Elchin · Prose
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Əbdül Qafarzadənin çarpayısı yataq otağının küçə pəncərəsi ilə üzbəüz idi və o, adəti üzrə sübh tezdən yuxudan duranda ilk növbədə bayırın işığını görürdü, daha doğrusu, bayırın rəngini görürdü və həmin rəng çox zaman bu adamın bütün gününün rənginə çevrilirdi; çarpayıda gözünü açıb bayırın rəngini tutqun görürdü və elə olurdu ki, həmin gününü başdan-başa qayğıların içində keçirirdi, mənfi emosiyalar bir-birini əvəz edirdi, bircə dənə də olsun, ürəkaçan şey olmurdu ki, ürəyi açılsın, üzü gülsün. Bunu bəlkə də özünə təlqin etmişdi, bilmirdi, amma, hər halda, bu belə idi, hətta qış zamanı sübh tezdən hələ hava qaranlıq olanda da onun üçün o qaranlığın tutqunu – ürək sıxanı və aydını – ürək açanı var idi.Uşaq bu dünyadan köçəndən sonra düz altı il idi ki, Qaratel nəinki əriylə bir çarpayıda, hətta Əbdül Qafarzadə ilə bir otaqda da yatmırdı və bütün bu altı ildə gecələr Qaratel nə çəkirdi, bunu bir Allah bilirdi, bir də ki, Əbdül Qafarzadə görürdü, hiss edirdi və belə vaxtlar Əbdül Qafarzadə özü öz köməksizliyindən, dünyanın beləcə əlacsız işlərindən o qədər sarsılıb, bədbinləşirdi ki, doğrusu, heç yaşamaq istəmirdi, bütün həyatı, bütün əzab-əziyyəti ona yaşayışın özü kimi mənasız görünürdü.
5. TonqalHəyətdəki qoca armud ağacının budağına qonmuş o rəngbərəng, o zəhmli böyük xoruz qaz boğazı kimi, yoğun boğazını uzadıb qart səsiylə bir də banlayandan sonra, faytonçu Ovanes oturduğu yerdə qurcalandı, əlində tutduğu yüyəni oynada-oynada və qurumuş böyürtkən kollarından salınmış çəpərin üstündən həmin rəngbərəng xoruza da baxa-baxa həyətə tərəf qışqırdı:– Gün günortanı keçdi ki, ara uçitel!.. Ara, tez elə də!.. – Sonra faytonçu Ovanes öz-özünə deyindi: – Ara musurman qonşu kəndə gedəndə də evdən elə ayrılır, elə bil, Amerikaya gedir!..
8. QəbulHəmin günün axşamı saat 9 radələrində Azərbaycan K(b) P MK-nın birinci katibi Mir Cəfər Bağırov iş otağında pəncərənin qarşısında dayanıb şəhərə baxırdı. Bakının bütün aşağı hissəsi, dənizkənarı bulvar və dənizin özü buradan yaxşı görünürdü və Mir Cəfər Bağırov səhərdən gecənin yarısına kimi – həddən artıq işləyib yorulanda, xüsusən, yaz çağları, bəzən bu pəncərənin qarşısına keçib dənizə baxmağı xoşlayırdı. Dənizin genişliyi, təmkini və daimiliyi ilə Mir Cəfər Bağırovun yaşadığı və işlədiyi gündəlik həyatın tələsikliyi, sürətlə hadisələrdən hadisələrə adlaması, kompaniyaların, əməliyyatların biri qurtarmamış o birisinin başlanması, əsəb gərginliyi və yorğunluğu arasında elə bir qəribə təzad var idi ki, bu təzad onu qıcıqlandırmaq əvəzinə, əksinə, sakitləşdirirdi. Yoldaş Stalinin iş saatı, az qala, günortadan başlayıb gecənin yarısına kimi davam edirdi və bütün bu müddət ərzində, təbii ki, Mir Cəfər Bağırov da işdə olurdu – lap gecə saat birdə də Stalin zənf eləyə bilərdi; səhərlər isə tezdən durmağı uşaqlıq çağlarından adət etmişdi, iş də çox idi, iş qurtarmaq bilmirdi, Mir Cəfər Bağırov isə iş olan yerdə sakit dayana bilmirdi və buna görə də çox zaman yuxusuz olurdu, dənizin bu pəncərədən görünən o genişliyi, o təmkini, o daimiliyi isə, elə bil ki, bu əsəbi adamın yuxusuzluğuna da təsir edirdi, uzaqdan-uzağa bir dinclik gətirirdi. Amma həmin qış axşamı Mir Cəfər Bağırov Xəzərə yox, küçələrlə ora-bura gedən, dayanacaqlarda tramvay gözləyən adamlara baxırdı və o adamların, əlbəttə, heç ağlına da gəlmirdi ki, bu dəqiqələrdə Mir Cəfər Bağırovun eynəkli gözləri onları müşayiət edir.Bu fikir Mir Cəfər Bağırovun qalın, kobud dodaqlarından bir təbəssüm qaçırtdı və vaxtından xeyli əvvəl ahıllaşmış qırx üç yaşlı bu adam iki əli arasında tutduğu bir dəstə karandaşı şaqqıldada-şaqqıldada bir-birinə sürtdü; onun əllərində ekzema xəstəliyi var idi, buna görə də çox zaman əlində bir dəstə karandaş olurdu və iri əllərini bu karandaşlara sürtdükcə ekzemanın qaşıntısını sakitləşdirirdi; sonra gözlərini o adamlardan çəkib dənizə tərəf baxdı, binaların qar basmış damlarını nəzərdən keçirdi.
11. Əbdül QafarzadəHəmin aprel günü Əbdül Qafarzadə ikinci dəfə Rayon İcraiyyə Komitəsinin binasından çıxıb trolleybusla Qəbiristanlıq İdarəsinə gələndən sonra iki nəfər içəri girib bir balaca qanını qaraltdı. Biri tösmərək oğlan idi, o birisi şalban kimi arıq və uzun bir tip idi (bayaq iclasdan qayıdanda da gözləmə otağında gördüyü bunlar idi), ölüləri üçün yer istəyirdilər və rüşvət əleyhinə mübarizə aparırdılar... Axmaqlar!.. Əbdül Qafarzadənin bu cür miskin adamları görməyə gözü yox idi; əfəl və mənasız məxluqat olduqları üçün ciblərində də bir qəpik olmur və buna görə də ədalət uğrunda mübarizə aparırlar, qanundan dəm vururlar... Bu tösmərək axmaq da Sovet İttifaqının qanunlarını köməyə çağırırdı və Sovet İttifaqındakı qanun keşikçisi mayor Məmmədov da, elə bil, qəsdən burada idi, o axmağın qolundan yapışıb göstərdi ona həmin qanunları.Tülkü Gəldi Qəbiristanlığı neçə ildən bəri sahə müvəkkili işləyən milis mayoru Məmmədovun ərazisinə daxil idi və o bu işə gələndə baş leytenant idi, Əbdül Qafarzadənin sayəsində indi mayor olmuşdu, amma – insan, əlbəttə, naşükürdür– indi özünü daha sahə müvəkkilliyinə sığışdırmırdı, axır vaxtlar Əbdül Qafarzadəyə, xüsusilə, yaltaqlanırdı ki, kişi gedib Bakı Şəhər Milis İdarəsində, yaxud Daxili İşlər Nazirliyinin özündə ağız açsın, onu irəli çəksinlər. Könlündən rayon milis şöbəsinin rəisliyi keçir, hələlik, heç olmasa, rəis müavini olmaq istəyir... Əvvəllər Əbdül Qafarzadə Mirzəibinin, Ağakərimin, yaxud Vasilinin vasitəsilə hərdənbir Məmmədova cib xərcliyi verirdi, amma indi Məmmədovun özü yeri düşəndə Mirzəibiyə, Vasiliyə, Ağakərimə işarələr vururdu, eyhamlarla (birbaşa deməyə ürək eləmirdi) Əbdül Qafarzadə üçün pul təklif edirdi ki, gedib yuxarılarda işini düzəltsin. Acın biri idi, burada sahə müvəkkili olandan sonra özünü düzəldib – ərazisində nə qədər istəyirsən kababxana, dükan, dondurma sexi, qayış sexi, keramika fabriki, pivəxanalar... Ayda hər birindən çox yox, elə beşcə yüz manat alsa, gör nə qədər eləyir!.. Hər halda, acından ölmür... Nə isə, Məmmədov da adam idi və özünü oda-közə vurub adam kimi yaşamaq istəyirdi. Ola bilsin ki, Əbdül Qafarzadə ona kömək edəcəkdi, amma hələ qəti qərara almamışdı. İndi isə bərk acımışdı və təzə katibə qızı çağırıb çörək və pendir almaqdan ötrü mağazaya göndərdi. Əlbəttə, bu qız səhlənkarlıq eləmişdi və o iki nəfəri icazəsiz içəri buraxmışdı, Əbdül Qafarzadə isə səhlənkarlığı, xüsusən, işdə səhlənkarlığı xoşlamırdı; amma Əbdül Qafarzadə cavan və gözəl qızları xoşlayırdı və o səhlənkarlıq üstündə hissə qapılıb bu qızı qovmağın hələ vaxtı deyildi... Bir də ki, – Əbdül Qafarzadə buna qətiyyən şübhə etmirdi – o iki nəfəri bura katibə qız yox, get-gedə ağlını itirən Bədurə buraxmışdı. Bədurə öz qocalığı ilə heç cürə barışa bilmirdi və indiyə qədər də Əbdül Qafarzadəni qısqanırdı, bunu heç kim görməsə də (bəlkə heç Bədurənin özü də indi bu fikirdə deyil!..), Əbdül Qafarzadə yaxşı görürdü. Azərbaycanlı belədir də... Odur, mühasib Yevdakiya Stanislavovna, ya da ki, kassir Marqarita İosifovna, indi qocalıblar, başlarını da aşağı salıb işlərini görürlər. Cavanlıqlarında bəyəm Əbdül Qafarzadə ilə az oyundan çıxmışdılar?.. Hər halda, Bədurə ilə yaxşıca bir söhbət eləmək lazımdı, bu təzə qızın məsələsi isə gələcəyin işidi, indinin yox. Axır ki, bugünkü qəzetləri rahat oxumaq olar...
1. Gələcəyə doğruAxşam düşmüşdü, Bakının aşağısından – Xəzər tərəfdən yüngül bir yaz mehi əsirdi və həmin meh o aprel axşamı Tülkü Gəldi Qəbiristanlığında Qəbiristanlıq İdarəsinin həyətindəki xartut, əncir, gilas ağaclarının təzə-tər yarpaqlarını güclə eşidiləcək bir xışıltıyla səsləndirirdi, o xışıltı həyətə yayılırdı və elə bil ki, o böyük həyətin həmin anlardakı müvəqqəti sakitliyinə, kimsəsizliyinə bir məhrəmlik gətirirdi.Əlbəttə, Gicbəsər o yarpaq xışıltısını eşidirdi, amma ağaclara tərəf baxmırdı; qarovulçu Əflatunun köşkünün damında dal ayaqlarını altına yığıb, qabaq ayaqlarını irəli uzadıb, o yüngül yaz mehinin əsdiyi səmtə – axşamüstü uzaqda qaralmağa başlayan dənizə tərəf baxırdı.
9. «Ölüm, ya ölüm?»Bakının qərb tərəfində yerləşən Keşlə həbsxanasında bir kamerada on iki nəfər idi: Şair idi, Dramaturq idi, dörd professor idi – Ədəbiyyatşünas, Folklorçu, Filosof və Dilçi, – Nəşriyyat müdiri idi, Məktəb müdiri idi, Kitabxanaçı idi, Redaktor idi, Xosrov müəllim idi, bir də Bir Nəfər.Bu Bir Nəfərin danışığı dolaşıq idi, sözündən gah belə çıxırdı ki, partiya işçisidi, gah belə çıxırdı ki, Azneftdə mühəndisdi, gah da belə çıxırdı ki, Qızıl Orduda siyasi işçidi (daha doğrusu, idi!); hər halda, qalan on bir nəfər o Bir Nəfərə etibar etmirdi, ondan çəkinirdi, onun yanında sözünü, söhbətini kəsirdi. Bunun sövq-təbii bir səbəbi bəlkə də onda idi ki, Bir Nəfər sifətdən Mir Cəfər Bağırova oxşayırdı: eynilə bir boyda, sifətlərinin quruluşu oxşar, oxşar burun, oxşar çənə, oxşar ensiz, amma cod tüklü bığ, hətta oxşar girdə şüşəli çeşmək...
12. GörüşXosrov müəllim həyatda heç vaxt Kələntər müəllimin qızlarını görməmişdi, amma əvvəllər tez-tez, get-gedə gec-gec, hətta indinin özündə – əsrin təqvimi səksəni adlayandan sonra da hərdənbir o qızları yuxuda görürdü. O qızların sifəti yox idi, daha doğrusu, elə bil ki, sifətləri iki-üçqat tül arxasında idi, amma Xosrov müəllim yuxuda bilirdi ki, bu qızlar Kələntər müəllimin qızlarıdı və Kələntər müəllimin o qızları bir ucdan ağlayırdılar, gözlərindən axan su sel kimi, küçələrdən keçirdi, bir dəniz əmələ gətirirdi və Xosrov müəllim yuxuda qorxurdu ki, o dənizdə boğulub ölər. Kimsə, çox güman ki, Kələntər müəllimin arvadı idi– aradan keçən bu uzun illər ərzində Xosrov müəllim o arvadın sifətini yadından çıxarmışdı – tez-tez o qızlara da, Kələntər müəllimə də bütün bunları yuxuda görən (və yuxuda da bilən ki, bunlar yuxudur...) Xosrov müəllimə də toxtaqlıq verirdi: «– Su aydınlıqdı... Su aydınlıqdı...»Düzdü, Xosrov müəllim bilirdi ki, bütün bunlar yuxudu, amma bunu bilə-bilə də o dənizdə batmaqdan qorxurdu, Kələntər müəllim isə balaca bir qayıqda oturub o dənizdə üzürdü: «– Əşşi, mənim işim əladır, – deyirdi. – Çünki əvvəldən baxtım gətirib, yeddi qız atası olanda nə olar? Bizim arvad yarımca kilo ətdən o qədər çoxlu, özü də dadlı xörək bişirir ki, yeyib qurtara bilmirik. Heç nədən bir şey bişirir. Qarın da ki, tox oldu, vəssalam. Deməli, işlər əladır. Deməli, kimyanı da uşaqlara yaxşı öyrədəcəksən». Və Kələntər müəllim gülürdü, amma Xosrov müəllim bilirdi ki, əslində bu, gülmək deyil, ağlamaqdı, çünki Kələntər müəllimin də gözlərindən axan yaş o qayığı doldururdu, o qayıq yox olurdu, Kələntər müəllim də yox olurdu və Xosrov müəllim bilirdi ki, Kələntər müəllim batdı o dənizdə, sonra yenə də qorxurdu ki, özü də batar və o qızlar da elə hey ağlayırdı, o dənizin də suyu çoxalıb doğrudan-doğruya adamı boğurdu...
16. Mürşüd GülcahanıÖmründə mənə zəng eləyən deyil, o gün gördüm ki, zəng eləyib: «– Nə var, nə yox, ay Mürşüd məllim? Heç görükmürsən...» Guya ki, məni görməkdən ötrü gözünün ucu axır... «– Sağlığın. – dedim. – iş-güc qoyur ki...» « – Əşşi, – dedi, – bəsdi bu qədər yazdın-pozdun da, başuva dönüm sənin!.. Hara baxırsan, maşallah, elə sənin kitablarındı... Fəxrimizsən də!.. Amma bir az istirahət elə, ay Mürşüd, canına bax!» Gərək mütləq bir işarə vursun, heç olmasa, bir balaca sancsın, yoxsa Əbdül Qafarzadə olmaz axı... Bizim nəşriyyatın müdiri İslamzadə ki, var, bunun dostudu, özü də tamahkarın, əliəyrinin biridir, lakin iyirmi ildir o boyda nəşriyyata rəhbərlik eləyir. Əvvəllər heç beş ildə bir dəfə mənim kitabımı plana salmırdı, sarı, seyrək dişlərinin arasından tüpürcək sıçrada-sıçrada: « – Yaxşı deyil! – deyirdi. – Özün nəşriyyatda redaktor işləyirsən. Sonra deyəcəklər ki, özünüz özünüzü çap eləyirsiniz. Yazıların da, bilirsən də, camaatı cəlb eləmir, alan olmur. – Lap elə üzümə beləcə deyirdi vicdansız. – Çıxanda da gözlərinə döndüyüm tənqidçilər başlayırlar bizi tənqid eləməyə ki, istedadlar qalıb bir tərəfdə, nəşriyyatlar Mürşüd Gülcahaninin romanını çap eləyir... İncimə e, sən də kommunistsən, mən də. Sənnən bir kommunist kimi danışıram!» Yalançının atasına lənət! Səndən kommunist olar, ay alçaq?! Əxlaq pozğunusan, bu, day, bütün Bakıya məlumdur, rüşvətxorsan, rüşvətlə kitab buraxırsan, bunu da ki, Allaha şükür, Bakıda bilməyən yoxdur! Lakin nə edəsən, deyəcəkdim bunları üzünə, heç olmasa, yenə beş ildən-bir kitabımı buraxırdı, vicdansız onu da buraxmayacaqdı, özümü də nəşriyyatda pisikdirəcəkdi. Bir qırmızı sifəti var ki, nə abır-həya bilir, nə yaşa baxır. Bir dəfə düz gözlərimin içinə dedi: « – Bilirsən nə var, Mürşüd Gülcahani, istəyirsən sənin kitabını buraxım, onda nəşriyyatdan işdən çıx, bir də buralara gəlmə!» Lakin, elə ki, bununla, bu Əbdül Qafarzadəylə qohum oldum (Allah kəssin belə qohumluğu!), o boyda İslamzadə ki, böyük-böyük yazıçılar əlindən qan ağlayırdı (elə indi də ağlayır!), çönüb oldu başqa adam, hər il kitabımı salır plana. İndi bəs nə olub, ay vicdansız, bəs niyə qorxmursan ki, deyərlər özünüz özünüzü çap eləyirsiniz? Hə? Noldu bəs sənin kommunistliyin, ay riyakar?! İşə bax də, nəşriyyat müdiri hara, qəbiristanlıq müdiri hara, lakin vicdanım haqqı, elə ki, o Ömər binəva Əbdül Qafarzadənin bu atbalaxanım qızına rast gəldi, elə ki, bununla qohum olduq, gördüm ki, o İslamzadə ilə bu Qafarzadə canbir qəlbdirlər, çünki ikisi də bir yuvanın quşudur. Özü də dünyanın işinə bax ki, İslamzadə Qafarzadəyə yaltaqlanır, öz nazirindən elə çəkinmir ki, Qafarzadədən çəkinir. Hərdən görürsən ki, çağırdı məni, İslamzadəni deyirəm, yalandan hal-əhval tutdu, bilirəm axı, fırıldaqdı, gözləyirəm görüm sözünün canı nədi, o da keçir mətləbə, qızımı institutda filan müəllim kəsib, daha mənim üzüm gəlmir (səndə üz varıydı ki, gəlməsin?!), sən Allah, Mürşüd müəllim (əvvəllər mənə müəllim-zad deməzdi, elə-eləcə Mürşüd deyərdi, vicdansız), de Əbdül qardaşımıza, qızı tapşırsın. Mən də gəlib deyirəm. Neyləyim. Neyləyim, özümü alçaldıram, lakin əlac nədir, zəmanə pis zəmanədir, mənim kimi adamı, mənim kimi yazıçını belələrinə möhtac eləyir. Bizdə adını cavan yazıçı qoymuş sırtığın biri var, adı Səlim Bədbindir (bir adam ki, təxəllüsünü «Bədbin» qoysun, daha ondan nə gözləyəsən?), utanıb-qızarmır, üzümə hırıldaya-hırıldaya deyir ki, Mürşüd müəllim, Azərbaycanda ən böyük vəzifə nazir-zad deyil, hamısı boş şeydir, ən böyük vəzifə Əbdül Qafarzadənin qohumu olmaqdı. Nə deyəsən bu vicdansıza? Eh, deyirəm, çölüm yandırır, demirəm, içim. Viranə qalsın belə vəzifə! Mən boyda adamın gedib oğlumun – yeganə ovladımın evində bir stəkan çay içməyə ixtiyarı yoxdur. Gedib otururam, o saat bunun o atbalaxanım qızı: « – Tixo, – deyir. – Abdulçik zanimaetsə!» Özü də yanımızda oturub başlayır kitab oxumağa. Kitab da bir kitab ola, dərd yarıdı! Hamısı cuhudların yazdıqlarıdı... Ömər yazıq cıqqırığını çıxartmağa qorxur, məlul-məlul mənə baxır, mən də ona, sonra da durub çıxıb gedirəm evimə. Uşağa da bunun adını qoyublar, hər dəfə «Abdulçik» eşidəndə, vicdan haqqı, elə bil, başıma bir vedrə qaynar su tökürlər. Kimə deyəsən?.. İş o yerə çatıb ki, heç uşaq da məni vecinə almır, məni görəndə heç oturduğu yerdən tərpənmir də, lakin elə ki, bunu görür: «–Dedulya!» – deyib cumur üstünə. Uşaqda nə təqsir var?.. Bir dəfə uşağın saqqızını oğurladım, aldım qucağıma, oturduq pəncərənin qabağında. Axşam idi, göydə ulduzlar bərq vururdu. Mənim daxili aləmimdə lirik hisslər baş qaldırdı. Uşağa da istədim romantika aşılayım. Dedim: « – Bax, balası, o ulduzları görürsən? O ulduzlardan hansını istəyirsən, göydən götürüm, verim sənə!.. Olsun sənin ulduzun!..» Uşaq ağzını açmağa macal tapmamış, o saat ifritə anası çımxırdı: « – Yaxşı olardı ki, Mürşüd əmi, siz özünüz hökumətdən bir ulduz alıb taxaydınız döşünüzə! Nəvəniz də fəxr eləyərdi ki, babası başqa yazıçılar kimi, geroydur! Heç Allahın medalı da yoxunuzdur! Ona görə də heç kim tanımır sizi!» Uşağın əlindən dartıb götürüb apardı o biri otağa. İfritədir də, ifritə!.. Əbdül Qafarzadənin qızı nə bilir ki, romantika nədir?! İkinci budur ki, düz demir, dörd dənə medalım var, bir dəfə də Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanını almışam. Üçüncüsü də, indi mənim kimi adamlara, mənim kimi sənətkarlara qiymət qoyan kimdir? Brejnev deyiləm ki, əlimi salım torbaya, ulduz çıxarıb taxım döşümə, ay ifritə! Nə gedib Moskvada oturub redaktorları qonaq edirəm, nə burdan onlara başqaları kimi ərməğanlar göndərirəm, nə də MK-da dostum, tanışım var! Öz vicdanımla və istedadımla yazıram! Lakin indi kimdi vicdana və istedada qiymət qoyan?! Bir ölkədə ki, Stalin boyda bir dahini gorbagor eləyələr, daha kimə nə deyəsən? O Stalin ki, bu ölkəni yaratdı! Bir də ki, niyə məni heç kim tanımır?! Özüm təvazökaram, lakin bunu Əbdül Qafarzadənin qızı hardan başa düşsün? Uşağın istedadını da Ömərdə görmür, atasında görür. Deyir, bu uşaq ki, çalğıya bu qədər meyl göstərir, guya, babasına, yəni Əbdül Qafarzadəyə çəkib, ona görə: «Moy papa oçen muzıkalnıy çelovek! Mı vse v neqo poşli!.. I Abdulçik toje!» Uşağın familini də, deyəsən, dəyişdirib Qafarzadə eləmək istəyir, Ömər bizdən gizlədir. Yazıq Ömər... Bu atbalaxanım, Öməri hər üzünə aldada bilər, bunlardan nə desən çıxar, bəlkə də elə aldadır... Görmürsən gözlərindən cin yağır? O gün o sırtıq Səlim Bədbin nəşriyyatda, camaatın içində mənə deyir: «– Mürşüd müəllim, gəlinivi gördüm...» Özü də çox mənalı-mənalı deyirdi. Mən də daha camaatın içində ucundan tutub, ucuzluğa getmədim. Soruşacağam harda gördün? Nə bilim nə deyəcək? Allah bilir, harda görüb, o ifritədən nə desən çıxar, atasının qızıdır! Soruşacağam sən hardan tanıyırsan mənim gəlinimi, nə bilim nə cavab verəcək?! Üstündən keçdim, guya, mənə heç nə demədi... Yazıq Ömər... Gül kimi tərtəmiz, başıaşağı, üzüyola, fağır uşaqdı, incə qəlblidi, düşüb bu canavarların cənginə... Bunların da, Əbdül Qafarzadəgili deyirəm, bir oğlu varıydı Orduxan adında. Cavan oğlanıydı, lakin arvadbazın biriydi. İşi-peşəsi camaatın arvadını əlindən almaq idi, camaatın arvadına sataşmaq idi. Əbdül İraq konsulunun «Mersedes»ini mənim adıma alıb – beləcə mənim adımdan o qədər istifadə edir ki, heç özümün də xəbərim olmur – vermişdi oğluna, o da maşını Bakının küçələrində 100-lə sürürdü, özü də idmançı idi, voleyboldu – nədi, onnan oynayırdı. Əbdül onu yığma komandaya saldırmışdı, həftə səkkiz, mən doqquz – Türkiyədə idi, Braziliyada idi, Yaponiyada idi. Mən boyda yazıçı ömrümdə bircə dəfə Bolqarıstanda turist olmuşam, lakin bunun o Orduxan oğlu Hindistandan vurub ABŞ-dan çıxırdı. Bir həftənin içində qripdən getdi, çünki göydə Allah gördü bu ədalətsizliyi, atanın da, oğulun da pozğunluğunu, cəzalandırdı onları. Düzdür, mən ateistəm, lakin görünür, hansı bir qüvvəsə var, cəzalandırır... Başımda onun ölməyi haqqında bir roman var, lap hazırdı, oturub qələmə almaq lazımdı, lakin qorxuram, yazaram, Əbdül də oxuyub başa düşə, ondan sonra di gəl də... Lakin daha oxuya bilməyəcək... Orduxan öləndən sonra, Yeni il ərəfəsində ölmüşdü, o atbalaxanım qız, yəni mənim o gəlinim hər il Yeni ildə yazıq Öməri məcbur eləyir ki, yeddi gün səhərdən axşamacan pianinoda ölü havaları çalsın. Kimə deyəsən?.. Nə isə... Hə, o gün zəng eləyib deyir ki, «–Hara baxırsan, sənin kitablarındı». Yəni ki, mənə görə nəşr eləyirlər sənin kitablarını. Mən də yaxşı cavab verdim, belə lap möhkəm cavab verdim, özümün də xoşuma gəldi, dedim: «–Yazıçının gərək kitabı olsun də!»Güldü, lakin budəfəki gülməyində nəsə bir sınıqlıq var idi, yazıçıyam axı, o saat tutdum. «– Mürşüd, – dedi, – axı, sənə bir işim düşüb...» Qulaqlarıma inanmadım, yəni bunun da mənə işi düşə bilər?.. Bu qədər müddətdə birinci dəfəydi mənə belə söz deyirdi... Fikirləşdim ki, yəqin indi bu da bir fırıldaqdı. «– Buyur» – dedim. « – O sənin bir dostun var e, professor...» «– Hansı professor?» – soruşdum. «– Əşşi, Səmədbəylidi, Əhmədbəylidi, nədi?» «– Mürsəlbəylini deyirsən bəlkə?» «– Hə, – dedi. – Mürsəlbəyli. İstəyirəm bir səninlə gedək, özümü ona göstərim». At kimi sağlam adamdı, toyuğun budunu sümüyüylə bir yerdə yeyir, buna nə olub belə? « – Sən hara, həkim hara, ay Əbdül?» – dedim. Güldü, lakin yenə də sınıq güldü – yazıçıyam də!.. « – Yox, – dedi, – elə, bir şey yoxdu. Dünən həkim Bronşteynin yanına getmişdim, məsləhət gördü ki, özümü bir yaxşı mütəxəssisə göstərim...» Şahların saray həkimi olan kimi, həkim Bronşteyn də bunların ev həkimidi. Harayhəşirçinin biridi. Ömərgilə də on beş gündə bir dəfə gəlib o baxır. Tanıyıram, tərifləyirlər, nədi, nədi, yəhudidi... Yəhudi ki, oldu, deməli, yaxşı həkimdi...
AyaqqabıDəli könül, nə divanə gəzirsən?..Xəstə Qasım
Beş qəpiklik motosiklTolik soruşdu ki, dağ papiros çəkər? Dedim ki, yox, papirosu adam çəkər. Dedi ki, düz demirsən, meymun da papiros çəkir, özüm televizorda görmüşəm. Dedim ki, meymunu da adamlar öyrədib papiros çəkməyə. Mən soruşdum ki, axı, nə dağbazlıqdır salmısan, dağ niyə papiros çəkməlidir? Əlini uzadıb dedi ki, ode, bax də, görmürsən dağ papiros çəkir?Doğrudan da, əcəb papiros çəkirdi Qafqaz sıra dağları: buludlardan qullab-qullab alıb üzük-üzük buraxırdı başının üstündən.
TalvarAkademik Məmməd Arif Dadaşzadəninxatirəsinə
On ildən sonraSonra çiskinlənməyə başladı və o, kürəyini köhnə məscidin hasarına söykəyib pencəyinin boynunu qaldırdı; birdən-birə ürəyi, doğrudan da, siqaret istədi, amma cibindən çıxarıb yandırmadı – cəmi iki siqareti var idi – iki dənə «Pamir» – onları da orada çəkəcəkdi; pencəyin altından qayışa keçirib yarısını şalvarının içinə soxduğu kitablar – əslində bir dənə kitab: «Coğrafiya», iki dənə də ümumi dəftər – qarnını elə sıxırdı ki, nəfəs ala bilmirdi; yenə qayışını bir balaca boşaltdı.Külək yaman bərkidi, əslində burada dayanmaq adamın lap atasını yandırır; sonra ona elə gəldi ki, bu saat bığlı kişi yenə başını məscid minarəsinin darısqal pəncərəsindən çıxarıb qışqıracaq: «– Hə, yenə gəlib veyllənirsən burda?!», o da cavabını verəcək: « – Sənə nə var, atovun məhləsidir?», bığlı kişi də onu hədələyəcək ki, düşürəm aşağı, ananı ağlar qoyaram sənin, o isə yenə deyəcək ki, kişisən düş; əlbəttə, bığlı kişi aşağı düşməyəcək, çünki ayaqlarının ikisi də yoxdur. Bir dəfə təsadüfən küçədə görüb onu dördçarxlı sankada gedəndə – bığlı kişinin bundan xəbəri yoxdur, qoy heç bundan xəbəri olmasın da, qoy kefinə xələl toxunmasın, hərçənd zırramanın biridir.
Gümüşü, narıncı, məxməri...Xoruzun axırıncı banından bir az keçmiş, Qəşəm kişi həyətə düşdü, amma baxıb gördü ki, yenə çisəkləyir, özü də lap soyuqdur, təzədən artırmaya qalxıb müharibədənqalma şinelini ağ tuman-köynəyinin üstündən çiyninə saldı və sidq-ürəkdən əsnəyib hələ də üşüyə-üşüyə həyətin aşağı başına tərəf getdi.Bu il payız gec gəlmişdi, amma yaman gəlmişdi – dörd gün idi kənddə hava açılmırdı, elə hey xırda-xırda çisəkləyirdi. Birdəfəlik şıdırğı yağmırdı ki, adamın canı qurtarsın; bu gün də, deyəsən, elə belə olacaqdı.
Baladadaşın ilk məhəbbətiAbşeronda, dənizin lap kənarında bir kənd var idi və elə bil bu saat həmin kənd yer üzündə bircə kənd idi, çünki gün möhkəmcə şığıyırdı, hamı da gizlənmişdi evində-eşiyində, ins-cins yox idi və bu tənhalıq da daha təkcə bu kəndin tənhalığı deyildi, elə bil, günün beləcə qızmarında bütün yer üzünün, kürreyi-ərzin tənhalığı idi.Bu kəndin birmərtəbəli, ikimərtəbəli evlərindən, kol-kosdan çəpər çəkilmiş, taxtadan sürahi salınmış, daşdan hasar tikilmiş həyətlərindən, salxımları qoralamış meyvələrindən, qırmızı çiçəkli nar ağaclarından, tut ağaclarından, bolluca günəşindən başqa, bir də dənizi var idi və bu saat dənizin lap xırdaca ləpələri sahil qumlarına tərəf elə mülayim-mülayim gəlib-gedirdi ki, elə bil dəniz həmin kəndin tənhalığına layla deyirdi.
Günlərin bir günündə1. Qarlı gəzinti həsrətiTülkü çoxbilmişliyindən tələyə düşər, deyiblər, amma bu Tülkü çox bilməyinə lap çox bilirdi, tələyə də düşmürdü ki, düşmürdü. Bic idi, fəndgir idi, kəmfürsət idi. Anasının əmcəyini kəsən Tülkü idi.
Qış nağılıNovruz Cuvarlinskinin xatirəsinəBakıda qarlı-çovğunlu bir qış səhəri təzəcə açılırdı və həmin qış səhəri sübh tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan şüşələri tutulmuş pəncərədə bir balaca görümlü yer tapdı və gözünü ora zilləyib küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki, külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə.
Baladadaşın toy hamamıPolad Məcnunbəyovun xatirəsinəHəmin payız günü Abşeronda birdən-birə bir xəzri başlamışdı ki, gəl görəsən və xəzri dənizi köpükləndirə-köpükləndirə əsdikcə əsirdi, dayanmayacaqdı elə bil, elə həmişə beləcə əsəcəkdi: sahilə yaxın dəniz bu xəzrinin altında çay kimi axırdı və adama elə gəlirdi ki, elə bil ağappaq köpüklü dalğalar deyildi, dünyanın saysız-hesabsız qağayıları almışdı dənizin üstünü; xəzri Abşeron bağlarındakı meynələrin saralmış budaqlarını qumun üstündən qaldırmışdı və bu meynə budaqları bu dəm ovsunçunun qabağında quyruğu üstə qalxmış ilanlar kimi qumluqda baş qaldırmışdı, külək zeytun ağaclarının bütün yarpaqlarını bir yerə yığıb əsdirirdi, topa-topa ağ-boz buludları cənuba axıdırdı və ən qəribəsi bu idi ki, bu bozluq içində həmin payız günü Abşeron göyündə günəş də var idi və bu topa-topa ağ-boz buludlar da dənizə, sahilin qumluğuna, qayalıqlara topa-topa da kölgələr sala-sala axırdı.
Parisdə avtomobil qəzasıŞ ə h r ə b a n u x a n ı m. Hatəmxan ağa və Şəhrəbanu xanımölmüş imişlər ki, bir firəng Şahbazı tovlaşdırıb Parisə
Ömrün son səhəriYəqin iyul idi, ya bəlkə də iyun hələ qurtarmamışdı, ya da bəlkə avqust girmişdi– yadına gəlmirdi, daha doğrusu, bilmirdi və həmin yay səhəri belə bir naməlumluq onun ürəyini sıxmırdı, onu narahat etmirdi, çünki bu barədə və ümumiyyətlə, dünyanın işləri barədə fikirləşməyə həvəsi və imkanı yox idi: başında bir uğultu var idi, sol qulağı lap dibindən ağrıyırdı (neçə vaxt idi ki, beləcə ağrıyırdı... bir həftə idi?.. bir ay idi?.. ya lap çoxdan idi? Yadına gəlmirdi və bu barədə də fikirləşmirdi... ), sol ayağının baş barmağına da nəsə olmuşdu – nə olduğunu bilmirdi, nə vaxtdı ki, ayaqqabısını ayağından çıxartmamışdı – və ağrıyırdı, amma həmin yay səhəri başının uğultusu da, qulağının, ayaq barmağının ağrısı da, əslində onun üçün heç nə idi, çünki bütün bədəni dəhşətli bir yanğı içində idi, bu yanğı saçlarının dibindən tutmuş barmaqlarının ucuna kimi, bütün varlığını yandırırdı. O, gözlərini «Qırmızı qərənfil»in qapısındakı iri qıfıllara zilləyib qəlyanaltıxananın açılmasını gözləyirdi və bu gözləmə bədənindəki o yanğını söndürmək ehtirasını daha da artırırdı, o yanğını dözülməz bir səbrsizliklə qızdırıb qaynadırdı.
Stalinin ölümüSonra 1953-cü ilin o soyuq 5 mart günü, o cümə axşamı birdən-birə Bakıda gün çıxdı və qışın sazağında günün birdən-birə eləcə çıxıb, eləcə yaz şüaları ilə qızdırmağı bütün məhəlləni alt-üst etmiş, hamını mat qoymuş o qara xəbərlə, daha doğrusu, o xəbərin qara nigarançılığı ilə heç cürə uyğun gəlmirdi və hətta elə bil ki, gün işığının o istisində, hərarətində indi bir düşmən əli var idi, elə bil, Pravadnik Əbdülkərimin həmişə sayıq və zəhmli nəzərləri də o gün işığına qarışıb məhəlləni bürümüşdü, qənbər döşənmiş küçə bomboş idi və elə bil ki, o cümə axşamı, o günorta çağı küçəyə döşənmiş o daşlar da Pravadnik Əbdülkərimin o sayıq nəzərləri altında üşüyürdü və qızına bilmirdi, təkcə Sarı hamamın qabağında ucalan qara tut ağacının çılpaq budaqlarına qonub, sonra da pırıltıyla uçan sərçələr məhəlləyə çökmüş bu pis nigarançılığın, bu qüssənin, kədərin fərqində deyildilər, heç nədən çəkinmirdilər, sıxılmırdılar, heç nəyin dərdini çəkmirdilər, birdən elə olurdu ki, cikkiltiləri boş məhəlləni başına götürürdü. Həyətləri yaşıl, qəhvəyi, birmərtəbəli, bəzi yerlərdə ikimərtəbəli kiçik və bir-birinə bitişik binaların küçəyə baxan pəncərələri bağlı idi və qapı-pəncərənin payızda, qışda qarın-yağışın altında qalıb solmuş rəngi də, divarların ağ, Sarı hamamın həmişəki sarı əhəngi də məhəlləyə daha artıq bir yetimlik gətirirdi və elə bil ki, məhəllə camaatının – o qapısı örtülü həyətlərdəki, pəncərəsi bağlı evlərdəki adamların nigarançılığı o yaşıl, qəhvəyi, göy, ağ sarı rənglərin solğunluğunda boş küçəyə yayılmışdı və o boş küçə də həmin qapıpəncərələrlə, həmin əhəngli divarlarla, səkidəki o köhnə elektrik şalbanları ilə birlikdə, xüsusən sərçələrin cikkiltisi kəsilən zamanlar fikrə gedirdi ki, görəsən, bu fəlakətin axırı necə olacaq, (fəlakət olmağına isə, əsl fəlakət idi!). O cümə axşamı səhər tezdən məhəlləyə elə bir xəbər yayıldı ki, camaatın əli-ayağı qurudu, heç kim bu xəbərə inanmadı, amma inanmamaq da olmurdu, çünki bu xəbər elə bir şəxs haqqında idi ki, onunla zarafat eləmək, şayiə yaymaq olmazdı; məhəllənin kişiləri, yeniyetmələr, uşaqlar Sarı hamamın qabağına yığışdı və poçtalyon Müzəffər isə işə gecikməyini yaddan çıxarıb qolları sındığı üçün rezinlə bağlayıb başına keçirtdiyi çeşməyinin qalın şüşələri arxasından çox iri, bədheybət görünən gözlərini hələ mətbəə iyi verən «Kommunist» qəzetinin birinci səhifəsinə zilləmişdi, həyəcandan tez-tez udqunduğu üçün nazik boğazının ucu iti hülqumu enib qalxa-qalxa bərkdən oxuyurdu: «SSR ITTIFAQI NAZIRLƏR SOVETININ SƏDRI və Sov.IKP MƏRKƏZI KOMITƏSININ katibi İosif Vissarionoviç STALIN yoldaşın xəstələnməsi haqqında hökumət məlumatı. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSR İttifaqının Nazirlər Soveti partiyamıza və xalqımıza bədbəxtlik üz verdiyini – I. V. STALIN yoldaşın ağır xəstələndiyini xəbər verirlər. Martın 2-nə keçən gecə, STALIN yoldaş Moskvada öz mənzilində ikən, beyninə qan sızmış, qan beyinin həyat üçün mühüm olan sahələrini bürümüşdür. STALIN yoldaş huşunu itirmişdir. Ürək fəaliyyəti və tənəffüsü xeyli pozulmuşdur. STALIN yoldaşı müalicə etməyə ən yaxşı həkimlər: professor-terapevt P. E. Lukomski, SSRI Tibb Elmləri Akademiyasının həqiqi üzvləri: professor-nevropatoloq N. V. Konavalov; professor-terapevt A. L. Myasnikov, professor-terapevt E. M. Tareyev; professornevropatoloq I. V. Filimonova; professor-nevropatoloq R. A. Tkaçov; professornevropatoloq I. S. Qlazunov; dosent-terapevt V. I. İvanov-Neznamov cəlb edilmişdir. STALIN yoldaş SSRI Səhiyyə Naziri A. F. Tretyakov yoldaşın və Kremlin Müalicə-Sanitariya İdarəsinin rəisi I. I. Kuperin yoldaşın rəhbərliyi altında müalicə olunur». Bu yerdə Pravadnik Əbdülkərim poçtalyon Müzəffərin oxumağını kəsdi və açıq-aşkar bir təlaş və həyəcanla: « – O birinci familiya necə oldu? – soruşdu. – Həkimlərdən birincisinin familiyası?!» Belə ağır bir məqamda da heç kim Pravadnik Əbdülkərimin üstünə çımxıra bilmədi ki, niyə kişinin oxumağını yarımçıq kəsirsən və hamı Pravadnik Əbdülkərimə narazı bir nəzər salıb təzədən gözünü poçtalyon Müzəffərə dikdi və poçtalyon Müzəffər də o qalın və girdə çeşmək şüşəsinin böyütdüyü gözlərini bir anlıq «Kommunist» qəzetindən ayırıb Pravadnik Əbdülkərimə baxdı, sonra təzədən birinci həkimin adını qəzetdə tapıb oxudu: «...professor-terapevt P. E. Lukomski...» Pravadnik Əbdülkərim daha artıq bir təlaş və həyəcanla: « – Alə, – dedi – birdən cuhud olar a?!» və bu sözdən sonra, elə bil ki, Pravadnik Əbdülkərimin təlaşı, həyəcanı, məhəllənin kişilərinə də sirayət etdi və hamı sual dolu nəzərini poçtalyon Müzəffərə dikdi, guya, bu sualın cavabını, yəni professor-terapevt P. E. Lukomskinin yəhudi olub-olmadığını da bilməli və deməliydi. Poçtalyon Müzəffər də, Sarı hamamın qabağına toplaşmış o məhəllə camaatının da əksəriyyəti Pravadnik Əbdülkərimin sualının və əlavə təlaşının, həyəcanının səbəbini və mənasını başa düşmürdü, amma bir halda ki, Pravadnik Əbdülkərim kimi siyasi sayıqlığı ilə məşhur olan bir adam belə bir məqamda nədənsə şübhələnirsə, nəyisə dəqiqləşdirirsə, deməli, nəsə var ortada ki, məhəllə camaatının bundan xəbəri yoxdu, amma bu dəfə Pravadnik Əbdülkərim öz sualına özü cavab verdi: «Yox!.. Cuhud olmaz... Lukomski... Lukomski... Yox, canım, yox!.. Cuhud olmaz... Qoymazlar!». Bu o demək idi ki, poçtalyon Müzəffər Məlumatın ardını oxuya bilər və poçtalyon Müzəffər də oxumağını davam etdirdi: «...STALIN yoldaşın müalicəsi Sov.IKP Mərkəzi Komitəsinin və Sovet hökumətinin daimi nəzarəti altında keçirilir. STALIN yoldaşın səhhəti ağır olduğuna görə Sov.IKP Mərkəzi Komitəsi və SSR İttifaqı Nazirlər Soveti bu gündən etibarən İosif Vissarionoviç STALININ səhhəti haqqında tibb bülletenləri elan edilməsini lazım bilmişdir. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSR İttifaqı Nazirlər Soveti, habelə bütün partiyamız və bütün sovet xalqımız belə bir faktın bütün əhmiyyətini başa düşürlər ki, STALIN yoldaşın ağır xəstəliyi, onun uzun və ya qısa bir müddət rəhbərlik işində iştirak edə bilməyəcəyinə səbəb olacaqdır». Bu dəfə özünü saxlaya bilməyib poçtalyon Müzəffərin oxumağını kəsən çəkməçi Ağagül oldu, həmin Ağagül ki, Fatma arvadın oğlu çəkməçi Balaniyazın yanında şagird idi və Balaniyaz tutulandan sonra, məhəllənin aşağı başındakı köşkdə ustasının yerində oturub işini görürdü; çəkməçi Ağagül xüsusi bir inamla dedi:«–Alə, Stalin 72 dil bilir! Xəstəliyi ona heç nə əliyə bilməz! Lap ağır olmur, nə olur, olsun!.. Bu sözlərdən və kiçik bir sükutdan sonra, poçtalyon Müzəffər yenə oxumağa başladı: «Mərkəzi Komitə və Nazirlər Soveti partiyaya və ölkəyə rəhbərlik işində: rəhbər dövlət və partiya fəaliyyətindən STALIN yoldaşın müvəqqəti ayrılması ilə...» Çəkməçi Ağagül bu dəfə də özünü saxlaya bilmədi: «– Gördüz?! Müvəqqəti!.. Özləri yazıblar o boyda qəzetdə ki, müvəqqəti!..» Poçtalyon Müzəffər ardını oxudu: «...müvəqqəti ayrılması ilə əlaqədar bütün şəraiti tam ciddiyyətlə nəzərə alırlar. Mərkəzi Komitə və Nazirlər Soveti əmin olduqlarını bildirirlər ki, partiyamız və bütün sovet xalqı bu çətin günlərdə ən böyük birlik və yekdillik, mənəvi möhkəmlik və sayıqlıq göstərəcək...» Pravadnik Əbdülkərim bu ağır xəbərdən sonra, elə bil ki, yalnız indi bir balaca toxtadı və dedi: «– Bax, məsələ bundadı!..» Poçtalyon Müzəffər davam etdi: «...sayıqlıq göstərəcək, ölkəmizdə kommunizm qurmaq sahəsində öz səyini qat-qat artıracaq, Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və Sovet İttifaqı hökuməti ətrafında daha sıx birləşəcəkdir. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi. SSR İttifaqı Nazirlər Soveti. 3 mart 1953-cü il». Elə ki, poçtalyon Müzəffər bu xəbəri oxuyub qurtardı, o Sarı hamamın qabağına elə bir sükut çökdü ki heç 1941-ci ilin o isti yay günü, o vaxt ki, bax, bu poçtalyon Müzəffər müharibənin başlamağı haqqındakı xəbəri həmin bu «Kommunist» qəzetindən oxuyurdu, onda da buraya belə bir sükut çökməmişdi və o vaxt o xəbərə qulaq asan məhəllə kişilərinin, yeniyetmələrin bəlkə yarısından da çoxu indi bu işıqlı dünyada deyildi, haqq dünyasında idi – müharibədə qırılmışdılar, itib-batan da itib-batmışdı, amma 1953-cü ilin soyuq mart səhəri Sarı hamamın qabağına yığışmış bu kişiləri, bu cavanları, yeniyetmələri irəlidə təzə bir müharibə gözləmirdi, amma bu dəfəki sükutun ağırlığı on iki il bundan əvvəlki o sükutun ağırlığından qat-qat artıq idi. İndi söhbət bura toplaşmış bu adamların təkcə öz həyatından yox, onların evdəki balalarının, körpələrinin həyatından gedirdi: bundan sonra necə yaşayacaqdılar? Və camaat ki, o cümə axşamı sübh çağı Sarı hamamın qabağından, qoşa tut ağacının ətrafından evlərinə dağılışmağa başladı, elə bil, kişilərin beli sınmışdı, hər birinin ayağına pud bağlanmışdı və çəkməçi Ağagül də bütün içinə dolmuş o ağır təəssürat altında həmişəki kimi, əvvəlcə Sarı hamamın yanındakı çörək dükanına girib Fatma arvad üçün yarım kilo təzə ağ çörək aldı, nöyüt dükanı ilə üzbəüz yaşıl qapıdan kiçik asfalt həyətə girdi, həyətin yuxarı küncündəki taxta pilləkənlərlə ikinci mərtəbəyə qalxdı, qapını döydü ki, çörəyi Fatma arvada versin, sonra çəkməçi köşkünə getsin.
Dünyanın bəxtəvəriGəl səninlə həmdəm olaq,Gəl, dolanaq bağı, bülbül...
Qızıl diş(Göy üzünün ulduzlu vaxtları)Əliqulu filosof idi, yəni bu mənada yox ki, özü özünü filosof hesab edirdi, yox və əslində Əliqulunun filosof olmasından heç özünün xəbəri yox idi, çünki filosofluq yemək kimi, evdən çıxıb pul dalınca getmək kimi, kiməsə bir söz demək, kiminləsə görüşmək kimi, onun gündəlik həyatının, güzəranının bir hissəsi idi və Əliqulu üçün qətiyyən əhəmiyyəti yox idi ki, onun kəşflərini kimsə ondan əvvəl kəşf etmişdi, ya yox, onun fikirlərini kimsə ondan əvvəl düşünmüşdü, ya yox; əhəmiyyəti yox idi bir də ona görə ki, Əliqulunun o keçmiş kəşflərdən, o keçmiş yazıpozulardan heç xəbəri də yox idi.
«Sarı gəlin»... sonra bir şıdırğı yağış yağdı və birdən-birə bu dağların sal daşları, yamyaşıl döşləri və adda-budda o döşlərdə bitmiş ağacların eləcə yamyaşıl çətirləri, kolların yarpaqları, dibində ağappaq bir köpüklə köpüklənə-köpüklənə çay axan yarğanın üstü ilə uzanıb gedən sıldırım qaya parçalarını tozdan, torpaqdan yuyub tərtəmiz etdi və tərtəmiz bir parıltı ilə də işım-işım işıldatdı və bu dəm bu dağlar, bu yaşıllıq, bu sal daşlar, yarğan boyu uzanan o sıldırım qayalıq dünyanın genişliyindən, əvvəlsizliyindən və axırsızlığından xəbər verdi...... sonra bütün bu genişliyi, əvvəlsizliyi və axırsızlığı bir səda bürüdü və o səda altında, elə bil ki, o yarğanın dibi ilə köpüklənə-köpüklənə axan o çayın, o dağların, o yamyaşıl döşlərin özü o sədaya söz söyləməyə başladı:
Araba(Şairin ölümü haqqında)olduqca...
Sarı pencəkBelə günlərdə...Evimiz gəmiyə oxşayır,
Qırmızı ayı balasıRəhman BədəlovaC. Səlimov gəmi-təmiri zavodunda mühəndis işləyirdi və bu gün də işdən sonra iki-üç saat zavodda qaldı, otağında oturub cürbəcür çertyojlara baxdı, bir az fikirləşdi, yenə bir az kağız-kuğuza baxdı, sonra basmadüymə ilə otağının divarına sancdığı cədvəlinin qabağında dayandı: görəsən, «Neftçi» yeddi güclü komanda sırasına çıxacaq, ya təskinləşdirici qrupda qalacaq?
Hotel BristolHava bir balaca açılmışdı və gün çıxmışdı. Gün milyon il bundan əvvəl də yəqin ki, beləcə çıxmışdı. Gün milyon il bundan sonra da belə çıxacaqdı.Bu sözlər onun sözləri deyildi, on-on iki il bundan əvvəl deyilmişdi və o zaman bu sözlər də bu sözləri deyən adam kimi ona boş və mənasız görünmüşdü, ürəyində bu sözlərə gülmüşdü, amma indi bu sözlər, yəni günəşin beləcə həmişəliyi, insan ömrünün bu həmişəlik müqabilindəki kiçikliyi, cılızlığı onu həyatı və ölümü təzəcə dərk eləyən bir yeniyetmə kimi sarsıtdı.
Beş dəqiqə və əbədiyyət7 avqust 1983-cü il.Bazar günü.
Qırmızı qərənfil gülləri «Pera Palas» otelində qaldı«Çiçək pasaj»da Tamara akkardeonu sinəsinə sıxdı, elə bil yüzillik həsrətdən sonra siqaret tüstüsünü ciyərlərinə çəkirdi, adamın atasını yandıran, yurduna od vuran bir majorla not götürüb:Yusif, beni al!..
İkinci fəsilŞair Səlim Sürəyya keçən il Türkiyədən gətirdiyi (ora yaradıcılıq ezamiyyətinə getmişdi) kürkü çiyninə salıb «Sağlamlıq» restoranının qabağında var-gəl edirdi; beş dəqiqə bundan əvvəl məclisdən qalxıb su başına çıxmışdı və təzədən məclisə qayıtdığı zaman restoran dəhlizinin geniş pəncərəsindən get-gedə bərkiyən qarı görəndə, neçə müddətdən bəri təbiətin qoynunda olmadığı üçün özünü saxlaya bilmədi, asqıdan kürkünü götürüb çiyninə saldı və isti yeməklərin, konyakın, gözəl sağlıqların səbəbindən içəridən buğlana-buğlana küçəyə çıxdı.Səlim Sürəyya hələ lap balaca ikən atası onu və anasını atıb, gedib başqa bir rayonda arvad almışdı və anası Səlim Sürəyyanı təkbaşına böyütmüş və Səlim Sürəyya da böyüyüb şer yazmağa başlayanda heç sifətini də yadına gətirmədiyi atasının yox, anası Sürəyyanın adını özünə təxəllüs götürmüşdü. Əlbəttə, arvad adını özünə təxəllüs götürmək çoxunun gülüşünə səbəb olurdu, amma Səlim Sürəyya həmin istehzalardan, gülüşlərdən, yuxarıda dayanırdı, çünki əsl sənətkar həmişə dedi-qodu söhbətlərindən, hisslərindən yüksəkdə dayanmağı bacarmalıyıdı və bu minval ilə bir müddət keçəndən sonra oxucuların və ən başlıcası isə, həmkarlarının qulağı bu ada öyrəşdi.