İlk günlər
Page 4 of 4 · 75%
3
İyirmi altıncı ilin May bayramını keçirən Abadlı özəyi az vaxtda çox işlər görmüşdü. İndi özəyin otuz bir üzvü, altı namizədi, beş nəfər də qız üzvü vardı. Komsomolçuların çoxu savad öyrənmişdi. Kənddə açılan məktəbdə savadlı uşaqlar böyüyürdü. Onlar da özəyin işlərinə kömək edirdilər. Xüsusilə kənd müəllimi, Cəmilin ən yaxın dostu və köməkçisi olmuşdu. Komsomolun hörməti çox artmışdı.
Telli xalanı şəhərdə işləməyə aparmışdılar.
Abadlı özəyinin adı və işi şəhərdə də söylənirdi. İki gün əvvəl "Gənc işçi" qəzetində "Özək canlanır" adlı bir məktub da çap olunmuşdu. Burada müxbir özəyin fəaliyyətindən danışandan sonra buraya təbliğatçı verilməsini, qəzet və kitabların çox göndərilməsini irəli sürürdü.
"Hər yerdə qənaət uğrunda mübarizə aparıldığı halda, bizim Abadlı kənd kooperativinin pulunu göyə sovururlar. Müdir Məmmədəli Nayıbov yüz altmış manata özünə bir mürəkkəbqabı almışdır. Bir dükanı süpürmək üçün iki qulluqçu saxlayır. Birinə "qorovulçu" adı qoyub ki, dindirən olmasın (çünki qohumudur). Bundan başqa, dükana lövhə yazmaq üçün bir nəfərə yüz əlli manat verib. Halbuki, bu heç lazım deyil. Fəhlələr hökumət xeyrinə qəpiyi də yığdığı halda, bunu görmürük".
"Yenilik" adlı divar qəzetinin ikinci nömrəsində çap olunmuş bu məqalənin sərlövhəsi "Bayıra atmalı" idi. Müdirin karikaturası da çəkilmişdi. Bunların hamısı hamiliyə gələn tələbə komsomolçuların əli ilə olmuşdu.
Hidayət ehmallıca qəzeti divardan asdı, əlinin yapışqanını sildi. Kəndlilər, məktəblilər, doqqaz başında duranlar yavaş-yavaş qəzetin ətrafına yığıldılar.
Kim isə bu sözləri oxudu:
– Məmmədəli Nayıbov.
Bu adı hamı tanıyırdı. İki dəqiqədə Nayıbova xəbər getdi. O, başılovlu gəldi. Başqalarının eşitməməsi üçün, haqqında yazılmış məqaləni çox çətinliklə, ürəyində oxumağa başladı. Kəndlilər "Nayıbovu bəzəyiblər" deyə gülüşürdülər.
Xüsusilə, Əlibağır oğlunun sevincdən çiçəyi çırtlayırdı. "Əlinə dönüm, - deyirdi, - o kimdir, qoy gəlsin, hələ sözün çoxu məndədir. Nayıbov bankı dağıtdı. Axı belə olmaz, canım!"
Müxbirin imzası "Qarğa" idi. Bu yazı Nayıbovu haldan çıxartdı. "Harada görünüb ki, bir uşaq səni rüsvay eləsin? Buna kim dözər? Bu ləkəni silmək olarmı?" - deyən Nayıbov dodaqlarını gəmirərək, içində söylənirdi. Sonra o, bərkdən bağırdı: - "Buna deyən ola, a tünbətün oğlu, sənə nə? Bank mənim, pul mənim, sənə nə sancı düşüb? Komsomolsan, get komsomolluğuna, xalqın sənətində nə işin qalıb?"
Əvvəlcə Lətifi yaxaladı:
– Onu kim yazıb, mənə ver.
– Müxbirin adını vermək olmaz, - deyə Lətif cavab verdi.
– Sənə deyirəm: müxbiri də sənə qataram, səni də müxbirə, tez ol, adını de! Qarğa kimdir?
– Mənim ixtiyarım yoxdur, get nə edirsən et!
Nayıbov cavab vermədən geri döndü, əsəbi hərəkətlə qəzeti divardan qoparıb, kooperativ tərəfə yönəldi. Lətif hirsləndi:
– Sən bilirsənmi ki, qəzeti divardan götürməyə heç kəsin ixtiyarı yoxdur?
Nayıbov Lətifin üstünə qışqırdı:
– Açıl başımdan! Hər bambılı ağzına gələni yazıb divara yapışdıracaq. Buna bax? Dərənin tülküləri...
Lətifin sözü yox idi. Əhvalatı sovet sədrinə söylədi. Ondan bir sərəncam olmasa, şəhərə gedəcəyini bildirdi.
Çox çəkmədi Cəmil şəhərdən qayıtdı. Əhvalatı eşitmişdi. Rahatlanmadan doqqaz qabağına çıxdı:
– Qəzet hanı?
Hidayət hadisəni tamam danışdı. Dayanmadılar. Tez büro çağırıldı. Uzun bir qərar yazıldı. Qərarda qəzetin əhəmiyyəti göstəriləndən sonra deyilirdi:
"Məmmədəli Nayıbovun divar qəzetini cırması sovet qanununa sığmır. Bu adam qəzetin, hətta özəyin nüfuzunu kütlə arasında tapdalamışdır. Qəza komitəsindən qəti tədbir görülməsi xahiş edilsin. Nayıbov məhkəməyə verilsin. Bu işə təcili binagüzarlıq etdirmək üçün çalışmaq yoldaş Cəmilə tapşırılsın..." Nayıbov və kənd camaatı inanmazdı ki, divar qəzetində bu güc ola bilər! Hadisədən yeddi gün sonra səhər tezdən həmin qəzeti yenə divardan asılı gördülər. Bunun nə demək olduğu hələ anlaşılmırdı. Lakin sovetin katibi kəndlilərə xəbər verdi ki, bu axşam sovetin binasında açıq mühakimə olacaqdır. Nayıbovun cinayət işinə baxacaqlar.
Divar qəzeti öz yerində asılı dururdu. İndi hər kəs ona daha ciddiyyətlə yanaşırdı. Məktəbin əli qələm tutanı Hidayətin və qəzetin başına toplandı. Hidayət "Qızıl Gəncə" qəzetindən bir neçə nüsxə gətirib payladı.
4
İyirmi səkkizinci ilin yazı idi. Kənddə təsərrüfat həyatı qaynayırdı, çiçəyini təzə tökmüş yaşıl ipək yarpaqlı dirriklərdə dizinəcən çirməkli dirrikçilər lək sulayırdılar. Məsmə, Səkinə, Pəri çəkillikdə ipəkqurdu üçün budaq qırır, şələləyərək daşıyırdılar. Yaşıl tarlalardan uzaqda, dik təpələrdə əkinçilərin "ho-ha-ho" səsi gəlirdi. Ağ pioner köynəyinin üstündən köhnə toqqa bağlayan naxırçılar, ellik çəmənliyinin lap yuxarılarına çıxaraq, yemlik gəzirdilər. Bir dəstə uşaq kənddə ilk əkin işi aparan traktorların tamaşasına getmişdi.
Gündüz kənddə heç kəs olmurdu. Çörək bişirən, paltar yuyan, su gətirən qadınlar yaşınmadan küçəni keçib gedirdilər. Suların bölüşdürülməsindəki haqq-hesabı aparan sovet katibini qayğı basmışdı.
On beş gündü ki, Cəmilin kasıb daxmasının qapısı cırıldamırdı. Neftsiz lampanın piltəsi qurumuşdu. Qapının ağzında sərçələr eşələnirdi.
Hidayətin ürəyi xarab olurdu. Mümkün olsaydı, o da Buzovnaya siyasi dərs kursuna gedib Cəmildən ayrı düşmək istəməzdi. Lakin bu mümkün deyildi. Kursa yalnız özək katibini istəmişdilər. Hələ bu ayrılıq üç ay olsaydı, dərd yarı idi. Rayon komitələri təşkil olunduğundan qəza komitəsi adam axtarırdı. On dörd rayon üçün yeni katib lazımdı. Cəmilin də adı siyahıya düşmüşdü. Bunu Hidayət qəza komitəsi maşinistkasının qabağındakı kağızda öz gözü ilə görmüşdü. Cəmili oxutmaqdan elə məqsəd də bu imiş. Onu yəqin rayon komitəsinə katib qoyacaqdılar. Bu yaxşı işdi, sevinməli idi. Cəmil rayonda oturandan sonra Abadlı özəyinin işləri daha yaxşı gedəcəkdi. Cəmilin bu cür irəli getməsi özəyin fəxri idi. Lakin Hidayətə Cəmildən ayrılmaq çətin gəlirdi, uşaqlıqdan bir yerdə böyümüşdülər.
Özəkdə iş isə gündən-günə artırdı. Cəmilin yeri görünürdü. Hidayət dərk etməyə bilməzdi ki, indi Cəmilin işlərini yeni katib seçilən adam aparmalıdır.
Bu yandan da səkkizinci qəza konfransına hazırlıq başlanırdı. Özəklər haqq-hesab verirdi. Seçki aparılırdı. Gün olmurdu şəhərdən bir kağız gəlməsin.
"Ata, əvvəla, salam! Saniyən, biləsən ki, mənim işim çox pisdir. Kənddən çıxdım ki, dinc olam, burada da məni rahat qoymadılar. Komsomolçular götürüb kənddə elədiyim işlərdən buraya nə yazıblarsa, dünən məni qovdular. Heç kəs üzümə baxmır. Siz göndərən fəsəlini, yağ, yumurtanı yedirtdiyim yoldaşlar indi məni tanımaq istəmirlər. Lap küçədə qalmışam. Bakı, oğlun Xanlar."
Bu məktub gecəyarısı Hacı Həsənin içəri otağında yavaş səslə oxundu. Külfət böyükdən kiçiyə qədər qulaq asdı. Tərlan xanımı bir tərəfdən qüssə, o biri tərəfdən acıq, hirs basmışdı. Qızı xəbər verdi:
– Dünən məktəbdə uşaqlar mənə deyirdi: sən qolçomaq qızısan.
Hacını göynədən hələ taxıl vergisi idi. İki yüz pud! Bunlar onun yanında muştuluq idi. O, deyirdi:
– İki yüz pud möhkəm norma. Məgər bunu bazarda satıb qızıl eləmək, sərhədi köçlü-külfətli aşıb keçmək olmaz? Çarə lazımdır, var-yoxdan çıxdıq. Bircə ay da belə getsə, tükümüzü göyə sovuracaqlar.
Gecənin dərin sükutu və zülməti içində baş-başa, nəfəs-nəfəsə verən üç adamın dərdi bir idi, Hacı Həsən deyirdi, Məşədi Əsgər təsdiqləyirdi, o deyirdi, Məşədi Nadir möhürləyirdi. Onlar çala içində idilər. Görünmürdülər, lakin acı və yanıqlı nəfəsləri, hənirtiləri on addımlıqda duyulurdu. Hacı pıçıldayırdı:
– Yox! Gözləməkdən şey çıxmaz. Odur, səndən, məndən adlı-sanlı zamanlılar qaçırlar. Qoy sabah kolxozu qursunlar, onda ha çapala ki qurtaracaqsan. Dözmək vaxtı deyil. İş başına! Gecdir!
Məşədi Nadir ona macal vermədi:
– Sözümüz sözdür!
– Sən gədəni ələ gətir!
– Molla Qulamın planı beynimə batır. Onun.. səs..sıs, sssss!
Yuvasında eşələnən bir qarğa onların bağrını yarmışdı. Hacı özünü tikanların arasına verdi. Məşədi Nadirin gözü dörd oldu.
5
Payızın axırlarına doğru özəklərdə "yeni iş sistemi" məsələsi müzakirə olundu. Cəmil bu təcrübəni ilk dəfə rayonun böyük özəklərində keçirdi. Hər bir komsomolçuya müəyyən ictimai vəzifə verilir, onun xahişi nəzərə alınır, ondan fərdi haqq-hesab alınırdı. Komsomolçular ictimai vəzifəyə ürəklə yapışırdılar. Kimi təbliğat, kimi səhnə, kimi bədən tərbiyəsi, kimi körpü düzəltmək üçün iməcilik təşkil etmək işinə girişirdi. Eləsi də vardı ki, xalis təsərrüfat vəzifəsi istəyirdi. Lətif Cəmilə deyirdi:
– Canım, təbliğat işini bacarmıram. Qəzeti oxuyub başa çıxanacan yoruluram. Mənə ver əkin-tikin işi. Mən çöl adamıyam. Məktəbin yerini şumlayım, aqroməntəqəni düzəldim, atlara baxım, arxları təmizləyim. Mənimki belə işlərdir.
Cəmil iclası bitirib, rayona qayıdırdı. Tək idi. Qaranlıq qovuşmuşdu. Dəyirman üstündə atı çapmaq istəyəndə koldan atəş açıldı, alov qopdu. Cəmil dərhal özünü atdan yerə atdı, xəndəyə girdi, səngərləndi, yolun o biri qırağını gülləyə tutdu.
Ata güllə dəymişdi.
Atışma səsinə kənddən hay verdilər. Adamlar gəldi. Düşmən kolluqlar içində yox oldu. Lakin Cəmil bu fitnənin başçılarını tanıya bilmişdi. Caniləri tutdular.
Telli xalaya xəbər gedən kimi, təpəsi üstə gəldi. Kənd bir-birinə dəydi. Muzdurlar, komsomolçular həyəcanla deyib-danışırdılar.
Üç gün çəkmədi, istintaq bitdi, Cəmilin həyatına qəsd edənləri sovet məhkəməsi aləmə bildirdi.
Kənd klubu ağzına qədər dolu idi. Qadınların çoxu yaşmaq vurub, içəriyə, portfelli adamlara baxırdılar. Uşaqlar pəncərələrə dırmanırdı. Kişilər məktəb skamyalarında güclə özlərinə yer edirdilər. Ümumi bir səs klubun həyətini də basmışdı. Arı pətəyindən çıxan kimi bir səs ucalırdı. Telli xala əlini göyə qaldıranda hamı susdu. Hamı sakitlik tələb edən Tellinin yuxarı qalxmış bərk əlinə baxdı. Telli, bu gün burada şəhər xalq məhkəməsinin açıq mühakimə iclası olacağını elan edirdi.
Telli kənara çəkilən kimi, məhkəmə heyəti qürmüzü stolun dalında göründü. Silahlı mühafizlər üç nəfər qısıqboylu, qarasifət müttəhimi müqəssirlər kürsüsündə oturtmuşdular. Zalda ümumi bir sükut hökm sürürdü.
Kəndin komsomol fəalına qəsd edən sinfi düşmənlərin açıq mühakiməsi başlanırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-ilk-gunler
Use ← → keys to move, R for a random poem
More by this author
Talib Fətiroğlu öz işini bilən adamdır. İki-üç ildir işləyir. Rayonun, necə deyərlər, cikini də bilir, bikini də. Özü əmanət kassasında hesabdardır. Ancaq adamların təkcə pulları yox, ürəyi də onun yanında əmanətdir.Bir də görürsən bığlı bir kişi qapıdan girib barmağı ilə işarə verdi:
Biri var idi, ikisi yoxYoldaş!Bizim zəmanəmizdə bundan çox işlənən, çox məna kəsb edən, çox hörmət qazanan söz tapmaq çətindir.
Xoşbəxtlik barəsindəİstirahət evində, nədənsə, adamın dili açılır, çox danışmaq, hər işə qarışmaq istəyirsən. Pensiyaçılardan biri, qoca müəllim, nərdtaxta oynayanların içinə mübahisə saldı:– Ay camaat, yığışdırın bu şartaşartı, sözüm var sizə.
Hərənin öz işi varÇörəyi ver çörəkçiyə,*Bir çörək də artıq!*