Sevgilim, bülbülə olsaydı gülün imdadı,Bülbülün aləmi ağlatmaz idi fəryadı.

Eşq sevdasına layiqli deyil hər aşiq,Dərdü qəm çəkməyə gər olmasa istedadı.

Qopsa yüzlərcə bəla, qəlbinə təsir etməz,Hər kimin eşqilə möhkəm qurulub bünyadı.

Gör necə hüsndə məğrur idi Şirin özünə,Dağ-daşı çapmağa məcbur elədi Fərhadı.

Hanı rəhmətlik o Məcnun, gedib dünyadan?Bizik indi o bəlalər çəkənin övladı.

Hüsni-Leylanı da Məcnun özü öyrətdi bizə,Əhli-eşqin odur aləmdə böyük ustadı.

Məni, Vahid bu qədər sevgilim incitməz idi,Yerə girsin, görüm, ey kaş, rəqibin adı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love