İyirmi ikinci fəsil
Page 2 of 4 · 25%
– Böyük bir lütf deyil. Anam çox xahiş etdi. Gəlsəniz, çox sevinəcəkdir. Azərbaycandan bir adam görəndə ürəyi bir tikə olur. İnanırsınızmı ki, qapıya gələn dilənçilərdən də kim olduğunu soruşur. Azərbaycandan olanda gərək içəri aparsın, yedirsin, haradan gəldiyini, nə üçün bu hala düşdüyünü soruşsun, bir şey verib yola salsın.
Qəhrəmani bir ona, bir Friduna baxdı. Bir şey qət etmiş kimi:
– Südabə xanım, – dedi, – biz Fridunla sizin haqqınızda çox danışırıq.
Belə bir söhbəti arzu etməyən Fridun, Qəhrəmaniyə göz vurdu. Lakin artıq gec idi. Qız maraqlandı.
– Eləmi? Nə danışırsınız?
– Deyirik ki, siz qəribə bir qızsınız. Göründüyünüzə oxşamırsınız.
– Ohh, bilirəm nə deyirsiniz!.. Bir dəfə Fridunla bu barədə danışmışıq. Mən indiyə qədər başqa cür olmaq mümkün olduğunu təsəvvür edə bilmirəm. Necə varamsa, elə də varam. Elə də olmaq istəyirəm. Sizə sehirli görünən cəhətləri isə anamdan öyrənməlisiniz. Həyatda mənim anamdan böyük bir tərbiyəçim olmayıbdır. O mənim anam, müəllimim və idealımdır.
– Yox, mən orasını demirəm. Mən demək istəyirəm ki, məsələn, siz ən kasıb, ən yoxsul bir adamı sevsəniz, nə cür hərəkət edərsiniz?
Fridun yenə göz vurdu. Qaşlarını çatdı. Bütün bunlarla “söhbəti kəs!” demək istəyirdi. Lakin Qəhrəmani ona fikir vermir, qıza baxıb cavab gözləyirdi. Qız cavab yerinə sual verdi:
– Sizcə nə cür hərəkət edərəm?
Qəhrəmani öz təsəvvürlərinin yanlış olmadığına şəhadət almağa tələsdi:
– Mən deyirəm ki, heç bir maneyə qarşısında durmazsınız. Heç bir şey düşünmədən ona gedərsiniz.
Qız qıyqacı Friduna baxdı:
– Bəs Fridun necə düşünür?
– Doğrusu, nə düşündüyünü mən də bilmirəm. Özündən soruşun!
Fridun başını yana çevirdi.
Südabə isə ciddi bir vəziyyət aldı:
– Mən belə düşünürəm: ürək kasıb olmasın, qəlb yoxsul olmasın!
Hər üçü xəyala dalıb durdu. Nəhayət, Südabə ayağa qalxdı və Qəhrəmaniyə baxıb:
– Xudahafiz, gözləyəcəyik, – dedi və əlini uzatdı.
Yalnız qapıdan çıxarkən gözlərini Friduna tərəf süzdürdü və gülümsədi. Qəhrəmani:
– Təbəssümü gördünmü? – dedi. – Sanki buludlar arasından boylanan ay işıqlarını otağa yaydı və çəkildi.
Fridun cavab vermədi.
Axır çərşənbə Qəhrəmani zorla Fridunu Südabəgilə apardı. O öz aləmində Südabənin evini ümumən İran kübarlarına məxsus əndərunidən, birunidən ibarət, böyük ağaclar və geniş həyətlər içində dobdəbəli bir imarət təsəvvür edirdi. Südabə balaca bir həyət və dörd otaqdan ibarət olan evlərini ona göstərdikdə heyrətini zorla gizləyə bildi.
– Hədiyyəni ver, – deyə Fridunu dümsüklədi. Fridun laübalı bir nəzərlə dostuna baxdı:
– Verə bilməyəcəyəm.
Qəhrəmani onun sözünə əhəmiyyət vermədən Südabəyə döndü:
– Bilirsinizmi, xanım, biz kasıb adamlarıq. Dünya malından nəsibimiz çox azdır. Ona görə də sizə layiq bir şey gətirə bilmədik. Dərvişin olanından. Çıxart, Fridun, utanma, xanıma xoş gələr.
Fridun, çarəsiz, fil sümüyünü çıxardıb, Südabəyə uzatdı. Südabə hədsiz bir həyəcan və sevinclə:
– Bu mənim üçün dünyanın bütün dövlətindən qiymətlidir, deyib hədiyyəni aldı, baxıb anasına göstərdi:
– Nə gözəldir!
Ana onları öz uşaqları kimi mehribanlıqla qarşıladı. Hədiyyəni bəyəndi. Azərşəhrin mənzərəsini gördükdə gözləri yaşardı. “Bundan qiymətli nə ola bilər” – dedi. O, qollarını çırmayıb, süfrəni hazırladı. Əlinin altında yaşı ötmüş Məryəm adlı bir qadın da ona kömək edirdi. Bütün şam müddətində daha evdə başqa bir adam gözə dəymədi. Şam hazır olana yaxın Südabə özü də durub, qab-qacaq gətirməyə, anasına kömək etməyə başladı... Qəhrəmani:
– Südabə xanım, xəcalət verirsiniz, bu nə əziyyətdir, – dedi.
– Bilsəniz nə qədər xoşdur!..
Fridun heç bir söz danışmırdı. O, sakit və xəyalpərvər baxışlarla Südabəni, anasını süzür, Qəhrəmaniyə baxır və düşünürdü. Sanki bir oğru kimi qəlbinə dolan, orada ikilik yaradıb, talan salan bir hissi boğmağa çalışır, bu münasibətlərin haraya gedib çıxacağını heç cür kəsdirə bilmirdi. Öz vəziyyətini, itkin düşmüş Gülnazı, qabaqdakı, ağır və çətin həyat yolunu xəyalına gətirir və Südabənin romantik xəyallarının, sadə qız arzularının yaxşı bir şeylə qurtaracağını güman etmirdi. Bununla belə, ondan ayrılmağı, hər şeyi yarımçıq qoyub çəkilməyi də bacarmırdı.
Rza Qəhrəmani adəti üzrə səhər tezdən, hələ gün doğmamış yuxudan ayılıb geyindi, dəhlizə çıxıb, divardan asılmış yaşıl rəngli balaca əlüzyuyana yaxınlaşdı, sudan xoşu gəldiyi üçün mükəmməl yuyundu, qayıdıb, gecədən dolu qoyduğu termosdakı çaydan stəkana tökdü, şirin elədi, pendir-çörək yeyib çıxdı. Gecəyarısından keçənə qədər işləmiş Fridun hələ yuxuda idi. Yoldaşının çox tez durmağına adət etdiyindən onun səsinə ayılmadı, yarıhuş aləmində necə geyindiyini və ya çay tökdüyünü eşitsə də narahat olmadı. Rza Qəhrəmani də heç bir zaman səs-küy salmaz, yoldaşını oyatmaq üçün yavaş durub, yavaş oturardı. Bu gün də eyni qayda ilə sakitcə qapını örtüb, Tehranın hələ boş olan küçələrilə dəmiryol vağzalına doğru getdi.
Onun fikri Sərxanın yanında idi. O, Sərxanın xatirini çox istəyirdi. Tehrana gəldikdə depoda ilk tanış olduğu adam Sərxan idi. Tehrandeposunda ilk təmir etdiyi parovoz da Sərxanın parovozu olmuşdu. O, Rza Qəhrəmani ilə lap ilk görüşdən dost olmuşdu.
– Bərəkallah, usta, – demişdi, – cavan da olsan pərgarsan, əlin qızıla bərabərdir. Mənim də ki, ölümüm budur, yaxşı sənətkar gördüm, canımı da əsirgəmərəm, gəlsin minsin boynuma, yenə uf demərəm. Çünki atalar yaxşı deyiblər, çörəyi ver çörəkçiyə, birini də üstəlik. Elədirmi, usta!
Rza ona baxıb gülümsəmişdi:
– Görünür, özün də yaxşı ustasan, çünki yaxşının qədrini ancaq yaxşı bilər.
– Qismət olsun, səni bir oturdam maşına, Bəndərşah deyib, pəri buraxam... Mazəndəran meşələrinin içində saxlayıb düşəm, bir quzu kəsdirib, qanlı kababdan verəm yeyəsən, bircə rumka konyak da vurasan, sonra minib yenə pərləyəm. Onda görəsən dadaşın necə maşinistdir.
O, Rza Qəhrəmaninin Tehrana yenicə gəldiyini və heç bir tanışı olmadığını bildikdə:
– Cümə günü bizə gedərik, qərib adamsan, – demişdi. – Bir anamdır, bir də arvad. Tanış olarsan, bir stəkan çay içərik.
Beləliklə, zaman keçdikcə onlar yaxınlaşmış, dost olmuşdular. Sonra da başqa dostlar əmələ gəlmiş və məlum dəstə yaranmışdı...
Sərxan günlərinin çoxunu yollarda olduğundan təşkilatın tapşırıqlarını Rza Qəhrəmani vasitəsilə alır və yerinə yetirirdi. Əyalətlərdə dəmiryol fəhlələri arasında çalışmaq, Tehranla Mazəndəran arasında əlaqə yaratmaq və kitabları oralara çatdırmaq onun boynuna düşmüşdü.
O, Qorqan, Şahi, Bəndərşah və Mazəndəranın başqa şəhərlərində ən etimadlı adamlardan ibarət balaca özəklər düzəltmişdi. Bu özəklərdə toplanan adamların sayı beş-on nəfər idi. Lakin onlar iradəli və qoçaq adamlar idi.
Rza Qəhrəmani səhər tezdən, Tehranın yeni tikilmiş vağzalına yaxınlaşdıqda Sərxanı düşünürdü. Çünki bu dəfə o nə isə gecikmiş, beş gün bundan əvvəl qayıtmalı ikən hələ də gəlib çıxmamışdı. Rza Qəhrəmaninin fikrinə pis şeylər gəlirdi. Sərxan ikinci kitabdan iki yüz ədəd, yerlərdəki özəklərə çatdırmaq üçün aparmışdı. “Bəlkə də, onlar ələ keçmişdir, bəlkə də, kitabları yoldaşlara verdiyi zaman yaxalanmışdır” – deyə düşünürdü.
O, vağzalın böyük binasından keçib, relslərin üstündən adlayaraq, depoya tərəf getdi. Qəsdən yolunu yoldəyişən Rüstəmin yanından saldı. Nəsilbənəsil tehranlı və nəsilbənəsil yoxsul olan Rüstəm onların inandığı adam idi. Rza Qəhrəmani çox zaman onun vasitəsilə istədiklərini Sərxana çatdırardı. Təbiətən qaradinməz və qaşqabaqlı olan Rüstəm uzaqdan Rza Qəhrəmanini görən kimi başını tərpətdi və heç bir söz deməyib, öz budkasına girdi. Bu, Sərxanın hələ də qayıtmadığını bildirirdi. Rza Qəhrəmani depoya gəldi, yanından Fəhlələr yavaş-yavaş yığışırdılar. Şərq üfüqlərində günəş yenicə çırtlamağa başlayırdı. Göydə günəşin qabağını tutan ala-tala buludlar vardı. Ara-sıra günəş işıqları onları yarır və iti ox kimi göy qübbəsini dəlirdi. Bu soyuq işıq sanki ağır və yorucu bir iş gününün başlanğıcını xəbər verdi. Adətən üst-başı dəmir pası və yağdan çirklənmiş, paltarı yamaqlı olan fəhlələr yavaş-yavaş işə başlayır, deponun içini təmizləyir, ustaların göstərişi üzrə maşınların hissələrini qaldırır, yerinə qoyur, yaxud kənara çəkirdilər. Rza Qəhrəmani də qolunu çırmayıb, üç gündən bəri təmir etməkdə olduğu maşına yaxınlaşdı.
Bu zaman vağzala girməkdə olan bir maşının davamlı fit səsi eşidildi. Rza Qəhrəmani həyəcanla işi buraxıb, deponun qapısına çıxdı və vağzala tərəf boylandı. Heç şey görməyib qayıtdı, intizarla işə girişdi. Bir saat keçməmiş Sərxanın ocaqçısı içəri girib, fəhlələrlə salamlaşdı, Rza Qəhrəmaniyə yaxınlaşdı:
– Hə, usta, salam, – dedi, – necəsən, kefin halın, necədir?
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-ikinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Sərtib Səlimi uzun divarının biri tamamilə pəncərələrdən ibarət olan balaca salonda oturub, “İttilaat”ın son nömrəsini oxuyurdu. Qəzet Moskva danışıqları ətrafında London və Paris mətbuatından alınmış yazılarla dolu idi. Bu yazılarda ingilis və Fransa dövləti nümayəndələrinin tərkibindən, danışıqlardan, gözlənilən nəticələrdən və sairədən danışılırdı. Bütün mühakimələrin əsasında Polşa məsələsi qoyulmuşdu. Guya ingilis və fransız dövlətləri Polşanın istiqlaliyyətini, Polşa dövlətinin mənafeyini qorumaq istəyirlər. Dünyada ən çox müstəmləkəsi olan, yüz milyonlarla insanları zülm altında saxlayan, adam alverinə yol verən bir dövlətin Polşanın “dövlət azadlığından”, “milli istiqlaliyyətdən” danışmasının mənasını sərtib yaxşı başa düşürdü. Bu gəlişigözəl sözlərdə o nə isə bir təhqir görürdü. Sanki bütün bu mühakimələr qəlbinin ən əziz hisslərini alçaldırdı. “İttilaat”ı qəzet və məcmuələr üçün salonun küncünə qoyulmuş dairəvi stolun üstünə atıb, ayağa durdu və pəncərə qabağına keçib, balkona çıxdı. Həyətə baxdı... O bu gün həmişəkindən daha dalğın və qüssəli idi. Təbriz hadisələrindən sonra hiss edirdi ki, vəzarəti kişvərdə işləməyi mümkün olmayacaq. Komisyon üzvləri əvvəlcə öz aralarında məsləhətləşib, Həmidinin hərəkətlərinin həqiqi səbəblərini yazmağı qərarlaşdırmışdılar. Doğrudan da, ərəb və maliklərin qanunsuz hərəkətləri həddini aşmışdı. Azərbaycanın iqtisadi həyatı ölmüşdü. Şəhərlər işsizlər və aclarla dolu idi. Xalqın yaşayışı dözülməz bir hala düşmüşdü. Həmidinin də istədiyi bu yolda bir tədbir görmək idi. Nəticələri yazmağa başlamışdı. Elə bu zaman, sərhəngin təklifi ilə vəzir Təbriz komisyonunun bütün üzvlərini yanına çağırıb qulaq asmış və:– Qorxuram əlahəzrət elə düşünə ki, heyətin içində Həmidinin həmfikirləri var, – demişdi. – Gedin bir də yaxşı düşünün, əlahəzrət ərbabları və malikləri ki, kəndlinin ayağına ata bilməz.
Səkkizinci fəsil– Anacan, bir çit idi, bir çit idi, rənginə baxanda adamın ağlı gedirdi. Xırda narıncı gülləri vardı. Az qalmışdı, pulların hamısını verib, özümə paltarlıq alam – deyə bazardan yenicə qayıtmış Fəridə qoltuğuna vurduğu cəhrəni və darağı yerə qoydu. Kağıza büküb, yaxasında gizlətdiyi milləri çıxartdı.Ana kiçik gözlərini qıydı:
Doqquzuncu fəsilFridun hər gün iki saat İran ədəbiyyatından və ümumi tarixdən Şəmsiyyəyə dərs deyirdi. Qız onu şəhərdə, öz xüsusi evində qəbul edir, salonda oturaraq, Sədi və Firdovsinin hekayət və dastanlarına, yaxud Hafizin qəzəllərinə qulaq asırdı. Fridun ədəbi əsərləri böyük bir həvəslə təhlil edirdi. Şeirləri şirin bir ahənglə oxuyarkən, sanki özünü unudurdu. Oturub, mat-mat ona baxan qız, təbiətinə məxsus bir sadəliklə:– Bir qəzəl də oxuyun, – deyirdi.
Onuncu fəsilRza Qəhrəmani depoda nahar zamanı çörək almaq üçün küçəyə qaçdı. Qayıtdıqda rəisi depo işçiləri arasında gördü. Nə isə fövqəladə bir hadisə baş vermişdi. Çünki rəis adi hallarda bu vaxt fəhlələrin içinə gəlməzdi və ümumən, depoda az görünərdi. Fəhlələr onu əhatə edərək, diqqətlə dinləyirdi. Rza yaxınlaşıb, yavaşca kütləyə qarışdı və qulaq asdı. Rəis çox aramla danışırdı:– Bolşeviklər dünyanı xaraba qoymaq istəyirlər. Öz yerləri özlərinə bəs eləmir, gözlərini dikiblər Lehistana, Belçikaya, İrana. İstəyirlər gəlib bizim torpaqları da tutsunlar. İndi ingilis və firənglə pozuluşmaqlarının da səbəbi budur.