Страница 1 из 3

Saat düz üç tamamda Səfdər dayı pilləkəni düşməyə başladı. Fərqinə varmadığı mexaniki bir vərdiş halını almış adəti üzrə, ürəyində pillələri saya-saya düşdü. Üçüncüdən ikinci mərtəbəyəcən on yeddi pillə idi. İkincidən birinciyəcən on səkkiz pillə...

– 17, o da 18, 35 – deyə ürəyində təkrar edib idarənin qapısından küçəyə çıxdı. 35, o da 3719, elər... yox, 35-in 3719-a dəxli yoxdur. 3719 təxmini hesablamanın balansıdır. 4012 olmalıdır. Deməli, 293 manat çatmır. Görəsən harda səhv ediblər. Keçən kvartalda 145 manat səhv etmişdilər. 145, ya 147? Yox 147. Bəs niyə 145 dedi? hə, ev nömrəsiylə çaşdırır. Ev nömrəsi 45-dir. Mirzə Fətəli, 45.

Skleroz məni birtəhər eləyib. Pensiya vaxtın çatıb, Səfdər. Yox, hələ iki ilin var. Daha doğrusu, bir il 9 ay. Yaxud 21 ay, 21 ay neçə gündür? Neçə belə gün? Deməli, yanvar otuz bir, fevral gələn il 29-dandır, mart...

Bəsdir, Səfdər, sənin lap başın xarab olub. Neynirsən bu mənasız hesablamalarla beynini yorursan. Bəsdir. Yaxşı, deməli, balans 3719 manat, əysiyi... Əşi, cəhənnəm olsun balans da, əysiyi də. Saat 3-dür. Dördə beş dəqiqə işləyib. İş günü qurtardı. Bu gün şənbədir. Sabah bazar. Bazar ertəsinə qədər bütün balansı, planı, prixodu, rasxodu, bütün rəqəmləri unut. Unut ki, mühasibsən.

Bazar ertəsi səhər saat 9-da yenə başlayarsan mühasibliyinə. İndi bəsdir. Bir dənə rəqəm yadına salma. Yaxşı, oldu. Elə bil beynimə qalaq-qalaq rəqəm yığıblar, rəqəmlər başımda elə bil tillə vurub. At hamısını. Adamlara, küçəyə bax.

Küçəni keçib gündə nahara gəldiyi balaca, darısqal yeməkxanaya girdi. Hər gün oturduğu küncdəki stolun arxasına keçdi.

Görünür, masanın dalından indicə durmuşdular, üstü kiminsə artıqlarıyla dolu idi. Bulaşıq boşqabdakı kotletin qalıqlarına papiros kötükləri basılmışdı. Süfrəyə pivə dağılmışdı.

Səfdər dayı ani hərəkətlə çığara kağızında çap olunmuş yeməklərin siyahısını götürdü. Dərhal da kənara qoydu, nə yeyəcəyini də bilirdi, yeməklərin qiymətlərini də. Borş, kotlet, kompot, bir şüşə “İstisu”, borş 35 qəpik, kotlet vermişeliylə 42 qəpik, on beş qəpik kompot, iyirmi qəpik “İstisu”, on qəpik çörək. Cəmisi bir manat otuz qəpik, beş-on qəpik az, ya beş-on qəpik çox, deməli, ayda...

“Səfdər, – dedi, – yenə rəqəmlər? Bəsdir, kişi, at bu rəqəmləri beynindən”.

Xidmətçi gəlib masanın üstünü yığışdırdı. Süfrəni çırpdı. Çevirib o biri üzünü saldı. Bu üzü də ləkəli idi. Amma bu ləkələr qalıb qartımış ləkələr idi, hopub solmuşdu, o biri üzdəki kimi təzə deyildi.

Səfdər dayı sifarişini elədi. İncəvara, tez gətirdilər. Borş dadlı idi. Bir az duzu çatmırdı. Ya bəlkə Səfdər dayı şor yeyən idi. Kotlet də pis deyildi. Əlbəttə, Minanın yeməklərinə çatmazdı, amma hər halda...

Səfdər dayı köksünü ötürdü. Yaxşı yumşaq ətdir, – deyə düşündü. Lap qocamalıdır. Mənim kimi dişsiz qocalar üçündür.

Ağzının müxtəlif yerlərində cəmi-cümlətanı 9 dişi qalmışdı.

Kotleti yeyib qurtardı, ağzını siləndə cıqqıltıyla yerə nə isə düşdü. Səfdər dayı baxıb “bəli, bu da belə getdi” – dedi, əyilib düyməni götürdü, döş cibinə qoydu.

Ağ parusin pencəyinin yeddi düyməsi vardı. Yuxarıdan ikinci, üçüncü və beşincisi düşmüşdü. İndi də yeddincisi düşdü.

Düymələri də dişləri kimi pərakəndə tökülürdü. Biri ordan düşürdü, biri burdan.

Kompotu içə bilmədi. Pis təmi vardı. Özü də bulaşıq suyuna oxşayırdı. Görünür, çürümüş meyvələrdən hazırlanmışdı.

Gərək gedəm özümə diş qayırtdıram. Bu dal dişimi də gərək çəkdirəm. Hərdən bir yaman zoqquldayır. Gərək mütləq gedəm. Deyirəm, amma heç getmirəm. Elə günü günə satıram.

Eh, heç adamın başı açılır ki... Gərək evin damına da qır saldıram. Yoxsa payızda yenə damacaq. Damanda adamın bütün ovqatı təlx olur. Gərək bütün otaqlara ləyənlər, vedrələr, boşqab-qazan, bankalar düzəsən. Hərəsindən də bir cür səs çıxır. Mis ləyənə damcılayanda bir səs çıxır, vedrəyə başqa, qazana başqa, boşqaba başqa... Kap, kap, kap... Çap, çap, çap... Pap, pap, pap...

Dünyada üç şey adamı lap zinhara yetirir, çəkmən sıxa, dişin ağrıya, evin dama.

Səfdər dayı minnətdarlıqla köhnə yalınayaq çəkmələrinə baxdı. Ayaqları bu çəkmələrin içində elə rahat, elə xoş idi ki... Bəzən adam öz yorğan-döşəyində belə xoş, rahat olur...

Bəli, Səfdər kişi, evin damır, dişlərin də tökülüb, düymələrin də bir-bir düşür, vaxtdır, kişi. Bəsdir dünyanın səfasını çəkdin. Deyəsən, əcəli qapının dalında bir az çox gözlədirsən axı...

– Yox, vallah, – dedi, – əcəldən qaçmıram. Ölümdən də qorxmuram. Məndən əskik adamları aparmayıb ki... Tay-tuşumun da çoxu ordadır.

Bayaqdan bəri susmuş radiocihaz birdən dilə gəldi. Xeyli xırıldadı, ayrı-ayrı sözləri deyib yenə susurdu. Ancaq anlamaq olurdu ki, rayon qəzetləri üçün mətn oxunur.

– Təkrar edirəm. Kolxoz və sovxozlarımız bu il... dövlətə... planda nəzərdə tutulmuş... təkrar edirəm, kolxoz və sovxozlarımız bu il dövlətə planda nəzərdə tutulmuş 1200 ton əvəzinə 1897 ton taxıl, 90 ton əvəzinə 105 ton barama, 370 min əvəzinə 379 min yumurta, 222 ton əvəzinə 226 ton yun satmışlar, təkrar edirəm, 1200 ton əvəzinə...

Səfdər dayı bir manat altı şahısını verdi, küçəyə çıxdı.

Gedim bir arvada baş çəkim, – deyə düşündü.

Arvadı iki ay bundan qabaq basdırmışdı. Qəbir üstünə adətən cümə axşamları gedərdi. Srağagün də getmişdi.

Amma bu gün nədənsə birdən Minaya baş çəkmək ehtiyacı duydu.

Taksi dayanacağına çatdı. Növbə tutdu.

Ondan qabaq dörd adam vardı. Küçə saatına baxdı. Əqrəblər başlarını 12-nin üstünə qoyub yatmışdı.

14-17 nömrəli bir taksi gəldi. Sonra dalbadal ikincisi, üçüncüsü gəldi. Səfdər dayının növbəsi çatmışdı. Təxminən 5-6 dəqiqə də gözlədi. Dolu maşınlar bir-bir ötürdü. Səfdər dayı qeyri-ixtiyari nömrələrə baxır, ani olaraq nömrənin birinci yarısıyla ikinci yarısını toplayırdı. 41-18, deməli 59, 22-15, eylər 37.

Tindən yaşıl işıqlı taksi buruldu. Nömrəsi 27-00. Səfdər dayı-27 üstə gəl 00 eylər 27 – deyə düşündü və bu qəribə əməliyyata təəccübləndi. Amma fikirləşdi ki, bu rəqəmi 27-00 kimi də oxumaq olar.

– Sizin növbənizdir?

– Bəli, bəli.

– Hara gedəcəyik?

– Qəbiristanlığa.

Sürücü qeyri-ixtiyari gülümsündü, amma dərhal da üzündən gülüşü sildi.

Səfdər dayı onun nəyə güldüyünü başa düşdü. “Doğrudan da yəqin, mənim görkəmim elədir ki, sürüb aparıb, elə birbaş qəbrə qoymaq olar. Yəni elə əslinə qalsa adamlar anadan olandan öz qəbirlərinə tərəf getmirlər? Yolları nə qədər uzaq düşsə də, nə qədər dolama-dolama, eniş-yoxuş olsa da, axır gəlib mənzilə çatırlar. Molla Nəsrəddin demişkən, hara getsələr, axırda gəlib bura çıxacaqlar”.

Sayğacda rəqəmlər bir-birini təqib edirdi. 12 qəpik, 13, 14, 15 qəpik...

Pəncərələrin dalında Qız qalası, bulvar, Azneft meydanı arxaya qaçırdı. Elə bil onları sayğacın rəqəmləriylə nömrələmişdilər: Qız qalasının nömrəsi 12, bulvarınkı 13, Azneft meydanınkı 14.

Maşın şəhərin hündürünə dırmaşdı.

Minanın qəbri içərilərdə idi. Maşın yolundan çox kənar. Səfdər dayı maşını saxlatdırıb on şahısını verdi, düşdü. Qəbirlərin arasıyla arvadının son məskəninə tərəf addımlamağa başladı. Həmişəki kimi yenə də qəbirlərin üstündəki yazıları oxuyurdu.

Əskər Teymurov

1905-1957

Tofiq Babayev

1927-1946

Adlar və rəqəmlər. Adlar və rəqəmlər. Yəni bu rəqəmləri bura yazmaq vacibdir? Yəni adamdan elə bu iki şey qalır? Adı və bu iki tarix? Axı, niyə belə? Axı, əslinə qalsa bu yazıların adamın şəxsən özünə dəxli də yoxdur. Adını özü qoymayıb. Familini də həmçinin, təvəllüdü, ölümü də özündən asılı deyil. Olmaz ki, bura adamın şəxsən özünə dəxli olan şeylər yazsınlar, məsələn, kim idi, bu dünyada nə iş görüb, nə iş qoyub gedib, ya məsələn, tutalım, xasiyyəti necə idi? Kimə nə yaxşılığı, nə pisliyi keçib? Övladı olub, yoxsa yox, öləndən sonra kimi qalıb? Yoxsa quru rəqəmlərdən nə çıxsın?

Faiq Mərdanov

1912-1959

Bəhmən Salayev

1938-1965

Qeyri-ixtiyari rəqəmləri toplamağa başladı. 1912+1959=3871. Sonra fikirləşdi ki, burda toplamaq düz olmaz, çıxmaq lazımdır. 1959–1912=47. Deməli, biçarə Faiq Mərdanov 47 il ömür sürüb. 1965– 1938=27. Vay, bədbəxt, Bəhmən Salayev 27 yaş yaşayıb. 27 yaşında ölüb. Görəsən nədən ölüb?

Əşi, əcəl göznən-qaş arasındadır. Bayaqkı fikri bir də beyninə qayıtdı. Deməli, belə çıxır ki, adam əcəlin qurduğu tələlərdən bir-bir qaçıb qurtarır ki, bura, bu son mənzilə sağ-salamat gəlib çıxa bilsin. Yüz cür təsadüfi ölümdən qorunur ki, özünü axırda böyük ölümə yetirsin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов