İkimci məclis
İkimci məclis vaqe olur Ağa Mərdan halvaçı oğlunun evində.
Ağa Mərdan (yalqız). Görəsən Ağa Kərim niyə gec gəldi? Bəlkə Ağa Səlmanın vəkillik işi onu əyliyibdir? Əgər bu iş mən deyən kimi baş tutsa, Təbrizdə mənim şöhrətim ərşi-fələkə çıxacaq! Külli pula çatdığımdan başqa, yəni vaqiən bu vəkillik bir tükənməz xəzinədir, yollarını bilənə. Əlhəmdüllah ki, mənim bu xüsusda qüsurum yoxdur.
Bu halda qapı açıldır. Ağa Kərim içəri girir.
Ağa Kərim (bəşaşət ilə). Səlam-əleyk! İşləri bitirdim, muştuluğumu ver!
Ağa Mərdan (təbəssüm ilə). Yəqin?
Ağa Kərim. Sənin canın üçün, bir növ ilə səni Hacı Qafurun arvadının yanında nəzərə verdim ki, əgər özün də orda olsaydın, öz haqqında müştəbeh olardın. Dedim ki, bu saatda hakimi-şər yanıda Ağa Mərdandan mötəbər kimsənə yoxdur. Onun bir sözü iki olmaz. Dərxanədə də ancaq o mərufdur. Hətta şahzadə hüzuruna da həmişə bir para işlər üçün gediş-gəlişi var. İş bilməkdə də Əflatuni-əsrdir. Gərək o hər necə desə, onun sözündən çıxmayasan və heç vahimə və ehtiyat etmiyəsən ki, ancaq onun tədbiri ilə sən Hacı Qafurun dövlətinə malik ola bilərsən. Yoxsa sənin bu irsə heç haqqın yoxdur. Arvad özü də və qardaşı Ağa Abbas da razı oldular. İndi bu saatda gələcəklər sənin yanına ki, hər nə desək, ona əməl etsinlər.
Ağa Mərdan. Çox yaxşı, Ağa Səlmanı da o tərəfə vəkil etdirə bildinmi?
Ağa Kərim. Bəli, bu saatda Ağa Səlman Səkinə xanımın yanındadır. Ordan qurtarıb bura gələcək.
Ağa Mərdan. Mərhəba, Ağa Kərim, vallah sənin dilində cadu əsəri var. Xub, hələ bir de görüm Hacı Qafurun arvadı göyçəkdirmi!
Ağa Kərim. Nə eyliyəcəksən?
Ağa Mərdan. Nə eyliyəcəyəm, gəlsə allam. Mənə gəlməzmi?
Ağa Kərim. Nə bilim, gələrmi? Sənin bir az vaxtın keçibdir. Arvad cahıldır.
Ağa Mərdan. Xeyr, Ağa Kərim, sən öləsən, mənim çəndən vaxtım keçməyibdir. Mən indi düz əlli bir yaşındayam.
Ağa Kərim. Belə bilirəm, yetmişdə də olarsan.
Ağa Mərdan. Xeyr, sənin canın üçün, bilirsənmi mən havaxt anadan olmuşam? Təbrizin böyük zəlzələsindən bir il sonra.
Ağa Kərim. Sənin ki arvadın var.
Ağa Mərdan. Mən ki arvadsızlıqdan istəmirəm onu alam. Deyirəm ki, Allah qoysa əgər bu dövləti o arvadın adına Hacı Qafurun bacısının əlindən çıxarsaq, dəxi arvad niyə özgəsinə getsin? Arvadı da mən allam, dövləti də mənim əlimdə olsun. Elə sənin səlahın da budur, özgəsindən sənə nə xeyir olacaq?
Ağa Kərim. Əlbəttə, bu surətdə göyçək oldu, ya olmadı, nə təfavütü, qoy olsun ifritə, gəlsə algilən. Amma yaman deyil, ağlım kəsmir ki, səni bəyənə.
Ağa Mərdan. Yəni mən necəyəm?
Ağa Kərim. Özün bilmirsən, sir-sifətin çəndan məqbul deyil.
Ağa Mərdan. A kişi, mən sənin gözündə necə görükürəm? Qoy bir aynaya baxım. (Bədənnüma aynaya baxır). Ağa Kərim, sən allah, mənim haramda sən eyib görürsən? Əgər dişlərimin tökülməyin deyirsən, nüzüldən tökülübdür, qocalıqdan deyil. Ovurdlarım bir az çuxura düşübdür, amma çəndan da məlum olmur, saqqal üstünü örtübdür.
Ağa Kərim. Di yaxşı, bəsdir, otur aşağı, indi arvad gələr.
Ağa Mərdan. Səbr elə, bir tirmə küləcəmi geyim, mahud cübbəmə bürünüm, saqqalımı darıyım. (Başlayır dediklərini eləməyə).
Ağa Kərim. A kişi, niyə lazımdır bu zadlar, otur aşağı.
Ağa Mərdan. Xeyr, çox lazımdır! Bizim arvadlarımız həmişə üzlərini kişilərdən gizlərlər. Amma özləri kişilərə baxmağa biixtiyardılar. Məni Hacı Qafurun arvadı yaraşıqlı görsə, əlbəttə, artıcaq sayar. Sözümün artıcaq təsiri olar. Bəlkə xoşuna da gəlim.
Ağa Mərdan libasını geyib, saqqalını darayıb oturur. Bu halda qapı açılır. Hacı
Qafurun arvadı Zeynəb və qardaşı Ağa Abbas içəri girirlər.
Ağa Abbas. Səlam-əleyküm!
Ağa Mərdan. Əleyküm-səlam, xoş gəldiniz, səfa gətirdiniz! Buyurun, əyləşin.
Hacı Qafurun arvadı üzün bürümüş və qardaşı otururlar.
Ağa Mərdan. Ağa Abbas, mən səninlə danışım, Zeynəb xanım da qulaq assın, yeri gələndə cavab versin. Hacı Qafur ölən indi altı aydır. Söz gərək bizim aramızda aşkar ola. Hamı bilir ki, Zeynəb xanım Hacı Qafurun daimi mənkuhəsi deyil, onun dövlətindən irs hesabında hərgiz hissəsi yoxdur. Amma mən bu keyfiyyəti bilib Ağa Kərimi sizin yanınıza göndərdim və məlum elədim ki, əgər siz mənim sözümdən çıxmasanız və mənim tədbirimə əməl eləsəniz, mən belə elərəm ki, bu dövlət Zeynəb xanıma çatar. Çünki Hacı Qafurun bacısının bir köməyi və əlindən iş gələn əqrəbası yoxdur. Ancaq o qızın bir cavan namizədi var, o da mürafiə işində mənə hərif ola bilməz və siz də mənim rəyimə razı olub hakimi-şər yanına adam göndərib bildiribsiniz ki, Hacı Qafur tapşırdığı pulu onun bacısına verməsin ki, onunla iddianız var. Hakimi-şər pulu saxlayıb, sizə və Hacı Qafurun bacısına bildirib ki, vəkil tutub, mürafiəyə əyləşib, davanızı teyy edəsiniz. İndi mən özüm sizin vəkilinizəm. Amma Zeynəb xanım gərək mənim hər sözümə, hər tədbirimə əməl etsin ki, bu iş əncam tapa.
Ağa Abbas. Əlbəttə, onsuz ki, olmaz. Buyurun görək Zeynəb xanıma təklifin nədir?
Ağa Mərdan. Əvvələn, Zeynəb xanım gərək bu saatda bir para məxaric üçün beş yüz tümən mənə pul verə ki, axırda da hesaba daxil elərik. Özü Ağa Kərimə bildiribdir ki, Hacı Qafurun öləndən sonra sandıqda min tümən var idi və bacısı da bilmirdi, onu götürübdür.
Zeynəbxanım. Müzayiqə yoxdur, başqa təkliflərini bildir.
Ağa Mərdan. ikinci təklif budur ki, gərək Hacı Qafurun dövlətinin yarısına qane olasan, yəni o dövlətdən ki, altmış min tüməndir, otuz min tümən sənin olsun və qalan yarısı otuz min tümən mənim və Ağa Kərimin və başqa yoldaş və köməkçimizin olsun.
Zeynəbxanım. Vay aman, nə çox istirsən, Ağa Mərdan!
Ağa Mərdan. Hərgiz çox deyil, xanım! Bu irsə sənin heç haqqın yoxdur. Bu otuz min tümən də mən ancaq sənə bağışlayıram.
Zeynəbxanım. Necə haqqım yoxdur? Mən illər ilə zəhmət çəkib Hacı Qafurun evində oturmuşam. Tamam pul sandıqlarının haçarı mənim əlimdə olurdu. Hacı Qafurun sağlığında onun bacısının beş abbası ixtiyarı çatmazdı, amma mən hər nə qədər istəsəydim xərc edərdim. İndi necə oldu ki, mən gərək qıraqda qalam, pulları bu dilaram çəngi götürə, gedə bir qızıl-qırmızı oğlana, yeyə, içə, kef edə?
Ağa Mərdan. Mürafiədə bu sözlərə qulaq asmazlar.
Zeynəbxanım. Necə qulaq asmazlar? Mürafiə edənin məgər insafı yoxdur? On ildən artıq bu dövlət mənim əlimdə idi. İndi gərək mən ondan binəsib olam?
Ağa Mərdan. Bəli, indi gərək ondan binəsib olasan. Sözümə qulaq as, yarısına qane ol! Yoxsa o dövlətin bir fülusuna da haqqın yoxdur. Ağa Abbas mətləbi başa düşər ki, mən dediyim söz haqdır.
Ağa Abbas. Yaxşı, razıyıq. Başqa təklifin nədir?
Ağa Mərdan. Üçümcü təklifim budur ki, Zeynəb xanım gərək məclisi-mürafiədə hazır olub otura və hakimi-şər hüzurunda iqrar edə ki, Hacı Qafurdan bir yeddi aylıq bir oğlu var.
Zeynəbxanım. Vay, dədəm vay! Ağa Mərdan, bu çox çətin təklifdir. Mən yalandan necə deyim ki, mənim yeddi aylıq oğlum var?
Ağa Mərdan. Heç çətin deyil. Hacı Qafurun sağlığında sən hamilə idin. Öləndən bir ay irəli bir oğlan doğubsən; indi yeddi aylıqdır. Bunu deməyə nə var?
Zeynəbxanım. Ağa Mərdan, mən səni özümə ata bilirəm. Sənin heç sözündən çıxmağı bacarmanam. Amma bu təklif çox müşküldür. Mən uşaq doğmamışam. Deməzlərmi bəs uşağın hanı?
Ağa Mərdan. Bu xüsusda qəm çəkmə! Uşaq hazırdır və sən hamilə idin, onu doğubsan. Uşağı sənin və Hacı Qafurun qucağında görənlər də var. Sən bu cəhətdən ehtiyat eləmə. Sən ancaq iqrar edərsən, özgələri təsdiq edər.
Zeynəbxanım. Allahı sevirsən, Ağa Mərdan, bir ayrı təklif elə! Mən necə bu yalanı iqrar edim? Vallah, mənim üzümdən gəlməz ki, bu sözü deyəm.
Ağa Mərdan. Qəribə söz danışırsan! Heç bilmirəm niyə üzündən gəlmir bu sözü deyəsən? Heç bilmirəm nədən utanırsan? Xub, aləm bilir ki, doğmaq arvad tayfasının peşəsidir. Utanmaq nədir? Balıq istəyən gərək canın soyuq sudan qorumaya. Gərək bu iqrarı edəsən, başqa çarə yoxdur.
Zeynəbxanım. Bu iqrardan qərəzin nədir, Ağa Mərdan?
Ağa Mərdan. Qərəzim odur ki, Hacı Qafurun dövləti sənə yetişsin. Bu mətləbin əncamına bundan başqa əlac tapılmaz, ondan ötrü ki, sən onun varisi ola bilməzsən. Amma sənin oğlun onun şəri varisidir. Oğlan vücudunu sübuta yetirəndən sonra, tamam dövlət ona yetişər. O vaxt da mən çox asanlıqla özümü ona qəyyum edərəm. Sonra ki, bir beş-altı ay keçər, söhbət sallıq ki, sənin uşağın vəfat etdi. O sürətdə tamam dövlət şərən sənə müntəqil olar. Yarısını sən götürərsən və yarısını mən.
Zeynəbxanım. A başına dönüm, belə yalan işi yetirmək olarmı?
Ağa Mərdan. Yeritmək olmazdı, əgər Hacı Qafurun bacısının köməyi olsaydı. İndi onun kimsənəsi yoxdur ki, bizim qabağımızda söz danışa. Əgər Ağa Həsən tacirə getsəydi, genə bu iş çətin idi. İndi
Ağa Həsən də və onun güclü əqrabası da o qıza düşmən olublar. Hamısı istir ki, bu dövlət ona çatmasın. Qız qalıb yalqız, ancaq bir cavan namizədilə ki, əlindən heç bir iş gəlməz.
Zeynəbxanım. Bəs o dediyin uşaq hardadır?
Ağa Mərdan. Bu saatda görərsən. Ağa Kərim, uşağı o biri otaqda dayədən al gətir.
Ağa Kərim gedir.
Zeynəbxanım. Uşağı dayə əmizir?
Ağa Mərdan. Xeyr, anası əmizir. Amma sənin dayəndir dəxi.
Ağa Kərim uşaq əlində qayıdır. Ağa Mərdan uşağı alır, verir Zeynəb xanıma.
Ağa Mərdan. Al, budur sənin oğlun! Görürsənmi, gözü, qaşı lap Hacı Qafurun gözü, qaşıdır.
Zeynəbxanım. Vallah deyəsən ki, elə oxşuyur; amma qorxuram mürafiyə vaxtında dilim tutula, deyə bilməyəm.
Ağa Mərdan. Zeynab xanım, səbəbi odur ki, özün inanmırsan ki, bunu sən doğubsan. Əvvələn,özün gərək inanasan ki, bu sənin oğlundur. Yoxsa, əlbəttə, mürafiyə məclisində karıxarsan, dilin tutular. Vahimə eləmə, söz ver ki, belə iqrar edəsən.
Zeynəbxanım. Bəli, söz verirəm, əgər bacarsam.
Ağa Mərdan. İnşallah bacararsan. Bəs o yaxşıdır ki, baldızın tamam dövləti aparıb bir bığı burma oğlana yedirə?
Zeynəbxanım. Doğru deyirsən. Səkinə xanımın vəkili yalanımı çıxarmıya.
Ağa Mərdan. Xa-xa-xa!.. Gör kimdən qoxur! Ehtiyat eləmə! O, heç bir kəlmə də sənin xilafına söz danışmayacaq. Durun gedin, vəkalətnaməni yazdırın, hazır edin. Sabah gərək mürafiyə başlanıb tamam ola. Mənim də indi başqa işlərim var, yanıma adamlar gələcək və Ağa Kərimi də aparın, onunla beş yüz tümən pul göndərin.
Ağa Abbas. Pulları gətirmişik, Ağa Kərim bildirmişdi.
Ağa Mərdan. Di qoyun, gedin.
Ağa Abbas pulları kisədə Ağa Mərdanın qabağına qoyur. Bacısı ilə ayağa durub
getmək istəyir. Bu halda şahzadənin fərraşı Nəsir daxil olur.
Nəsirfərraş. Səlam-əleyküm, Ağa Mərdan! Şahzadə buyurdu ki, bu axşam bir mənim hüzuruma gəlsin ki, bir vacib işim var, ona rücu edəcəyəm.
Ağa Mərdan. Ərz elə ki, baş üstə!
Əsəd (nökəri-hakimi-şər). Salam-əleyküm, Ağa Mərdan! Ağa buyurur ki, bu gecə Hacı Səminin evində bizim ilə qonaqlığa gedəcəkdirmi? Vacibi iş var. Gərək onunla orada danışam.
Ağa Mərdan. Ərz elə ki, gedəcəyəm.
Ağa Abbas bacısı ilə gedir, Ağa Kərim.
Ağa Kərim. Bu şahzadə fərraşı və hakimi-şər nökəri haradan tapıldılar?
Ağa Mərdan. Mən bilirdim ki, arvad mənim təklifimdən vahimə edəcək. Buların hərəsinə iki sahib-qiran verib, piş əz vaxt hazır eləmişdim ki, gəlib arvadın yanında bu sifarişləri mənə etsinlər. Arvad bilsin ki, mən şahzadə və hakimi-şər yanında müqərrəbəm. Bir az ürəkli olsun, yoxsa mürafiyə vaxtında qorxuram iqrara qadir olmaya, rüsvay olaq.
Ağa Kərim. Vallah, yaxşı fikirdir. Amma xeyr, biz mürafiə vaxtında mülahizə elərik, əgər müyəssər ola, arvadın iqrarını şahidlərdən sonraya sallıq, o vaxt vahimə eləməz.
Ağa Mərdan. Di dur get Hacı Rəcəbəliyə de ki, şahidləri gətirsin, gəlsin. Beş yüz tümən onun özünə vədə elə. Əlli tümən nəğd, qalanı nisyə. Şahidlərin hər birisinə de otuz tümən, on beşi nəğd, on beşi nisyə ki, iş tamam olandan sonra verilər. Hacı Rəcəbəli əldə olmasa bu işi aşırmaq olmaz. Yoxsa işin üstünü açar; çox şeytandır. Ondan iş gizlətmək mümkün deyil.
Ağa Kərim. Çox yaxşı, gedim. (Ayağa durur).
Ağa Mərdan. Ey, sən allah, bir söz deyirəm: Hacı Qafurun arvadını görəndə öz yanından bir tövr ilə işarə elə ki, danışıq arasında mənə ata xitab etməsin; sən öləsən, ürəyinə ayrı fikir gəlməsin! Elə xoşuma gəlməz ki, arvad tayifəsi mənə xoşaməd üçün ata ləqəbi verə. Nə lazım olubdur? Adımı desin.
Ağa Kərim. Yaxşı, yaxşı, bilirəm mətləbin nədir! Xatircəm ol, dəxi sənə ata deməz.
Gedir, sonra Ağa Salman daxil olur.
Ağa Səlman. Salam-əleyk!
Ağa Mərdan. Əleykəssəlam, necə oldu?
Ağa Səlman. Vəkil oldum. İndi fikrin nədir?
Ağa Mərdan. İndi fikrim budur ki, şahidlər hazır edib, mürafiəyə iqdam edək. De görüm, sənə nə vədə elədilər?
Ağa Səlman. Mən dedilər ki, beş yüz tümən sənə həqqülnəfəs verrik, çünki bizim şahidlərimiz hazırdır və iş vazehdir. Mən də razı oldum.
Ağa Mərdan. Çox yaxşı elədin. İndi görürsən ki, haqq tərəfindən çəndan xeyir yoxdur. Amma Hacı Qafurun arvadı otuz min tüməndən keçir. Bu otuz min tümən sənə, mənə və Ağa Kərimə yetişəcəkdir. Şahidlərin adlarını, yerlərini öyrəndinmi?
Ağa Səlman. Öyrənmişəm. Dörd nəfər sərbazdır; Bədəl, Qəhrəman, Qəffar və Cabbar. Vərci küçəsində olurlar.
Ağa Mərdan. Gərək mən oları bura gətirdib tovlayam ki, xilaf şəhadət etsinlər. Sən gərək gedib olara tapşırasan ki, sədaqət ilə öz şəhadətlərini eləsinlər. Çün sərbaz taifəsi biçizlikdən bir növ firqeyisuala daxildir. Olar haman saat soruşacaqlar ki, ağa, sonra bizə nə şəfəqqət edəcəksən? Onda sən de ki, uşaqlarım, belə işlərdə müzd istəmək yaxşı deyil. Allah rizasına gərək şəhadət edəsiniz. Qiyamət günü sizə əcri-xeyir yetişər.
Ağa Səlman. Çox yaxşı!
Ağa Mərdan. Heç bilirsənmi sərbazların adəti nə qərar üzrədir?
Ağa Səlman. Bilirəm. Olar deyəcəklər ki, biz Hacı Qafurun evinə yetişdik. İki saat vəfatından irəli. Bizə dedi ki, mən ölürəm, mənim dünyada bir kimsəm yoxdur, məgər bir bacım. Mən öləndən sonra məni dəfn edin.
Ağa Mərdan. Çox yaxşı, gərək sərbazlar bu sözü dəyişib deyələr ki, bir aylıq oğlu var idi. İndi dur get!
Ağa Səlman durub gedir.
Ağa Mərdan (yalqız). İnşallah iş yaxşı gəlir. İndi Ağa Kərim, şahidləri gətirən vaxtdır.
Qapı açılır. Ağa Kərim, Hacı Rəcəbəli, daruğə və yanında dörd nəfər adam
daxil olurlar.
Hacı Rəcəbəli. Səlam-əleyk!
Ağa Mərdan. Əleykəssəlam, Hacı, tapdınızmı?
Hacı Rəcəbəli. Tapdınızmı?! Guya itirmişdik tapaq? Qəribə sual edirsən, Ağa Mərdan. Bəs məlum ki, məni hələ dürüst tanımırsan.
Ağa Mərdan (Ağa Kərimə kənarda). Ağa Kərim, sən dur get,
Ağa Səlman ilə görüş. O nişan verən sərbazları mənim yanıma gətir. (Sonra Hacı Rəcəbəliyə mütəvəcceh olub). Hacı, mənə nişan ver, görüm ki, bular kimdirlər?
Hacı Rəcəbəli. Bu Hepo qumarbazdır ki, dünən Ərdəbildən gəlibdir. Bu qəzvinli Şeydadır ki, gündüz sərraflıq elər, gecə əyyarlıq. Bu da Qurbanəli həmədanlıdır ki, gecə hər iş əlindən gələr, amma gündüzlər bazarda corab satar. Bu da marağalı Hənifədir ki, gündüz qoltuqfüruşluq edər, gecələr mənim yanımda olur.
Ağa Mərdan. Əlhəmdüllah, hamısı yaxşı adamlar imiş, amma Heponun sənəti bir az töhmətlidir. Olar ki, ona gümani-bəd gedə.
Hacı Rəcəbəli. Qorxma, Hepo bir nadürüstdür ki, hər sifətə və hər dona girə bilər. İstirsən bir-iki saatdan sonra bir mütəşəxxis tacir sifətinə girib yanına gəlsin ki, sən özün də onun haqqında müştəbeh olasan. Məgər bilmirsən ki, bu kimin nütfəsindən əmələ gəlib? Bu, dabanıkəsik Heydərqulunun oğludur ki, gündüz Əhərdə görünüb, gecə iki günlük yol piyada gəlib. Təbrizdə mərhum qaim-məqamın evindən bir cəvahir mücrüsünü aparıb, genə elə o gecə Əhərə qayıdıb; Sübh çağı karvansarada dalanında yatmış imiş. Aləm tamam heyran qalmışdı onun bu əməlinə. Məhz onun bu hünərinə görə iş açılandan sonra onu öldürməyib ancaq dabanlarını kəsdilər.
Ağa Mərdan. A, dabnıkəsik Heydərqulunun oğlu imiş! Çox yaxşı, amma adını dəyişərik. Bular məsaili-şəriyyətlərinə arifdirlərmi?
Hacı Rəcəbəli. Xatircəm ol! Tamam əhli-savaddırlar. Sən öləsən, hamısı şeytana papuş tikərlər. Nə günə qalıblar, dördü də hər gün məsciddə camaat namazı qılır.
Ağa Mərdan. Çox yaxşı, indi bilirlərmi ki, gərək nə günə şəhadət etsinlər.
Hacı Rəcəbəli. Xeyr, gərək onu sən özün təlim edəsən.
Ağa Mərdan. Bəli, gərək desinlər ki, Hacı Qafurun vəfatından bir həftə irəli biz dördümüz də axşam çağı əhli-qübur ziyarətinə gedirdik. Hacı Qafurun qapısından ötəndə gördük durubdur, qucağında bir qundaq. Səlam verib soruşduq ki, Hacı, bu uşaq kimindir? Dedi ki, mənimdir, üç həftədir ki, təvəllüd tapıbdır. Bundan başqa dəxi övladım yoxdur.
Hacı Rəcəbəli (şahidlərə üzün tutub). Ay uşaqlar, eşitdinizmi?
Həpo. Bəli, eşitdik!
Ağa Mərdan. Bu tövr deyə biləcəksinizmi?
Hənifə. Əlbəttə, nə çətin sözdür ki, demək müşkül ola!
Ağa Mərdan. Çox razıyam, oğullarım, Allah sizdən razı olsun!
Şeyda. Ağa Mərdan, belə işdən Allah məgər razı olar?
Ağa Mərdan. Niyə razı olmur, əzizim! Əgər əsl işdən xəbərdar olasan, deyərsən ki, razı olar. Biçarə Hacı Qafurun arvadı on il ev və dövlət sahibi olubdur. İndi rəvadırmı evdən, dövlətdən məhrum olsun və bu dövləti bir qızmış qız götürüb bir cövməri əhli-zələmə oğlana yedirsin? Bu səbəbə ki, onu qucacaqdır? Əhli-zələmə bizim üləmamızın qövlünə görə dərgahi-ilahidən mərduddurlar.
Şeyda. Bəli, doğru deyirsən.
Hacı Rəcəbəli. Ağa Mərdan uşaqların icrətini məlum elə.
Ağa Mərdan. Məgər Ağa Kərim eyləməyibdir? Hər birisinə otuz tümən və sənə də məlumdur nə yetişəcəkdir.
Hacı Rəcəbəli. Ağa Mərdan, uşaqların icarəsinin yarısı gərək bişəki, yetişə.
Ağa Mərdan. Əlbəttə, siz gedin; iki saatdan sonra Ağa Kərim sizə əlli tümən və uşaqların da icrətlərinin yarısını qulluğunuza gətirər.
Hacı Rəcəbəli. Çox yaxşı, xudahafiz.
Hamısı gedirlər. Sonra qapı açılır, dörd nəfər sərbaz içəri girir Ağa Kərim ilə.
Sərbazlar. Səlam-əleyküm!
Ağa Mərdan. Əleyküməssəlam. Buyurun, oğlanlarım, əyləşin! Siz xoş gəlibsiniz. Sizə zəhmət verdim, bağışlayasınız!
Sərbazlardanbirisi. Xeyr ağa, sənin kimi hörmətli kimsənələrin qulluğuna gəlmək bizə çox fəxrdir.
Ağa Mərdan. Mərhəba, oğlum! Ədəbli adam dünyada həmişə əziz olar. Çaşt yeyibsinizmi?
Sərbazlar. Xeyr, bura gəldik, hələ məcalımız olmadı.
Ağa Mərdan. Ağa Kərim, bizim nökərlərdən birisini göndər, bazardan çilovpəzdən dörd nəfər üçün dörd dümərdi boşqabda, yanınca qəndabı çilov gətirsin.
Sərbaz. Nə üçün, ağa, zəhmət çəkirsiniz?
Ağa Mərdan. Zəhmət niyə olur, əzizim. İndi çaşt vaxtıdır. Rəvadırmı mənim evimdən ac gedəsiniz?
Sərbaz. Ağa, bizə qulluğunuz nədir?
Ağa Mərdan. Oğlum, bir çəndan qulluğum yoxdur. Ancaq bircə kəlmə söz sizdən soruşacağam.
Sərbaz. Buyur, ağa, ikisini soruş!
Ağa Mərdan. Mərhum Hacı Qafuru sizmi dəfn etdiniz?
Sərbaz. Bəli, ağa.
AğaMərdan – Mərhəba, oğlanlarım, sizin cavanmərdliyinizə! Sizin vücudunuz qənimətdir. Nəinki islamın köməyisiz, bəlkə dar gündə xalqın vecinə də ancaq siz gəlirsiz. Vəba düşəndə bir mütənəffis Təbrizdə qalmamışdı, amma siz öz canınızdan keçib şəhəri buraxmadınız. Cənab-əqidəsi-ilahi sizə böyük əcr versin! Xub, oğlanlarım, Hacı Qafuru sağ gördünüzmü?
Sərbaz. Bəli, gördük, ağa!
Ağa Mərdan. O vaxtda onun yanında qundaqda onun bir aylıq tifil oğlunu gördünüzmü?
Sərbaz. Xeyr, ağa, görmədik.
Ağa Mərdan. Olur ki o vaxtda anasının qucağında imiş.
Sərbaz. Xeyr, ağa, Hacı Qafurdan biz soruşduq ki, oğuldan, uşaqdan nəyin var? Dedi ki, bir bacımdan başqa bir kimsəm yoxdur.
Ağa Mərdan. Bəli, olur ki, oğul bir aylıq tifil olduğu üçün onu hesaba gətirməyibdir. Amma uşaq o vaxtda anasının qucağında imiş. Sizdən başqa özgələri uşağı onun qucağında görüblər. Mən elə bildim ki, bəlkə siz də görmüş olasınız. Eybi yoxdur, indi bu xüsusda necə şəhadət edəcəksiniz? Çünki vərəsə arasında dava bərmeyit vaqe olubdur.
Sərbaz. Biz bildiyimiz kimi şəhadət edəcəyik. Bu xüsusda Hacı Qafurun bacısının vəkili də bizdən soruşdu, bu qərar ilə cavab verdik.
Ağa Mərdan. Bəli, indi məlum oldu ki, siz niyə belə danışırsınız; çünki o haramzadanın, o bidinin ağzı sizə dəyibdir. Onun üçün siz uşağın varlığına münkir olursunuz. Yəqin ki, bu xüsusda sizin hər birinizə iyirmi tümən vədə edib yarısını də pişəki veribdir.
Sərbaz. Xeyr, ağa, o bizə bir həbbə də vədə eləməyibdir. Hətta biz ondan bir cüzi xarclıq istədik, dedi ki, şahid gərək biqərəz ola, əcrinizi allahdan istiyin.
Ağa Mərdan. Ax, məlun, gör nə mərtəbədə qayım və xəsis adamdır! Özündən başqa istəmir ki, bir kimsəyə bir həbbə xeyir yetişsin. Yaxşı, altmış min tümənin davasında nahaq işə şəhadət etdirir. Sizin kimi cavanmərd uşaqların hər birinə bir iyirmi ya otuz tümən cib xarcılığı verməklə can çəkir. Vallah, beləcə məlun olmaz. Allah bəlasın versin. İşi nahaq, özü qayım və xəsis!
Sərbaz. Necə işi nahaqdır, ağa?
Ağa Mərdan. Belə nahaqdır ki, aşkara Hacı Qafurun yeddi aylıq oğlunu istir dansın, batırsın və atasından qalan dövləti istir onun bacısına yedirsin. Lakin bu işi Allah götürməz. Uşaq bu saatda halihəyatdadır. Bunu necə danmaq olar? Mən uşağın vəkiliyəm. Otuz tümən nəzr eləmişəm ki, hər kəs bu tiflin barəsində şəhadət etsə, onun qabağına sanıyam. Sizə çox gümanım gəlirdi. Belə bilirdim ki, uşağı görübsünüz, pulları da sayıb hazır qoymuşdum. Amma çifayda, siz deyirsiniz uşaq yadınıza gəlmir; amma olur ki, görsəniz yadınıza düşər. Ağa Kərim, evdən o tifli anası Hacı Qafurun arvadından al, bir bura gətir. (Ağa Kərim gedir, cəld o biri otaqdan yeddi aylıq qundağı gətirir). Uşaqlarım, bir dürüst fikrinizə gətirin, olmaz ki, siz bu uşağı görməmiş olasınız! Allaha mürvətdir ki, bu yetimin atasının pulunu özgəsi yesin, bu yetim həsrət ilə qapılarda qalsın? Amma olur ki, siz tələsikdə buna mültəfit olmamış olasınız, çünki o vaxt bir belə vaxt idi ki, adam öz başını da unudurdu. Ağa Kərim, bu uşağın nəzirini taxçadan al, bura gətir. (Ağa Kərim tez taxçadan dörd kağıza bükülmüş pulları gətirir. Ağa Mərdanın qabağına qoyur). Mənim əzizlərim, Allahtaalanın əcrindən başqa ki, bişəki sizə yetişəcək idi, bu yetim bu kağızların hər birisinin içində sizə otuz tümən nəzr edibdir. Bu, o məlun Ağa Səlman kimi deyil ki, həmi nahaq işə təklif edə və həmi xissətdən hes bir zad vermiyə.
Sərbazlardan birisi yoldaşlarından birisinə üzün çevirib.
Bədəl. Qəhrəman, mənim belə yadıma gəlir ki, biz Hacı Qafurun yanında olduğumuz saatda bir uşaq səsi gəldi.
Qəhrəman. İndi mənim də fikrimə düşür ki, bucaqda bir arvad oturmuşdu, qucağında bir qundaq var idi.
Qəffar (sərbazlardan üçüncüsü). A kişi, deyəsən mənim də xatirimə gəlir ki, Hacı Qafur dedi ki, o mənim arvadımdır, o uşaq da mənimdir. Bir aydır anadan olubdur.
Nəzər (sərbazlardan dördüncüsü). A kişi, necə bu iş bizim yadımızdan çıxıbdır. Doğrudan, o vaxt adam öz başını da unudarmış. Ay uşaqlar, Hacı Qafur bizə demədimi ki, mənim evimdən, öz arvadımdan və bu tifil uşağımdan muğayat olun? Şəhər xalqı yığılanadək oğru və əyri bulara əziyət verməsin?
Əvvəlincisərbaz Bədəlvəobiriləribiryerdə. Bəli, arvadını və oğul-uşağını doğrudan bizə tapşırdı.
Ağa Mərdan. Allah sizdən razı olsun, oğlanlarım! Mənim də gümanım bu idi ki, bu iş sizin laməhala xatirinizdə olacaqdır. Alın bu yetimin nəzirini özünüzə xarclıq edin! İnşallah mürafiə tamam olandan sonra genə sizin hər birinizə on tümən yetişəcəkdir! Doğruluq heç vaxt da itməz. Oğullarım! Belə ki, mənə söylədiniz, məhkəmeyi-mürafiəyə dəxi bu qərar ilə şəhadət edin. Pulları götürün.
Sərbazlardanbirisi. Ağa, axır biz Ağa Səlmana söz vermişik ki, onun tərəfinə şəhadət edək. İndi ona deyəkmi ki, biz ona şəhadət ola bilmənik?
Ağa Mərdan. Xeyr, heç ona demək lazım deyil! O elə bilsin ki, siz ona şahidsiniz. Sizi aparsın məhkəməyə, orada necə ki, indi söylədiniz, bu qərar ilə şəhadət edin. Ağa Səlmanın sizdə bir haqqı yox, bir tələbi yox. Desə ki, niyə belə şəhadət edirsiniz, deyin ki, biz belə bilirik. Götürün pulları! Çilov gəlibdir gedin o biri otağa, çaştınızı yeyin, gedin. Amma sizdən bircə təvəqqəm var; gərək mən sizi bura çağırdığımı bir kimsənə bilməyə. Bu sirri saxlamaq üçün məhz rizaənlillah mən sizin hər birinizə özümdən bir Buxara börkü vədə edirəm.
Sərbazlar. Ağa, bu xüsusda xatircəm ol!
Pulları götürürlər.
Ağa Mərdan. Ağa Kərim, uşaqları o biri otağa apar, çilov yesinlər, yola sal, getsinlər!
Ağa Kərim sərbazları götürüb o biri otağa aparır.
Ağa Mərdan (yalqız). Hələ buratan yaxşı gəlir. İndi durum gedim, məhkəmədə olan haşiyənişinləri püxtə və amadə edim ki, sabah mürafiə vaxtında bəqədri-lüzum quyruq bulasınlar. (Durub gedir).
Pərdə salınır
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-murafie-vekillerinin-hekayeti-ikimci-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Həzrət-əşrəf və əfxəm, Valanəsəb, şahzadə Etizadüssəltənənin xidmətinə ərz edirəm Allah onun səadətini daimi etsin!**Valahəzrətin məktubu yetişdi və başımı ucaltdı və cənabınızın əsərlərindən ibarət beş cild kitab, o cümlədən üç cild “Əfqanıstan tarixi” və iki cild “Fələküssəadə” gəlib çatdı. Bir cild “Əfqanıstan tarixi” və bir cild “Fələküssəadə”ni Şeyxülislam cənablarına verdim. “Əfqanıstan tarixi”nin bir nüsxəsini Mirzə Mustafaya təqdim edib, iki nüsxəsini isə özüm götürdüm. Bu gün ikinci gündür ki, hər gecə Şeyxülislamın mənzilində “Fələküssəadə” kitabını oxumaqla məşğuluq. Onu bitirdikdən sonra “Əfqanıstan tarixi”ni oxumağa başlayacağıq.
NikolaiyəRəştdə Fransa dövlətinin baş konsulu müsyö Nikolaiyə**24 fevral 1874-cü il*
Nikolaiyə1874-cü il 24 fevralda Tehrana müsyö Nikolai cənablarına yazılmış məktubun surəti**Əziz və əzəmətli dostum müsyö Nikolai!
Nikolaiyə1874-cü ilin mart ayında müsyö Nikolai cənablarına göndərəcəyim məktubun qaralaması**Əziz və əzəmətli dostum müsyö Nikolai, Allah səadətinizi daimi etsin!
Стихи других поэтов
MİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,