Huseyn Ibrahimov · Prose
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Birinci qəbul**Şəhər rəisi Eldəgəzlər dövlətinin ikinci hökmdarı şərəfinə böyük bir ziyafət düzəltmişdi. Cahan Pəhləvan cənublulara məxsus qanıqaynar naxçıvanlılardan arxayın olandan, atabəy-əzəm üçün elan etdiyi matəm günləri başa çatandan və Həmədandan Naxçıvana qədər uzanan yolların yorğunluğu yavaş-yavaş canından çıxandan sonra bu fikrə gəlmişdi. Bir də rəyasəti ələ keçirəndən, cavan bir dövlətin bütün qayğılarını, məmləkətin dərd-sərini çəkməyi boynuna götürəndən, iki ay içərisində iki əziz adamına – Anası Möminə xatuna və atası Atabəy Şəmsəddinə saxladığı matəm günlərindən ürəyinə dolan kədəri özündən uzaqlaşdırmaq üçün ova çıxmağa, dağ havası almağa, əylənməyə, kef etməyə nəsə bir ehtiyac duyurdu...
Baş şəhərCahan Pəhləvan Eldəgəzlər xanədanına tabe olan bütün şəhərlərdən ən çox Naxçıvanı xoşlayırdı. Doğrudur, onun üçün Təbriz də doğma idi, Gəncə də, Beyləqan da əziz idi, Həmədan da, Ərdəbil də gözəl idi, Şabran da... ancaq Naxçıvana xüsusi diqqət yetirirdi.Böyüyəndən sonra onu da bilmişdi ki, bu yerlər çox-çox qədimdən insan məskəni olub. Bəzi din xadimlərinin fikrincə Nuh peyğəmbər bir vaxtı buranı özünə dayanacaq edib, hələ deyirlər ki, buralara Zərdüştün ayağı dəyib, Dədə Qorqudun buralarda ayaq izləri qalır... Onu da öyrənmişdi ki, Naxçıvanı Sasani hökmdarı Xosrov Əlişirəvan bina edib, şah Bəhram Gur abadlaşdırıb, Turan hakimi Əfrasiyab isə onu şəhərlər cərgəsinə qoşub. Bundan sonra Naxçıvan “Beşinci iqlim şəhəri” kimi tanınıb, yunanlar ona Naksuana, ərəblər Nəxcəvan deyiblər. Bəhram Sasani isə bu yerləri “Şikargah”¹ adlandırıb.
Düşüncələr, düşüncələr...“Ey insan, sən kimsən?.. Ən ali və ulu məxluq... Yer üzündəki bütün canlıların ən kamili, ən güclüsü... Ağlın kəsən gündən üstündə gəzdiyin bu torpağın yetirdiyi ən əziz və ləziz nemətləri sən yeyirsən, ən axar-baxarlı yerləri sən gəzib dolaşırsan, sevən də, sevilən də sənsən... Və bir gün gəlir ki, bunların hamısın itirirsən. Necə vermişdilərsə, eləcə də alırlar... Ali və ululuğun da itir. Kamilliyin də əlindən gedir, gücün də tükənir... yemirsən, gəzib dolanmırsan, sevib-sevilmirsən... Nəfəsin ağzından çıxan kimi səndən diksinirlər, kənara qaçırlar. Bir anın içində hamı üçün özgələşirsən, yadlaşırsan... Dünən mayıl-mayıl baxılan üzünə daha heç kim baxmaq istəmir, dünən məhəbbətlə öpülən dodaqlarına, qucaqlanan bədəninə heç kimin toxunmağa micası gəlmir... Ey insan, sən kimsən?.. Əvvəli də torpaq, sonu da torpaq... İbtidası da heç nə, intəhası da heç nə... Bəlkə də buna marağalı qoca dərviş tez-tez deyərdi: “Ma hiç, cahan hiç...”¹. Bax burada bu naxışlı-zərli sərdabədə hər şeydən xəbərsiz yatıb uyuyan möhtərəm Şeyx Yusif də bu insanlardan biriydi... Amma vaxt var idi ki, onu görəndə hamı baş əyirdi, o içəri girəndə hamı ayağa dururdu, o gəlib keçəndə hamı kənara çəkilib yol verirdi... O harada, nə vaxt danışsaydı, hamı nəfəsini içəri çəkib qulaq kəsilirdi. O, gülsəydi hamı gülməli, ağlasaydı hamı ağlamalıydı... Hə, belədir dünyanın işləri, cənab Şeyx Yusif!.. Rahat yat, bu dünyanın səninlə, sənin də onunla daha heç bir işi yoxdu... İkiniz də hesabı çürütmüsünüz... Əbədiyyət evin nurla dolsun!..Əcəmi fikirləşirdi. Son vaxtlar narahat günlər keçirən, Cahan Pəhləvanla söhbətdən sonra bir yerdə qərar tuta bilməyən, gah şəhristanda, gah da rəbatlarda görünən Əcəmi bu gün də sübh tezdən durub Şahab meydanına gəlmşdi. Şəhər əhli Cahan Pəhləvanı bir hökmdar kimi qarşılayandan sonra onun buralara yolu düşməmişdi... Əvvəllər hərdən özü yaratdığına – camaatın “Atababa” adlandırdığı sərdabəyə baxmağa gələrdi, çünki onu öz övladı kimi görməyə bir ehtiyac duyardı... Hələ üstəlik, içəriyə girib Şeyx Yusifə ziyarətnamə oxuyardı, sonra bayıra çıxıb yenə heyran-heyran sərdabəyə baxardı, vurduğu naxışların ürəyinə yatımlığından xoşu gələrdi, kitabələrdə gözünə dəyən qüsurları isə hiss edən kimi narahat olardı, fikrə gedərdi, “Öz təqsirini özünə heç vaxt bağışlama...” Əcəminin ağlı kəsəndən, əli iş tutandan əqidəsi beləydi... Elə ki, Elalının arxasından Günəş doğdu və özünün zərrin şüaları ilə sərdabənin hüsnünü cilaladı, kitabələrini aləlvan boyalarla zinətləndirdi, onda Əcəmi özündə bir yüngüllük hiss edərdi, öz əməlindən razı qalardı... Və arxayın-arxayın Şahab meydanını, suyunu ən çox xoşladığı Şahab bulağını tərk edib gedərdi...
Əli ŞimşəkƏcəmi Şəhdigülü qaynanasının siğə bacısı Xəzangül arvadın yanında qoyub rəisin tapşırığını yerinə yetirmək üçün atını dağlara sarı sürdü, özü də elə yerlərdən sürdü ki, tez-tez bulağa rast gəlsin. Əcəmi hələ cavanlıq çağlarından bilirdi ki, Əlincə silsiləsinə gedən cığırların, yolların kənarlarında suyu diş donduran neçə-neçə bulaqlar çağlayır... Onun isə uşaq vaxtından bulaqlardan xoşu gələrdi, buludların göz yaşından, gül-çiçəyin, şəbnəmindən yaranıb gah bu daşın altından qaynayan, gah o qayanın dibindən pıqqıldayan bulaqlardan... Dizini yerə qoyub bulaqların göz yaşı kimi duru suyundan içəndə, pıçıltısına qulaq asanda ürəyinə xoş arzular dolardı.İndi də bulaqlara baş çəkə-çəkə, dupduru sularından içə-içə gəlib çıxdı Əlincənin ətəklərinə. Sal qayanın altından çıxan Xanəgah bulağının başında atını əylədi, səndəl ağacını qurşağına keçirib süfrə açdı. Şəhdigülün dəsmala bükdüyü pendir və çörəyi iştahla yedi. Amma bulaqdan ayrılmaq istəmirdi. Sal daşın üstündə əyləşdi. Nəzərləri uzaqlara zilləndi. Uzaqda dumana bürünmüş Əlincə qalası görünürdü.
OvdaCahan Pəhləvan bu dəfə ova az adamla çıxmışdı. Məqsədi son vaxtlarda hiss etdiyi baş ağrılarını yüngülləşdirmək, dağ havası ilə nəfəs almaq, sarayın dedi-qodularından uzaqlaşmaq, Həmədandan gələn bəd xəbərləri bir günlüyə də olsa unutmaq idi.Sədəddin Əsəd hökmdarın niyyətindən xəbər tutan kimi ona Əlincə tərəflərə getməyi məsləhət bilmişdi. Bu yerlərin təmiz havasından, sərin bulaqlarından, müxtəlif rəngə çalan dağlarından bildiklərini, eşitdiklərini təkrar-təkrar nəql edəndən sonra “Əlincə qələsinə bir də baxarsız, bəlkə sizin razılığınızla gələcəkdə beytülmalı oradan köçürməli olduq” demişdi.
Söz sözü gətirər...Əcəmi evə çox yorğun gəlmişdi. Müəzzinlər şəhər camaatını məscidlərə günorta namazına dəvət edəndə o da evə qayıtmışdı.Bir az keçməmiş dəbir darvazanı açıb həyətə girdi. Salamlaşdılar. Ev sahibi yanındakı qamış kətili dəbirə tərəf itələdi, o da əyləşdi.
Kuzəçi, dəmirçi, zərgərƏcəmi sübh tezdən durmuşdu. Həyətdə bir az qurdalandı... Ancaq heç nəyə əl vurmağa həvəsi yox idi, yeməyə də onun kimi. Buna baxmayaraq müxtəlif söyüd, iydə şivlərindən müxtəlif rənglər vurub toxuduğu səvərələrdən bir balacasını götürüb həyətə çıxdı. Elə bu vaxt kor Əhsənin udunun həzin sədaları səhərin mehinə qarışıb onun həyətinə doldu, qulaqlarına axdı. Kor Əhsən yenə muğam çalırdı, qədim bir muğam...Əcəmi gedə bilmədi, ağacın altındakı kötüyün üstündə əyləşib axıra kimi qulaq kəsildi. Muğam qurtarıb, ud susandan sonra səvərəni sol qulağına keçirdi, darvazanı kilidlədi və yola düzəlib bazara getdi.
Yurdun qədim məkanlarından biriCahan Pəhləvan Təbrizə girmədi, hava isti olduğu üçün gecəni yol gələn qoşuna sübh tezdən əmr verib Ruindəj qalasının ətrafındakı düzənlikdə əyləndirdi.Az vaxt ərzində çadırlar quruldu, atlar yançidar olundu, başlarına torba keçirilib örüşə buraxıldı. Ocaqlar qurulub qazanlar asıldı. Qoşuna səhər yeməyi üçün dinclik verildi.
Bu xatirə yenə Əcəmi dilindəndir“...Yetim böyümüşəm, rəhmətlik İbrahim, ha budu, mənə həm ata olub, həm də qardaş. Özümün isə bəxtimi allahtala əzəli gündən qara yazıb... Bir gün gəldi ki, xalam oğluna nişanladılar məni. Əslində mən getmək istəmirdim, qardaşım tək-tənha qalırdı, o halında... Amma sözündən çıxa bilmədim. Xalam oğlu da, ha budu, dinc bala deyildi. “Vur ölüm, haqqımı ver”in biriydi. Gedib qoşuldu qaçaq-quçağa. Toyumuz olmamış vurub öldürdülər... Yazıq hələ əlimdən də tutmamışdı, üz-üzə durub bir kəlmə belə kəsməmişdik... Bizim kənddə də, ha budu, adət var: hansı qızın toyu olmamış nişanlısını başına bir qəzavü-qədər gəldi, o qızın adını daha heç bir oğlan dilinə gətirməz. Gətirsə də, ata-anası razı olmaz... Deyər qarabəxtdi... O ki, qaldı Şahab meydanında gördüyün övrətə, rəhmətlik anamın siğə bacısıdı. Gözümü açandan Xəzangül arvadı özümə doğma xala bilmişəm. Körpə də, ha budu, onun nəvəsiydi... “Qızlar bulağı”na su gətirməyə məni İbrahim göndərmişdi... İndi bəxtimdən ha budu, yüz kərə, min kərə razıyam. Görüm Cəmil qardaş da, Zəhra bacı da “neynim, necə eləyim” deməsinlər. Məni sənə ürcah elədiklərinə görə işləri həmişə avand olsun...”Şəhdigülün nisgilli taleyindən, cavan yaşında başına gələn müsibətlərdən hali olandan sonra bu sadə, ürəyi açıq qıza məhəbbətim birə-on qat artmışdı. Artmışdı deyəndə ki, bu məhəbbəti aramızda, əslində, rəhmətlik bənnanın bacısı özü yaratmışdı. Onun qayğısı, mehribanlığı, uşaq kimi sadəliyi, qəlbinin güzgü kimi təmizliyi, üstəlik, gözəl səliqə-sahmanı məni ona elə bağlamışdı ki, görən deyərdi biz neçə illərin ər-arvadıyıq. Dəryanurdan sonra qəlbimdə yaranan boşluğu özüm də hiss etmədən pünhan-pünhan, qətrə-qətrə doldururdu Şəhdigül.
Üz-üzə, göz-gözə...Qədim Dvin ətrafındakı düzənlikdə Cahan Pəhləvanın qoşunu ilə Georginin qoşunu arasındakı döyüş get-gedə qızışırdı. Atabəy-əzəmin sağ olmadığını bilən Gürcüstan hakimi Azərbaycan Atabəylər dövlətinin möhkəmlənməsindən, Təbrizin, Marağanın Eldəgizlər xanədanının tərkibinə daxil edilməsindən bərk narahat olmuşdu və vədini pozaraq otuz minlik qoşunu ilə Dvin üzərinə yenə yürüş etmişdi.Cahan Pəhləvan qardaşının, oğlanlarının bu döyüşdə iştirakına razılıq verməmişdi. Onlar nə qədər təkid etsələr də, şah öz dediyinin üstündə durmuşdu: “Gürcüstan hakimi mənimlə təkbətək üz-üzə gəlmək niyyətindədir. Buna görə də mən necə istəyirəmsə, elə də olmalıdır... Mən sizinlə qardaş və ata kimi yox, hökmdar kimi danışıram. Hökmdarın dediklərini müzakirəyə qoymazlar, onun hökmlərinə düzəliş verməzlər. Mənim əmrim olmadan siz Təbrizdən kənara çıxmırsız. Demetre törəməsinin pişvazına özüm çıxacağam...”
Hamı gedən yolCahan Pəhləvan sərdabənin açılışından sonra xəstəliyindən Həmədana dönməmişdi. Şirazlı təbibi-xünkarın dedikləri düz çıxmamışdı: hökmdar bimarü-rəncur idi. Sarayda da, şəhərstanda da, söz-söhbət gəzirdi ki, şahın halı gün-gün xarablaşır.Hökmdarın xəstələnməsi, atabəy-əzəmdən sonra üz-gözləri öyrəşmiş vəliəhdin onları əbədilik tərk etməsi ehtimalı bir sıra məliklərin, sarayın xəlvətiyyəsinə yaxın olan varlıların ciddi narahatlığına səbəb olmuşdu. Sarayın daxilində də bayırında da söz-söhbətə bir an belə ara verilmirdi: