Page 2 of 2 · 50%

Ester balkona çıxarkən, Nəccarov Hamazasba yanaşaraq söhbətə başladığı üçün, Avetisov fürsətdən istifadə ilə Esterin qoluna girdi.

Leyla sevindi, çünki bu gecə Hamazasbla Avetisov arasındakı ixtilaf qəti bir şəkil alacaq və bununla da cəbhədə türk ordusuna qarşı vuruşan qoşun rəhbərləri arasında pozğunluq törəyəcəkdi.

Raya bu vəziyyətə göz qoymuşdu, o Leylanın burada mühüm bir rol oynadığını bilməmiş deyildi. O, nə olur-olsun gələcəkdə Esteri ələ almağı və onu Leylanın təsirindən qurtarmağı düşünürdü; o Leylanın şübhəli qız olduğunu yəqin etmişdi.

Esterlə Avetisov Hamazasbın yanından keçərkən, Hamazasb varlığı ilə dəyişdi. Bir qədəm irəliləyib onların qarşısına keçmək istədi, cəsarət etməyərək qayıtdı.

Hamazasb acıqla ziyafəti buraxıb getmək istərkən uzaqdan bu işə göz qoymuş Araratyan onu dayandıraraq dedi:

– Bir az mədəni olmalısınız!

Bu söz Hamazasbın həyəcanını yatıra bilmədi. Araratyan fürsət olduqca göz işarəsi verərək Esterin Avetisovdan ayrılıb Hamazasba yanaşmasına çalışdısa da buna nə Ester əhəmiyyət verdi, nə də Leyla imkan verdi. Leyla Esterin Avetisovdan ayrılmasına imkan verməmək üçün Esterin o biri qolundan tutaraq salonu dolaşırdı.

Süfrə başında oturmaq zamanı çatmışdı. Qızların üçü də, tualetlərini düzəltmək üçün Esterin otağına keçdilər. Onlar otaqdan çıxarkən, Araratyanı qapıda gördülər. O, qızı Esterin qolundan tutaraq içəri qaytardı. Araratyan qızına nəsihətverici bir əda ilə dedi:

– Mən sənə dəfələrlə demişəm! Yenə də deyirəm. Övlad həyatın gözəl bir məhsuludur. Atalar öz məhsulunun yaxşı və məqbul olmasını sevər. Lakin mən çox təəssüf edirəm ki, sən, bu məsələni heç nəzərə almırsan, sən mənə ağılar içirtməyə çalışırsan, sən mənim başımın uçalığını və nüfuzumun yüksəlməsini istəmirsən.

Ester təhqir olunmuş kimi qızardı və:

– Mən nə etmişəm? Sizə hansı ağıları içirtmişəm?—dedi.—Siz məndən nə tələb edirsiniz?

Araratyan soruşdu:

– Sən nə üçün mənim doğru fikrimin əleyhinə gedirsən? Sən bilirsən ki, partiya yıxılası partiyalardan deyil, sən bilirsən ki, bolşeviklər bu gün-sabah məhv olacaqdır. Partiyamız yenə partiyadır. İş belə ikən daşnaq partiyasının adi bir üzvü olmaqdansa onun başında durmaq daha yaxşıdır. Buna görə də sən, heç vaxt mənim arzularımın əleyhinə çalışmamalısan.

Ester dedi:

– Sizcə bir fikrin əleyhinə çıxmaq ağılar içirtməkdirmi? Əcəba, siz, gənc bir qızın arzuları əleyhinə çalışırkən, ona zəhər içirtdiyinizi düşünmürsünüzmü?

– Qızı özbaşına buraxsan kəndirbaza, yaxud oyunbaza ərə gedər. Buna görə də, qızın xüsusi fikri əsas ola bilməz, ata və anası onun vəkilidir.

Ester:

– Mən heç vaxt buna razı olmayacaq və Hamazasbın arzusunu yerinə yetirməyəcəyəm,—dedikdə Araratyan:

– Gələcək bunu tələb edir!—deyərək əlini stola çırpdı. Ester yenə də inad göstərərək:

– Bir qızın gələcəyini məhv etməklə, gələcək uğrunda çalışan atalardan olmayın. Mən ölüncəyə qədər sizə nifrət edəcəyəm,—dedi,—Hamazasb əyyaşdır, qarınquludur, şərəfsizdir, mən toylara yaxasına gül taxıb oyun çıxaran bir adama getməyəcəyəm. O, qabadır, o, utanmadan mənim gözümün qabağında erməni saldatının üzünə sillə vurub anasını söyürdü. O, erməni xalqının düşmənidir o, həqiqi daşnaq olsa da mən ona nifrət bəsləyirəm.

– Görünür ki, sən mənim nüfuzumu öldürməyə və məni məhv etməyə çalışırsan.

Ester ağlayaraq:

– Yardımsız bir qızın namusu hesabına yüksələn nüfuzu öldürmək lazımdır!—dedikdə Araratyan yenə əlini stola çırpdı. Onu vurmaq istədi, lakin əlini saxladı:

– Kəs səsini, utanmaz!—deyə qapını çırpıb çıxdı.

Leyla və Raya dəhlizdə durub Esteri gözləyirdi, Araratyan onlara müraciətlə:

– Esterə acığlanmışam, rica edirəm, ikiniz də ona nəsihət verib salona gətirəsiniz!—dedikdə qızlar Esterin otağına girdilər.

Ester divanın üstünə yıxılıb ağlayırdı. Raya onun saçlarını sığallayaraq:

– Ağlamağa lüzum yoxdur, ata qıza acıqlanar da, ona nəvaziş edər də; qalxın saçlarınızı düzəldin, ziyafətin pozulmasına səbəb olmayın,—dedikdə Ester qollarını açaraq Rayanı qucaqladı və ağlayaraq dedi:

– O mənim yetimliyimdən istifadə edir, məni Hamazasb kimi bir alçağa satmaq istəyir, mən onu görmək belə istəmirəm.

Raya dedi:

– Bu da tədrici olaraq vücuda gəldiyi kimi, tədriclə də ayrılmalısınız. Lakin mən, sizin bu gecəki hərəkətinizdən heç də razı qala bilmədim, birdən-birə Hamazasbı atıb, onun gözü qarşısında Avetisovun qoluna girmək, ona qarşı təhqiredici bir nümayişdir. Mən heç vaxt Hamazasbı, yaxud Avetisovu sizə layiq bir adam bilmirəm, bununla bərabər ayrılmağın da bir üsulu vardır; mən bu barədə sizinlə uzun-uzadı danışmalıyam.

Rayadan sonra Leyla Esterə yanaşaraq dedi:

– Ağıllı qızsan, Raya nə deyirsə desin, mən sənin bu günkü hərəkətini təqdir edirəm. Hər işdə bir qətilik lazımdır. Hamazasb kimi qaba adamlar, etinasızlığı duyub çəkilməz və aciz bir qızın yaxasını buraxmazlar.

Raya daha bir söz danışmadı, çünki o, hələ bir neçə gün əvvəl, Leylanın Hamazasbla Avetisovun arasına ixtilaf salmaq istədiyini hiss edirdi.

Ester, Leyla və Raya salona gəldikdə, qonaqların yemək stolu ətrafında dolaşdığını və xanımların intizarını çəkdiyini gördülər. Xanımlar əyləşdi. Ester Avetisovun qarşısında yer tutdu, Araratyan onu Hamazasbın yanında əyləşdirmək üçün o tərəf-bu tərəfə atıldısa da Leyla buna imkan verməyərək:

– Ester öz yanımda oturmalıdır,—deyə onu öz yanına aldı.

Ziyafətdə neft sənayesi burjuaziyası nümayəndələrindən Takianosov, Kusakov və Mantaşev qardaşlarından da iştirak edənlər vardı.

Hamazasb stolbəyilikdən imtina edərək:

– Mən artıq bu vəzifəni bitirmişəm;—dedi. Stolbəyilik Elçiyana tapşırıldı. Birinci qədəh Leylanın, ikincisi Esterin, üçüncü Raya, dördüncü qədəh isə «neft qəhrəmanı» Takianosovun şərəfinə qaldırıldı. Takianosov söz aldı, ehtiyatla və yavaşcadan danışdı:

– Bolşeviklər neft sənayesini milliləşdirməklə böyük bir mədəniyyəti bərbad etmək istəyirlərsə, onlarla bərabər Moskvada mədəni, bacarıqlı və iş bilən adamlar da vardır.

Ali xalq təsərrüfat sovetində oturan zatların arasında elə şüurlu şəxsiyyətlər vardır ki, onlar heç vaxt neftin milliləşdirilməsi məsələsinə razı olmazlar. Mən süfrə başında oturan ağaları qiymətli bir məktubla təbrik edirəm.

Bu xəbər süfrə başında oturanlarda böyük şadlığa səbəb oldu. Qədəhlər yenidən dolduruldu, beşinci qədəh miralay Avetisovun şərəfinə idi. Hamı ayağa qalxdı, xəfif təbəssümlər saçan gözlər nəzakətlə Avetisova çevrildi.

Leyla qədəhini götürüb ayağa qalxdıqda Esterin də qolundan tutub qaldırdı və Avetisovla qədəh-qədəhə vurmağa məcbur etdi. Ester qədəhini Avetisovun qədəhinə vururkən qeyri-adi bir çinkilti çıxdı. Bu səs, ordu rəhbəri Avetisovla Hamazasb arasında qəti bir şəkil almış ixtilafın elanı idi.

Süfrə başında ani və nagəhani bir pozğunluq törədi, müdhiş bir hadisə nəticəsində adamlar dağılıb getdi. Stol başında kimsə yoxdu, ancaq Hamazasb, əlindəki qədəhi ağzına alıb çeynəyir, dodaqlarından axan qırmızı qan, yaxasındakı ağ gülün yarpaqlarını boyadıqdan sonra süfrəyə tökülürdü. Süfrə başında oturan rəhbərlər Moskvadan gələn məktubu oxumaq üçün qapandıqları otaqdan çıxıb getmişdilər. Doktor Araratyan, Esterin otağının qapısını vurduqda, belə bir səs eşidildi:

– Bir daha Hamazasb adını çəksəniz, intihar edəcəyəm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Vəliəhd gəlir

Çar konsulu Təbrizdə vəliəhdlərə məxsus Şəmsülimarənil boşaltmışdı. Şəmsülimarə binası vəliəhdin Təbrizə gəlməsi münasibəti ilə təmir edilirdi.İran hökumətinin vəliəhdi Təbrizə göndərməkdə məqsədi özünün Azərbaycandakı hakimiyyətinin mövcud olduğunu göstərməkdən ibarət idi, çünki səltənətin vəliəhdi daim Təbrizdə yaşamışdı. İranın bu məqsədini çar diplomatları da lazımi qədər anlamışdı, onlar bütün varlığı ilə vəliəhd Məhəmmədhəsən Mirzənin Təbrizə gəlməsinə mane olmaq istəyirdilər.

10 min
Sərdar Rəşidin son macərası

Sərdar Rəşid hökumət işlərini vəliəhdin peşəkarı Nizamülmülkə təhvil verib qurtarmışdı. Artıq o hökumət başında deyildi, o, Azərbaycanda bir işə təyin edilmək arzusunda olsa belə, həm vəliəhd, həm də Nizamülmülk ona Azərbaycanda iş vermək istəmirdi.O, Təbrizdən getməyə hazırlanırdı, lakin buna baxmayaraq, sanki o, Təbrizdə mühüm bir hadisə yaratmaq üzərində çalışırdı. Daim yüksək rütbəli çar çinovnikləri, qoşun rəhbərləri, yüksək çinli zabitlər və sairələrlə əlaqədə idi.

12 min
Sərdar Rəşid Təbrizi satdı

Sərdar Rəşid Tehrana qaçmazdan iki saat əvvəl polkovnik Berezovskiyə belə bir məktub yazmışdı:Cənab polkovnik! Mən sizə göndərdiyim birinci məktubumda Təbrizdə çar hökuməti əleyhinə çalışan bir nəfər gizli təşkilat üzvü barəsində yazmışdım. Siz onu həbs etmiş olsaydınız, onun vasitəsilə gizli komitəni tamamilə həbs edə biləcəkdiniz. Nədənsə siz gizli komitə rəhbərlərinin birisi olan Əbülhəsənbəyə qarşı güzəştə getdiniz. Lakin mən güzəştə getməyəcəyəm. Əbülhəsənbəy haqqında Tehranda rus səfarətinə gedib şəxsən danışacağam. Əbülhəsənbəy Səttar xan vaxtından bəri Təbrizdə inqilab işində çalışır. İmperator hökuməti əleyhinə başlanan bütün nümayişləri o düzəldir. Rəfizadəni, Rzabalanı və bunlar kimi bir çoxlarını edam etdirən Əbülhəsənbəydir. Bütün konsulxanalarda onun adamı vardı. O, tacir deyil, onun əsas işi gizli cəmiyyətdə çalışmaqdır. Şeyx Əbdüləzəlin nümayəndəsi Rəhnümanın vəsiqələrini oğurlatdıran, şeyxin özünü ifşa etdirən, məqbərə və məscidləri bərbad qoyan və lazımi adamları oğurlatdıran həmin bu adamdır. Neçə ildən bəridir ki, mənim arvadım İftixarissoltanı oğurlatdırmışdır. İndiyə qədər biçarə qadının harada olduğu məlum deyil.

9 min
Alış-veriş

Vəliəhd və onun köməkçisi Nizamülmülk Təbrizə gəldikləri gündən alış-verişə başlamışdılar. Onlar yavaş-yavaş Azərbaycan şəhərlərinin hökumətlərini müəyyən paraya satırdılar. Lakin bu alışverişə çar konsulu imkan vermirdi. Mahal hakimləri tamamilə çarın sadiq nökərləri olduğu üçün onları dəyişdirmək və yerlərinə başqa adamlar təyin etmək mümkün deyildi.Bu məsələ Təbrizə gələn təzə hökumət təşkilatı ilə çar konsulu arasında ixtilafın mərkəzini təşkil edirdi. Bu barədə heç bir tərəf birbirinə güzəştə gedə bilmirdi. Çar hökuməti öz nökərlərini itirmək istəmir, vəliəhd hökuməti isə öz qazancını buraxa bilmirdi, çünki mahallara qubernatorlar göndərmək təzə hökumətin gəlir mənbəyi hesab olunurdu. Onlar mahalların varlı və böyük olmasına görə, ora göndəriləcək qubernatorlardan da qabaqcadan böyük pullar alırdılar. Bu adət məşrutədən əvvəl olduğu kimi, indi də davam edirdi...

19 min

Poems by other poets