Üçüncü
Страница 7 из 7 · 86%
Altıncı mərtəbədə bir ev. Pəncərə. Pəncərədə uzun, ağ, qırmızı, çəhrayı qladioluslar.
Pirşağı. İlkindi çağı şəhərə gedən elektrik qatarının fit səsi uzaqlaşır, itir... Yayın son günü, payızın ilk günü. Sakit qumlar. Adamsızlaşmış bağlar. Boş boz sahil. Boz teleqraf dirəkləri, arxayın bir sükut. Səssizlik...
Moskva. İsti, yumşaq xalı döşənmiş otaq. Yarımçıq işıq. Çöldə çovğun, qar, külək. İçəridə qazla yanan soba. Radioda uzaq, kəsik melodiyalar. Öz aramını, sonunu tapa bilməyən sərgərdan bir melodiyanın yorğun, usanmış kədəri... Uzaq dənizlərin, təlatümlü okeanların ardından gələn, çovğunlu, boranlı efirdə gah itən, gah eşidilən bir səs. Ərəb qızının yanıqlı mahnısı. Elə bil oxuyan, gecə özüdür. Uzun, qüssəli Şərq gecəsi. İçini dolaşıb keçə kimi isidən konyak. Ağ yun toxunma köynəkli dünya gözəli.
– Nədən qorxursan, dəli, nədən qorxursan?
Təhminə hönkürüb ağlamağa başladı.
Zaur onu ovutmaq istədi.
Təhminə:
– Yaxşı, ağlamıram, heç, keçər, sən fikir vermə, – dedi. – Sən arvadların göz yaşlarına çox da fikir vermə, çox vaxt özümüz də bilmirik ki, niyə ağlayırıq. Gəl içək.
Son qədəhi içdilər.
– Zakuskamız da qurtarıb.
Təhminə:
– Odey, ayı görürsən? – dedi. – Konyaka ən əla zakuskadır. Sən sağ tərəfini dişlə, sol tərəfini mənə saxla.
İçdilər. Hərəsi ayın bir tərəfindən dişlədi. Təhminə: doymadıq, – dedi, – gəl ulduzlardan plov bişirək, yeyək.
Göyü dənizin üstünə tutub ulduzları süzdülər. Bişirdilər, yedilər.
Təhminə Zaurun üstünə qum səpməyə başladı:
– Gəl səni qumda basdırım.
Zaur:
– Cavanam, – dedi, – yazığam. Anamı ağlar qoyma. İndidən niyə basdırırsan, hələ muradıma çatmamışam.
Sonra yadına bir əhvalat düşdü. Təhminəyə danışdı.
Bir dəfə ər-arvad axşam tərəfi plyaja çimməyə gedirlər. Arvad xəstəymiş, qum vannası qəbul edirmiş. Kişi basdırır arvadı boğazınacan qumun içinə, bircə başı çöldə qalır, özü də gedir dənizə çimməyə. Hava bir az da qaralır. Arvad da qumun içində xumarlanır, mürgüləyir. Qaranlıqda plyajnan səssiz, işıqsız gedən bir maşın arvadın başını görmür, basıb üstündən keçir, heç xəbəri də olmur. Kişi dənizdən çıxıb görür ki, arvadı, bəli, xurd-xəşil olub ölüb. Az qala dəli olur, deyir öz əlimlə torpağa basdırdım.
Zaur başını qaldırıb Təhminəni görmədi. Ora-bura boylandı, qayalara, sahilə, dənizə, göylərə baxdı.
Göyə təzə ay çıxmışdı, təzə ulduzlar düzmüşdülər. Ay işığında qayaların kölgələri daha da uzanmışdı. Sarı qumlar gümüşə çalırdı. Ay dənizə saldığı yolu pul-pul döşəmişdi. Bir səs, hənirti duyulmurdu. Bir an Zauru soyuq vahimə basdı.
Dəniz uğuldayır, uğuldayırdı. Qumlar ürpərir, ürpərirdi.
Təhminə qeyb olmuşdu.
Zaur durub üstündən qumu çırpdı, ora-bura qaçdı. Qayaların lağımlarına baxdı. Birdən dəniz tərəfdən hənirti eşitdi. Dönüb baxdı. Elə bildi yuxu görür.
Dənizdən çıl-çılpaq bir qadın çıxırdı. Elə bil ay işığından heykəl düzəltmişdilər.
Lap yaxına gələndə Zaur onun soyuqdan titrədiyini gördü. Bir an içərisində onu qolları arasına aldı. Qucağına qaldırdı. Qayaların altına apardı.
Təhminə:
– Səni istəyirəm, səninəm, – deyə odlu-odlu pıçıldayırdı. – Səndən uşaq istəyirəm.
Zaur hər şeyi – özünə çoxdan aydınlaşdırdığı, qəbul etdiyi davranış qanunlarını da, bütün qadağaları, xəbərdarlıqları, məsləhətləri, tövsiyələri, bütün ehtiyatlarını unutdu. Hər şeyi unutdu.
Bir an onun bütün varlığı, məni, keçmişdi, indisi, gələcəyi, atasının maşını, anasının şəhərdə qalmaq, nəşriyyatda işləmək təkidi, bütün keçən sərgüzəştləri, bığlarına hopmuş bütün qadın öpüşlərinin ətri, yağış altında gözləmələri, xəlvəti telefon-avtomat söhbətləri, duyduğu bütün qoxular, eşitdiyi bütün nəğmələr, oxuduğu bütün kitablar, ona gülümsünən bütün gözlər, içinə dik baxa bilmədiyi başqa gözlər, uşaqlıq dəcəllikləri, yetkinlik çağının həvəsləri, idman yarışları, institut həyatı, məşqlər, səfərlər, leksiyalar və imtahanlar, maşın sürmək ehtirası, yaddaşındakı bütün sözlər, adlar, telefon nömrələri, damarındakı bütün dadlar, çəkdiyi cürbəcür siqaretlər, qulağındakı səslər, bu gün, dünən, bu axşam, bu gecə, dənizin səsi, ay, burdakı ulduzlar – hər şey, hər şey yığılıb, bir vəhdətə çevrilmişdi. İstək, ehtiras, həyəcan dolu, gözləyən, tələsən, axtaran bir vəhdətə. Və bu vəhdət başqa bir möcüzəyə, qaranlıq, gizli, dar vəhdətə qovuşmalı idi. Başqa bir insanın bütün həyatını, keçmişini, indisini, gələcəyini, fikrini, qəlbini, kədərini, ümidini, sevincini, aldanışlarını, bezarlığını, onun – Zaurun heç bir zaman bilmədiyi və bilə bilməyəcəyi mübhəm bir aləmi özündə cəmləşdirən vəhdətə qovuşmalı idi, qovuşurdu...
Zaur Təhminənin üzünü, saçlarını, iztirablı gülüşünü qumların haşiyəsində görürdü.
Təhminə Zaurun sifətini qaranlıq göyün, ulduzların haşiyəsində görürdü. Və bu an varlığının hər hüceyrəsiylə inanırdı ki, bu ehtiras, bu intizar, bu ağrı, mütləq, mütləq nəticələnməli, sonlaşmalı, yeni bir həyata, yeni bir insana çevrilməli, onlar İkisi Üçüncünü yaratmalıdırlar. Və bu Üçüncü də hər ikisinin həyatı, acıları, sevinclərini bütün vağzallarda, aerodromlarda, otaqlarda, telefonlardakı gözləmələrini, idarədəki peşələrini, ya evdəki qayğılarını və tək bunların yox, bunlardan qabaq olanların – əcdadların da varlıqlarını, ömürlərinin son və ən vacib mənalarını, bəlkə Zaurun anasının saçlarının, bəlkə Təhminənin atasının gözlərinin rəngini özündə toplamalı, yığmalı, əks etməli, təmsil etməlidir.
İnsan nə qədər mürəkkəb olursa da, sonda o özünü nə isə çox qısa və yığcam bir düsturla ifadə edə bilir. Və bu düstur çaxmaq daşı kimi, kibrit kimi, başqa bir düstura, başqa çaxmaq daşına, kükürdə toxunub qığılcım, yeni həyat qığılcımı, yeni həyat yaradır, dünyaya Üçüncünü gətirir.
Bu Üçüncünün də öz həyatı, öz ağrıları, həvəsləri, meyilləri, anlayışları, zövqü, kədəri olacaq və o yenə başqa birisinə rast gələcək və yenə...
– Əzizim, canım, gözüm, ciyərim, varlığım, – Təhminə elə bil nəfəsiylə sözləri gözərdirdi, – sevgilim, yarım, ərim, gözəlim, bircə dənəm. – Təhminə boğulurdu. İnləyir, söz axtarırdı. – Canım, ciyərim, gözüm, – məhəbbət sözləri qurtardı, – axmaq, it, dəli, gic, pişik, dəvə...
Zaurun dodaqlarında Təhminənin dodaqlarının, dərisinin, boyasının, pudrasının ətri, bir də dəniz suyunun, küləyin, qumların dadı bir-birinə qarışmışdı.
Zaurun başını var gücüylə üzünə yapışdırdı. Siqareti divara basıb söndürən kimi qızartdaq, odlu dodaqlarını Zaurun dodaqlarına sıxıb söndürmək istəyirdi.
– Sevirsən məni, sevirsən? – deyə Zaur tələsik pıçıldayırdı.
– Oğlumuz olacaq, Zaur, oğlumuz, oğlumuz...
Maşında oturub zarıyırdı.
– Sətəlcəm olmuşam, – deyirdi. – Allah, Allah, ölürəm, – deyirdi.
Zaur “bircə düz yola çıxa bilsəydim, – deyə düşünürdü, – onda iş asandır. Bu qaranlıqda quma batsaq, köməyimizə gələn də olmaz, gərək səhərəcən qalaq”.
Saat ikinin yarısı idi. Qalıb səhəri gözləmək olmazdı. Təhminənin halı xarab idi. Ehtiras sönəndən bəri konyakın dumanı Zaurun başından çəkildikcə, “bu nə iş idi mən düşdüm” – deyə sakit ola bilmirdi.
– Üşüyürəm, üşüyürəm. – Təhminə yumaq kimi büzüşür, Zaura sığınır, ancaq yenə də qızına bilmirdi. – Üşüyürəm, üşüyürəm.
Zaur əvvəlcə gözlərinə inanmadı. Qabaqda qırmızı işıq görmüşdü. Yük maşınının qırmızı dal işığı. Bu işığın ucundan tutub sürdü. Təxminən yüz metrdən sonra şoseyə çıxdılar.
Zaur rahat nəfəs aldı. Üçə yaxın şəhərə çatdılar. Yatmış şəhərin gecə vitrinləri işıqlı idi və bu işıqlarda nə isə son dərəcə mehriban, xoş, isidici bir məlhəm vardı.
Təhminənin titrəməsi də elə bil kəsildi. Daha uçunmurdu.
– Siqaret ver bura...
Zaur cibindən qutunu çıxarıb ona uzatdı.
– Al, axırıncı siqaretdir.
– Axırıncıdır? Qoy onda özünə qalsın.
– Yox, evdə varımdır, götür.
Təhminə siqareti dodaqları arasına aldı.
Hansı radiostansiya isə gecə konserti verirdi. Konsert yəqin gecə klubundan verilirdi. Kişi yumşaq səslə həzin melodiya oxuyur, konferansye hansı dildə isə zarafat edir, adamlar gülüşür, əl çalırdılar.
– Bəs kibrit?
Zaur ciblərini döyəcləyib kibrit qutusunu tapdı. Təhminəyə verdi. Təhminə bir-bir kibritləri çıxartdı.
– Hamısı yanıqdır ki, – dedi, qutunu pəncərədən tulladı.
– Ayrı yoxumdur.
“Moskviç” Təhminəgilin evinin qarşısında dayandı. Təhminə qapını açdı, çantasını götürdü və dedi ki, sonra Zaur nigaran qalar, ancaq qalmasın, lap arxayın olsun. Neçə dəfə burda həkimə getmişəm, elə Moskvaya da onunçün getmişdim. Orda özümü ən yaxşı mütəxəssislərə göstərdim. Lap qəti dedilər ki, sənin heç bir vaxt uşağın olmayacaq. Bəli, belə işlər, əzizim, al bu siqaretini, onsuz da kibrit yoxdur.
Zaur ağzını açmağa macal tapmamış Təhminə damağındakı siqareti onun dodaqları arasına soxdu.
– Ötürmə, lazım deyil, – deyə tələsik darvazaya tərəf qaçdı, çevrilib bir də əl elədi, güldü. Nə qamma çalındı, nə motosikl uzaqlaşdı...
Darvazanın qaranlığına girib itdi.
Zaur maşını işə salıb hərəkətə gətirdi. Yatmış şəhərin adamsız, səssiz-hənirtisiz küçələriylə soyuq neon işıqlı vitrinlərin yanından ötüb keçirdi. Radioda gecə konserti qurtardı. Radio da susmuşdu.
Bir an Zaura elə gəldi ki, ağzındakı bu siqaretlə bütün dünyada lap tək qalıb.
Tərs kimi kibrit də yoxdur...
Kitabxana.az · https://kitabxana.az/ru/works/anar-ag-liman-ucuncu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Degildim mən sənə mail, sən etdin əqlimi zail.*Mənə tən eyləyən qafil səni görcək utanmazmı?*
Altıncı fəsilCanlar verib sənin kimi cananə yetmişəm*Rəhm eylə kim, yetincə sənə cana yetmişəm.*
Yeddinci fəsilYar ilə əğyarı həmdəm görməyə olsaydı səbr*Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!*
Səkkizinci fəsilBu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,*Şəhrə düşmüş mən səni sevdim deyən avazələr.*
Стихи других поэтов
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Salma bu qəra zülfünü rüxsarə, amandırSalma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.
Feraqı qismət edib çərxi-kəcmdar mənəFeraqı qismət edib çərxi-kəcmdar mənə,Məhaldır ola mümkün vüsali-yar mənə.