Otuz birinci fəsil
Page 2 of 2 · 50%
Hikmət İsfahani qonaqları geniş açılmış və hər cür yeməklərlə bəzənmiş süfrəyə dəvət etdi. Şahpuru lap yuxarı başa keçirtdi. Mister Harold və Mister Toması da onun sağına və soluna gətirdi. Burada xörəyi qədim İran adəti üzrə oturmuş halda yox, ingilislərdə olan kimi, ayaq üstündə duraraq yeyirdilər. Bu da məclisin tamam avropasayağı və müasir adamlardan ibarət olduğunu göstərməli idi.
Hikmət İsfahani konyak dolu badəni qaldırıb, Şahpurun sağlığına içdi. Onun ardınca mister Tomas və Harold da badə qaldırıb, yenə eyni sağlığa içdilər. İran tarixinin ağır dövrlər keçirdiyini və bu dövrün Şahpurun vücudu sayəsində istənilən xoşbəxt nəticə ilə qurtaracağını söylədilər. Nəhayət, Şahpur danışdı. O gah mister Harolda, gah mister Tomasa baxaraq, uzun müddət hər ikisinə sığınmaq zərurətini gözəlcə anladığını andıran bir əda ilə:
– Biz inanırıq ki, – dedi, – İran bu təlatümdən də zərərsiz çıxacaq və öz tarixinə əql və müdrikliyin yeni səhifəsini yazacaqdır. İran və köhnə ingilis dostunun (badəsini mister Tomasa tərəf tutdu) və yeni xeyirxah rəfiqinin (badəsini mister Harolda tərəf tutdu) köməyini heç bir zaman unutmayacaqdır.
Ziyafət davam edir, nitqlər söylənirdi. Sərhəng Səfai isə gözünü mütəmadiyən baxışmaqda olan Şəmsiyyə və Şahpurdan çəkə bilmir və içini yeyirdi. Lakin bu heç də onun simasındakı mülayim təbəssümü və nəzakətli hərəkətlərini xələldar etmirdi.
Sarayın ətrafında yenə məzar sükutu hakim idi. Yenə onun qapılarında əli tüfəngli “qard-səltənəti”¹ nəfərləri durmuşdu. Yenə onların sima və hərəkətlərində bir qul, bir nökər mütiliyi hakim idi. Bütün məmləkəti titrədən zəlzələ sanki saraya yaxın gəlməmişdi. İndi həmişəkindən daha artıq bu saray məmləkətdən ayrı yaşayır, onu, əbədi təhdid edən bir qılınc kimi başının üstündə sallanıb dururdu. Sarayın içində yenə qorxu və iztirabın törətdiyi bir məzar sükutu hakim idi. Yenə adamlar pıçıltı ilə danışır, yenə səs çıxarmaqdan qorxaraq öz varlıqlarını gizlətməyə çalışaraq, pəncələri üstə yeriyirdilər. Sarayda gözə dəyəcək bir dəyişiklik varsa, bu da əlahəzrətin özünü olduqca sakit və səssiz aparması idi. O, sanki adamların üstünə qışqırmaqdan, onları tez-tez söyüb, təhdid etməkdən, məhbəs və ölümlə qorxutmaqdan çəkinirdi. Onun qəzəbli gəzindiyini, hirsindən qaralaraq susduğunu və ya sol üzündəki çapığın əsəbi bir halda oynadığını görənlər bu sakitlik və mülayimliyin əlahəzrətə nə qədər ağır başa gəldiyini anlayır və danışmırdılar. Onlardan az-çox düşünməyi sevənlər “müstəbidlər üçün fəlakətdən yaxşı müəllim yoxdur!” deyirdi.
Rza xan nə gündüzlər, nə də gecələr rahatlıq duymurdu. O, daxilən sonsuz bir təlaş və həyəcan içərisində idi. O, taxt-tacın bu tezliklə əlindən çıxacağını təsəvvür etməzdi. Hər şeyin bu qədər sürətlə öz son nöqtəsinə çatacağını ağlına gətirməzdi. Halbuki, o, adını İran tari-
¹ Sarayı mühafizə edən xüsusi qoşun hissəsi xinin əsatiri şahlarının yanına yazdıracağını güman edirdi. O, sağlığında etdiyi ağalıqdan başqa, gələcək nəsillərin də şüuruna hakim kəsiləcəyini düşünərkən birdən-birə, on beş günün içərisində bütün tarixin görmədiyi bir biabırçılıqla hər şeyi itirmək dərəcəsinə enib sükut etmişdi. Heç bir çarx bu sürətlə üzüaşağı hərlənə bilməzdi.
Nədənsə son zamanlar tez-tez onun yadına iyirminci illərin hadisələri düşürdü. Ona elə gəlirdi ki, tarixin çarxı hərlənərək qəribə bir şəkildə o illəri geri qaytarmaqdadır. Yenə müxtəlif siyasi partiyalar meydana çıxacaq, xalq hərəkatları başlanacaq, azadlıq, demokratiya sözləri ağızlara düşəcəkdi. Fərq bircə orasında idi ki, bu dəfəki sel onu kənara atırdı. O bir daha, nə demokratiya, nə respublika pərdəsi altında mübarizəyə girə bilməyəcəkdi. Bununla belə o, səltənət başına yenə qayıtmaq ümidini itirmirdi. O bilirdi ki, almanlar sovetlərlə apardığı döyüşdə məğlub olsalar da, ingilis və amerikanlar İranı əllərindən buraxmayacaq, xalqın baş qaldırmasına yol verməyəcəklər.
İçəri girən Həkimülmülkə səbirsizliklə:
– Sərtib rahat edildimi? – deyə soruşdu.
Həkimülmülk cavab olaraq geri döndü və şıq zabit paltarında içəri girən Sərhəng Səfaini göstərdi. Sərhəng, gəlin toyuna xonça aparan yengələr kimi əlində tutduğu yaşıl güllü yaylığa bükülmüş qutunu stolun üstünə qoydu. Rza xan iti hərəkətlə yaylığı açdı. Bir vərəq kağızı götürüb oxudu. Lakin oxuduqca rahatlıq yox, pis bir vahimə varlığını bürüdü. Balaca kağız parçası hərəkətə gəldi. Diri bir insana çevrilib, ona ittiham oxumata başladı. Oradan Sərtib Səliminin hələ də canlı insan gözü kimi qəzəblə yanan gözləri ona dikildi. Uzun bir çubuğu andıran karandaşı onun alnına vurar kimi balaca qutuya vurdu:
– İran üçün böyük təhlükə olacaqdı! – dedi və Sərhəngə döndü:
– Pəhləvi nəslinə xidmətləri unutmamağı vəsiyyət edirəm!
Sərhəng təzim etdi:
– Həmişə sadiq qulunuzuq, əlahəzrət!
Şah yaylığı yenə qutunun üstünə örtdü. Əli ilə Sərhəngə “get” işarəsi verdi. Sərhəng baş əyə-əyə daldalı çəkilib otaqdan çıxdı. Rza xan dərin bir fikirdən sonra üzünü Həkimülmülkə tutdu:
– Taxt-taca sadiq adamdır, vəzir!
Həkimülmülk cavab yerinə “Səda” qəzetini açıb, şahın qabağına qoydu. Nəzərlərini Pəhləvi zülmü və istibdadı əleyhinə yazılmış məqaləyə dikdi. Şah qəzəblə:
– Məgər bu adam həlak edilməmişdir? – deyib qışqırdı.
– Xeyr, qurban, mister Haroldun xahişinə əsasən əlahəzrət-Humayun onun azad olunması haqqında əmr verdi. Sərhəng də qızına adaxlanmışdır.
Rza xan:
– Ah, xainlər, alçaqlar! – dedi və qəzeti bir kənara atdı.
Bir qədər otaqda gəzinib, yenə öz yerinə qayıtdı. Fikrini məşğul edən, ona əzab verən məsələdən söz saldı:
– Vəzir, – dedi, – qədim Babilistanda yeni hakim seçəndə onu köhnə hakimin cənazəsi yanında oturdub, əhalini yığar və köhnə hakimin bütün yaxşı və pis cəhətlərini saymağa başlarmışlar. De görüm belə bir yığıncaq düzəldib, sözü sənə versələr, nə deyə bilərsən?
Həkimülmülk altdan-altdan ona baxdı:
– Allaha şükür, əlahəzrətin canı hələ sağdır.
– Yox, vəzir, bu gün İran tarixi məni dəfn edir. De görüm, sabahkı nəsillər məndən nə danışacaqlar?
O, Həkimülmülkə zavallı və yazıq göründü. Hətta səsi də dəyişmişdi. Sanki on beş ildə məmləkəti titrətmiş bir müstəbid deyil, sonsuz cinayətlərinin ağırlığı altında əzilən və amansız məhkəmə qarşısında durmuş bir məhkum danışırdı. O, gələcək nəsillərin dəhşətli intiqamını eşidər kimi, Həkimülmülkün cavabını gözləmədən özünü doğrultmağa çalışdı:
– Mən İranı çəyirtkə kimi millətin canına daraşmış mollaların əlindən qurtardım. Mən İran qadınını bədnam edən çadranı açdım, başlardan mətal və çirkli papaqları götürdüm. Mən yollar çəkdirdim. Maşın gətirdim. Mən İran üçün əbədi bir təhlükə olan Azərbaycan və Kürdüstan əhalisini quzuya döndərib yerində oturtdum. Onların dilini, adət və ənənələrini tərgitməyə başladım. İranın şimal sərhədlərini möhkəm bağladım. Mən... Bütün bunlara nə deyirsən, vəzir?
Şah öz xidmətlərini saydıqca Həkimülmülkün gözlərində başqa hadisə canlanırdı. Rza xanın hakimiyyət başına keçməsi, bir zaman xidmətçisi, onunla demokratik qüvvələr arasındakı riyakar oyunları, respublika yaradacaq ümidilə xalqı və azadxah qüvvələri yatırması və nəhayət, taxt və tacı əlinə alaraq başladığı qanlı işlər canlı bir tarix kimi gəlib nəzərindən keçirdi. Bu tarixin səhifələrində də, o öz didilmiş qəlbini, sonsuz əzab və ruhi sıxıntılarla dolu on beş illik həyatını görürdü. On beş il vəzir, bu müstəbidin bütün təhqir və təhdidlərinə dözmüş, şəxsiyyətini, mənliyini boğaraq, onun hər bir şıltaqlığına davam gətirmişdi. On beş il o, qəlbində baş qaldıran nifrət və ikrah hisslərini boğaraq yaşamışdı. İndi ömrünün on beş ilinə zəhər qatmış bir adam qarşısında durmuşdu. İndi bu on beş illik sonsuz əziyyət və təhqirlərin acığını çıxmaq mümkün idi. On beş ildə bircə dəfə başını qaldıraraq, belini düzəldərək danışmaq fürsəti ələ keçmişdi. Onun bütün varlığı bu fürsəti əldən verməməyi tələb edirdi.
– Bütün saydıqlarınız düzdür, əlahəzrət, lakin yarımçıqdır, tam deyildir.
Rza xan, öz xidmətləri haqqında başqasının ağzından təriflər eşidəcəyi ümidilə:
– Nə əlavə edə bilərsən, vəzir? – deyib soruşdu. Həkimülmülk qanlı düşmənin ölümcül zərbə endirən bir adam vəziyyəti aldı, bütün kin və qəzəbini bu sözlərlə tökdü:
– Onu əlavə edə bilərəm ki, əlahəzrət, yüz ildən artıqdır ki, İran tarixi bu on beş illik hakimiyyət dövrü qədər qanlı və riyakar bir dövr görməmişdir!
Rza xan bu nagahani zərbədən sarsıldı, yerindən qalxdı. Həkimülmülk də ayağa durdu. Son dəqiqələrini yaşayan hökmdar nifrətlə ona baxdı:
– Bəs bu on beş ildə, gündə yüz dəfə mənim qabağımda səcdə edən, təriflər yağdıran sən deyildinmi?.. Həkimülmülklər, Hikmət İsfahanilər, Sərhəng Səfailər deyildimi?
Geri çəkilmək fikrində olmayan Həkimülmülk vəhşinin böyrünə soxduğu xəncəri daha da dərinlərə basdı:
– Bəli, əlahəzrət! Sənə səcdə edən biz olmuşuq. Amma hörmət və məhəbbətdən yox!.. Ona görə ki, sən bizim siyasəti aparırdın, bizim canımızı və malımızı qoruyurdun. Bununla belə biz sənə nifrət edirdik. Sənin heç kəsə aman verməyən zülmündən, heç bir başa rəhm etməyən dar ağaclarından, amansız zindanlarından qorxurduq.
Rza xan durub vəzirin boğazından tutmaq istədi. O qalxıb bir addım geri çəkildi:
– Ağayi Rza xan, müttəfiqlər iyirmi dörd saatın ərzində sizin Tehrandan çıxmağınıza icazə vermişlər. Yol tədarükü görsəniz yaxşıdır.
Rza xan dizləri əsə-əsə qayıdıb yerində oturdu.
– Siz məndən də alçaqsınız! Mənim ixtiyarım sizdə olsaydı, heç kəsə aman verməzdiniz, heç kəsə! Mən dövləti sizin kimi adamlara tapşırıb getdiyimə fəxr edirəm. Çünki sizin qanlı və riyakar işlərinizin şahidi olacaq nəsillər, bəlkə, mənə şükür eləsinlər!
O, başını ovucları arasına aldı, gözünü Həkimülmülkdən çəkib susdu. Qəzəb və kindən partlamaq dərəcəsinə gəlmiş ürəyi daş kimi ağırlaşaraq köksünə yatmışdı. Sanki düşünmək qabiliyyəti dərin bir röyaya dalmış və nələr vaqe olduğunu anlamaqdan aciz idi. Yavaş-yavaş ağır bir pərdə gözlərinin qabağına enməkdə idi.
Bu hadisə İran tarixilə 1320-ci şəmsi ilə şəhrivar ayının 25-də vaqe olmuşdu ki, miladi tarixilə 1941-ci il sentyabrın 16-na müvafiq gəlir.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-otuz-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
– Anacan, bir çit idi, bir çit idi, rənginə baxanda adamın ağlı gedirdi. Xırda narıncı gülləri vardı. Az qalmışdı, pulların hamısını verib, özümə paltarlıq alam – deyə bazardan yenicə qayıtmış Fəridə qoltuğuna vurduğu cəhrəni və darağı yerə qoydu. Kağıza büküb, yaxasında gizlətdiyi milləri çıxartdı.Ana kiçik gözlərini qıydı:
Doqquzuncu fəsilFridun hər gün iki saat İran ədəbiyyatından və ümumi tarixdən Şəmsiyyəyə dərs deyirdi. Qız onu şəhərdə, öz xüsusi evində qəbul edir, salonda oturaraq, Sədi və Firdovsinin hekayət və dastanlarına, yaxud Hafizin qəzəllərinə qulaq asırdı. Fridun ədəbi əsərləri böyük bir həvəslə təhlil edirdi. Şeirləri şirin bir ahənglə oxuyarkən, sanki özünü unudurdu. Oturub, mat-mat ona baxan qız, təbiətinə məxsus bir sadəliklə:– Bir qəzəl də oxuyun, – deyirdi.
Onuncu fəsilRza Qəhrəmani depoda nahar zamanı çörək almaq üçün küçəyə qaçdı. Qayıtdıqda rəisi depo işçiləri arasında gördü. Nə isə fövqəladə bir hadisə baş vermişdi. Çünki rəis adi hallarda bu vaxt fəhlələrin içinə gəlməzdi və ümumən, depoda az görünərdi. Fəhlələr onu əhatə edərək, diqqətlə dinləyirdi. Rza yaxınlaşıb, yavaşca kütləyə qarışdı və qulaq asdı. Rəis çox aramla danışırdı:– Bolşeviklər dünyanı xaraba qoymaq istəyirlər. Öz yerləri özlərinə bəs eləmir, gözlərini dikiblər Lehistana, Belçikaya, İrana. İstəyirlər gəlib bizim torpaqları da tutsunlar. İndi ingilis və firənglə pozuluşmaqlarının da səbəbi budur.
On birinci fəsilRza xan ağ mərmər sarayın pillələrini qalxanda bütün xidmətçilər əl-əl üstə qoyub ikiqat olmuş, hərbi qulluqçular ayaqlarını cütləyib, özlərini qurudaraq, nəfəslərini içəri çəkmişdilər. Sanki bütün adamlar daş kimi dilsiz və cansız idi. Hamısı qorxusundan saralmış və yerində donub qalmışdı. Əbədi qaşqabaq və qəzəbin kölgəsi pis bir qaranlıq şəklində şahın sifətinə çökmüşdü. Bu qara üzə, heç bir zaman işıqlanmayan bu kinli gözlərə baxmaq mümkün deyildi. Qaraqırışıqlar, məmləkəti bürümüş zindanlar və məhbəslər kimi, ağır və kəsif halda, onun üzündə yatıb qalmışdı. Baxışlarında hakimiyyətin hüdudunu bilməyən təşnə bir ürəyin hərisliyi duyulurdu.O, dəhşət saçan kabus kimi yerində oturduqda bütün sarayda bir məzar sükutu hakim idi. Böyük-kiçik, xidmətçilərin hamısı pəncələri üstə yeriyir, qorxa-qorxa pıçıltı ilə danışırdılar. O, azca düşünüb vəziridərbarı yanına çağırtdırdı. Beş dəqiqə keçməmiş, balacaboylu, tiryəkdən qapqara qaralmış və sümükləri çıxmış Həkimülmülk öhünü düzəldərək daxil olub təzim etdi. Onun balaca gözləri yağı qurtarmış çıraq kimi işıldayırdı. Ürəyi titrəyə-titrəyə əlahəzrət-hümayunun əmrini gözləyirdi. Şahlar və hakimlərin dəyişməsindən asılı olmayaraq, həmişə İran siyasətinin halqalarını əlində saxlayan bu adam, Pəhləvinin qarşısında yarpaq kimi əsir, başını, hər an enməyə hazır olan bir qılıncın altında hiss edərək, özünün bir varlıq, bir vücud olduğunu xatırından çıxarırdı.
Poems by other poets
Abdulla xan, sarayına üz tutub,Ərzimi məktubda demək istərəm.
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
Ey bala, ey quzu, ey şux məmə, qurban gözünəEy bala, ey quzu, ey şux məmə, qurban gözünə,Olürəm, bir belə qoyma nəmə, qurban gözünə.
ÜstündənUsta Kərim, o qaşların,Qara çəkib ağ üstündən.