Sabirə
I
O geniş alnı bir günəşli səma,
Bir sevimli, düşüncəli sima.
Gözlərində dərin bir ülviyyət,
Bir üfüqsüz səbat, ciddiyyət.
Bir təbəssüm dodaqlarında əyan,
Oynayır titrəyən kimi hər an.
Zahiri sanki şən, gülər kimidir.
Batini həp yetimələr kimidir.
Gülür o hıçqırıqla, ağlayaraq,
Ağlayır, hey gülür kimi duraraq.
Elə bil o qiyafətilə yenə,
O gözəl, incə sənətilə, yenə,
Şairanə, dəqiq rəmziylə,
Güldürür bir lətifə tərziylə.
Bizə dövründən o hekayət edir.
Qələm əldə acı şikayət edir.
Bax bu sima o Sabirə yaraşır.
O böyük, şanlı şairə yaraşır.
II
Səni bir az da oxşayım, Sabir!
Noldun eyvah, möhtərəm şair?
Hardasan səbr, zəhmətin mələyi?
Hardasan şeir, sənətin çiçəyi?
Ədəbiyyata bir cığır açdın!
Yollarında bənövşələr saçdın!
Açır indi yenə gözəl güllər.
Çəkdin ancaq bu yolda, ah, nələr!..
Səni o dərd, möhnət inlətdi.
Səni öz millətin vərəmlətdi.
Bir zaman, ah, şerə başlar idin,
Ruhumu dadlı-dadlı oxşar idin.
Susdun eyvah, hardasan indi?
Səni yoxluq yatırtdımı əbədi?
Parlaq ulduzdun, ah, neçin söndün?
Sandım, ey çərx, sən də bəs döndün
Mehvərindən; qiyamət oldu əyan.
Ah, xülya imiş bu zən, bu güman.
Ədəbiyyatda söndü bir aləm,
Sənə təsirsiz oldu bu matəm.
III
Siz, siz, ey kor və kar, lal insanlar!
Siz, siz, ey fitnə, şərr, nadanlar!
Siz, siz, ey bişüur olan cühəla!
İndi siz rahət oldunuzmu daha!
Yox!.. O mərhumun ismin andıqca,
Ədəbiyyatda yer qazandıqca,
Sizi nifrətlər ilə yad eylər,
Sizə dair lətifələr söylər.
Sabirim, yox, sən ölmədin, dirisən!
Sönməz ulduz kimi, günəş kimisən.
Biz qaranlıqda söndü o, sanırıq.
Hər şeyin zahirinə aldanırıq.
Halbuki yox deyil də, sən varsan,
Tutmusan qəlbimizdə indi məkan.
IV
Qardaşım, bircə istərəm bilmək:
“Bu cahanda bu – var, o – yox” nə demək?
Cism bir halda hər zaman qalmaz.
Var olan şey cahanda yox olmaz.
Belədir, Sabirim, bu köhnə həyat,
Edərəm fikrimi belə isbat:
Məsələn, qətrə su düşərsə yerə,
Quruyur, yox olur o bilmərrə.
Hanı o qətrə su? – deyə sorsaq,
Səslənər göydən o cavab olaraq:
“Burada indi tutmuşuq mənzil,
Edərik biz buludları təşkil.
Bu təbiət bizi buxar etdi,
Uçurub göydə bərqərar etdi.
Yenə mayeləşib suya dönərik.
Yenə damcı olub yerə enərik”.
İndi ol qətrə yox, bu heçmi demək?
Halbuki yox deyil də var, bişək!
V
Bir də sözdür yaşar, qalar baqi,
Bürüyər nuru ilə afaqi.
Nolar, ey söz, günəş desəm sənə mən,
Çünki zərrat işıq alır səndən*.
Sən də bu fikrə eylədin iqrar.
İndi, ey adlı-sanlı sənətkar!
Səni mütləq cahanda var sanıram.
Bizim ilə səni yaşar sanıram.
Oxuduqca sevimli hər sözünü,
Görürəm sanki dilrüba üzünü.
Görünürsən o halətinlə mənə,
Gülər, ağlar qiyafətinlə mənə.
Ah, gördükcə qəmli halətini,
Ağlaram, dinlərəm şikayətini.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-sabire
Use ← → keys to move, R for a random poem
More by this author
Hər oğlan ki evlənir, hər qız ki gedir ərə,Xoşbəxtlik istəyirsə, bunu alsın nəzərə:
Dan yeri sökülür, hər tərəf rənginDan yeri sökülür, hər tərəf rəngin,Şəfəqdən don geydi dağ, dərə əngin.
İstəkli nəvəm ÜlkərəBir gün səhər dalmışdım ulduzların seyrinə,Gözləyirdim üzümə haçan gülər Ülkərim.
Tülkü və xoruzBir it ilə bir xoruz köçdən qalmışdı. Bunlar bir-biri ilə dost olub çöldə yaşayırdılar. Gecələr xoruz ağac başında, it də ağacın altında yatırdı.Bir gün səhər dan yeri ağaranda xoruz ağac başında ucadan banladı. Yaxında ov axtaran bir ac tülkü xoruzun səsini eşidib gəldi. Ağac altında çömbəlib gözlərini xoruza dikib oturdu. Sonra mehriban səslə dedi:
Poems by other poets
Bu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Haralısan?Haralısan soruşanlara*Qırx ildir vətəndən aralıyam mən,
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,