Birinci nağıl
Страница 4 из 8 · 38%
Qaracaoğlan, çox ağladım, gülmədim, Aradım, dərdimə dərman bulmadım, Bunca gündür bir minnətə gəlmədim, Kərəm eylə məhzun göndərmə məni.
Dağların qarından bəyazdır sinən, Üstünə yıxılıb öləsim gəlir.
Duman, gəl get bu dağlardan, Dağlar başı bar eyləsin, Nə gözlərim səni görsün, nə könlüm qubar eyləsin.
Aşıq Qarabağlıdı, Xalın qara bağlıdı, Nə gedən var, nə gələn Yollar qara bağlıdı.
Belimizdə qılıncımız kirmani, Daşı dələr mizrağının dəmrəni. Haqqımızda dövlət vermiş fərmanı, Fərman padişahın, dağlar bizimdir.
Məleykə boyludu, şirin ləhcəli, Əzəldən tamaşa olan bu dünya. Qoca cadugərdi, aldadar səni, Cavanlıq donunda qalan bu dünya.
Ölüm haqdı, çıxmaq olmaz əmirdən İpək tora həlqə salma dəmirdən, Aydı, gündü gəlib keçər ömürdən, Tələsirik, görən yaza nə qaldı.
Bir gün ölsəm hamı deyər yazıqdır, Canı yanan ya bir olar, ya iki.
Yarın bağçasında güllər açılmış, Dərsəm öldürərlər, dərməsəm ölləm...
Gün ikindi, axşam olur, Gör ki, başa nələr gəlir, Veysəl gedər, adı qalar, Dostlar məni xatırlasın.
Hər aşığın öz çeşməsi vardı və hərəsinin üstündə onun sözləri həkk olunmuşdu: Aşıq Qurbani, Abbas Tufarqanlı, Pir Sultan Abdal, Sarı Aşıq, Qaracaoğlan, Dadaloğlu, Əmrah, Aşıq Alı, Aşıq Bəsti, Molla Cuma, Aşıq Veysəl...
Məlik düşündü ki, nə yaxşı bu dərd, niskil, qəm – aşıq qoşmalarında, gəraylılarda, bayatılarda, Füzuli qəzəllərində, neçə-neçə əski şairin yanıqlı şeirlərində, Segahın, Şüştərin, Humayunun hüznündə əbədi həkk olunub qalıb. Çünki öz ömrün də, xalqının günü-güzəranı da nə qədər qayğısız keçir-keçsin, insanın bəzən qüssəyə, kədərə, həsrətə də ehtiyacı olur. Bəlkə indi, bizim bütün ağrı-acılarımız ötənlərdə qaldığından qəlbləri sarsıdan ədəbiyyat da yarana bilmir. Bir-birindən nəfis kitab nəşrləri, bir-birindən parlaq aylıqlar, həftəliklər... Amma insanın könlünü titrədən əsərə nə yazıq ki, rast gəlmirsən. Bəlkə bu da firavanlığımızın bədəli, əvəzidir. Kim bilir?
Adəti üzrə hər bulaqdan bir qurtum içib avtomobilinə qayıtdı, Aşıqlar bulvarından Firudin İbrahimi küçəsinə buruldu, Mirzə Cəlil Məmmədquluzadə heykəlinin, Qaçaq Nəbi İdman sarayının, Şeyx Şamil bağının yanından ötüb Gəncə meydanına çıxdı. Burada 20-ci ilin Gəncə üsyanına həsr olunmuş abidə ucalırdı.
Səməd Vurğun bağının düz qənşərində – Bülbül bağında böyük sənətkarın heykəli ucaldılmışdı və üzbəüz duran bu iki heykəl – şairin və müğənninin heykəlləri – sanki bir-birini salamlayırdı.
Qarşısında Əliağa Şıxlının və Səməd bəy Mehmandarlının qoşa heykəlləri ucaldılmış Hərb Akademiyasının yanından Füzuli bulvarına çıxdı.
Füzuli bulvarında Opera teatrının yeni binasına nəzər saldı. Operanın fasadında yeddi iri pəncərədə yeddi rəngbərəng vitraj çəkilmişdi. “Leyli və Məcnun”, “Şah İsmayıl”, “Aşıq Qərib”, “Koroğlu” operalarına, “Qız qalası”, “Yeddi gözəl”, “Min bir gecə” baletlərinə həsr olunmuş əlvan vitrajlar gecələr daha cazibədar görünürdü. Memar və rəssam bu vitrajları, teatrın qarşısındakı iri hovuzu elə yerləşdirmişdilər ki, rəngli – şüşə şəkillər qarşıdakı hovuzda da əks olunurdu.
Məlik Əbülfəz Elçibəy prospektinə çıxdı, Durnalar parkının yanından keçdi. Durnalar parkında Vaqif və Vidadinin birgə heykəlləri sanki uzaqlara uçub gedən durna qatarının seyrinə dalmışdı.
Səfəvilər prospektinə çıxdı, Qızılbaşlar meydanından keçdi, Şəhidlər dağı istiqamətində irəlilədi.
Dağın 20 Yanvar, Qarabağ şəhidləri və 1918-ci il mart qurbanları cərgələrindən aşağıda yerləşən Şəhidlər muzeyinin eksponatları, şəkilləri, fotoları, sənədləri XX əsrdə xalqın başına gətirələn bütün müsibətləri əks etdirirdi. 1905, 1918-ci il mart, 1920-ci il aprel, 1921 Xiyabani hərəkatının tar-mar edilməsi, 1937, 1946-cı il 21 Azər, 1990-cı il – Qara yanvar, Baqanis Ayrım, Qukark, Xocalı faciələri...
Ana Yasa küçəsindən bu muzeyə qalxan pilləkənlərin iki tərəfində, açıq havada – terrorçu cinayətlərinin nəticələri – musiqiçi Rafiq Babayev həlak olduğu metro vaqonunun, Sumqayıt yolunda alimlərin tank tırtılları altında əzilmiş “Jiquli”sinin, Qanlı yanvarda gülləbaran edilmiş Təcili yardım maşınının, Yevlax yolunda partladılmış sərnişin avtobusunun qalıqları nümayiş etdirilirdi.
Məlik Şəhidlər dağının yuxarı girişindən yoxuşla iş yerinə çatdı, avtosunun açarlarını qaraj xidmətçisinə tapşırdı, avtomobili içəri salacaqdı.
Hələ xeyli vaxtı vardı. Yenicə ucaldılmış və bütün Yaxın Şərqdə ən uca qüllə sayılan TV qülləsinin aşırı sürətli liftiylə yuxarı qalxıb “Bulud” restoranına daxil oldu.
“Bulud” restoranı qüllənin ən üst qatında yerləşirdi və aramla hərlənirdi – yarım saat ərzində Bakının və bütün ətrafların mənzərəsini seyr edə bilərdin. “Bulud” restoranından da yuxarı “Buludüstü” kafesi vardı, amma o açıq havada idi, hələ bu ilıq mart günündə orada oturmaq olmazdı.
Restoran öz oxu ətrafında dövr etdikcə Məlik səhər yeməyini yeyir, ətirli Astara çayı içir və hər gün seyr etdiyi doğma şəhərinə baxdıqca baxırdı.
Əvvəlcə müştəri gözüylə Azadlıq meydanına baxdı. Bir neçə telekamera bu gün orda qurulmuşdu.
Keçmişlərdə Hökümət evi adlanan bina indi Odlar sarayı adlanırdı. Sarayın dörd qülləsinin üstündə dörd tərəfdən on altı daimi məşəl yanırdı – bu məşəllər Qüzey və Güney Azərbaycanın on altı tarixi ərazisini, vaxtilə xanlıqlar adlanan əraziləri təmsil edirdi – sağ cinahda Bakı, Gəncə, Qarabağ, Şirvan, Şəki, Naxçıvan, Lənkəran və Quba, sol cinahda Təbriz, Ərdəbil, Zəncan, Marağa, Urmiya, Qaradağ, Maku və Xoy.
Şəhidlər dağının üstündə də (deyilənə görə bir vaxtlar burada Kirov adlı bir inqilabçının abidəsi varmış) üç məşəl – Bakının rəmzi – şölələnirdi.
“Bulud” restoranı aramla hərləndikcə Məlik şəhərin beş girişində də yanan üçlü məşəlləri görə bilirdi. Balaxanı və Suraxanı şoselərinin kəsişdiyi yerdə, Xırdalan şossesində – Sulu təpədə, Lənkəran şosesində – Qaradağda, Sahil yolunda – Türkanda, bir də dənizdə, Böyük Zirə və Kiçik Zirə adalarının arasındakı haçansa Makarov bankası adlanan qaldırımda. Xəzərin səthi yenidən bir qədər aşağı düşəndən sonra bu qaldırım da, Səbayilin qalıqları da üzə çıxmışdı və Üççırağın birini də bu qaldırımda – şəhərin dəniz qapısında qurmuşdular.
“Bulud” hərlənib elə bir baxış nöqtəsinə çatmışdı ki, indi Nərgiz adası ovuc içi kimi görünürdü. Məlik xatırladı ki, bir vaxt bu adanın adı haqqında qızğın mübahisələr olmuşdu. Nargin adını dəyişəndə adanın keçmiş adına – Böyük Zirəyə etiraz olundu, Xəzərdə bir neçə Zirə adlı ada var, çaş-baş düşəcək – dedilər. Sonra kimsə xatırladı ki, indi çoxdan unudulmuş Anar adlı bir yazıçının hekayəsində bu ada Nərgiz adlanır. (Bu Anar deyilənə görə o vaxt mövcud olan Yazıçılar Birliyinin sədri olub, sonra ömrünün axırınadək Suraxanı – Əzizbəyov avtobusunda konduktor işləyib).
Nə isə bu ad qəbul olundu, həm köhnə Nargin adına yaxın idi, həm də burda hər il Çiçək bayramları keçirilirdiyinə görə. İndi Nərgiz adası Xəzər hövzəsinin ən məşhur dincərlik və əyləncə yeri idi. Buna da vaxtilə etirazlar olmuşdu. Bu adanın faciəvi keçmişi var, sovet dönəmində nə qədər günahsız insanı burada güllələyib dənizə atıblar – deyirdilər. Və məhz elə buna görə də bu adada repressiya qurbanlarına abidə ucaldılıb. Bu müddəaya qarşı da dəlil gətirirdilər ki, həmin insanlar elə bu arzularına görə – milləti azad, xoşbəxt, şad görmək istədiklərinə görə qurban gediblər. Bu günün insanları uşaqlar və böyüklər – burada xoş istirahət edəcək, əylənəcək, sevinəcəklərsə, elə bu da qurban getmişlərin ruhunu şad edəcək. Hər nəysə təklif qəbul olundu və indi buradakı uşaqlar və böyüklərçün əyləncə yerlərinə gəmilərlə, katerlərlə, xüsusiylə yaz və yay aylarının bazar günlərində minlərlə insan gəlirdi. Adanın ən uca nöqtəsində Şeytan-çarxı – Karusel o qədər böyük idi ki, hətta Xəzər bulvarından, Bayıldan, Zığdan və əlbəttə bax burdan – “Bulud” restoranından aydınca görünürdü. Şeytan çarxı göy qurşağının yeddi rəngində idi və şəhərdən baxanda yarısı adanın o tərəfində qaldığına görə bu tərəfdən doğrudan da yeddi rəngli göy əyrisini xatırladırdı. Çarxda əylənənlər hündürə qalxdıqca bütün ada, dəniz, uzaq şəhər aydın görünürdü. Bu nöqtədən adanın düz yerində əlvan gül-çiçəkdən düzəldilmiş Azərbaycan xəritəsi daha qəşəng görünürdü.
“Min bir gecə”, “Ömər Xəyyam”, “Bəhlul Danəndə” əyləncə mərkəzləri səhərə qədər maraqlı proqramlar, konsertlər təqdim edirdi. “Vətəgə” restoranında yalnız Xəzərin və Kürün balıqları deyil, dünyanın hər yerindən gətirilən okean, dəniz, göl və dağ çaylarının nemətlərini dadmaq olardı.
Matəm günlərində təbii ki, adada bütün əyləncə yerləri qapanırdı. Bura gələn müxtəlif heyətlər Repressiya qurbanları abidəsi önünə əklillər qoyur, anma duruşunda durur və adanın dörd tərəfindən dənizə çiçəklər səpirdilər.
Adaya şəhərdən adi günlərdə iki saatdan bir, bazar günləri hər saat yola düşən dəniz tramvaylarıyla getmək olardı. “Qızıl balıq”, “Ağ balıq”, “Ala balıq”, “Şahmaya”, “Sazan” adlı dəniz tramvayları, taksikaterlər, matorlu, yelkənli və avarlı kirayə qayıqlar şəhərdən adaya, adadan şəhərə şütüyürdü. Əlbəttə şəxsi yaxtaları – təknələri olanlar da istədikləri vaxt adaya gələ bilərdilər, amma küləkli havalarda buna icazə verilmirdi. Şəxsi təknələr Bayıl burnunda yaxt-klubun körpülərində lövbər salmışdı. Bir-birindən fərqli, əlvan və göyçək təknələr gül bağçasını xatırladırdı. Amma bu səmtin ən yaraşıqlı nəhəng gəmisi – üç ağ yelkənli qədim üslubda düzəldilmiş gəmi-otel idi. Adı da elə “Yelkən” idi. Qapalı yerlərində və göyərtisində yay və qış restoranları işləyirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/anar-ag-qoc-qara-qoc-birinci-nagil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,*Şəhrə düşmüş mən səni sevdim deyən avazələr.*
Doqquzuncu fəsilVəsl qədrin bilmədim hicran bəlası çəkmədən,*Zülmət hicr etdi çox mübhəm işi rövşən mana.*
Onuncu fəsilEy, məh, mənimlə dustlarım düşmən eylədin,*Düşmən həm eyləməz bu işi kim, sən eylədin.*
On birinci fəsilKönüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz.*Bu həm bir qəm ki, el tənindən əfqan eyləmək olmaz.*