacib gördü. Qırx nəfərə qədər yoxsul cavan vardı. Bu cavanların təşkilata cəlb edilməsi böyük siyasi addım idi. Buna nail olmaq üçün Nəbiağalıdakı komsomolçulardan bir neçəsini buraya təhkim etmək lazımdı. İşin bu cəhətini gənc öhdəsinə aldı. Ayın iyirmisində 26-ların vəfatının ildönümü münasibətilə Nəbiağalı komsomolçuları ilə birgə çağırılmış iclasda Abadlı özəyinə on bir nəfər üzv qəbul edildi. Cəmilin ilk iclasdakı çıxışı iclas çərçivəsində, dörd divar arasında qalmayacaqdı və qalmadı da. Həmin axşam Həsənəlinin evində ümumi bir ovqattəlxlik vardı. Tərlan xanım yanlarını qapırdı.

– Başına dəysin iclası da, zadı da! Sənin gədə-güdələrin içində nə işin var! Qoy nənə Tellinin oğlu, naxırçılar yığılsın. Zəmanəyə bir bax! İşə bir bax! Gör kim-kimdən bac alır! Yaxşıdır ki, qapımızın artıq tikəsi ilə böyüyüb, bəslənib... Burnundan gəlsin o... Belədir də!.. Gözünü tutsun ana-bala yediyiniz o çörəklər! Görüm ondan da pis günə qalasınız!..

O, bunları qışqıra-qışqıra deyir, küçədən keçənlərə, inək sağanlara, naxırçılara eşitdirirdi.

Hacı isə eyvanda əsasına söykənərək, qəmli-qəmli otururdu. Onu fikir, xəyal aparmışdı. O, Cəmilin dalınca bir şey demirdi. Yaxşı bilirdi ki, Cəmilin çıxışı hampalara qarşı başlanan mübarizənin bir hissəsidir. Bu mübarizənin dəhşəti, qorxusu, sarsıdıcı qüvvəsi və nəticələri onu çaşdırmışdı.

Xanlar zahirdə kirimiş dursa da, xəlvətdə öz havadarlarına deyirdi:

– Əlimə keçər, anasını mələr qoyaram. Bir dayansın! Dünya belə getməz...


– Sən heç əl-ayağa düşmə! Özək katibliyi ağır bir vəzifə deyil. Qəza komitəsi sənə kömək edəcəkdir. Kəndiniz şəhərə yaxındır. Hər dəqiqə əlin bizə çatar. İşə başla, yoxsul cavanları təşkilata çək! Savad kursuna yazıl! Sinfi düşmənini yaxın qoyma! Əhmədlə də danışmışıq, onunla bərk əlaqə saxla! Hər iclasda təhkimçimiz olacaqdır. Sənə artıq kömək etmək üçün özəyə seminariyadan iki nəfər savadlı komsomolçu təhkim edəcəyəm. Daha nədən kəsirin var ki! Get işə başla! Durmaq vaxtı deyil, uğur olsun!

Qəza komitəsinin məsul katibi Nəimovla Cəmil ilk dəfə görüşürdü. Təhkimçi onu nə cür tərif eləmişdisə, Nəimov, Cəmilin qabağında çox məsul vəzifələr qoyurdu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets