Страница 4 из 4 · 75%

Düz Zaurun gözlərinin içinə baxıb susdu, yenidən danışmağa başlayanda Zaur mat qaldı ki, Təhminə necə də məharətlə onun ürəyindən keçən ən ani fikirləri, düşüncələri açıq kitab kimi oxuya bilir – elə düşüncələri, elə fikirləri ki, Zaur özü belə onları dəqiq müəyyənləşdirə bilmirdi.

– Zaurik, sənin başına gələcək bütün bunlar, bilirəm. Elçi də göndərəcəksən, nişanın da, toyun da olacaq. Amma, vallah, heç cür sənin Spartakla yeznə-qayın olacağını təsəvvürümə gətirə bilmirəm.

Zaur başını buladı. Təhminə ciddi tərzlə:

– Bilirsən nə var? – dedi. – Başını-zadı yelləmə. Nə olub, deyirlər, doğrudan da, gül kimi qızdır. Minnətin olsun sənin. Ümumiyyətlə, başa düşmürəm nə adətdir siz kişilərdə, dartıb özünüzü dağ başına qoyursunuz “evlənəcəm, evlənməyəcəm, bəyənirəm, bəyənmirəm...”. Guya ki, evlənməyinizlə qadınları xoşbəxt eləyirsiz.

Zaur siqaret çıxartdı, kibrit çəkdi, kibritin qığılcımından bir qor kənara sıçradı, divarın güncündə dayanmış iri, əlvan hava şarının üstünə düşdü. Təhminə:

– Vay, neylədin, – deyə yerindən sıçradı: şar partlamışdı...

* * *

Sonralar Zaur heç cür müəyyənləşdirə bilmirdi – haçan, axı haçan başladı bütün bu şeylər. Bəlkə növbəti bir zəngdən sonra – Təhminə tanışlarından kimləsə uzun-uzadı danışırdı. Zaur isə mətbəxdə papiros çəkir, hirsini içində boğur və Təhminənin şən zarafatlar etməsinə, deyib-gülməsinə diqqət edirdi... Ondamı? Ya başqa bir vaxtda – Təhminə özünü pis hiss eləyirdi, xəstələnmişdi, bazara Zaur getməli oldu, hər şeyi alıb gətirəndən sonra isə Təhminə onun bazarlığını lağa qoymağa başladı, “əlindən heç bir iş gəlmir, – dedi: – bu nədi belə alıb gətirmisən, deyirdim sənə axı, Fazilə yanaş, mənim adımdan xahiş elə, ətin yaxşı yerindən versin...”.

Zaur ölsəydi də Fazilə yanaşmazdı. Təhminə onu nişan verəndən sonra göz qoymuşdu bu yoğun peysərli, qırmızısifət, qarabığlı ətsatana, az-çox gözəgəlimli qadınlara, qızlara-ət verəndə Fazilin ağzının suyu axırdı...

Bəzən Zaura elə gəlirdi ki, Təhminə qəsdən onun yaralı yerlərini qurdalayır, zəif damarını tutur... Küçədə Zaur hər hansı bir maşına bir az artıq baxdımı, Təhminə dərhal masqaraya başlayırdı. “Hə, nədi, “Moskviç”in yadıva düşüb? Valideynləri dəcəl oğlancığazlarını cəzalandırıblar – oyuncağını əlindən alıblar yazıq uşağın”. Bu cümlələrin deyiliş tərzi, “oğlancığaz, uşaq” sözləri Zauru cin atına mindirirdi. Hiss edirdi ki, hiddət onu get-gedə daha artıq boğur, bütün içini çulğalayır və belə dəqiqələrdə o, hətta Təhminəyə nifrət edirdi. Bəlkə də bu hiss başqa bir gün başlamışdı. O gün ki, Təhminə Mədinənin yanında Zaurun anası barədə danışmağa başladı, dedi ki, indi tək evdə yox, idarədə də Təhminəni rahat buraxmır, ora da zəng vurur. Mədinə dedi ki, kaş bircə dəfə Zivər xanım zəng vuranda dəstəyi mən götürəydim, dərsini verərdim onun. Zaur özünü güclə saxladı, hiddət bütün içini çulğamışdı, o tək Mədinəyə yox, Təhminəyə də ağzından çıxanı demək istəyirdi, – axı hər halda söhbət anasından gedirdi... Doğrudur, anasının hərəkətləri də nalayiq hərəkət idi, amma hər halda Mədinənin – tamamilə yad adamın borcu deyil onların sırf ailə məsələlərinə qarışsın. Yaxşı ki, Mədinə artıq-əskik söz demədi və heç bir vaxt bu söhbətə qayıtmadılar, amma o gün Mədinə bircə kəlmə də desəydi anası barədə, – Zaur aləmi dağıdacaqdı.

Bütün bunlardan xırda-xırda müəyyən bir fikir, bir hiss oyanırdı, necə deyərlər, dama-dama göl olurdu və bir gün Zaur nədənsə, yaman darıxdı, qəribsədi anasıyçün, Təhminənin səliqəli, təmiz mətbəxində şam yeyərkən anasının çirkli, səliqəsiz mətbəxi gəldi durdu gözlərinin qabağında – fikri yayındı, gözləri yol çəkdi. Təhminə də dərhal bunu gördü, amma Zaurun imdadına yetməkdən, təsəlli verib, ovudub, yenidən onu yanına qaytarmaqdansa, əksinə, elə bil tərs damarı tutdu, rişxəndlə istehzaya keçdi:

– Hə, nə olub, uşağın gözləri yenə yol çəkir? – dedi. – Olmaya “Moskviç”i düşüb yadına?

Qəsdən belə deyirdi, qəsdən Zaurun intizarını, ata-ana həsrətini “Moskviç”lə, Zaurun məhrum olduğu məişət rahatlıqlarıyla, bayağı vərdişlərlə bağlamaq istəyirdi.

Zaura elə gəlirdi ki, Təhminə onu yalnız “Moskviç”ə qısqanır. Ona qəribə görünürdü ki, özü Təhminəni belə ağrıyla, əziyyətlə hamıya qısqandığı halda, Təhminə Zauru heç kəsə qısqanmır. Zaur onu da bilirdi ki, Təhminə onun keçmiş məhəbbət əlaqələrindən, hətta, idmançı Tanyadan belə xəbərdardır, amma heç vaxt Zauru nə keçmişdə, nə indi, ya da gələcəkdə mümkün ola biləcək əlaqələrinə görə zərrə qədər qısqanmırdı. Nə idi bunun səbəbi? Bəzən Zaura elə gəlirdi ki, Təhminə əslində onu sevmir, ona görə də biganədir. Bəzənsə düşünürdü ki, yox Təhminənin xasiyyəti belədir, ümumiyyətlə, qısqanmağa qadir deyil.

Bu barədə söhbətləri düşəndə Təhminə zarafata saldı:

– Bilirsən, Zaur, – dedi, – mən o qadınlardanam ki, heç kəsə qısqana bilmərəm, əksinə hamı mənə qısqanmalıdır kimisə... Lap tutalım sən başqasıyla oldun, məni unudamı biləcəksən?

Zaur fikirləşirdi ki, yəqin doğrudan da belədir: deyirlər, kişini bir qadının dərdindən yalnız başqa bir qadın qurtara bilər. Təhminənin dərdindən qurtara bilən qadınmı vardı bu dünyada?

Bəzən onların ayrılacaqları barədə Təhminə soyuq və sərt bir dəqiqliklə danışırdı. Bir axşam Təhminənin uzun-uzadı telefon söhbətindən sonra Zaur yenə onu sorğu-suala tutdu: kimnən danışırdın, niyə belə uzun danışırdız, nə barədə belə gülüşürdüz.

Təhminə lap özündən çıxdı:

– Bura bax, Zaur, – dedi, – lap təngə gətirdin məni. Bəsdir də... Canımı boğazıma yığmısan bütün bu şübhələrinlə... Nə istəyirsən məndən, canım? Yaşayırıq səninlə, mənim evimdə qalırsan, həmişə yanındayam, daha nə lazımdır sənə, başa düşmürəm... Bəlkəm məni qıfılla bağlayasan, evdən bayıra buraxmayasan, hə? Telefonu da kəsdirəsən biryolluq? Nə vermisən mənə ala bilmirsən? Ailə qurmusan mənimlə bəlkə, ya uşağım var səndən?! Nə böyük qurbanlar vermisən mənim yolumda ki, bu qədər çox şey tələb edirsən? Evinizdən çıxıb getməyinlə çox qürrələnmə, bilirsən? Böyük fədakarlıqdır – maşınından keçib! Darıxma, qayıdacaqsan evinizə, maşınını da qaytaracaqlar sənə, evləndirəcəklər də səni halal südəmmiş qızla.

Zaur ömründə Təhminəni belə acıqlı, zəhər dilli görməmişdi, elə bil gözü-başı od püskürürdü. Amma birdən-birə susdu, elə bil sakitləşdi, süstləşdi və yorğun bir ədayla, yavaş səslə sözünü tamamladı: – Çıxıb gedəndən sonra nə qalacaq səndən mənə? Gözü Zaurun kibritinin oduyla partlamış, atılıb bir qıraqda qalmış boş şara sataşdı: – bircə bu şar – deyə gülümsündü, – onu da yandırdın...

Zaurun matı-qutu qurumuşdu, nə edəcəyini bilmirdi. Bilmirdi ki, indi, bu saat necə hərəkət etsə daha düzgün olar: durub Təhminəni söysünmü, yaxud ondan üzr istəsinmi, yaxud heç bir söz demədən çıxıb getsinmi bu evdən...

Təhminə siqaret yandırdı, dərin bir qullab vurub tüstünü havaya buraxdı və Zaura tərəf çevrilib:

– Bax bu tüstü kimidir bizim münasibətlərimiz, – dedi, əlini yelləyib tüstünü qovdu, – görürsən, heç bir şey yoxdur...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов