Страница 2 из 4 · 25%

– Zaurik, – dedi, – yəqin ki, mən yaxşı adam, nəcib qadın olsaydım, gərək sənə deyəydim: yox, yox, əzizim, cavan həyatını mənə qurban vermə, qayıt evinizə, ata-ananı bədbəxt eləmə. Amma mən yalan danışmaq istəmirəm. İstəyirəm qalasan mənimlə, hətta, belə ağır şeylərin bahasına olsa da qalasan... Yəqin mən çox pis adamam və çox amansız qadınam... Neyləyəsən?..

* * *

Yalnız Təhminənin yanında qalandan sonra Zaur uzun gecələrin Təhminəyçün nə qədər əzablı olduğunu başa düşdü. Təhminə yata bilmirdi, yuxusuzluq bəlasına düçar idi və səhəri açmaq onunçün həyatın ən ağır işgəncələrindən idi. Təhminə bu dəhşətli tənhalıq gecələri haqda çox danışırdı Zaura və deyirdi ki, ən dəhşətli tənhalıq – gecə tənhalığıdır və əriylə yaşadığı vaxtlar o bu dəhşətli gecə tənhalığını bəlkə daha da ağır hiss edirdi, “indi isə sən – canlı, isti bir varlıq – buradasan, yanımdasan və mən özümü tənha hiss eləmirəm” – deyirdi...

– Xan, barı bir gözünüzü açın, yeməyinizi yatağa gətiriblər.

Padnosda qayğanaq, kofe və xırda-xırda doğranmış kəllə qənd gətirmişdi... Dünən axşam kəllə qəndləri yox idi. Zaur axşam çay içəndə dedi ki, bu biri qəndi xoşlamır və Təhminə səhər tezdən durub dükana düşmüş, Zaur yuxudan oyananacan kəllə qənd alıb gətirib, xırda-xırda doğramışdı. İndi Zaur bütün bunları yadına salıb, sonsuz bir məmnunluqla kəllə qəndi ağzına qoyur, gülümsünürdü. Təhminə onun bu məmnun gülüşünə baxıb qəhqəhə çəkdi:

– Aman Allah, kişilər lap uşaq kimidirlər e... Xırda bir arzunuzu yerinə yetirən kimi ağzınız gedir qulağınızın dibinə. Madam ki, hər xırda istəyinizə əməl edirik, elə bilirsiz ki, day sizin yolunuzda sinə gedirik. Odur ki, tez tora düşürsüz də.

Zaur qəndi uddu, kofedən bir qurtum aldı, udqundu və:

– Bəs əslində belə deyil, sinə getmirsən mənimçün? – dedi.

Təhminə cavab vermədi, dilini göstərdi ona və otaqdan çıxdı.

Zaur addımlarını dinləyirdi Təhminənin. Təhminə mətbəxə gedirdi, otağa qayıdırdı, əynindəki paltar təkin sadə və yüngül bir melodiya zümzümə edirdi, hardan düşmüşdü bu melodiya dilinə? Bu melodiyada işıqlı bir səhər erkənliyi vardı, divara düşmüş çəpəki günəş şüaları, sabundan üfürülən şarlar vardı, apaydın, apaçıq mavi səmada uçan rəngbərəng çərpələnglər vardı – qayğısız uşaqlığın bütün işığı, buludsuzluğu vardı və ilıq dekabr gününün gözlənilməz bol günəşi pəncərələrdən otağa dolub oboyların çiçəklərini də elə bil doğrudan çırtdatmışdı... Kofe də isti idi, çörək də isti və təzəydi, qayğanaq da ləzzətliydi, Təhminə də sadə melodiyanı hey zümzümə edirdi və bütün bunlar elə cavab idi də...

* * *

Səhərlər Təhminənin səliqəli mətbəxində yemək yeyərkən bəzən öz evlərini yada salardı. Təhminənin mətbəxi həmişə tərtəmiz olardı, döşəməsi qara-yaşıl kvadratla döşənmişdi, masanın üstündə də dördkünc Vyetnam salfetləri düzülmüşdü, elə bil pəncərələrdən düşən işıq da dəqiq kvadratlara bölünmüşdü. Bu mətbəxin səliqə-sahmanı nədənsə Zaurun xəyalında anasının mətbəxini canlandırırdı. Evlərində mətbəx masasının üstü həmişə qalaq-qalaq çirkli qabla dolu olardı və Zaur səhər yeməyini yemək istəyəndə bu çirkli-yağlı boşqabları aralayıb masanın üstündə kiçicik bir yer açardı, çayını-çörəyini orda yerləşdirib, birtəhər yeyərdi. Tələsik yeyərdi, çünki ətrafdakı yağloçalara, illah da hardansa gəlib bu boşqabların arasına düşmüş anasının iri darağına baxanda ödü ağzına gələrdi. Darağın üstündə də həmişə bir çəngə tük olardı...

Mətbəxin, evin, üst-başının təmizliyinə, səliqəsinə Təhminə o qədər vaxt sərf edərdi ki, Zaur, hətta, təəccüblənirdi də. Təhminə: “Bəs necə, – deyərdi, – evdə təmizlik ən vacib şərtdir, adamın kefi-əhvalı da, özünü necə hiss eləməsi də hamısı bundan başlanır. Evin təmizliyini gərək uşaqdan-böyüyə hamı gözləsin. Özü də lap körpəlikdən tərbiyə etmək lazımdır bu hissi”.

Uşaqların tərbiyəsi haqqında saatlarla danışa bilərdi... oğlu olsaydı onu necə tərbiyə etməsindən (idmanla məşğul olardı mütləq, ən kiçik yaşından üzmək öyrənərdi), qızı olsa onu necə böyütməsindən (gəlin kimi geyindirib bəzəndirərdim onu, üç yaşından balet məktəbinə verərdim ki, bədəni mütənasib olsun) elə hey söz açardı və deyərdi ki, onun uşaqları dünyada ən səliqəli və ən gözəl uşaqlar olardı yəqin.

Amma bəzən tamam başqa şeylər deyirdi... İstərdim ki, deyirdi, çoxlu uşağım olsun, hamısı da səliqəsiz, murdarçı, bütün bu mənzili çirkləndirib batırsınlar və həm də bu uşaqlar Zaurun uşaqları olsun. Hər ikisi – Zaur da, Təhminə də – bütün günü onların çirklərini, zibillərini təmizləsinlər, his-paslarını yusunlar, dallarıycan zibillərini təmizləsinlər, yorulub əldən düşsünlər, amma bütün bunlara baxmayaraq yenə də bir-birini sevsinlər. Bütün günü uşaqlarla əlləşib axır ki, onları yatırsınlar və onları yatırandan sonra yenə də bir-birlərinə qovuşsunlar – bax əsil məhəbbət bu olardı – məişətin, gündəlik həyatın hər cür xırda-para qayğılarından, əzab-əziyyətlərindən, çirkindən, hisindən-pasından keçib, əvvəlki çılğınlıqda qalan məhəbbət doğruçu məhəbbətdir, yoxsa ki, elə-belə “quru-quru qurbanın olumun” nə qiyməti var?

– Sən heç bilirdin, Zaur, demə uşaqlar ana bətnində yuxu görürlərmiş... Bircə biləydim nə görürlər yuxularında, axı hələ dünyadan xəbərsizdirlər, nə xəyalları, nə təsəvvürləri ola bilər ki, onu da görsünlər yuxuda. Amma elmi, tibbi surətdə təsdiq olunub ki, ana bətnində yatıb dururlar, yuxu görürlər, özləri də bilirsən nə cür yuxuya gedirlər – ana ürəyinin döyüntüsü altında... yəqin orada... bu səs təbil səsi kimi gəlir. Belə bir eksperiment eləyiblər: ana ürəyinin döyüntüsünü maqnitofona yazıblar və yenicə dünyaya gəlmiş uşağın qulağının dibində səsləndiriblər, o saat yuxuya gedib uşaq... Eh, Zaurik, heyif ki, mən ana ola bilməyəcəyəm heç vaxt.

– Nə əcəb bəs uşaq götürmürsən? – dedi Zaur. “Götürmürük” yox, məhz “götürmürsən”. Bu barədə hər ikisi – Zaur da, Təhminə də eyni anda fikirləşdi...

Təhminə bir qədər susduqdan sonra:

– Bilirsən, – dedi, – mənim də ağlıma gəlib. Amma qərara gəldim ki, heç bir vaxt eləməyim bu işi. Axı, Zaurik, mən dəliyəm, xasiyyətimi bilirsən necədir, üç günə, bir həftəyə, bir aya o uşağa elə bağlanardım ki, doğma balamdan da artıq istərdim. Amma hər an, hər dəqiqə onu da düşünərdim ki, mənimki deyil. Qorxudan ürək-göbəyimi yeyərdim, birdən uşağın əsil ata-anası çıxdı və nə cürsə tanıdılar uşağı – nağıllardakı kimi, məsələn, kürəyindəki bir xala görə. Yaxud lap elə ata-anası olmasın, hər halda kimsə bir mərdimazar bir gün həqiqəti açıb deyəcək uşağa. Tutalım oğlan olsun, bir vaxt evlənəcək, o zaman arvadı mütləq açacaq bu sirri ona – sənin anan doğma deyil ki, deyəcək... Ya arvadı olmasın, başqa adam olsun, nə çoxdur belə “xeyirxahlar”, mənim o qədər istəməyənlərim, düşmənlərim var ki, biri elə tutalım sənin anan – Zaur qızardı, – başqası, məni yandırmaqçün, məndən intiqam almaqçün mütləq açacaqlar həqiqəti uşağa. Təsəvvür eləyirsən, deməli, mən bütün ömrümü gərək iynə üstündə oturam, hər dəqiqə, hər gün qorxam ki, bu gün, ya sabah uşaq həqiqəti biləcək... Deməli, o tam mənimki olmayacaq. Mən isə istəyirəm ki, kim isə tam mənasında mənim olsun, ancaq mənim... – Yenə bir müddət susdu, sonra qətiyyətlə əlavə etdi:

– Yox, özgə uşağı elə özgə uşağıdır. Mənimki deyil... Sənin kimi Zaurik... axı sən də mənimki deyilsən... Gec-tez itirəcəm səni... bilirəm axı...

Bu söhbət Zaurun Təhminənin yanına köçdüyü lap ilk günlərdə olmuşdu. Zaurun haradasa ürəyinin lap dərinliklərində gizlətdiyi bir hissin, ürəyinə dammış bir duyğunun Təhminə tərəfindən belə dəqiq ifadə olunması qəribə idi. Mat-məəttəl qalasıydı... Onlar ikilikdə içki içəndə belə Təhminə həmişə stolun üstünə üçüncü bir qədəh də qoyurdu: bu sənin, bu mənim, bu da bizim ayrılığımızın... Görüşlərinin ilk günündən gələcək ayrılıqları da onlarla birgə yaşayırdı, gündən-günə böyüyərək gündən-günə onlara yaxınlaşırdı.

* * *

Söhbət tamam kənar məsələdən düşmüşdü – həqiqi və yalançı kübarlıqdan. Həqiqi kübarlıq – nə bilim, babanın babasının kim olmasından, əsil-nəcabətdən, qandan-filandan asılı deyil... – deyirdi Təhminə. Həqiqi kübarlıq insanın gözü toxluğunda, özünü tutmasında, daxili ləyaqətindədir. Həqiqətən kübar və ziyalı adamı mən addımlarından tanıya bilərəm, insanın necə yeriməsi onun varlığı, mənliyi, insanlığı haqqında çox şey deyir. Məsələn, götürək Muxtarı.

Muxtar haqqında söhbətlər birgə yaşadıqları günlərdə Zaurun ən çox qanını qaraldan şey idi. Muxtar haqqında söhbətlər, bir də telefon zəngləri. Elə hamıdan çox zəng eləyən də Muxtar idi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов