Günlərin bir günü
Страница 3 из 8 · 25%
Böyük otaqları vardı. Yumşaq xalılarla döşənmişdi. Xalılar addım səslərini su hopduran kimi canlarına çəkirdi. Divarda Əsədin atasının iri şəkli asılmışdı.
Qonaqları oldu, olmadı, fərqi yoxdur, həmişə masanın üstünə ağappaq, nişastalı süfrə salınardı. Bahalı qab-qacaq, gümüş çəngəl-bıçaq düzülərdi. Ailə üzvləri yaxalarına ağ salfet salıb eyni vaxtda masanın başına keçərdilər.
Ev-eşik par-par parlayardı. Nemət heç bir dəfə də olsun Sürəyyanı, ya qızlarını səliqəsiz görməmişdi. Həmişə paltarları ütülü, saçları daranmış.
Hər dəfə Nemətə elə gəlirdi ki, Sürəyya hamamdan bax bu dəqiqə çıxıb: əl-üzü tərtəmiz, ağappaq. Dərisi hamar-hamar...
Çox vaxt Nemət İçərişəhərdəki dar, rütubətli daxmasına qayıdıb bütün gecəni yata bilmirdi. Gözünü əhəngi tökülmüş divarlara zilləyib, yerində o yan-bu yana qurcuxurdu, yatanda da elə bil yuxusuna od tökülürdü.
Novruz bayramı axşamı Neməti yenə saxladılar. Ağ süfrəyə yaşıl səmənilər, nazik, rəngbərəng şamlar, boyalı yumurtalar, bəzəkli xonça düzüldü. Şəkərbura, paxlava gəldi.
Əsəd:
– Yaxşı, xoş bayramdır, – dedi. – Amma heyif ata-babalarımız bir az xərifləyiblər içkini haram eləyəndə... İçkisiz məclisin nə duzu?
Nemət gülümsündü. O bilirdi ki, Əsəd içən deyil. Bu sözləri də yüngül zarafat naminə, məzəyçün deyir.
– Deyirəm, Nemət müəllim, – o yenə qımışdı: “Nemət müəllim”, – gəlsənə bu köhnə bazara təzə nırx qoyaq. Bir balaca qədim ənənəni pozaq. Deyirəm o rəhmətlik kişilər bizdən inciməz, həmi?.. Əslinə qalsa, onların özlərinin də içməklə araları saz imiş.
Əsəd kişi uzun bir əhvalat danışdı, 22-ci ildə 17 yaşında, ilk dəfə Bakıya gəlməsindən, əhli-kef əmisiylə içki məclisinə düşməsindən (indiki zabitlər evi var ha, bax, onun yerində restoran idi), ömründə ilk dəfə dilinə araq vurmasından, sonra da halının xarab olmasından, biabırçılıqdan... Susdu və əlavə etdi:
– Gəl adama bir azacıq konyak içək. Şirniyyatın malı konyakdır.
Sürəyya xırda, zərif qədəhlər gətirdi.
– Sağ olaq! Deyirəm gəl içək Sürəyya xanımın sağlığına!
Nemət:
– Sağ olunuz! Sürəyya bacı, sizin sağlığınıza! – dedi və həyatında ilk dəfə içdi.
İkinci qədəhdən imtina etdi. “Gərək abırlı gedəm” deyə düşündü.
Amma abajurun işığı o qədər mülayim, ilıq, mehriban, çay o qədər ətirli, Əsədin çaldırdığı musiqi o qədər həzin idi ki, heç durub getməyi gəlmirdi.
Əsədgildən çıxanda gec idi. Küçədə dönüb bir də onların dördgöz pəncərəsinə baxdı. İki pəncərə qaranlıq idi – qızlar yatmışdılar. İki pəncərə isti pürrəng çay rəngli idi. Onların ardında musiqi səsləri yumşaq xalçalara hopub itirdi.
Nemət bu pəncərələrə baxdı, baxdı, birdən tramvayın xırıltısını eşitdi, bildi ki, son tramvaydır, götürüldü, sürüşüb yıxıldı, tələsik durdu, yenə qaçdı və özünü zorla çatdırıb, axırıncı vaqonun dal qapısından içəri atıldı.
Tramvay bomboş idi. Nədənsə içəridə işıq da söndürüldü. Relslər üstündə taq-taq taqqıldayan tramvayın axırıncı vaqonunda bir Nemət qaldı, bir də pəncərələrdə əks olunan ulduzlar. Qabaqkı vaqonda konduktor qızla sürücü oğlan bərk mazaqlaşırdılar. Dünyayi-aləm gözlərində deyildi.
Havada baharın nəfəsi duyulurdu. Yaz gecəsinin nəfəsi.
Bir fikir-hiss qəfil külək kimi Nemətin içində qopdu, bayraq kimi qəlbində dalğalandı: birdən-birə dərk etdi ki, Sürəyyaya aşiq olub. Bu kəşf damardakı qan kimi təpədən topuğacan içini dolaşdı, dövran etdi, qızdırdı. İçində nə isə uçub dağıldı. Düşündü, anladı ki, bu, hədər, ümidsiz, gümansız bir sevgidir. Nə əvvəli var, nə axırı. Sürəyya onunçun əbədiyyən çatılmazdır. Və bu fikrin mütləqliyi xəstə bir ehtiras kimi onu daha da gözərtdi, qövr etdirdi, elə bil qəlbinə, beyninə bir qom qor atdılar.
Kədərlənmədi. İlıq, titrək, nigaran bir duyğu bütün varlığını limhəlim doldurmuşdu. Elə bil tramvay silkələndikcə o bu hissin bir giləsinin, bir damcısının dağılacağından qorxurdu.
Tramvay relslərdə çaqqaçuruq atlandıqca pəncərələrdə ulduzlar diksinirdi...
O gecə dar daxmasına getmədi. Səhərəcən küçələri hadırladı. Səhərəcən Sürəyya da onunlaydı.
Aman Allah! Elə bil bütün bunlar dünən olmuşdu. Ya da min il bundan qabaq. İndi, on il sonra o mart gecəsinin uzaq ürkək xatirələrini düşündükcə Nemət gülümsünürdü.
Həyat qəribə gözlənilməzliklərlə doludur. On il bundan qabaq, o mart gecəsi Nemətə ömrünün bax bu gününü, 65-ci il 5 iyun gününü danışsaydılar, inanmazdı.
Bu gün səhərdən bəri baş vermiş ən adi, xırda hadisələr – Sürəyyanın onu yuxudan oyatması, qarşı-qarşıya oturub çay içmələri, qəndqabını bir-birinə ötürmələri, evdən çıxarkən sağollaşmaları – bütün bunlar hamısı on il bundan qabaq Nemətə mümkünsüz bir xülya, çatılmaz bir röya kimi görünürdü. Doğrudan belədir e...
Bu fikirdən başqa bir xoş ümid də doğdu. Bəlkə on il sonra həyatında olacaqları da bu gün heç təsəvvürünə gətirə bilmir. Nemət ən gizli arzularını, quyular dibində gizlətdiklərini, heç bir zaman həyata keçəcəyinə inanmadıqlarını yada salmağa çalışdı. Yadına saldı, düşündü, güldü. Yəni doğrudan bir vaxt gələcək, bütün bunlar reallığa, doğruya çevriləcək? Çətin ağlım kəsir. Amma məgər on il bundan qabaq bu günümü danışsaydılar, inanardım? Yox. Deməli...
Deməli, hər şey ola bilər. Fikrimdən qovduqlarım, quyular dibində basdırdıqlarım, haqqında düşünmək belə istəmədiklərim hamısı bir gün – beş ildən, on, on beş ildən sonra, həyatım ola bilər.
Ancaq bu fikirdən sevinmədi. Çünki bu fikrin ardınca ikinci bədbin fikir də gəldi: bəlkə bütün bunlar reallığa, doğruya çevriləndə, ömrüm olanda onlar da bugünkü həyatım kimi adi, vərdişli, gündəlik olacaq...
Bir gün Nemət həmişəki kimi qızlarla məşğul olmaq üçün Əsədgilə gələndə çöl qapılarını taybatay açıq gördü. Qonşular, qohumlar, tanıdığı və tanımadığı çoxlu adam girib-çıxırdı. Dəhlizdə Alyanı – Sürəyyanın böyük bacısını gördü. Əvvəl geyiminə diqqət elədi – geyimində nə isə bir tələsik matəm, lapdan düşmüş yas əlaməti vardı: başına qara örpək salmışdı, ancaq paltarı ala-bəzək idi. Sonra sifətini gördü. Gözləri şişmişdi, qıpqırmızı idi, amma dodaqları boyalıydı.
Nemət hövlnak içəri keçdi.
O gün gündüz saat ikidə Əsəd elə idarədəcə keçinmişdi. Ürəyi partlamışdı.
Meyit balaca otaqda idi. Arvadlar olan otaqda. Böyük otaqda divar boyunca çoxlu stul düzülmüşdü. Qonşulardan yenə də daşıyırdılar. Nemətin tanıdığı və tanımadığı kişilər oturub xısın-xısın Əsədin özündən, rəhmətlik atasından, ölümün qaşla göz arasında olmasından, əcəldən, ürək xəstəliyindən, ümumiyyətlə, xəstəliklərdən söhbət edirdilər. Qara boz köynəyini şalvarının üstündən salmış, buxara papaqlı, çal topasaqqallı, Nemətin tanımadığı qoca bir kişi:
– Ölüm var ki, ölümdür, ölüm də var zülümdür, – dedi. – Bununku lap zülüm oldu.
Yeddisi çıxanacan Nemət səhər-axşam hər gün gəlirdi.
Yeddisi günü axşam camaat dağılışanda Sürəyya Nemətə yanaşdı:
– Bu günlər aləm qarışdı, – dedi. – Karmen onsuz da axsayır, indi yəqin, lap geri qalıb. Sabahdan yenə məşğul olmağa başlayın, özü də lap ciddi.
İki aydan sonra bir gün Nemət utana-utana Sürəyyaya yanaşdı:
– Sürəyya bacı, – dedi. Çoxdan bəri demək istədiyi sözləri necə deyəcəyini bilmirdi. – Bilirsiz, Sürəyya bacı, mən elə alışmışam ki, sizin ailənizə... istəyirdim deyəm sizə ki, mənə... pul-zad lazım deyil. Karmenlə də, Cildayla da elə-belə məşğul olacam...
Sürəyya güldü:
– Nə danışırsız, Nemət! – dedi. – Bir də belə sözü ağzınıza almayın. İnciyərəm. Möhkəm inciyərəm.
Yayı Sürəyyagil heç hara getmədilər. Bakıda qaldılar. Əsədin ilini verdilər. Bir payız axşamı söz təzə filmdən düşdü. Sürəyya dedi ki, heç axırıncı dəfə kinoya getdiyi gün yadına gəlmir. Səhərisi gün Nemət “Bahar” kinoteatrına dörd bilet alıb gətirdi. Karmen və Cildanın səyləriylə Sürəyyanı birtəhər razı saldılar. Dördü bir yerdə “Bahar”da məzəli bir komediyaya baxdılar: cavan sevgililər öz ata-analarının bütün maneə və əngəllərinə baxmayaraq, yüz cür kələk qurub sonda bir-birinə qovuşurdular. Sürəyya xeyli güldü. Kinodan çıxanda Nemətə elə gəldi ki, o cavanlaşıb, elə bil birdən-birə birillik matəmi üzündən yuyulub tökülüb. Sürəyya əvvəlki Sürəyya, Əsədin sağlığındakı Sürəyya idi. Bəlkə də daha əvvəlki Sürəyya, Nemətin onu hələ tanımadığı bir vaxtın Sürəyyası. Əsədə getməmişdən qabaqkı çağın, qız çağının Sürəyyası.
İki-üç dəfə də birlikdə kinoya getdilər. Dördü bir yerdə. Maraqlı xarici film gedirdi. On altı yaşına çatmamış uşaqları buraxmırdılar. Bu filmə ikisi getdi... Sürəyya və Nemət.
Bəzən bulvara, parka gəzintiyə çıxırdılar. Sürəyya, Karmen, Cilda, Nemət. Bir dəfə dəniz seyrinə çıxdılar.
Payız, asqılıqdan palto götürən kimi, ağacların başından küləyi götürüb getdi. Səssizlik çökdü təbiətə. Bir gecə sükut və sakitlik içində aram-aram, yavaş-yavaş, yumşaq-yumşaq qar yağmağa başladı. Qar gecəni ağartdı. Qış gəldi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/anar-ag-liman-gunlerin-bir-gunu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Həm vüsali vurur od canıma, həm hicranı*Bir əcəb şəm ilə düşdü səri-karim bu gecə.*
Beşinci fəsilDegildim mən sənə mail, sən etdin əqlimi zail.*Mənə tən eyləyən qafil səni görcək utanmazmı?*
Altıncı fəsilCanlar verib sənin kimi cananə yetmişəm*Rəhm eylə kim, yetincə sənə cana yetmişəm.*
Yeddinci fəsilYar ilə əğyarı həmdəm görməyə olsaydı səbr*Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!*
Стихи других поэтов
Bu nazənin gözəlin yaxşı dilgüşalığı var,Heyif, öz aşiqinə çox kəmetinalığı var.
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Driğa, dilbərim halım pərişan olduğun bilməzDriğa, dilbərim halım pərişan olduğun bilməz,Könül quşun əsiri-dami-hicran olduğun bilməz.