Günlərin bir günü
Страница 5 из 8 · 50%
Nemətin başına qəribə bir fikir gəldi: “Trolleybus müəyyən marşrutla gedir. Yolundan çıxa bilməz. Bir balaca yolundan sapsa, “buynuzları” hava telindən çıxar. Trolleybus hərəkətsizləşib qalar. Tramvay da sabit, dəyişməz yol üzrə hərəkət edir. Relsindən çıxsa qəzadır. Yaxşı, bəs bu minik, bax bu marşrut avtobusu adlanan salxaq araba niyə hər gün, hər saat eyni yolla gedir, hər gün bazarın, poçtun, bankın, kinonun, hamamın, dəlləkxananın qabağından keçir? Axı o, hansı yolla istəsə gedə bilər, hansı küçəyə kefi gəlsə burula bilər?! Ağzında “marşrutlu avtobus” deyirsən. Onun taleyi daha mürəkkəbdir. Trolleybus və tramvayın yolunu dəyişməsinə texniki əngəllər mane olur. Avtobus isə mənəvi qadağaların əsiridir. Onun qadağası daxildəndir, qəbul olunmuş qayda-qanunlardan, razılaşdırılmış, təsdiqlənmiş hərəkət cədvəlindən asılıdır. O, bu cədvəli, bu bir dəfə qəbul olunmuş qayda-qanunları poza bilməz, yolunu aza bilməz. Pozsa, azsa... Bəh, bəh, lap şeir çıxdı ki...”
Nemət düşündü ki, doğrudan da bu barədə fəlsəfi şeir yazmaq olardı. Adı da “Qiyam etmiş avtobus” və yaxud “Qiyamçı avtobus!”
On bir yaşında olanda Nemət şeir yazmışdı. Bircə son misraları yadındaydı:
Stalin rəhbərimizdir,
Qələbə də bizimdir.
Dayısına oxudu. Dayısı dedi ki, bala, sən niyə şeir yazırsan? Məşhur adam olmaq istəyirsən? Hə, onda bil ki, Əhməd Namazovun oğlu istəyir lap İlyas Nizami olsun, onu üzə çıxmağa qoymazlar. Şair olub daldeydə daldalanmaq nəyinə gərəkdir? Ondansa sal başını aşağı, dərsini oxu, bəlkə axırın bir yana çıxdı.
Amma Nemət bir müddət yenə yazdı. On üç-on dörd yaşınacan. Xəlvət yazdı, heç kəsə göstərmədi.
Dadaş:
– Yerin məlum, – dedi, – bu saat sporumuz düşmüşdü.
Nemət:
– Hər vaxtınız xeyir, – dedi, – nədən spor eləyirdiniz ki?
Qapının yanında oturmuş cürübbəz Yəhya cır səslə çığırdı:
– Dadaş müəllimlə mərc çəkmişəm ki, sabah Xusainov oynamayacaq.
Nemət dinib-danışmadan “Futbol” qəzetinin bir nüsxəsini Dadaşın masasının üstünə qoydu.
– Burda komandaların tərkibini veriblər, – dedi.
Dərhal bütün otaqdakılar fırtınanın əydiyi gəminin göyərtəsindəymişlər kimi bir tərəfə – Dadaşın masası tərəfə axışdılar.
Dadaş bir qədər suçlu hərəkətlə qəzeti açdı.
– Hanı?
Nemət yerini tapdı:
– Budey.
– Aha, Kavazaşvili, Voronin...
İri gövdəli kişi quş kimi yerində atıldı:
– Budur bax, Xusainov, hə, gördün, yaxşı bax, hə, nədən mərc çəkmişdik? – Kişinin sevinci yerə-göyə sığmırdı. Onun fərəhi, səs-küyü otağı qüdrətli radiostansiya efiri dolduran kimi doldurmuşdu. – Əşi, sən yəni belə ağız bəhəm eləmisən ki, mənimlə futboldan mərc çəkirsən?
Otaqda bir mərəkə, bir səs-küy qopdu, gəl görəsən. Dadaşın qələbəsi bütün şöbənin təntənəsinə çevrildi. Yəhya elə bil bir az da cürübbəzləşdi, büzüşdü. Burnunun altında mızıldanmağa başladı. Dadaşın səsi gur-gur guruldayırdı.
– Əşi, deyirəm iki oyundu onu buraxmırlar, sabahkı görüşə saxlayırlar, deyir yox, xəstədir, ayağı zədələnib. Əşi, mən bilirəm axı...
Qurban:
– Gərək interesə mərc çəkəydiniz, – dedi.
Cümşüd:
– Hə, düz deyir, interessiz ləzzəti yoxdur, – dedi.
Şöbələrində altı iş stolu qoyulmuşdu. Stollardan birinin açıq tərəfi qəzetlərlə örtülmüşdü. Bu, Təhminənin stolu idi. Şöbənin qalan işçiləri kişilərdi. Qurbandan başqa hamısı futbol cəfakeşi idi. Təhminənin də əri Manaf cəfakeş idi. Manaf futbola da Dadaşgillə gedərdi, stadionda abonement yerləri yan-yana idi. 16-cı sektor, 31-ci sıra. Dalbadal: Dadaş, Nemət, Manaf, Yəhya, Cümşüd.
İndi Nemətə qəribə gəlirdi ki, nəşriyyata işə girməzdən əvvəl, o, futbol azarkeşi deyildi. Uşaqlıqda özü dalanlarında çox oynamışdı, amma böyüyəndən sonra biganələşmişdi, ildə, ayda bir dəfə futbola ya gedəydi, ya getməyəydi. Dadaş başda olmaqla şöbələrinin futbol azarı ona da yoluxdu. İndi o da ən aktiv cəfakeşlərdən olmuşdu. İndi özü də başa düşə bilmirdi ki, bir vaxtlar futbol kimi bir gözəlliyə necə biganə qala bilirmiş? İndi oyunun öz ləzzətindən başqa, onun bütün dəm-dəsgahı da Nemətə xüsusi zövq verirdi: hələ çox erkən, yaz aylarından abonement tədarükü, sonra futbol mövsümünün təntənəli açılışı, futbol günləri boşalmış küçələrdən stadiona axışan adamların nəqliyyat rəqabəti və nəqliyyat həmrəyliyi, stadion radiosuyla verilən pozuq melodiyalar (bunun da öz ləzzəti var)... Minlərlə adamın saat kimi dəqiq bir ritmlə tum çırtlaması, avarçı qolları kimi qalxıb-düşən əllər, xeyrimizə vurulan topların müştərək sevinci, məğlubiyyətlərin müştərək kədəri.
Hələ oyundan qabaq stadionda dost-aşnayla birlikdə, sırf kişi “kampaniyasında” subayvarı pivələmə... (istər meydançada, istər tribunalarda, istərsə də, ümumiyyətlə, futbol aləmində zənən tayfasının olmaması da az məziyyət deyil. Heç olmasa stadionda saat yarım adamın qulağı dinc olur.)
“Bu zəhər tuluğu Qurban pul qırpmaqdan başqa dünyada heç nəylə maraqlanmır. Hələ bizə də rişxənd eləyib deyir ki, siz ürəkdə heç biriniz futbol cəfakeşi-zad deyilsiz. Elə-belə boynunuza düşüb. Bütün bu marağınız, ehtiraslarınız da saxtadır, deyir. Axmaq adam, bəs nə bizi məcbur edir ki, bu futbol zəhrimarın yolunda bu qədər can qoyaq? Maraqlanmasaq, yanmasaq, nə düşüb axı bizə, işimizi-gücümüzü atıb cumaq stadiona, radioya qulaq asaq, yüz minnətlə qəzet tapaq? Deyirəm, görürsən başını bulayır, cavab verməyə söz tapmır, axı nə cavab verəcək? Gah da görürsən deyir ki, bircə Dadaş əsil “bolelşikdir”, siz hamınız ona yarınmaq üçün futbolbaz olmusuz. Axmaq adam. Belə səfeh fikir elə onun başına gələr. Gah da deyir ki, vaxtınızı bilmirsiniz nəynən doldurasınız, onunçün, deyir, cəfakeş olmusuz. Həyatınızda, deyir, vakuum var, futbolla doldurursunuz bu vakuumu. Futbol, deyir, tiryək kimi, nəşə kimi şeydir. Başı qatıb, gündəlik həyatı unutmaq üçündür. Əşi, qoy danışsın da, əbləh adamdır, zoğallayır özüyçün, kimdir onun ağzına baxan...” Cümşüd:
– Dadaş müəllim, – dedi, – siz futbolun cikini də bilirsiniz, bikini də. Sizcə, birigün hesab necə olar?
Bir həftə idi ki, bütün şöbə birigünkü oyunun intizarıyla yaşayırdı. Bu oyunun şöləsi bütün idarə və ev söhbətlərinin, işin və məişətin üstünə çökmüşdü. Bir sözlə, bu həftəni İrlandiyayla oyun doldurmuşdu. Gələn həftə də vacib oyun vardı: Tiflislə Moskva “Torpedo”su. Gələn həftəni bu oyun dolduracaqdı. Ancaq birigünkü oyun keçməyincə, o biri oyun haqqında danışan yox idi. Həmin günü, ümumiyyətlə, böyük futbol günlərini bir təntənə, bayram, yeni il kimi, toy-büsat kimi gözləyirdilər.
Dadaş qəti bir səslə:
– 3:0, – dedi.
Cümşüd:
– Gör e! 3:0 – deyə təəccübləndi. O bunu elə dedi ki, guya artıq bu fərziyyə doğrulmuşdu. İrlandiya 3:0 hesabıyla uduzmuşdu. – Amma İrlandiya da güclü komanda idi ha! – Dadaşın fərziyyəsindən sonra Cümşüd birigünkü oyun haqqında keçmiş zamanda danışırdı.
Yəhya:
– Heç vaxt, – dedi. – Ni za çto! Hesab iki-iki olacaq. Gəlin mərc çəkək.
Dadaş:
– Sən yenə mənimlə mərc çəkirsən? – dedi. – Bayaqkı dərs olmadı?
Yəhya tərs idi:
– Yox, görərsiniz! İki-iki.
Yenidən mübahisə qopdu. Ağız deyəni qulaq eşitmirdi. Bayaqkı kimi “Futbol” qəzetini masanın üstünə qoyub məsələni ayırd etmək də mümkün deyildi.
– Keçən səfər mən deyən oldu, yox?
– Yox, sən demişdin birinci taymda iki top vuracaqlar, amma...
Nemət başa düşdü ki, bu fısqırıqda məsələni qaldırmağın yeri deyil. Kirimişcə otaqdan çıxdı. Dəhlizin başında, açıq pəncərənin qabağında Təhminə və Zaur söhbət edirdilər. Zaur pıçıltıyla nə isə deyirdi. Təhminə şaqqanaq çəkib gülürdü. Onun qəribə gülüşü vardı. Ha, ha, ha... Elə bil pianoda qamma çalınır. Yaxud motosikl uzaqlaşıb gedir...
Zaur özü gülmürdü. Yəqin, Təhminə gülən müddətdə düşünüb, yada salıb başqa bir zarafat, ya məzəli söz hazırlayırdı. Gözləriylə də Təhminəni yeyirdi.
Zaur başqa şöbədə işləyirdi. Hər dəfə onu görəndə Nemətin ağlına nədənsə “qoltuğuna qarpız veriblər” ifadəsi gəlirdi. Ancaq məcazi yox, hərfi mənasında. Elə bil Zaurun hər iki qoltuğunda görünməz iri qarpızlar vardı, ona görə əzələli qolları gövdəsindən belə dairəvi şəkildə aralı qalmışdı. Axır vaxtlar Zaurla Təhminəni tez-tez söhbət edən görəndə Nemətin başına başqa qəribə bir fikir də gəlirdi. Ona elə gəlirdi ki, Zaurun ən böyük istəyi Təhminəylə plyaja getməkdir. Axı, niyə məhz plyaja? Bəlkə də bu fikir ondan doğmuşdu ki, Zaurun şəxsi maşını vardı, tez-tez plyaja gedirdi. Bəlkə də onun Təhminəyə “kor-kor, görgör” belə iştahla baxması Neməti bu qənaətə gətirmişdi. Hər halda plyaj Zaurun əzələlərini nümayiş etdirməsi üçün münasib yer idi.
Nemət onlara yanaşdı:
– Zaur, belə olmaz ha, – dedi. – Bax, Manafa deyəcəyəm. – Manaf Təhminənin əri idi. Bir ay idi Moskvadaydı, ezamiyyətdə. – Sən ştangistsən, amma o da köhnə pəhləvandır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/anar-ag-liman-gunlerin-bir-gunu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Həm vüsali vurur od canıma, həm hicranı*Bir əcəb şəm ilə düşdü səri-karim bu gecə.*
Beşinci fəsilDegildim mən sənə mail, sən etdin əqlimi zail.*Mənə tən eyləyən qafil səni görcək utanmazmı?*
Altıncı fəsilCanlar verib sənin kimi cananə yetmişəm*Rəhm eylə kim, yetincə sənə cana yetmişəm.*
Yeddinci fəsilYar ilə əğyarı həmdəm görməyə olsaydı səbr*Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!*
Стихи других поэтов
Bu nazənin gözəlin yaxşı dilgüşalığı var,Heyif, öz aşiqinə çox kəmetinalığı var.
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Driğa, dilbərim halım pərişan olduğun bilməzDriğa, dilbərim halım pərişan olduğun bilməz,Könül quşun əsiri-dami-hicran olduğun bilməz.