Təklik tilsimi
Страница 3 из 3 · 67%
E hərfi boş idi.
Ə hərfi “Əliyev Tahir”. Əliyev Tahir? Hə, hə, yadıma düşdü. Bir vaxt qonşu idik. Amma neçə ildir bir-birimizə rast gəlmirik. Küçədə görsəm heç tanımaram. Yəqin, mənim heç adım da onun yadında deyil.
İ. “İdris”. Maşallah, İdris. Məndən üç yaş böyükdür, amma turp kimidir. Həmişə dağda-daşda. İndi də eşitmişəm Zaqatala tərəfdə qızıl axtarır. Bu telefonu niyə çəkdirib bilmirəm. Heç vaxt Bakıda tapılmırlar, nə özü, nə arvadı. “Geoloq babayam, – deyir, – şəhərdə nə işim var? Mənimki dağdı, daşdı”. Bəlkə indi mənim bəxtimdən şəhərdə ola? Qoy bir zəng eləyim.
Dəstəyi götürüb nömrəni yığdı. Uzun zaman aralı siqnallara qulaq asdı. “Hardan olacaq? İndi görəsən hansı dağda, hansı meşədə çadır qurub oturub?!”.
M. Məmməd Nəsir. “Ay onun başı batsın. İndi yəqin, lül atəşdi. Fağır oğlu məhv elədi özünü, zay oldu bu içkiylə. Əvvəllər yenə bir əndazası vardı. İndi lap ağ eləyib. Adama nə qədər deyərlər, nə qədər öyüd-nəsihət eləyərlər. Uşaq deyil ki, sinli kişidir, saçı, saqqalı ağarıb. Ağlayır, söz verir, üç gündən sonra yenə görürsən lülqəmbərdir. Özü də kimnən gəldi içir, başlayır, ağzını Allah yoluna qoyub axvayı-axvayı danışmağa. Uşaqlar yaxşı deyirlər ki, Məmməd Nəsirin qarnını doldur, ürəyini boşaltsın.
N. “Nəbiyev Əsgər” Əsgər yazıq da bildir öldü. Evə gəlib pencəyini çıxardıb. “Arvad, mənə bir çay” deyib, elə oradaca canı çıxıb. Bu ürək zəhrimarın da belə işi var da!
R. Rəhim. “Yox, bala. Rəhim indi böyük adamdır. Əli böyüklərin ətəyindədir. Zəng eləyəcəyəm, deyəcək görəsən nə işi düşüb. Bir də ki, yəqin, heç bu nömrə də düz deyil. Axı böyük adamlar vəzifəyə keçən kimi o saat telefonlarını dəyişirlər.
S. “Səfdər Atayev” 4-15-20. Bu səhifədə nömrəsini öz xəttiylə yazmışdı.
T. “Teyyub”. Şənbə günü Teyyub Bakıda qalan deyil. Mərdəkanda beli alıb əlinə, düşüb bağın canına. Bu il də yəqin, mütləq bir səbət üzüm göndərəcək. Yadından çıxan deyil.
X. H. Ç. – səhifələr ötdükcə Səfdəri qüssə basırdı. Elə bil yeganə kibrit qutusunda ancaq yanıq kibritlər qalmışdı.
F. “Fərhad”. Fərhad Moskvadadır.
U. “Ulduz”. Ulduzgil təzə evə köçüblər. Yəqin, hələ telefon çəkdirməyiblər.
Dəftər köhnə orfoqrafiya vaxtından qalmışdı. Hələ iki hərf dururdu. Ö və Ə.
Ö hərfi boş idi:
Səfdər dayı aramla, ehmallıca son səhifəni açdı.
Ə səhifəsində “Yaşar” sözü yazılmışdı, amma nədənsə telefonunu yazmaq unudulmuşdu. Telefon nömrəsi yox idi, – elə yalın-yalxı Yaşar.
Dəftəri qapadı və birdən gözü arxa cilddə yenə Minanın xəttinə sataşdı. Mina iri çap hərfləriylə:
Yanğın 01
Milis 02
Təcili yardım 03
yazmışdı.
Səfdər dayı öz-özünə gülümsünüb dəstəyi qaldırdı.
Sıfırı çəkdi, əlini birə uzatdı, birdən ağlına gəldi ki, yanğın idarəsiylə zarafat eləmək olmaz. Adamın atasını yandırarlar. Hər halda, telefonu lap yəqin kəsdirərlər.
İstəmirdi ki, telefonunu kəssinlər. Dinməsə də qoy bir qıraqda durub qalsın. Necə olsa bir həyandır.
02 ilə də zarafat etmək olmazdı. 03-nən də həmçinin.
Bəs, 04? Görəsən, 04 telefon varmı? Görəsən, haradır? Bəlkə bu nömrəni yığıb elə-belə danışmaq olar? Səni sorğu-suala tutmadan iki-üç kəlmə xoş söz deyərlər, hal-əhval tutarlar, kefini soruşarlar, ürək-dirək verərlər?
Səfdər dayı 04 yığdı. Telefondan heç bir səs çıxmadı. Nə uzun siqnallar, nə də qısa! Heç bir səs gəlmədi. Sanki bu, mövcud olmayan bir ərazi idi.
05-i çəkdi. Yenə səs çıxmadı.
06-da hay vermədi.
07-də tez-tez qısa siqnallar eşidildi. Məşğul idi.
08 də məşğul idi.
Səfdər dayı son nömrəni – 09-u çəkdi və dəstəkdə dərhal səs eşidib özünü itirdi, karıxıb:
– Salaməleyküm, Səfdərdir, – dedi.
Quru bir səs eşidildi:
– Kim? Familini aydın deyin.
– Famili?.. Atayev. Atayev Səfdər.
– Ünvan?
– Mirzə Fətəli, 45.
– Gözləyin.
Məsələ Səfdərə sonra çatdı. Başa düşdü ki, məlumat bürosuna zəng eləyib, arvad da elə bilib bu telefon nömrəsini istəyir.
Onu gülmək tutdu, amma dəstəyi asmadı. Dəstəkdən səs gəldi:
– 4-15-20.
Səfdər:
– Lap düzdür, – dedi, – üç şahı, bir abbası.
Ancaq qız onun sözlərini eşitmədi. Dəstəyi qoymuşdu.
Səfdər dayı da dəstəyi qoydu. Pıqqıldayıb güldü.
Birdən fikirləşdi ki, görəsən, adam öz telefonuyla öz nömrəsinə zəng eləsə nə olar?
Görək. Dəstəyi götürüb nömrəni çəkdi. 4, 1, 5, 2, 0... Aha. Tələsik, aramsız, kəsik siqnallar eşidilməyə başladı.
– Du, du, du, du, du, du, du...
Səfdər dayı:
– Məşğuldur, danışır, – dedi. Güldü, sonra nədənsə bir az tutulan kimi oldu.
Dinləməyə başladı. Bir xeyli qulaq asdı.
Dəstəkdən zahlətökən bir ardıcıllıqla səslər eşidilirdi: du, du, du, du, du...
Elə bil payız günü evin damır...
Kitabxana.az · https://kitabxana.az/ru/works/anar-ag-liman-teklik-tilsimi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Salam, Xoruz baba!Xoruz baba, mənim adım Nərgizdir. Xoruz baba, mənim doqquz yaşım var. Xoruz baba, mən bu məktubumda sizin tapşırdığınız quş adlarını yazıram. Quş adları: göyərçin, qaranquş, sərçə, sığırçın, bildirçin, qarğa, ağacdələn, sağsağan, qartal, şanapipik, qaraquş, tovuz quşu, turac, laçın, qırqovul, cüllüt, dolaşa, duma, bayquş, kəklik. Ev quşları: toyuq, xoruz, ördək, hind toyuğu, qaz. İyirmi altı quş.
İki – birFələk iki-bir atdı*Bəxtimin nərdi kimi*
Dadaşın professor Teymur Mahmudova məktubuMoskvaDobrolyubov küçəsi, 11-ci ev, mənzil 7
ÜçüncüSiqareti siqaretə calayırdı: “Əgər dolamaq istəyirmişsə, çox mənasız zarafatdır”.“Bəlkə bağın o biri tərəfini deyib? Yox, orda maşın saxlamaq qadağandır. Sol tərəfi dedi. Sol tərəf buradır da”.
Стихи других поэтов
Bir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.