Nəriman Nərimanovun oğlu Nəcəfə bitməmiş məktubuMoskva, 28 yanvar 1925-ci il."1895-ci il yanvarın 15-də Bakıda Tağıyev teatrında ilk dəfə mənim “Nadanlıq” pyesim tamaşaya qoyuldu. Həmin günü mən ədəbi işimin başlanğıcı hesab edirəm. Bu gün 1925-ci il yanvarın 28-də həmin hadisədən 30 il keçir. Dostlarımdan bəziləri bunu bilib həmin günü qeyd etmək istədilər. Onlardan teleqramlar alınmışdır... Əlbəttə, əgər ciddi düşünsən, demək olar ki, mən heç bir şey etməmişəm. 30 il! Bu müddət ərzində bəzi şeylər etmək olardı. Həmin müddəti mənim bu illərdə yazdıqlarımla müqayisə etdikdə utanmalı olursan... Digər tərəfdən isə həmin vaxtı təsəvvür etdikdə, bütün şəraiti, həyatımın keçdiyi dolanbac yolları nəzərə aldıqda, bir şeydə təskinlik tapırsan ki, az da olsa bir iş görülüb. Məni əhatə edən mühit, bu mühitin geriliyi, irəliyə hərəkətindəki ətalət, ətrafımızdakı həyat təzahürlərinə soyuq münasibət, millətlər arasında gedən mənasız çəkişmələr, buradan da doğan iztirablar: qan, göz yaşları, yoxsulluq, yalan və bir sıra başqa şeylər, bunlar mənə rahatlıq verməyib, mənim yazdıqlarım bütün bunları göstərir. Bəlkə də bu, çox sönük, bədiilikdən uzaq, bacarıqsızlıqla təsvir olunub, mənim öz qüvvə və məkanlarım daxilində yazılarım göstərir ki, mən bir çoxları kimi ətraf mühitə laqeyd qala bilməzdim, mənim qəlbim sakit deyildi, mən istəyirdim və cəhd edirdim ki, bəşəriyyətə heç olmazsa bir xeyir verim. Bu və yalnız bu, mənə bir qədər təskinlik verir ki, 30 il ərzində ictimai sahədə işləmişəm. Əgər öz işimlə heç olmazsa on nəfəri həmin “xəstəliyə” yoluxdurmağa nail olmuşamsa, deməli, mən, mənim şüurum o mənada sakit olar ki, mən hədər yerə yaşamamış, bu geniş, lakin darısqal dünyada bir guşə tuta bilmişəm...
Нариман Нариманов19256 мин