Page 5 of 9 · 44%

Mirzə Rəhim ağa otağa daxil olub saqqalını tumarlayırdı. Başında tirmə şəbkülah qələmkarı və qısa don əynində, ayağında ağ zirçamə, qabağından bağı aslanırdı. Ağa şəbəkülahı salıb qaşının üstünə, üzü Nisabəyim xanıma deyirdi: hə, qonağın kimdir? Böyükxanım və Nisabəyim xanım ayağa qalxırlar. Ağadan izn hasil olandan sonra əyləşirlər.

Nisabəyim xanım — Ağa, Böyükxanımdır. Rzaqulu xanın örvətidir. Sizə ərzi vardır. Mirzə Rəhim ağa təəccüblə əlini-əlinə çalıb deyirdi: Pah! Qəribə qafil oturmuşuq.

Gorki-əcəl yeka-yek əyin kəllə mibərd
Vin kəllara bebin ki, çe asudə miçərəd.

Ey bivəfa dünya! Sənə e’tibar edənlərə lə’nət! Doğrudan Təbriz mülkü indiyə qədər Rzaqulu qeyrətdə, səxavətdə adam yetirməmişdi. Ah, həyasız dünya! Mirzə Rəhim ağa əlin əlinə çalıb Nisabəyim xanıma deyirdi: Tanıyırdın, Rzaqulu xanı? (Yenə öz-özünə) ah, necə heyif oldun, Rzaqulu xan, doğrudan mənim əlimdən getdin.

Bu sözlərdən Böyükxanımın daşdan bərk olan qəlbi riqqət bəhəm edib ağlayırdı. Hərdənbir Mirzə Rəhim ağaya ərz eləyirdi: Allah ömrünüzü tulani eləsin, biz camaata çox görməsin.

Nisabəyim xanım — Doğrudan Rzaqulu xan yaxşı kişi idi, siz ilən bircə halalınız ayrı idi. Bu vaxt Mirzə Rəhim ağa öz ətəklərini yığışdırıb Böyükxanımın qabağında dərvişi oturmaq binasını qoymuşdu.

Amma zirçaməsinin bağları yerə sallanmışdı. Böyükxanıma kamali-mülayimət və izahari-e’tidal nişan verib deyirdi: Həmişə Rzaqulu xan sənin nəçabətindən və əsilliyindən mənə tə’rif edirdi. Əmdiyin süd halalun olsun! Doğrudan da nəcib övrət imişsən.

Böyükxanımın bu sözlərdən bir az qoltuqları şişib balidələnirdi.. Allah şəriətmədarın kölgəsini başımızdan əskik eləməsin, vallah elə bilirəm ki, heç Rzaqulu xan ölməyibdir deyə dua edirdi.

Mirzə Rəhim ağa Böyükxanımın sözlərini eşidəndən sonra bir az da yaxınlaşıb rubəru əyləşmişdi. Üzünü Böyükxanıma tutub pəh-pəh, doğrudan əsil Rzaqulu xanın övrətisən, deyə, sonra Nisabəyim xanıma tərəf deyirdi: Görürsən necə nəcibdir? Yenə dönüb Böyükxanıma deyirdi: Xub xanım, hala nə üçün təşrif gətiribsiniz? Böyükxanım bir az dalı çəkilib deyirdi: Ağa, özün bilirsən ki, bu Təbrizdə birisinin iki dostu olanda, üç nəfər də düşməni vardır. İndi uşaqlar gəzir, bekar-bekar dolanırlar. Təvəqqə edirəm zəhmət çəkib evlərin möhrünü götürəsən ki, uşaqlar bir işə yapışsınlar. Allah sizin kimi dostları əskik eləməsin, elə bilirəm ki, xan heç ölməyibdir, məndən sənə səndən allaha öz iltifatını bizdən kəsmə! Mənim oğlanlarıma kömək elə!

Mirzə Rəhim ağa bu sözlərdə saqqalın tumarlayırdı, deyirdi: bir də buyur görüm nə deyirsiniz? (Öz-özünə) Əslinə baxasan aşina ölümü insanı elə dilgir edir ki, özlüyündən çıxır. Heyif rəfiqlərim! Pəh qəribə tək qalmadım? Qəribə ovqatım təlx olmadı? Filvaqe mənim sadiq rəfiqlərimdən bircə Rzaqulu xan qalırdı.

Böyükxanım genə üzünü çevirib deyirdi: ağa, uşaqlar gəlib Təbrizdə bekar gəzirlər. Təvəqqə edirəm möhrü götürəsən uşaqlar bir işə yapışsınlar. Hər birisinin gündə cib xərcini bir tümən görmür. Allah şəriət-mədarın kölgəsini başımızdan kəm eləməsin.

Mirzə Rəhim ağa — Heyli xub, uşaqlar da gəlib daha yaxşı, Qulam xan da gələr yerbəyer edərik, uşaqları da işə qoyaram.

Böyükxanım yenə əcz edib yalvarırdı: Ağa, allah xatirinə bizə rəhmin gəlsin! Hərkah uşaqlar Qulam xan adını eşitsələr təzədən çıxıb gedərlər. Çünki onlar əsla yola getmirlər. Allah rizasına bizi dilə-dişə salma! İşlərə əncam vergilən! Böyükxanım gözünün yaşını silə-silə Mirzə Rəhim ağaya yalvarırdı. Göz yaşları qətrə-qətrə ətlas çadrşəbin üstünə axıb yuvarlanıb yerə düşürdü. Mirzə Rəhim ağa da evi var-gəl edə-edə övrəti Nisabəyim xanıma deyirdi: Dur mənim o biri otaqdan təsbehimi tap gətir bir istixarə edəcəyəm. Nisabəyim xanım gedəndən sonra Mirzə Rəhim ağa əyləşib Böyükxanımla rubəru söhbətə başlamışdı.

Nisabəyim xanım o biri otaqda təsbehi axtarırdı. Böyükxanım da üzü örtülü əyləşmişdi. Mirzə Rəhim ağa da Böyükxanımla rubəru oturub deyirdi: Böyükxanım, sən bir nəcib övrətsən və çox da xoşuma gəlirsən, çünki nəcibsən. Əslinə baxsan biz ülama qisminin işi çox müşküldür, gərəkdir elə bir rəftar edək ki, şəriəti-nəbəvi səlavətullah üçün bir zərrə xəyanət olmasın. İndi bu saat ki, mən səninlə söhbət edirəm, şəriətə xilafdır. Hətta sübhanəhu və təala qiymətin günündə məni müaxizə edəcəkdir.

Mirzə Rəhim ağa bir necə dəfə istiğfar edib yenə sözünə davam etdi: bu mal-dövlət ki, sənin vardır, çox hissəsi özünə məxsusdur. Sən də ki, bu murdar dünya çifəsindən ötrü gəlib məhkəməyi şər’iyyədə mən ilən danışırsan şəriətə xəyanətdir, mən də buna razı olmaram ki, sənin kimi nəcib, gözəl-göyçək bir xanım, qiyamətin günü dünya çifəsindən ötrü cəhənnəm odunda yansın. Heyif deyil bu nazik bədən, bu tənasibi-əndam, bu təravətitam odlara yanıb gül olsun? Çünki sən mənə naməhrəmsən, bu işin əncamı çox çətindir. Görüm nə tövr olacaqdır, allaha təvəkkül! Mən bu gecə fikir edərəm sən də yenə sübh tezdən gələrsən danışarıq, yerbəyer edərəm. Mən çalışaram, sən də mən dediyim sözlərin canını, həqiqətini yaxşı baş tap, mənim qəlbimi bil!

Böyükxanım işi müşkül eşidib gözünün yaşını tökürdü, ağaya ərz eləyirdi: ağa məni öz qızın hesab elə! Bu işə əncam ver. Bizim daha səndən başqa bir kəsə ümidimiz yoxdur.

Mirzə Rəhim ağa bir az da Böyükxanıma yaxınlaşıb az qalırdı ki, başı Böyükxanımın başına dəysin. Böyük xanımın gözlərinin içinə baxıb deyirdi: əvvəla budur ki, heç ağlama! Sənin işin Rzaqulu xan əsrindən yaxşı olar. Hərkah özün doğru demiş olsan. İkincisi, sən o vaxt mənə qız hesab olunardın ki, Rzaqulu xan hali həyatda olaydı. Lakin indi naməhrəmsən və nə qədər ki, bu naməhrəmlik vardır sənin işivə baxa bilmərəm. Çünki xilafi-şərdir. Şəriət mədarlara bu iş şayistə deyil:

Böyükxanım nəhayət dərəcədə darıxmışdı.

Bir tərəfdən mal-dövlətdən naumid, bir tərəfdən Qulam xandan əli çıxmış, bir tərəfdən Mirzə Rəhim ağanın saqqalı az qalır üzünə sürtüşsün, hətta ağzının suyu atılıb Böyükxanımın çadrşəbinə düşürdü. Ona cəhət Böyükxanım təngə gəlib deyirdi: Ay ağa, başıva dönüm sən də bizim işimizə qarışmayacaqsan bəs kim qarışacaqdır? Təbrizdə hanı o cur’ətdə alim ki, sənin kimi müctəhid vuran möhrü götürsün? Axır bir insaf elə.

Böyükxanımın bu vaxt boğazı tutulmuşdu, ağlayırdı. Mirzə Rəhim ağa isə daha da irəli gəlib deyirdi: Böyükxanım, heç ağlama! Sənin bu ağlamağın mənim qəlbimi yandırır. Fikir eliyirəm indi sənin bu işivin bircə çarəsi vardır. O çarə də budur ki, gərək bu günlərdə sən özüvə bir məhrəm ixtiyar edəsən ki, sənin əvəzindən vəkil olub danışsın. Biləks, səninlə danışmaq şəriətə ziddir. İslamiyyətin kökünə rəxnə vurmaqdır. Mən indi sən ilən danışıram, amma qəlbim allahın qorxusundan titrəyir.

Amma doğrudan Mirzə Rəhim ağanın əlləri titrəyirdi. Mirzə Rəhim ağa titrəyə-titrəyə Böyükxanımın əlindən tutub öz sinəsinə basıb deyirdi: Bax gör necə ürəyim titrəyir, bunun hamısı allahın qorxusundandır. Böyükxanım əlini silkib Mirzə Rəhim ağanın əlindən alıb deyirdi: Bir nəfər övrətin ki, üç kəbir övladı olsun, o övrət də iddəsi çıxmamış məhrəm ixtiyar edə bilər?

Mirzə Rəhim ağa — Əcaba, hənuz ağzından süd qoxusu gələn uşaq mənə əqil, şəriət öyrədir, otuz il camaat namazı qılan mollaya məsələ tə’lim edir! (Böyükxanıma) əvvəla budur ki, sənin əlli nəfər də kəbir övladın olsa səndən vəkil ola bilməz! Çünki onların özü də bu maldan-müddəidir. İkinci, o övrətə iddə saxlamaq lazımdır ki, onun bətni nə’lum ola. İndi mən bilirəm ki, sən necə ildir uşaqdan düşmüsən. Çünki sənin sahibin naxoş idi. Allah valdeyinivə rəhmət eləsin, mən özümü əmdən cəhənnəm oduna yandıra bilmərəm. İstəyirsən şəriət sahibi qiyamətdə mənim üzümə baxmasın?

Böyükxanım bu sözlərdə Mirzə Rəhim ağanın fikrini büsbütün anlamışdı. Çünki ağa söhbət arasında Böyükxanımın çiyninə əl qoyurdu, əlini sıxırdı. Buna cəhət Böyükxanım xişmnak deyirdi: Qurban olum şəriət sahibinə ki, verib sizin kimi lotuların əlinə, hər nə bilirsiniz fəqir camaata eyləyirsiniz. Utanmaz oğlu utanmaz! Bəs deyəsən mən buna vaxt ikən və’də vermişəm? Haramzadə oğlu mən ilə hənək məzah başlayıbdır. Vallah bu övrətliyim ilə əmmaməvi başıva, boynuva səryib üzü üstə bazara çəkərəm.

Böyükxanım qalxıb getmişdi. Mirzə Rəhim ağa da mat-məbhud rəngi ağarmış oturmuşdu. Amma təsbeh dalınca gedən Nisabəyim xanım qapının dalından bu əhvalata mütəvəccəh olduğundan Böyükxanımın xişmnak durub getməsini görüb xişmnak içəri girdi. Təsbehi Mirzə Rəhim ağanın başına çaldı.

Böyükxanım qapıları çalıb getdikdən sonra Mirzə Rəhim ağanın övrəti Nisabəyim xanım içəri girib, götür mirasa qalmış təsbehi, deyə, Mirzə Rəhim ağanın başına çalır. Yerə girəsən belə molla, az qalır övrətin gözlərinə girsin. (İki əllərilə boğma verər) Ala. Az qalır övrəti basmarlasın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets