Sözün, fikrin davamıdır üç nöqtə,Üç sərçədir, telə qonub yellənir.Kimin kimə eyhamıdır üç nöqtə,Köks ötürüb ürəyində dillənir.

Arifə bir işarədir üç nöqtə,

Uzun-uzun mətləblərin qisası.Üzr, ifşa, ibarətdir üç nöqtə,Hissin-ruhun qövr eləyən qisası.

Dayaz fikri dərin etməz üç nöqtə,Hər üç nöqtə çaşdırmasın sizləri!Acı şeyi şirin etməz üç nöqtə,Qaynatmasın, daşdırmasın sizləri!

Aşiqanə məktubların ovqatı,Üççə damcı həya təri - üç nöqtə.Qarlı qışın, ilk baharın ovqatıİsmət-qismət çiçəkləri üç nöqtə.

Söz tapmasan dada yetər üç nöqtə,Əvəzində o danışar, o dinər.Yersiz olsa boş şey, hədər üç nöqtə,Mənalarla kədərlənər, sevinər.

İncə mətləb kodlarıdır üç nöqtə,Hər biri bir qıfılbənddi, aç görək!Lal bir məktəb açarıdır üç nöqtə,

Bu məktəbin tə’limindən qaç görək!

Bir him-cimdir, bir qaş-gözdür üç nöqtə,Qazdan ayıq xəbərdardı, ayıq ol!Dilə gəlməz elə sözdür üç nöqtəAtalar də üçdən deyib, sayıq ol!

Ömür yolu göz önündən keçər hey,Baxıb-baxıb dolan gözdü üç nöqtə.Xatirələr bulağından içər hey,Gözü yolda qalan gözdür üç nöqtə.

Mənaların açmasıdır üç nöqtə,Açıldıqca şərhə qalmaz ehtiyac.Təxəyyülün uçmasıdır üç nöqtə,Simurqa da daha olmaz ehtiyac.

Etirafdır, xəyalətdir üç nöqtə.Üzümüzdə üç şillənin yeridir.Anlayana kifayətdir üç nöqtə,Köksümüzdə üç güllənin yeridir.

2 iyun,1997

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets