Страница 6 из 8 · 63%

Məlik saatına baxdı – birin yarısı idi. İlin təhvil olacağı vaxta düz bir saat on iki dəqiqə qalırdı.

Çayçı Məliyin kredit kartını qeyd elədi və o, sağollaşıb liftə girdi, zirzəmi düyməsini basdı, liftdən çıxıb vaqonetə mindi və yeraltı yolun relsləriylə “Çağdaş”ın zirzəmisinə çatdı, buranın liftinə minib yeddinci mərtəbəyə qalxdı.

Onun daimi köməkçisi, pult rejissoru Ərxan artıq yerindəydi. Görüşdülər, bir-birinin bayramın təbrik etdilər.

Məlik kürsüsünə əyləşib monitorlara baxmağa başladı. Yanardağdan Qız qalasınacan yol boyu müxtəlif yerləri əks etdirən görüntüləri bir-bir gözdən keçirdi.

Ərxandan:

– Bəs Yanardağ hanı? – deyə soruşdu.

Ərxan: – Odey, birinci monitorda – dedi.

Məlik: – Bu “Yanardağ” motelidir, motel mənim nəyimə lazımdır, unutmusan ki, əsas obyekt yerdən çıxan odlardır.

Ərxan: – O da var – dedi – ehtiyat monitorda. Elə bildim moteldən başlayacayıq – bir qədər pərt kimi olmuşdu Ərxan.

Məliyin bu cavan və bacarıqlı köməkçisinə xoş münasibəti vardı, söhbəti zarafata salmaq istədi, – Yəqin – dedi – Yanardağ motelindəki qaraçı rəqslərinin xəyalına dalmısan.

Ərxan: – “Yanardağ” motelində qaraçı rəqsləri olmur – dedi

– Atəş rəqsləri olur. Qaraçılar “Qaraçı” karvansarasında çıxış edir.

– O haradır elə?

– Qobustanda. Sofi Həmid – qoruq qəbiristanlığından bir az yuxarıda. Heç olmamısınız?

Məlik: – Yox – dedi – elə yerlər siz cavanlar üçündür. – Amma fikirləşdi ki, mütləq macal eləyib bu Qaraçı karvansarasına baş çəkməlidir. – Qobustandadır deyirsən?

– Bəli.

Məlik Qobustana axırıncı dəfə keçən yay İşıq – səs tamaşasına baxmaq üçün getmişdi. Hər bazar günü göstərilən bu doğrudan da fantastik tamaşaya baxmağa dəyərdi. Adam əlindən tərpənmək olmurdu. Dəniz tramvayları, avtobuslar, maşınlar, hətta dikuçarlar bura axın-axın tamaşaçı daşıyırdı. Ekzotikanı sevən əcnəbi turistlər isə qədim at arabalarında, faytonlarda, dəvələrin gəcavələrində gəlirdilər.

Ərxan:

– Bu da odlar – dedi.

İndi birinci monitorda Yanardağın yerdən çıxan atəşləri görünürdü.

– Bir az da iri planda götürsünlər.

On dəqiqədən, yox, artıq səkkiz dəqiqədən sonra Ağ atlı, ağ buxara papaqlı, ağ çuxalı oğlan – onun adı mütləq Novruz olmalıydı, bu il lap gül eləmişdilər – adı Novruz, soyadı Bayramlı idi, bəli bu ağ atlı Novruz Bayramlı Yanardağın odlarından məşəl yandırmalı və dörd nala çaparaq Bakıya gətirməli idi məşəli, Qız qalasının təpəsinə çıxıb oradakı Böyük Çırağı yandırmalıydı. Özü də düz il təhvil olan anda – dəqiqəsinə yox, saniyəsinə söz ola bilməzdi.

Məlik elektron yaddaş dəftərində xronometraja baxdı. – Hazır olun, başladıq – dedi.

Ərxanın səsi gəldi: – Hazır – sonra bir dəqiqədən sonra – Məlik bəy, efirdəsiniz – dedi.

Məlik:

– Salam, sevgili tamaşaçılar – dedi – Bayramınız mübarək. Bu gözəl bayram və bütün gələcək günləriniz, aylarınız, illəriniz xoş keçsin.

Qoy qarşıdan gələn ilimiz də yola saldığımız il kimi hamımız üçün, bütün xalqımız, dövlətimiz üçün uğurlu olsun. “Çağdaş” televiziyasıyla bu xoş bayramın bütün həyəcanlı və fərəhli anlarını yaşaya biləcəksiniz. İndi kameralarımız Yanardağdan görüntülər göstərir. Torpağımızın dərinliklərindən qalxan və əbədi yanan bu təbii alovlar vətənimizin Odlar yurdu adlandırılmasına səbəb olub. İndi də bu torpağın özündən alınan alov Bakıya – tariximizin iftixarı olan Qız qalasına çatdırılacaq – deyəsən bir az təm-təraqlı oldu – deyə Məlik öz-özünü qınadı və daha sakit tonla davam elədi: – Burdan alışdırılan məşəli Bakıya ağ atlı oğlan Novruz Bayramlı yetirəcək.

Məlik düyməni basdı və kadr arxasından diktor Novruz Bayramlı haqqında qısa məlumat oxudu, eyni zamanda bu mətn ekranda da yazıldı:Anadan olduğu il, ay, gün, doğulduğu yer, təhsili, peşəsi, ailə vəziyyəti və sairə. At çapma üzrə idman ustası olması da qeyd olundu.

Məlik dünən Novruzun bilgisayarda müxtəlif şəkillərinə baxmışdı, amma nədisə indi monitorda oğlan daha da yaraşıqlı görünürdü – boy-buxun, nazik bığlar, çatma qaşlar. Ağ qiyafəsi də çox yaraşırdı bu 22 yaşlı oğlana. Altındakı ağ cins Qarabağ köhləni yerində oynayırdı.

Düz xronometrajla müəyyənləşdirilmiş anda ağ atlı oğlan odlara yanaşdı, məşəlini uzadıb alovlandırdı və dörd-nala çapmağa başladı.

Yol boyu düzülmüş kameralar Novruz Bayramlının irəliləyişini addım-addım izləyir, Məlik gah onun keçdiyi yerlərdən, gah da Novruz bayramı haqqında söhbətlər edirdi.

Ağ atlı oğlan Şubanı dağının ətəyindən çapıb qədim Karvan yoluyla Qurd qapısına üz tutdu.

Səkkizinci monitorun düyməsini basdı, ekranlarda Qurd qapısında qoyulmuş Boz qurd heykəli göründü. Məlik şərh etməyə başladı, Boz Qurd toteminin türk xalqları üçün nə anlam daşıdığından danışdı. Sonra kameraları 15 eylul memorialına çevirməyi tapşırdı.

– Əziz tamaşaçılar, bu yerlər əlbəttə sizə yaxşı tanışdır. Dəfələrlə bu memorialdan verilişlər vermişik, siz də yəqin dönə-dönə bura ekskursiyalara gəlmisiniz. 1918-ci il sentyabrın 15-də – bilirsiz ki, Türkiyə türkləri sentyabra eylul deyirlər, – İslam Qafqaz Ordusu məhz bu yerdən Bakıya girmiş və gənc Azərbaycan ordusunun döyüşçüləriylə çiyin-çiyinə şəhəri düşmənlərdən azad etmişdir. İndi bu memorialda bildiyiniz kimi Bakı uğrunda döyüşün diaraması qurulub. Diaramda bu zəfər yürüşünün təşəbbüsçüsü Ənvər paşanın və zəfər komandanları Nuru paşanın, Mürsəl paşanın surətləri var.

Buradan başlanan və bir-biriylə kəsişən üç geniş prospekt də onların şərəfinə adlandırılıb – Ənvər paşa prospekti, Nuru paşa prospekti, Mürsəl paşa prospekti... Ağ atlı Novruz məhz bu prospektlərdən keçəcəkdir. Görürsünüzmü, indi o yoxuşla Qurd qapısına tərəf çapır. Qapını ötdü. Mürsəl paşa prospektiylə 15 eylul meydanına üz tutdu.

Məlik bilirdi ki, bu meydan 15 eylul meydanı adlansa da, camaatın çoxu Eylulu iyulla qarışdırdıqları və Bakının Qurtuluş gününün sentyabrda olduğunu bildikləri üçün bu meydana ya üç paşa meydanı (üç prospekt burda qovuşurdu) ya da meydanda ucalan türk əsgərinin heykəlinə görə Məhmətcik meydanı deyirdilər.

Məlik əlindəki pultun düymələrini bir-bir basmağa başladı, görəsən o biri kanallar nə göstərir? AZRT – rəsmi təbriklər verirdi, “Turan” Daşkənddən, Qazandan və Aşqabaddan, Araz Təbrizdən bayram görüntüləri göstərirdi. “Hilal”da, bayramın dini kökləri haqqında danışırdılar. “Ulduz” Ağ atlının yolunu izləyir, arada reklamlar və kliplər verirdi.

Ağ atlı artıq Azərneft meydanına enirdi, Məlik:

– Azərneft meydanında Buruğu iri planda götür, sonra ayrıca mancanağı – deyə göstəriş verdi.

Efir düyməsini basıb: – əziz dinləyicilər – dedi – Siz indi ekranlarınızda Azərneft meydanındakı buruğu görürsünüz. Bu buruq və onun daima hərəkətdə olan, gecə-gündüz durub dayanmadan qalxıb enən mancanağı (ekranda mancanağın iri planı göstərildi) torpaq və dəniz altındakı neft sərvətlərimizin tükənməzliyinin və onları üzə çıxaran neftçilərimizin şərəfli əməyinin rəmzidir. İndi Novruz Bayramlı bu meydana çıxacaq və meydanda dövrə vurub Xəzər prospektiylə Qız qalasına tərəf çapacaq. Görürsünüz bu an bütün prospektdə nəqliyyat hərəkəti dayandırılıb. Xəzər bulvarından da, qarşı tərəfdən də minlərlə insan Ağ atlının gəlişini gözləyir. – Efirdən çıxıb Ərxana dedi: – Qız qalasını götürün, əvvəl ümumi plan, sonra aşağı panorama.

Yenidən efirə çıxdı: – Neft sərvətimiz kimi mədəni, tarixi sərvətlərimiz də əbədidir. Budur uzaq minilliklərin yadigarı qədim Qız qalası. Onun ətəyində əlvan paltarlı qırx incə belli qızların əllərindəki səmənilər, rəngbərəng şamlar, bayram xonçaları bu şənliyə ayrı gözəllik verir.

Qızların arasından biri irəli çıxdı.

Məlik: – Bu da yaşıl paltarlı Bahar xatun. Görürsünüz, Novruz Qız qalasının ətəyində atdan düşür, Bahar xatunun təqdim etdiyi kuzədən şərbət içir, sonra əlindəki məşəli daha da ucaya qaldıraraq qalaya daxil olur.

Ərxan: – Qalanın içiylə, pilləkənlərlə qalxmasını göstərək? – deyə xəbər aldı – orda da kameralarımız qurulub.

Məlik: – Yox – dedi – qalanın içində alaqaranlıq kadrlar nəyimizə gərəkdir. Camaatı göstərin, sonra da qalanın damını, oğlan məşəllə birdən orda görünəndə daha effektli olar. – Mənalı gülümsündü – sonra da dərhal bizim sürpriz – dedi.

Sürpriz dedikləri Məliyin kiçik bicliyi idi. Qız qalasının damında Ağ atlı oğlan hər yerdən görünən çırağı odladığı anda – düz ilin təhvil olduğu saniyədə – eyni bir anda Abşeronun dörd qalasının – Nardaran, Ramana, Mərdəkan qalalarının, eləcə də Dərbənddə Narın qalanın, İlisuda Şamil qalasının, Şəkidə Gələssən Görəssən qalasının, Dəvəçidə Çıraq qalanın, Qarabağda Əsgəran, Naxçıvanda Əlincə, Şamaxıda Gülüstan, Lahıcda Niyal, Güneydə Bəzz, Təbrizdə Ərk qalalarının zirvələrində məşəllər alışacaqdı. Bildir də, inişil də belə olmuşdu və Məlik o vaxt operatorlarına hamısını çəkməyi tapşırmışdı, lenti saxlayırdı. İndi Qız qalasında çıraq alışan kimi dalbadal bu ötən illərin görüntülərini göstərəcəkdi, tamaşaçıda elə təsəvvür yaranacaqdı ki, bütün bunlar bax indi, bu dəqiqə baş verir. Balaca bicliyi – sürprizi bu idi. Azacıq saxtakarlıq olsa da, yalan şey ki, təqdim etmirdi. Bütün bunlar bildir, inişil olduğu kimi indi də, bax bu dəqiqələrdə də baş verir. – Məlik məmnun-məmnun gülümsədi: Hər halda o biri kanallara doqquz qoyduq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов