İyirmi ikinci fəsil
Page 3 of 4 · 50%
– Biz yaxşıyıq, siz yaxşı olun. Səfəriniz uzun çəkdi. Salamatlıqdırmı?
– Salamatlıq olmamış nə olacaq. Qayıdanda bir balaca maşınımız xarab oldu. Səfid-Ruda çatmamış beş gün orada gecikdik.
Rza Qəhrəmaninin bütün həyəcan və intizarı dağıldı. O gülərək:
– Canlı insan bədəni xarab olur, – dedi, – maşının xarab olmasından təəccüblü bir şey yoxdur.
Ocaqçı ayrılarkən yavaşca:
– Sərxan, axşam sizi yoldaşınızla Rüstəmin evində gözləyəcəkdir, – dedi və fəhlələrlə xudahafizləşib getdi.
Rza Qəhrəmani “yoldaşınızla” sözünün Friduna aid olduğunu bilirdi. Bu da Sərxanın mühüm iş üçün onlarla görüşmək istədiyini bildirdi.
Axşam gün batıb, qaş qaranda o, Fridunu da götürüb, Rüstəm yaşayan evə getdi. Bu, Tehranın cənubunda, xiyabani-Xanabadda yerləşən, bir-birinin qamına girmiş, havasız, rütubətli, dar küçələri və xırda həyətləri ilə insanı çaşdıran və darıxdıran evlərdən biri idi. Buralarda yay-qış ürəkbulandırıcı bir çirk, dözülməz bir üfunət hökm sürməkdədir. Divarların dibi nəcasətlə, həyətlər və evlərin qapısı çirkli sular və zibillə dolu olar. Gün çıxandan gün batana kimi yarıçılpaq və ayaqyalın uşaqların, şikəst, əlsiz-ayaqsız və qoca dilənçilərin bu küçələrdən ayağı kəsilməz. Şəhər zəhmətkeşlərinin ən aşağı təbəqəsi burada yaşayır. Fridun hər dəfə buralara gələndə böyük bir ürək ağrısı duyur, gözünü açandan qəbrə qədər ehtiyac və səfalətin bu üfunətli bataqlığın da həyat sürməyə məcbur olan insanların halına yanardı. Lakin bu hiss onun qəlbindəki mübarizə ehtirasını daha da artırardı. Nə üçün mübarizə etmək lazım gəldiyini daha da aydın şəklə salardı.
Rüstəmin mənzili balaca bir evin alt mərtəbəsində idi. Həyət qapısından girən kimi sola burulmaq və beş addımlıqdakı dar pillələrdən, sərdabaya enər kimi, aşağı enmək lazım gəldi. Burada, yerin altında havasız və işıqsız zirzəmidə Rüstəm öz arvadı və bir-birindən bir yaş, yaş yarım böyük olan dörd uşağı ilə yaşayırdı. Kərpic döşəmənin üstünə üç-dörd xırda kilim parçaları salınmışdı. Onlar çeşidli idilər. Bu da hərəsinin ucuz qiymətə əldən alındığını göstərirdi. Evin dibində yanının nazik dəmirləri qopmuş, taxtasının boyası çoxdan getmiş bir sandıq və sandığın üstündə səliqə ilə yığılmış cınq-cındırdan ibarət iki-üç uzunsov yastıq və mitili çıxmış yorğan-döşək vardı.
Onlar içəri girdikdə Rüstəmin arvadı başındakı qara yaylığını dişlərinə sıxaraq yaşmaq tutub, ayaq üstə divarın dibində durmuşdu. Uşaqların dördü də axşam qovuşanda, cücələr ana toyuğa qısılan kimi, qıçından, tumanının ətəyindən tutaraq, ona qısılmışdı.
Bütün məmləkətdə saysız-hesabsız ailələrdə, beləcə ac və yoxsul həyat içərisində dünyaya gələn minlərlə uşaq Fridunun gözlərində canlandı. Onların böyük bir qismi aclıq və soyuqdan ölür, min cür dərd və azarın əlində aciz bir halda can verib solurdular. Ata-analar da onları dünyaya gətirirkən sanki nə yeyəcəklərini, nə cür böyüyüb boy atacaqlarını, nə böyük bir tərbiyəyə möhtac olduqlarını heç düşünməyirdilər. Sanki kor bir instinkt, laqeyd bir təvəkkül sayəsində bu uşaqlar doğulur və eləcə də yaşayan yaşayır, öləni də ölüb gedirdi. Bir anda fikrindən keçən bu səhnələr ona Musa kişinin və onun körpələri haqqındakı ağır düşüncələrini, böyük arzularını xatırlatdı. Yox, elə bir ailə yox idi ki, o öz balasına, öz övladına xoş gün arzulamasın. Lakin uçurumun dərinliyi, yoxsulluq və ehtiyacın dəhşətli məngənəsi bu zavallıları elə sıxmış, elə əzmişdi ki, taleyə boyun əymək və təvəkküllə yaşamaqdan başqa bir ümid yeri qoymamışdı.
Fridun bu əzici fikirləri qovmaq üçün bir də otağa nəzər saldı. Divarda mıxdan asılmış balaca çıraq ortalığa sarı işıq salır, uşaqların kölgəsini eybəcər şəkildə böyüdürdü. Fridun otağın buraxdığı ağır təsiri büruzə verməmək üçün anasına qısılmış və ürkək gözlərlə altdan-yuxarı gələnlərə baxan dörd-beş yaşlı qız uşağının əlindən tutdu:
– Adın nədir, gül qızım?
Uşaq dodaqaltı nə isə mızıldandı. Sözü seçmək mümkün deyildi, bütün analar kimi, uşağının yaxşı cavab verməsini istəyən və həyəcanlanan ana mehriban səslə:
– Bir az bərkdən cavab versənə, qızım, – deyib uşağın başını oxşadı.
Rüstəm mehriban bir təbəssümlə güldü:
– Görünür, dilini pişik yeyib.
Fridun, Rüstəmin məhəbbət dolu təbəssümünü, ananın mehriban və mülayim səsini diqqətsiz buraxmadı, “görünür, mehriban ailədir” – deyə düşündü və bir-bir o biri uşaqların başını sığalladı.
– Böyüyünün neçə yaşı var? – deyib Rüstəmə döndü.
Rüstəm uşaqların hamısından boylu olan oğlan uşağını göstərdi.
– Səkkiz yaşı olanı üç aydır. Oğul qırığıdır, düşmən toxmağıdır – dedi.
Rza Qəhrəmani, işdə, küçədə qaraqabaq və qaradinməz olan Rüstəmin ailədə çox mehriban və söhbətcil olduğunu müşahidə etdikdə, ona məhəbbəti xeyli artdı. Kim bilir, bəlkə də, bu, həyatın dərdini, ağırlığını azaltmaq üçün ən ağıllı bir yol idi. Fridun uşaqlardan əl çəkmirdi.
– Məktəbə gedirmi?
Rüstəm sadə bir ürəklə:
– Haradan gedəcək, ay başına dönüm, – məktəbə pul lazımdır, paltar lazımdır. Heç bir qarın çörəklərini də yetirə bilmirəm. Aldığım ayda iyirmi beş tüməndir. Ancaq-ancaq yarıac, yarıtox dolanırlar.
Qonaq yanında ərinin belə şikayətlənməsindən xoşu gəlməyən arvad yaşmağının arasından danışdı:
– Bəsdir, ay kişi, ağalar elə bilərlər ki, dilənirsən. Allaha şükür, bir tikə çörək tapırıq.
Rüstəm Rza Qəhrəmaniyə göz vurdu:
– Görürsən, arvadın qeyrətinə toxundu ha. Qorxma, arvad, bu ağalar o sən deyən ağalardan deyillər. Bizdəndirlər. Fikirlərinə pis şey gəlməz. Bir də, balam, niyə danaq, dolanmaq çətindir. Özün də, maşallah, hər il birini doğursan, danışmayım, neyləyim?
Arvad yaşmağı azca araladı və gülümsədi:
– Öz ixtiyarımda deyil ki, Allah verir.
– Mən nə deyirəm ki, mən də deyirəm Allah verir. Hər il biri, sonra da gəl boğazına çörək, əyninə paltar tap görüm.
Arvad arxayın bir səslə:
– Heç fikir eləmə, boğazı verən çörəyini də yetirəcək...
– Ay yetirdi ha! Dədəmə lənət, əgər havayı bir darı da yetirsə. Onun çörəyini çıxarınca mənim canım çıxır.
Ailədə heç vaxt həyatın ağırlığından şikayət etməyən Rüstəmə birdən-birə öz sözləri yersiz və xeyirsiz göründü, öz adi qaydasında danışdı:
– Düz deyirsən, fikir eləməyə dəyməz. Nə qədər canım sağdır, qoymaram sizi dərd çəkməyə, yeri çay hazırla...
Sərxan, dalına kisəyə bükülmüş bir yeşik atdığı halda gurultulu bir səslə:
– Tapın görüm, kimi gətirmişəm, – deyə içəri girdi.
O, uzun gövdəsinin dalında kimi isə gizlətmişdi. Onlar hərəsi bir ad çəkirdi, Fəridə sıçrayıb ortaya çıxdı:
– Salam, ağalar, halınız necədir?
Onlar hamısı ayaq üstə bir-birinin əlini sıxıb səs-küylə görüşdülər. Sərxan yeşiyi evin küncünə itələdi:
– Mədinə bacı, – dedi, – bir az düyü, ət və yağdır, uşaqlara gətirmişəm.
Rüstəm bərkdən güldü:
– İndi siz gedəndən sonra tutacaq yaxamdan ki, gördün boğazı verən ruzisini də yetirdi.
– Heç kəsin sovqatı deyil ha, öz halal puluma almışam.
Mədinə mehribanlıqla cavab verdi:
– Çox sağ ol, həmişə pullu-varlı olasan.
Fəridə də içi kişmiş, badam ləpəsi və noxudla dolu balaca bir qutunu uşaqların qabağına qoydu:
– Azərbaycan sovqatıdır.
Mədinə və Rüstəm ona da təşəkkür etdilər. Fridun:
– Hə, necə gedib-gəldin, qəhrəman xanım? – deyə soruşdu.
Sərxan üzünü Mədinəyə tutdu:
– Bacı, arvad uzunçudur, başlamamış sən zəhmət çək mənə bir məxməri çay ver, – dedi.
Fəridə ona qıyqacı baxdı:
– Molla plovsuz dura bilmədiyi kimi, bu da çaysız dura bilməz. Mədinə bacı, özü də birinci stəkan nə rəngdə olsa, gərək onuncu stəkan da o rəngdə olsun.
Mədinə:
– Lap on beşinci stəkan da o rəngdə olar, – deyib od saldığı samovara yaxınlaşdı və dudkeşini tərpətdi.
– İndicə qaynar, dəmlərəm.
Fəridə yolda gördüklərini, kitabçaların Azərbaycanda buraxdığı təsiri tələsə-tələsə, həyəcanla nağıl etdi:
– Hər yerə yaydım. Gön zavoduna, kibrit karxanasına da apardım. Hətta almanların xalça fabrikində işləyənlərə də verdim.
Mədinə çay gətirdi. Hərənin qabağına bir stəkan qoydu. Sərxan nəlbəkiyə töküb, buğlana-buğlana, püləyərək içdi və:
– Oxqay, nə canım dincəlir, bacı zəhmət çək birin də ver, – dedi.
İkinci stəkanı da nəlbəkiyə töküb, öz işlərindən danışmağa başladı. O, kitabları ən etibarlı adamlar vasitəsilə Mazəndəranın şəhər və kəndlərinə yaydığını söylədi, özək başçıları ilə olan görüşü və onları maraqlandıran məsələlər haqqında məlumat verdi. O, fəhlələr arasında olan həbslərdən danışdı:
– Xoşbəxtlikdən tutulanların içərisində bir nəfər də bizim adamlardan yoxdur, hamısı şübhə altında olan, canı boğazına gəlib, yaşayışdan şikayətlənən adamlardır. Tutulan fəhlələrin içində xüsusən azərbaycanlılar çoxdur. Çünki yersizlik, yurdsuzluq, ağır həyat onları daha tez üsyankar edir.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-ikinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Sərtib Səlimi uzun divarının biri tamamilə pəncərələrdən ibarət olan balaca salonda oturub, “İttilaat”ın son nömrəsini oxuyurdu. Qəzet Moskva danışıqları ətrafında London və Paris mətbuatından alınmış yazılarla dolu idi. Bu yazılarda ingilis və Fransa dövləti nümayəndələrinin tərkibindən, danışıqlardan, gözlənilən nəticələrdən və sairədən danışılırdı. Bütün mühakimələrin əsasında Polşa məsələsi qoyulmuşdu. Guya ingilis və fransız dövlətləri Polşanın istiqlaliyyətini, Polşa dövlətinin mənafeyini qorumaq istəyirlər. Dünyada ən çox müstəmləkəsi olan, yüz milyonlarla insanları zülm altında saxlayan, adam alverinə yol verən bir dövlətin Polşanın “dövlət azadlığından”, “milli istiqlaliyyətdən” danışmasının mənasını sərtib yaxşı başa düşürdü. Bu gəlişigözəl sözlərdə o nə isə bir təhqir görürdü. Sanki bütün bu mühakimələr qəlbinin ən əziz hisslərini alçaldırdı. “İttilaat”ı qəzet və məcmuələr üçün salonun küncünə qoyulmuş dairəvi stolun üstünə atıb, ayağa durdu və pəncərə qabağına keçib, balkona çıxdı. Həyətə baxdı... O bu gün həmişəkindən daha dalğın və qüssəli idi. Təbriz hadisələrindən sonra hiss edirdi ki, vəzarəti kişvərdə işləməyi mümkün olmayacaq. Komisyon üzvləri əvvəlcə öz aralarında məsləhətləşib, Həmidinin hərəkətlərinin həqiqi səbəblərini yazmağı qərarlaşdırmışdılar. Doğrudan da, ərəb və maliklərin qanunsuz hərəkətləri həddini aşmışdı. Azərbaycanın iqtisadi həyatı ölmüşdü. Şəhərlər işsizlər və aclarla dolu idi. Xalqın yaşayışı dözülməz bir hala düşmüşdü. Həmidinin də istədiyi bu yolda bir tədbir görmək idi. Nəticələri yazmağa başlamışdı. Elə bu zaman, sərhəngin təklifi ilə vəzir Təbriz komisyonunun bütün üzvlərini yanına çağırıb qulaq asmış və:– Qorxuram əlahəzrət elə düşünə ki, heyətin içində Həmidinin həmfikirləri var, – demişdi. – Gedin bir də yaxşı düşünün, əlahəzrət ərbabları və malikləri ki, kəndlinin ayağına ata bilməz.
Səkkizinci fəsil– Anacan, bir çit idi, bir çit idi, rənginə baxanda adamın ağlı gedirdi. Xırda narıncı gülləri vardı. Az qalmışdı, pulların hamısını verib, özümə paltarlıq alam – deyə bazardan yenicə qayıtmış Fəridə qoltuğuna vurduğu cəhrəni və darağı yerə qoydu. Kağıza büküb, yaxasında gizlətdiyi milləri çıxartdı.Ana kiçik gözlərini qıydı:
Doqquzuncu fəsilFridun hər gün iki saat İran ədəbiyyatından və ümumi tarixdən Şəmsiyyəyə dərs deyirdi. Qız onu şəhərdə, öz xüsusi evində qəbul edir, salonda oturaraq, Sədi və Firdovsinin hekayət və dastanlarına, yaxud Hafizin qəzəllərinə qulaq asırdı. Fridun ədəbi əsərləri böyük bir həvəslə təhlil edirdi. Şeirləri şirin bir ahənglə oxuyarkən, sanki özünü unudurdu. Oturub, mat-mat ona baxan qız, təbiətinə məxsus bir sadəliklə:– Bir qəzəl də oxuyun, – deyirdi.
Onuncu fəsilRza Qəhrəmani depoda nahar zamanı çörək almaq üçün küçəyə qaçdı. Qayıtdıqda rəisi depo işçiləri arasında gördü. Nə isə fövqəladə bir hadisə baş vermişdi. Çünki rəis adi hallarda bu vaxt fəhlələrin içinə gəlməzdi və ümumən, depoda az görünərdi. Fəhlələr onu əhatə edərək, diqqətlə dinləyirdi. Rza yaxınlaşıb, yavaşca kütləyə qarışdı və qulaq asdı. Rəis çox aramla danışırdı:– Bolşeviklər dünyanı xaraba qoymaq istəyirlər. Öz yerləri özlərinə bəs eləmir, gözlərini dikiblər Lehistana, Belçikaya, İrana. İstəyirlər gəlib bizim torpaqları da tutsunlar. İndi ingilis və firənglə pozuluşmaqlarının da səbəbi budur.