Üç ildən sonra
Page 3 of 9 · 22%
Rzaqulu xan, Liza, Böyükxanım da ağlayırdı.
Rzaqulu xan — Siz məndən ötrü ağlayırsınız, mən isə vətəndən ötrü. Çünki mən qorxuram bu məmləkətə əcnəbi əli uzansın. Bir də səndən xahiş edirəm mənim oğlanlarım Tehrandan gələnə qədər İrandan Parisə getməyəsiniz, mənim mal-dövlətimdən uşaqlar gələnə qədər mütəvəcceh ol! Hərkah mənim övladım biçiz olub bu Təbrizdə bekar dolansalar, mənim ruhuma əziyyətdir. Çünki mənim düşmənlərim, bəlkə elm və tərəqqinin həqiqi düşmənləri, mənim ruhumun dalınca danışıb, görürsünüz İranda üsuli-cədid istəyən kişinin övladı necə sail oldu, deyə, tə’nə edəcəkdilər. Bir də təvəqqəm budur ki, mənim qəbrimin üstündə bir nişangah tikdir ki, məndən sonra övladım haman nişanə ilə dünyadan həsrətlə gedən atalarının qəbrini tapa bilsinlər.
Bu vaxt yenə Rzaqulu xanın huşu dağılıb qəşş eləmişdi. Saat da ikini çaldığından doktor və övrəti Liza Böyükxanım ilə xudahafiz deyib getdilər. Amma Rzaqulu xanın kənizləri, nökərləri, hətta Böyükxanım da yanından ayrılmırdılar. Çünki ev əhlinin kaffəsi Rzaqulu xanın bir gecəlik evdə qonaq olduğunu düşünmüşdülər.
Ancaq gecə sübhə kimi Rzaqulu xan çırpınıb kah dua oxuyurdu, kah vətənin müsibətlərindən, kah qızından, kah oğlanlarından deyib danışırdı. Böyükxanım da bir tərəfdə dizlərini qucaqlayıb fikir edirdi, əcəba nələr düşünürdü? Zira gündüz Qulam xan ilə dalaşdığından bütün fikri, hissi, Qulam xanın və Münəvvərin yanında idi. Hərdənbir qapını açıb eşiyə çıxıb ulduzlara baxırdı, gecənin nə vaxtı olduğunu düşünüb yenə qayıdırdı. Fikir edirdi, öz qəlbində danışırdı: sabah kişi öləcəkdir, doktor gəlib mal-dövlətə sahib duracaq, bəs Qulam xan nə tövr olacaqdır? Qulam xan, mən və Münəvvərlə nə tövr rəftar edəcəkdir?
Bu vaxt gün düşmüşdü, otaq işıqlanmışdı. Qapılar bir-birinə dəyib Münəvvər xanım ağlaya-ağlaya içəri girdi.
Bütün gecə Rzaqulu xanın ailəsinə istibdadın dövri-mənhusəsi kimi uzanıb, çoxdan sonra ağuşqaların qarşısından minarə şəklində görünən Ərk sütunlarının və bürclərinin dalısından bir ziya parıldayırdı. Lakin kah İran məşrutəsi kimi mücahidinin hümməti sayəsində işıqlanırdı, kah irticanın qüvvətlənməsi üzərinə qaralıb qalırdı.
Böyükxanım da başını qəm dizindən qaldırıb qapıya baxırdı. Guya qapıdan girəcək bir adam var idi ki, onun intizarını çəkirdi. Əcəba kimi gözləyirdi?
Rzaqulu xan sübhün mərizə bəxş etdiyi müvəqqəti bir şəfa sayəsində gözlərini açıb ağuşqadan otağın dərü divarına sancılan günəşin əlvan və rəngli zərratına tamaşa edirdi. Öz-özünə deyirdi: ey günəş, sən çıxırsan, amma mən qrub edirəm. İndi mənim həyatımın günəşi təzə gün doğulduğu sırada qrub edir. Fəqət baqisən, mən hər vaxt sənin bu müsibətli məmləkətə səadətlə tabidə olmaquvu istəyirəm!
Rzaqulu xan kah da qapıya baxırdı, deyəsən bir nəfəri gözləyir kimi mütəfəkkiranə baxırdı. Əcəba Rzaqulu xan kimləri gözləyirdi, oğlanlarınımı? Yoxsa bədbəxt Münəvvərimi?
Yox! Yox! Zavallı Rzaqulu xan əzraili, mələkülməvtu gözləyirdi ki, bu qədər sənəlik gördüyü əsarətlərə vida edərək hürriyyəti-əbədiyyətə çəkilsin... Nagahan qapı açıldı, Münəvvərin qaməti gül şaxəsi kimi əyilmiş halda ağlaya-ağlaya içəri girdi, bədəni sabahın nəsimi toxunan şaxsar kimi hərəkətdə idi. Günəş üzü dəyişilib, fəqət zamani-qurubundakı zəif bir şüa qalmış. Yanaqları solmuş, bədən bütün-bütünə təbdil olunmuş, gözləri çuxurlaşmış, hər baxdıqca naumidlik, həsrət, müsibət gözlərindən nümayan idi.
– Balaca Münəvvər içəri daxil olub üç il müddəti üzünü bir dəfə də olsa, görməyən atasının üstünə düşüb ağlayırdı, üzündən öpürdü. Rzaqulu xanın isə bədəni öz təbii iste’dadını qayib etdiyi üçün başının kasasında göz yaşı da qalmamışdı, fəqət bir-iki qətrə ilə gözlərindən seylabi-təhəssir axıdan Münəvvərinə müqabilə edirdi. Ata və qız ağlayırdılar.
Lakin Böyükxanımı heyrət götürmüşdü. Zira Münəvvərin nə cəhətə ata evinə gəlməsindən şübhəli idi. Olmasın Qulam xan bizə açıq elədi, Münəvvəri döyüb eşiyə saldı? Buna binaən təkrar: Münəvvər qızım, nə var, nə əcəb gəldin? deyə isticvab edirdi.
Münəvvər xanım isə ağlaya-ağlaya deyirdi: Ana, allah sənə insaf versin, öz həzzindən ötrü məni bəlaya giriftar elədin ki, axırı həlakətdir. Mənim təqsirim nə idi? Mən hansı xidmətimdə qüsurlu çıxdım? Bəs məni nə üçün əsirlər kimi satdın?! Məni bir adama əsir verdin ki, gecə-gündüz iki saat huşu başında olmur. Mənim doqquz yaşında ərə getməli vaxtım idi? Atamın bir parça çörəyi yox idi ki, mən yeyib oturum, rəhimsizlərin əlində əsir kimi qalmayım? Üç ildir ki, bir qaranlıq evdə dustaq qalmışam, özü də gecə-gündüz muzqançı Səfərəli xan ilə keflənib o biri otaqda yatır, mən də qorxumdan köksüz ağac kimi titrəyə-titrəyə subh edirəm.
Böyükxanım sinəsinə çalırdı, ağlayırdı: qızım, de görüm bəs indi nə üçün çıxıb gəldin?
– Nə olacaqdır, axşamdan əzrail kimi gəlib məni salıb qamçının altına ki, dur çıx mənim evimdən! İndi mənim naxoş və zəif bədənimdə qaralmamış, əzilməmiş bir yer qalmayıbdır. Vallah, mərəzin şiddətindən libaslarım bədənimə sürtüşəndə bədənim bütün sızıldayır, indisə qamçı və sillə dəyməyən bir yer yoxdur. Ana, bilmirəm bu necə şəriətdir? Bu necə müsəlmanlıqdır? Məni kim əsir verdi? Hansı molla, hansı şəriət qatili məni satdı?
Böyükxanım — Qızım, heç ağlama! Övrət olanın həmişə gərək qabırğası ağacda olsun, övrəti döyərlər də, söyərlər də, döyüb eşiyə buraxarlar, gərəkdir ki, səbr eləsin, səs çıxarmasın. Heç bilirsən mən sənin bu yox olmuş atandan nələr çəkmişəm? Qızım, sənin başıva hər nə gətirdi sənin bu bədbəxt atan gətirdi. (Əli ilə çalır Rzaqulu xanın sinəsinə).
Rzaqulu xan (hövlnak gözlərini açaraq) Övrət, üzün qara olsun, axır nəfəsimdə sinəmin taxtasını sındırdın. Allah məni tez qurtarsın, sənin əlindən tez qurtarım! (Münəvvərə) Bala, Münəvvər, üstümü aç, nəfəsim darıxır.
Münəvvər xanım rəngi ağarmış atasının üstünü açıb sonra anasına kamali-mülayimətlə deyirdi: Ana, sən deyirsən ki, övrət olan şəxsə hər zülmü edərlər, gərək səbr eləsin. Bu səhvdir! Çünki ana, heç kəs heç kəsin haqqında təcavüz edə bilməz. Hər ikisi bir hüquq, bir ixtiyarda xalq olunmuş insan nə deyib bir-birinə təcavüz edər? Heç kəsi əsir olaraq bir nakəsə satmaq olmaz! Təcavüz haramdır, bilafərq hər kəs olursa-olsun. Kişi tayfasına övrətin itaəti ancaq şəriətin buyurduğu münasibətlədir. Nəinki kefi-məyəşa cəhətinə. Şəraitə müxalif hərəkət edən övrəti cəzalandırmaq lazımdır. Bil’əks vəhşilik, nadanlıqdan başqa bir işə zənn edilməz!
Rzaqulu xan rəngi təğyir tapmış, rəxtxabın içində olduğu halda, aləmə təğyir vermək istədiyi sırada yenə gözlərini açıb Münəvvərin sözlərini eşidirdi. Yavaş-yavaş Münəvvəri yanına çağırırdı. Qızım, irəli gəl! Bala, irəli gəl!
Münəvvər xanım yaxınlaşıb son nəfəsində övladını yadından çıxarmayan Rzaqulu xanı dərağuş etmişdi. Rzaqulu xan isə qolları qızının boynunda deyirdi: Qızım, çox şad oluram ki, sənə xərc etdiyim pullar hədər getməyibdir. Sənin bu dillərin vətənimdən dari-axirətə məni çox məsrur yola salır. Bir də sən heç xəyal eləmə ki, mən öz məhəbbətimi səndən götürmüşdüm! Qızım, sən Qulam xan kimi nakəsə əsir getdiyin gündən daha səni xatirimə də gətirə bilmirəm. Vallah sən həmişə mənim xəyalıma gələndə gözlərim yaş ilə dolur. Bihiss oluram. Sənin adın yanımda çəkiləndə arzu və amalımın natamam qaldığı gözümün önündə mücəssəm durur. Məni şaşdırıb qoyur. İndi bunları deməyə fürsət yoxdur. Çünki vaxt azaldı, amma lazımlı sözlərim çoxdur. Ancaq bilirsən ki, səni və qardaşlarını firəng evinə qoymaqdan mənim qəsdim nə idi? Qızım, hərçənd əvvəlcə səni yaxşı tərbiyə etdirdim. Amma sonra sən əsir düşən vaxtda sənə muavinət edə bilmədim. Sən çox yalvardın, amma mən kömək etmək qüvvətinə malik deyil idim. Mərəz məndə taqət qoymamışdı. Amma səndən xahiş edirəm mənə ölən vaxtımda bir yaxşılıq elə! Mənim bu sözlərimi qardaşların Tehrandan gələndən sonra onlara söylə! Söylə ki, naumid atanız ölən vaxtında sizə bu sözləri vəsiyyət etdi. Hərkah məndən sonra bu var-dövlətdən bir miqdar baqi qalırsa satıb yenə Avropada elm təhsilinə xərc edərsiniz! Öz vətəniniz olan İrana həmişə mal, can ilə xidmət edin! Amma məni də halal eləyin. Çünki mən sizin atalıq haqqınızı yerinə yetirə bilməyib layiqincə tərbiyə etdirə bilmədim.
Qızım, bir də adam göndər doktor Lui hökumətə xəbər versin, mən ölən kimi gəlib bu mal-dövləti möhürlətdirsin. Mən bilirəm Qulam xan bizim axırımıza çıxacaqdır. Münəvvər xanım (ağlaya-ağlaya) baş üstə deyib qalxdı yazı stolunun başına, doktora bir məktub göndərdi. Anası Böyükxanım isə özünü döyüb çırpa-çırpa Münəvvər xanıma nifrin edib deyirdi: Qız, səni görüm üzün qara olsun, baxırsan naxoşun sözünə dövləti niyə möhürlətdirirsən? Allah səni mənə verincə bir daş verəydi divara qoyaydım. Sən heç bilirsən mənim başıma nə iş gətirirsən?
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-uc-ilden-sonra
Use ← → keys to move, R for a random poem
More by this author
Pekin muzeylərində Çin tə’tilçiləri nəf’inə yenə toplandığı vaxt qapıda iri xətt ilə: «it, ingilis, yapon daxil ola bilməz» yazılmışdır.*Bu yazıq çinlilərin ağlına bir bax, əcəba
Balaca felyetonAmerika rəisi — cümhuri Kuliç tərk-silahə aid nitqində söyləmişdir ki, mən tamamilə tərki-silahə tərəfdar olmayıb, təhdidi-silahə tərəfdar deyiləm.*Hərbçu olsam da mən sülhə tərəfdarəm hənuz
Balaca felyeton«Fasdakı milli hərəkət işində də Moskva barmağı var imiş...» (Teleqraflardan)*Gər yapmasa Şura sənədin əldə bir alət
İrandan məniİran şahının dərbar naziri Paris qəzetləri müxbirlərinə demişdir ki, şahın pulsuzluq xəbəri doğru deyildir: çünki satdığı imtiyazlar üçün İngiltərədən təxsisat alır.*Atdılar girəm ki, millət mülki-İrandan məni
Poems by other poets
Bu gün bir gözəlin seyrinə vardım,Tutubdu dəstində ağ lamə, Pərim!
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Məni hicran qəminə saldı o məhparə yenəMəni hicran qəminə saldı o məhparə yenə,Zülfü tək eylədi aydın günümü qarə yenə.
KəndimizSalam Kür! Salam Kür! Baba ocağı,Dağıtdın könlümün hər möhnətini.