Страница 2 из 8 · 13%

– Ə kişi, bəs deyirdin “Futbol” yoxdur? Deməli, daşbaşçün saxlamısanmış. Barı saç-saqqalından utan!

Salman kişi partladı:

– Ağzını dağıtma, qırışmal! Daşbaşı atan eləyir. Bu yoldaş abunəçi yazılıb. Abunəçini qoyub sənə verəcəyəm?

Nemət aralanıb gedə-gedə Salman kişinin səsini eşidirdi.

– Son də zəhmət çəkib vaxtında yazılaydın.

– Abunəçi burdan niyə gəlib alır? – Oğlan son zəif bir cəhd də etdi.

– Evinə yazdırar da...

– Kefi belə istəyir. Burda yəni sənlik bir iş var?

Salman kişi elə böyük bir canfəşanlıqla ağın qara olduğunu isbat edirdi ki, çil-çil köynək oğlan təslim bayrağını qaldırdı:

– Yaxşı, nöş dava eləyirsən? Bir sözdü dedim, deməmiş olum, bağışla.

Nemət dodaqaltı qımışa-qımışa bağa girdi. Boş skamyada əyləşdi. “Yox, deyəsən, bu gün pis başlamayıb... qəribə yuxu. Dadlı səhər yeməyi. Ətirli filtr. İki “Futbol” qəzeti”.

Günəşli ilıq gündü. Ağ seyrək buludlar pərən-pərən olub göyə dağılmışdı. “Belə gündə həmişə adamın ovqatı xoş olur”.

Amma ovqatının xoş olmasının ayrı, daha vacib səbəbi də vardı: Dadaş kişi sözünün üstündən qaçmasa...

Qəzeti açıb baxmağa başladı. SSRİ və İrlandiya seçmə komandalarının sabahkı oyunu haqqında yazılar dərc olunmuşdu. Məşqçilərin bəyanatları, komandaların heyəti, gümanlar, fərziyyələr...

– Sabahın xeyir, Nemət, işə getmirsən?

Narın ətir iyi Nemətin burnunu çaldı. Başını qaldırıb Təhminəni gördü.

– İndi gələcəyəm. Hazırlıqlı gəlmək istəyirəm. – Əlindəki qəzeti göstərdi. – İstəyirəm futbol yeniliklərindən əvvəlcə özüm agah olum.

Təhminə:

– Görək axırı bu futbol sizin başınıza nə oyun açır, – dedi və gülümsündü. Ağappaq, xırda tən-bərabər dişləri vardı. Qarğıdalı dənələri kimi bir boyda və narın.

Qırmızı bahan paltarının qolları kəsik idi. Yaxasından ətəyinəcən bir düzüm düymə cərgələnmişdi.

– Yaxşı, hələlik, – deyə əl elədi, uzaqlaşıb getdi.

Nədənsə Nemət Təhminəni ürəyində həmişə Kaman-qız çağırırdı.

“Kaman-qız!” Özünə deməmişdi, amma onu gördüyü ilk günlərdən belə adlandırmışdı. Səsinə görə yox. Səsi boğuq və bəm idi. Bəlkə ona görə ki, ucaboylu, arıq idi, uzun ayaqları vardı. Bəlkə də ona görə ki, kaman kimi onu da ancaq şaquli təsəvvür etmək olurdu.

Bəzi qadınları üfüqi təsəvvür edə bilirsən. Amma Kaman-qız şaquli qadın idi, gözlərini yumsan da, onu yalnız dimdik görəcəksən. Uzun ayaqlarıyla addımlayır, gedir. Quş kimi harasa tələsir. Həmişə ayaq üstə. Şəməşək. Kaman-qızı yataqda uzanan təsəvvür etmək çətindir. O yalnız üz-üzə dayanıb öpüşə bilər, qollarını boynuva salar.

Dolayar qollarını boynuva. Dolayar uzun qollarını boynuva. Dolayar uzun qollarını boynuva şərf kimi.

Yox, deyəsən, doğrudan da, bu gün pis başlamayıb. Bütün ayrı gözəlliklərdən başqa səhər-səhər dünyalar gözəlinin qarşına çıxması, iki kəlmə söz kəsməsi savabların savabıdır.

– “Görək Dadaş kişi ovqatımıza soğan doğramasa. Dəbbələməsə!”

Dünən işdən çıxıb evə gəlirdilər, birdən Dadaş Nemətə müraciət elədi:

– Yaxşı, de görüm, sən bədii ədəbiyyat tərcümə eləmirsən? Vallah, deyir, elmə də, kütləyə də canım qurban, başımı elə bu yolda ağartmışam, amma tək elmi-kütləvi ədəbiyyat tərcüməsindən nə çıxacaq! Deyir, qaz vur, qazan doldur. Yaxşı, savadlı, ixtisaslı tərcüməçisən. Yavaş-yavaş keç bədii ədəbiyyat da tərcümə elə.

– Eləyirəm də, Dadaş müəllim, hərdən görürsən düşəndə hekayədən, oçerkdən...

– Hekayədən, oçerkdən nə olsun e... Maşallah bir çoton külfətin var.

– İndi kinostudiya üçün “dublyaj” eləmişəm. “Jivıye i mertvıye” kino var e, bilmirəm, görmüsünüz...

– Hə, Simonovun romanını çəkiblər...

– Bəli.

Aralığa sükut çökdü. Nemət tilov atmış balıqçı kimi gözləyirdi. “Hər halda məndən deməkdi. Tutdu qatıq, tutmadı ayran. Səhərdən bəhanə axtarırdım. Yaxşı ki, sözü özü saldı”.

Kiçik bir tərəddüddən sonra Dadaş:

– Lap yaxşı, – dedi, – o roman bizim nəşriyyatın planında da var. Götür tərcümə elə. Bacararsanmı?

Nemət şiddətli ürək döyüntüsünə görə dilinin dolaşacağından qorxdu, bir müddət danışmadı. Sonra:

– Dublyaj eləyəndə materialın içinə girmişəm, – dedi və nəfəsini dərdi, – mətnə elə alışmışam ki, məncə, çətin olmaz.

– Neynək. Mənim etirazım yoxdur.

Yenə bir müddət susdular. Dinib-danışmadan addımlayırdılar.

– Amma bilirsiniz də, Dadaş müəllim, – Nemət sükutu pozdu, – qabaqdan yay gəlir. İstəyirəm ayrı iş götürməyəm, elə bütün yayı oturub bunu işləyəm.

Dadaş arif idi. Mətləbi göydə tutdu.

– Sabah yadıma sal, – dedi. – Müqavilə bağlayaq səninlə. Oturub rahat işləyə biləsən.

– Çox sağ olun.

Pis kişi deyil bu Dadaş. Görüb-götürmüş adamdır. Özü deməyinə qırx ildir nəşriyyatda işləyir. Deyir başımın tükü sayı adamlar görmüşəm burda. Otuz beş il bundan qabaq kuryerlikdən başlayıb...

Ay Dadaş, başıva daş.
Tərpənmə belə yavaş.

Bəli, şunu götür, şunu qoy. Ora qaç, bura qaç. Ora-bura qaça-qaça bir gün olub korrektor, sonra redaktor, sonra şöbə müdiri... nə isə, indi nəşriyyatda heç beş də yox, üç kişinin biridir. Hörməti, sözkeçərliyi müdirdən heç əskik deyil.

Amma, insafən, heç özünü dartmağı-zadı yoxdur. Böyüknən böyükdü, kiçiknən kiçik. Boş damarı da ki, futbol. Pah atonnan! Bu yaşda belə həvəs?! Futbol adı gələndə kişinin gözü-başı qaynayır. Elə “Futbol”un ikinci nüsxəsini də onunçün götürmüşdü.

Avtobus dayanacağa çatıb nəfəsini dərdi. Qapıları açıldı, düşüşminiş başlandı. Nemət nömrəsinə baxdı. Yox, mənimki deyil. Onun avtobusunun nömrəsi Nemətin yaşına uyğun idi – 33.

Görəsən, camaatın dediyi nə dərəcədə həqiqətə uyğundur? Yəni doğrudan Dadaşla Təhminənin arasında ayrı haqq-hesab var? Heç inanılası deyil. Dadaş hara, Təhminə hara? Təhminə! Kaman-qız! Bəli, bu da sənin kaman-qızın. Şaquli qadın. Yox əşi, inanmıram, sözdür. Camaatdır da, danışmağa qeybət gəzir... Amma bir yana baxanda... Dadaş da az aşın duzu deyil ha, yüz fırıldaqdan çıxıb. Bildir Daşkəndə konfransa gedəndə yadımdadır nə oyunlardan çıxırdı.

Nemət bir də Dadaşla Təhminəni gözlərində canlandırdı. Dadaşın yekə qarnını, daz başını, ziyilli burnunu... bir də Təhminənin uzun qıçlarını, uzun qollarını.

Üz-üzə dursaydılar Dadaşın başı Təhminənin çiyninə çatmazdı. “Dola qollarını boynuma!” Qollarını Dadaşın yoğun peysərinə dolamaq üçün Təhminə gərək dizi üstə çökəydi. Ya da Dadaş taburetkanın üstünə çıxaydı...

Nemət xəyalında canlandırdığı mənzərəyə özü də güldü. Dadaş taburetkanın üstündə! “Əşi, mənim nə borcuma! Onun əri var, bunun arvadı: özləri bilərlər. Bu gün mənim müqaviləmə qol çəksin. Vəssalam, şüttamam. Onda yayın pulu düzəlir. Onda bu gün dublyajdan mənə çatacaq pula maqnitofon alaram. Karmenə çoxdan söz vermişəm”.

Karmen Nemətin böyük qızı idi. Üç qızı vardı, Ortancılı Cilda, kiçiyi Nərgiz.

Nemət nə səsini itirmiş sabiq müğənni idi, nə də opera dəlisi. Opera dəlisi rəhmətlik Əsəd kişi idi. Karmenlə Cildanın atası, Sürəyyanın birinci əri.

Nədənsə bir səhnə heç Nemətin gözləri qarşısından getmirdi: Əsəd kişi iri lırt meşin kürsünün lap dibinə çöküb. Bir dizinin üstünə Karmeni alıb, bir dizinin üstünə Cildanı. Hardansa tapdığı nadir opera vallarına qulaq asırlar.

Karmen olardı o vaxt yeddi-səkkiz yaşlarında, Cilda beş-altı yaşında. İndiki kimi yadımdadır, qızların cüt paltarları vardı. Moskvadan gətirmişdi, çəhrayı paltarlar, qırçınlı, göm-gödək... Başlarında iri çəhrayı bantları vardı. Yanaqlarından da qan damırdı. Qıpqırmızı. Üzlərini Əsəd kişinin üzünə qoyub saatlarla qulaq asardılar. Əsəd kişi də elə bil cənnətin tən ortasında oturub, aldığı zövqdən-səfadan gözlərini yumardı.

Bir dənə də qəribə abajurları vardı. Elə xoş, ilıq işıq salırdı ki, bütün otaq isti pürrəng çay rənginə çalardı.

Karmen məktəbə gedəndə dərslərindən axsamağa başladı. Əsəd professor idi, məşhur cərrah idi, ora-bura çəkirdilər, uşaqla məşğul olmağa hövsələsi hardandı? Elə boş vaxtı olan kimi valları qoyub çorta gedirdi.

Uzun sözün qısası, soraqlaşıb Neməti tapdılar. Köhnə pulnan ayda 150 manata Nemət Karmenlə məşğul olurdu. Cildanı da məktəbə hazırlayırdı.

55-ci il idi. Nemətin 23 yaşı vardı, mətbəədə mürəttib köməkçisi işləyirdi, universitetdə də qiyabi oxuyurdu, biblioqrafiya şöbəsində.

Anası bir il bundan qabaq rəhmətə getmişdi. Ömür vəfa eləmədi ki, atasının şad xəbərini alsın. Arvadı basdırandan iki həftə sonra Nemətə atasının bəraət kağızını təqdim elədilər.

Əsəd Sürəyyadan iyirmi iki yaş böyük idi. Müharibədən qayıdandan bir il sonra Sürəyyayla evlənmişdi.

Qısa müddətdə Nemət Əsədgilin ailəsinə çox isnişdi. Kasıblıq çəkdiyini bilirdilər, tez-tez nahara saxlayırdılar: “Tələbə babasan, otur, görək Sürəyya xanım bizi nəyə qonaq edəcək” – deyə Əsəd onu masanın başına dəvət edərdi. Həmişə arvadına “Sürəyya xanım” deyərdi. Nemət bir dəfə də olsun eşitməmişdi ki, Əsəd arvadını eləcə “Sürəyya” çağırsın, “xanımsız”, yox, həmişə “Sürəyya xanım” ki, “Sürəyya xanım!”

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов