Yeri, ey bivəfa, həq varsın işin,Ömrümüzə xələl qatdığın yetər.Yadlar ilə xəlvət aşina olub,Aşikar boynundan atdığın yetər.

Dərdü qəm çəkməkdən cana yetdim mən,İnsafü mürüvvət eyləmədin sən;Yandırıb şəm tək bizi sübhədən,Özün rahət ilə yatdığın yetər.

Gah küsülü olub, gahi barışıb,Bir saat keçməmiş ara qarışıb,Tənəli-tənəli sözlər danışıb,Əlini dizinə çatdığın yetər.

Nə cəfa çəkərik, nə can üzərik,Bu gündən belə də yarsız gəzərik;Daş basarıq bağrımıza, dözərik,Bu qədər özünü satdığın yetər.

Adam gərək bir üz qoya arada,İqrarı, imanı verməyə bada;İncitmə Zakiri bundan ziyada,Bir usan, günaha batdığın yetər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets