Page 1 of 5

Söz meydanı indi bu gün mənimdir,
Mənimkindən yüksək şer kimindir?!
N i z a m i

İslamiyyətdən sonra yenidən yaranan İran ədəbiyyatının X əsrdə ən böyük siması, məlum olduğu kimi, “Şahnamə” məsnəvisinin müəllifi, dünyada məşhur olan Əbülqasim Firdovsidir. Nizami Firdovsidən sonra məsnəvi yazan ən böyük sənətkar sayılır və epik janra gətirdiyi lirik səciyyə ilə özünə xas bir əfsanə üslubu yaradaraq, Firdovsini də keçmişdir.

Yaratdığı ədəbi surətlərlə farsdilli ədəbiyyata gətirdiyi yeniliklər haqqında ustadın şer və sənətindəki orijinallığından bəhs edərkən təfsilatla danışacağımız təbiidir. Burada isə, hələlik belə bir qeyd etməliyik: şairin romantik don geyinmiş mistik ruhu misilsiz sənətinin sehrilə az müddətdə yalnız İran ədəbiyyatının şamil olduğu sahəyə yayılmaqla qalmamış və eyni zamanda, onun yaratmış olduğu sənət növü bütün Şərqdə fars və türk ədəbiyyatının ən məşhur nümayəndələri tərəfindən təqlid olunmuş, həm “Xəmsə”sinə, həm də “Xəmsə”ni təşkil edən beş kitabından hər birinə ayrı-ayrı, mübaliğəsiz, yüzlərcə nəzirələr və bənzətmələr yazılmışdır.
Yalnız nəzirələr deyil, Nizami əsərlərinə yazılan yozumların (yəni şərh və təfsirlərin) sayı da həddindən artıqdır. Klassik Şərq kitablarından ən ustad xəttatlar tərəfindən az çox üzü köçürüləni, ən mahir miniatürçülər tərəfindən ən çox rəsmlər və qızıl suyu ilə çəkilən ornamentlərlə bəzədiləni Nizaminin “Xəmsə”sidir.

Nizaminin özündən sonra yaranmış ümumşərq ədəbiyyatına göstərdiyi təsiri təsəvvür etmək üçün onun əsərlərinə yazılmış bənzətmə və nəzirələrin say və qiymətlərini göz önünə gətirmək lazımdır. Ona nəzirə yazanlar arasında Şərq ədəbiyyatının məşhur simalarından Əmir Xosrov Dəhləvi, Xacu Kirmani, Səlman Savəci, Katibi, Cami, Hatifi və sufilərin böyük ustadlarından Fəriəddin Əttar kimi farsca yazmış böyük şair və mistiklər də vardır.

Klassik farsdilli ədəbiyyatdan sonra vücuda gələn klassik türk ədəbiyyatına da Nizami böyük təsir göstərmişdir. Cığatay şerinin və türk xalqlarının yaratdığı müştərək ədəbiyyatın böyük ustadı Əmir Əlişir Nəvai də daxil olmaq üzrə, bir çox türk şairi Nizamini ya tərcümə etmiş və ya ona bənzətmə yazmışlar. Bunların arasında orijinallığı və bəlkə də üstünlüyü bir sıra tədqiqatçılar tərəfindən qəbul edilən öz “Leyli və Məcnun”u ilə məşhur azəri-türk şerinin və bütün türk ədəbiyyatının böyük nümayəndəsi Füzuli də vardır.
Nizaminin qonşu Gürcüstanın ədəbiyyatına göstərdiyi təsir XII əsrin sonlarında yaşamış “Pələng dərisi geymiş pəhləvan” müəllifi məşhur Şota Rustavelinin yaradıcılığını tədqiq edənlər tərəfindən təsdiq edilməkdədir. “Rustaveli dövrünün abidələri”ni tədqiq edib incələyən akad. İ.Orbelinin qənaətincə, “Rustavelini anlamaq, həm də layiqincə anlamaq, XII və XIII əsrlərdəki Şərq mədəniyyətini anlamaq deməkdir. Rustavelini layiqincə, bütün dərinliyilə anlamayan bir adam, deməli, Şərqi də anlamayır”.

Gürcü professorlarından rustavelişünas Pavel İnkorokva öz məqaləsində vaxtilə Nizaminin “Leyli və Məcnun” və “Xosrov və Şirin” poemalarının gürcü dilinə tərcümə edildiyini tədqiq və isbat edir. Professorun fikrincə, “Pələng dərisi geymiş pəhləvan” poemasının tədqiqi göstərir ki, Ş.Rustaveli üçün “Şərq mədəniyyəti, gürcü mədəniyyəti qədər yaxın və doğma idi”. Həmin müəllif qeyd edir ki, Şotanın əsərində “Leyli və Məcnun”un buraxdığı izlər vardır: Tariyel Qeysin tayıdır, onun kimi dəli olub çöllərə düşür, vəhşi heyvanlarla yoldaşlıq edir; onu müşayiət edən Aftandil isə Nofəlin varisidir”. “Pələng dərisi geymiş pəhləvan”ı gürcü dilindən ruscaya çox gözəl tərcümə edən Şalva Nutscubidzenin qeydinə görə, XII əsr gürcü ədəbiyyatında Rustavelinin yaşlı müasirlərindən Çaxruxadzenin əsərlərində belə Nizamiyə işarələr vardır. Rustaveli Nizaminin açdığı Şərq Renessansının yolu ilə getmişdir.

Farsca yazdığına görə millətlərarası sahədə İran ədəbiyyatına və beləliklə, İrana mənsub edilən Nizamiyə Avropada da əhəmiyyət verilmişdir. Şərq və bilavasitə İran ədəbiyyatı tarixi ilə məşğul olanlar ona çoxlu tədqiqatlar həsr etmiş və hətta haqqında kitablar da yazmışlar. Şairin əsərləri qismən də olsa, Avropa dillərinə tərcümə olunmuşdur.

XIX əsrin əvvəllərindən başlayaraq, İngiltərə, Almaniya, Fransa, İtaliya və Rusiyada Nizami haqqında çap olunmuş əsərlərin sayı onlarcadır.

Nizaminin əsərlərinə yazılan bənzətmələrlə bu əsərlərə aid nəşr olunmuş tədqiqatlar haqqında – kitabımızın sonunda biblioqrafik məlumat veriləcək. Şairin dünya ədəbiyyatındakı mövqeyi haqqında oxucularımızda tam bir təsəvvür yaratmaq üçün ədəbiyyatçı və tənqidçilərin – həm Şərqin, həm də Qərbin – Nizami haqqındakı rəy və təqdirlərini aşağıda iki bölümdə ayrı-ayrı xülasələşdiririk.

  -

Şərq ədibləri Nizamini (əsərlərinə yazılmış hədsiz-hesabsız bənzətmə və nəzirələrdən göründüyü kimi), şairlikdə klassik İran ədəbiyyatının mürşidi kimi tanımış və “məsnəviçilərin imamı və Şərq əfsanə yazanlarının şeyxi” saymışlar. Bu baxımdan onların nəzərində Nizami, nəhəngliyi ölçülə bilməyən bir yaradıcıdır; klassik istilahla desək, o, ixtiraçıdır. Bunun ən böyük şahidi kimi Nizamidən sonra yazıb-yaradan şairlərin heç birinə onun işlədiyi mövzu, istifadə etdiyi vəzn və formadan xaric bir dastan yazmanın nəsib olmadığı irəli sürülür.
Nizamidən əvvəl “Xosrov və Şirin”, “Yeddi gözəl”, “Leyli və Məcnun” poemalarının mövzuları qədim kitablarda, qismən ərəb dilində nəzm halında, qismən də farsca, pəhləvicə və ərəbcə nəsr şəklində mövcud idi. Nizami, ilk dəfə olaraq, onları özünəməxsus sənətlə nəzmə çəkmiş və rəngarəng şerlərlə canlandırmışdır.

Nizami yalnız təbinin sehrli təsirilə deyil, öz dövrünün bütün biliklərinə sahib geniş qavrayışı ilə də qələm yoldaşları arasında görkəmli yer tutmuşdur. Təkcə Xaqani Şirvani, Ənvəri, Kəmaləddin və Cəmaləddin İsfahani kimi yüksək səviyyəli müasirlərinin deyil, həm də özündən sonrakı əsrlərdə yaşayıb-yaratmış, ədəbiyyat üfüqlərində məşhur olan bütün şer ulduzlarının üzərində parlayan bir nur kimi, daha doğrusu, parlaq bir günəş kimi əsrlər boyu gələn nəsillərə öz feyzinin hərarətini vermişdir.

Nizaminin ölümündən təqribən əlli il sonra “Əl-Mücəm” adlı əsərində Şəms-i Qeys adlı bir yazıçı ədəbiyyata aid xatirələrində yazır ki, həm nəzmi, həm də nəsri yaxşı bilən bir ədib dostu ədiblərə məxsus məhrəm bir məclisdə Nizaminin “Xosrov və Şirin”indən seçilmiş parçaları xoş bir səslə oxuyurdu, məclisdə oturmuş bir neçə “zərif”lər onun oxuduqlarını ahəngə uyduraraq asta-asta dəfdə çalırlar. Bu hekayə bizə artıq o zamanlarda Nizami sənətinin şöhrəti və sevildiyi haqda maraqlı məlumat verir.

Hicri VII (miladi XIII) əsrin başlanğıcında yazılmış “Lübab-ül-əlbab” əsərində onun müəllifi, öz dövrünün məşhur bioqrafı, ədəbiyyat həvəskarı və söz mütəxəssisi Məhəmməd Oufi Nizami haqqında yazır: “Gəncəli Nizami məharətli ifadələri və mənimsədiyi biliyin sərvəti vasitəsilə incəliklər xəzinəsini dünyadakıların başına səpmişdir”. “Məxzən-ül-əsrar”ında gizlənmiş eşidilməmiş sözlər meydana çıxarılarsa, aşiqlərin ürəkləri ovlanar; “Leyli və Məcnun” mənzuməsinin Türküstanındakı gözəllər üzlərindəki yaşmağı atsalar, zəmanənin bütün ağıllı adamlarının ağlını alarlar; şirindillikdə bilik taxtının xosrovu olduğundan o, “Xosrov və Şirin” dastanını Ünsürinin kefini pozacaq bir şəkildə nəzm etmiş və bəlağət mülkünün sultanı olduğu üçün İskəndərin sərgüzəştini bir güzgü aydınlığı ilə oxucuların gözləri önündə tutmuşdur. Biliciliyin və müdrikliyin xütbəsini İskəndərin naminə, sikkəsini də onun adına zərb etmişdi”.

Hicri VIII (XIV) əsrdə Zəkəriyyə Qəzvini və Əbd-ür-Rəşid Bakuvi öz əsərlərində Nizamidən bəhs etmişlər. İslam dünyasının tanınmış bu iki coğrafiyaçı və bioqrafları hələ o zaman şairin əhəmiyyətini qeyd edərək, onun “ürfan və hikmət sahibi nadir bir sənətkar” olduğunu bildirmişlər.

Hicrətin IX (miladi XV) əsrinin müəlliflərindən Dövlətşah Səmərqəndi öz məşhur “Təzkirət-üş-şüərası”nda Nizamidən bəhs edərkən: “Şeyxin dəyər-qiymətini və əzəmətini ifadə etmək üçün söz də, yazı da acizdir,” – deyərək əlavə edir: “Onun sözlərində və şairlik sənətində elə bir gözəllik vardır ki, mərifət sahibi olan bütün zəkalı adamlar onu axtarmaqdadır”.

Nizaminin “Xəmsə”sinə ilk nəzirəni yazan Əmir Xosrov Dəhləvi öz “Məcnun və Leyli” poemasının müqəddiməsində “Sənin söylədiklərinin hamısı Nizamidəndir” – deyənlərə cavab olaraq yazdığı sətirlərdə, Nizaminin yaradıcılığındakı üstünlük və birinciliyini bildirərək deyir:

An gəncfeşan-e gəncpərvərd,
Budəst bedin məta dər xvərd.

Bari nə bədəl, məgər həmin bar,
Kari nə degər, məgər həmin kar.

(Xəzinəni bəsləyən də, saçan da odur, bu iş onun boyuna biçilmişdir, əvəzini deyil, eynini veririk; başqa iş deyil, eyni işi görürəm).
Iran klassiklərindən ən məşhuru Sədi Şirazi tanınmış “Bustan” əsərində Nizamidən çox ilhamlanaraq, ondan misallar, beyt və misralar iqtibas etmişdir:

Xerədməndan-e pişin rast qoftənd,
Məra xod kaşki madər nəzadi.

Bu beytdəki “xerədməndan” (“müdriklər”) sözündən məqsəd Nizamidir, çünki ikinci misra ondan alınmışdır.
Klassik İran şerinin ən parlaq örnəyi sayılan qəzəllərilə məşhur olan Hafiz Şirazi öz “Müğənninamə”sində Nizamidən bu şəkildə bəhs etmişdir:

Ze nəzm-e Nizami ke çərx-e kohən,
Nədarəd coz u hiç ziba soxən!

yəni: “əski dünya Nizaminin nəzmi kimi gözəl bir sözə malik deyildir”.
Nizamiyə nəzirə yazan farslar arasında ən müvəffəqiyyətlisi Məktəbi Şirazidir. O, Nizaminin tərifində bu beytləri yazmışdır:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets