("Gülüstan" poemasının II hissəsi)

Məhəmməd Cöhrəqanlıya

1

Zərurət görmədim təsadüf qədər
Məqsədə yönəlir bu başsız axın.
Məndən rica etdi bir vətənsevər
Yazım davamını mən "Gülüstan"ın.

Yazmışdım mən onu düz qirx il qabaq.
O vaxtdan bu yana çox sular axdı.
Arazın suyunda enib-qalxaraq
Ürəkdə bəslənən arzular axdı.

Torpağa düşmədi apardı yellər
Arzu toxumları sulara düşdü.
Yandı, pərşələndi həsrət könüllər
Yenə bu minvalla illər ötüşdü...

"Gülüstan" adicə haraydı, haydı
Qulaqlar kar olur biz qışqıranda.
Mən onu yazanda şalı zamanıydı,
Başqa bir zamandır indi İranda.

Millət qarşılaşdı başqa yasaqla
Çəkdi imtahana böcək, quşları.
Üsullar dəyişdi, gedən bıçaqla,
Gələn pambıq ilə kəsdi başları.

Dünya çalxalandı, sular duruldu
Tərsinə dolandı əsrin məhvəri.
Zaman hökm elədi, vaxt hakim oldu
Ayağa qaldırdı qul millətləri.

Qullar silahlandı qəzəbdən, kindən
Ayıra bildilər dumandan sisi.
Qovdu ağasını məmləkətindən
Kölə Afrikanın kölə zəncisi.

Göyə dirək oldu amanım, ahım,
Halalca haqqımız bizdən yan qaçar.
Zəncinin baxtını açan Allahım
Bəs mənim bəxtimi nə zaman açar?

Yaman uzun çəkdi hökmü bu qəsdin,
Ayrılıb ikiyə döndü bir Vətən.
"Gülüstan" adlanan bu ifritənin
Kağızı, qələmi nədəmniş, görən?

O kağız, o yazı yumdu gözləri
Yanan ürəklərdə od külə döndü.
Bizim aramızda o gündən bəri
"Gülüstan" tikanlı məftilə döndü.

Baş idik, ayağa indi yol olmaq
Bizi dərdimizə bu gün yad eylər.
Bir vaxt hakim ikən dönüb qul olmaq
Bizim bəxtimizə yazılmış məgər?

Bir vahid millətə, iki hakimin
Dili doğmalaşdı...Bu lap ağ oldu.
Doğma anamızın şəkərdən şirin
Bizə öyrətdiyi dil yasaq oldu.

Hakimlər özü də bilirdi aşkar
Mənim öz dilim var, öz tarixim var.
Siz haqqın üzünü boyalayırkən
Həqiqət də aydın, yalan da aydın.

Yüz min erməninin məktəbi varkən,
Yirmi milyon türkə onu qıymadın.

Dinində, törəndə bizimlə birkən
Yasandan sən mənim haqqımı sildin.
Dininə düşməni əzizləyirkən,
Sən öz dindaşına düşmən kəsildin.

Özündən, sözündən qaçaq dilimiz
İslanıb üşüdü qarda, çisəkdə.
Yüksək məqamlarda yasaq dilimiz
Qovulub yaşadı kənddə, kəsəkdə.

İnsan olmaq üçün uşaq dil açar
Yasaqlar önündə biz dilsiz olduq.
Dil varsa, xalq da var, şan-şöhrət də var
Dil yoxsa, millət yox, heç varlıq da yox.

Soruşduq: - Dilimiz yoxsa, biz kimik?
– Farsdan dönməsiniz, - dedilər bizə.
Baxıb gözümüzün içinə dimdik,
Onlar qəsd elədi mənliyimizə.

Belə "tarixçilər", belə nadanlar
Sizdə də, bizdə də dürəkdir, ancaq.
Düşmən olsalar da, millətə onlar,
Hakimi-mütləqə dirəkdir, ancaq.

Firdovsin söz açdı türk oğlu kimi
Əfrasiyab adlı Alp Ər-Tunqadan.
Məgər fars idimi sizin Rüstəmi
Döyüşə çağıran o böyük xaqan?

Rüstəm Zal - İransa,
Əfrasiyab - Turan,
Beləysə, fars olub
Türk nə zamandan?

Məgər türk deyildi mənim şahlarım
Əsrlər boyunca mülki-İranda?
Bəs səni tutmazmı naləm, ahlarım
Məni "farsdan dönmə" adlandıranda?

Türkün zatındadır kişilik, mərdlik
O, öz düşmənini vurmaz arxadan.
Türkə, Türk dilinə bu düşmənçilik
Sizdə bir adətdir qalü-bəladan.

Tarixə baş vuraq: bu ağ, bu qara
Mərdlik mayasıyla yoğrulmuş babam.
Haqqını tanıdıb çox haqsızlara
Amma haqsıza da mərd olmuş babam.

Bəzən özümüzü bəyənmədik biz
Dedik, filankəsə gərək oxşayaq.
Yandı öz bağlarımız... fikir çeşməmiz
Özgə bağlarını suladı ancaq.

Heç kəs inciməsin, dedik, qoy bizdən
Yandıq yad evində bir çıraq kimi.
"Buyur" deyə-deyə hörmətinizdən
Qonağı elədik evin sahibi.

Bizim böyük-böyük ustadlarımız
"Xəmsə"lər bağladı özgə dilində.
Dönüb yadın oldu bizim varımız
Babam talan oldu öz mənzilində.

Ya da abidələr ucaldıb dedik:
Fəhləlik bizimdir, ustalıq sənin.
Çox zaman özgəyə qulluq eylədik
Beyin bizim oldu, əsər özgənin.

Nadir də, Qaçar da ölkələr aldı
Vətən ucalmadı, taxtı ucaldı.
Öz doğma elini ayağa saldı
Şahlar bizim oldu, zəfər özgənin.

Saldıq özümüzü özümüz gözdən
Kül ilə oynadıq, əl çəkib közdən.
Ölkələr nur aldı şəfəqimizdən
Günəş bizim oldu, səhər özgənin.

Mənim sərvətimə cahan göz dikdi
Sərvətim, dövlətim ona gərəkdi.
Babam yer şumladı, babam yer əkdi
Zəhmət bizim oldu, bəhər özgənin.

Açdı sinəsini bizə bu torpaq
Aləmi bəzəyib lüt olduq, ancaq.
Cıdırda çapsaq da hamıdan qabaq
Hünər bizim oldu, nəmər özgənin,
Qızıl bizim oldu, kəmər özgənin.

Meydan oxusaq da, çərxi-dövrana,
Bəzən özümüzlə üzbəüz olduq.
Düşməni əzsək də, mərdü-mərdana,
Bəzən düşmənimiz özümüz olduq.

Zamanın küləyi, də, əsdi hardan?
Uduza-uduza axır udulduq.
Vaxtın axarında gəldi bir zaman
Biz iki hakimə dönüb qul olduq.
Ayılın, hakimlər, dönür bu dövran
Qorxun haqqı görən Allahımızdan.
Tarixi gerçəyi danmayım barı
Sizin çörəyiniz diziniz üstdə.
Tarixi əzmiylə yaradanları
Niyə çökdürdünüz bu gün diz üstə?

Sədi dərs də verdi sizə ədəbdən
Sizsə, başqasınımı bəyənmədiniz.
Möhtəşəm bir dini alıb ərəbdən
Ərəbə "çəyirtkə yeyən" dediniz.

2

Quzeydə ayağa qalxdı məmləkət
Bir təpə bir dağla üz-üzə gəldi .
Millətin qəlbində boy atan nifrət
Köksün həmləsiylə o dağı dəldi.

Yaman acıq gəldi bu nifrət ona
Tankların altında əzdi milləti.
Sığdıra bilmədi dağ qüruruna
Təpə önündəki məğlubiyyəti.
Millət millət olur, arzu, niyyəti,
İnamı, inadı,
öz imanıyla.
Dərk edib bu haqqı, bu həqiqəti,
Suvardıq torpağı şəhid qanıyla.

Eşidib qəlbimin üsyan səsini,
Yazdım "Şəhidlər"in faciəsini:
"Dilək bir çiçək də bitirə bilməz
Bu gündən sabaha körpü olmasa.
Azadlıq ağacı bar verə bilməz
Şəhidlər qanıyla suvarılmasa.
...O şənbə gecəsi gecikdi səhər
Zaman itirmişdi o gün sağ-solu.
Ömürdən keçərək, keçdi şəhidlər
Bir qanlı gecədə minillik yolu.

O şənbə gecəsi ölüb-dirildik
Şərəf papaq oldu, başlara qondu.
O qətl gecəsi xalqın min illik
Şücaət tarixi təkrar olundu.

Qatil gülləsinə qurban gedirkən
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər.

O şənbə gecəsi, o qətl günü
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü
O gecə dağıdıb sökdü şəhidlər".

3

"Gülüstan" yarandı düz qırx il əvvəl
"Şəhidlər" nəticə, "Gülüstan" təməl,
Azadlıq verilməz bilək bir kərə
Azadlıq alınar, budur doğru yol.
Axı "Gülüstan"dan ta "Şəhidlər"ə
Gedən uzun yoldu keçilən bu yol .
Daş körpü - vəhdətini daş Xudafərin!
Gərəksiz daşların qalağı oldu.
Üstündən bir kimsə keçmədi... min-min
Könül həsrətinin gözdağı oldu.
Gəldi başımıza nələr, ay nələr,
Goramı aparaq bu dərdi, qardaş?
Bütün bu bəlalar, bu faciələr
Həmən "Gülüstan"dan göyərdi, qardaş.

Quzeydə yerini göstərdik yada,
Zorun təməlini haqq deşə bildi.
Gördük, bizdən başqa bu gen dünyada
Bütün ayrılanlar birləşə bildi.

Biriykən ikiyik, bu halımızla
Biri-birimizə həsrət qalmışıq.
Biz hələ bu gün də xəyalımızla
Həsrətin üstündən körpü salmışıq.

Buna da şükr edib, "təvəkkül" - dedi,
İmdadçün həmişə üz tutduq göyə.
Elə zaman gəldi, keçmək istədik
Xəyali körpüdə biz, daş körpüyə.

Daş körpü - vəhdətim, daş Xudafərin!
Gərəksiz daşların qalağı oldu.
Üstündən bir kimsə keçə bilmədi
Bölünən bir xalqın gözdağı oldu.

Biri-birimizə gendən "gəl" - dedik
Tanrı üz çevirdi elə bil bizdən.
O qədər üstündən keçə bilmədik
Körpünü ot basdı qəhərimizdən.

İki əsrdir ki, o daş körpünün
Bu tayında mənəm, o tayında sən.
Sökülüb-dağılır daşlar günbəgün
Sərhəd dirəkləri xəbərsiz oldu
Bizim qəlbimizdən keçən körpüdən.

Qəsbkar qəsdini abədi sanmış
İki başda duran tağlara bir bax.
Çoxu dağılsa da, dimdik dayanmış
Birinci tağ ilə axırıncı tağ.

O tağın biri mən, o biri sənsən
Onlar əsrlərlə dözüb sellərə.
Selin zərbəsinə tağlar dözübsə,
Nə gəlib arzusu bir könüllərə?

Bu gün qismətimiz qəm-kədərdisə,
Dünənki birliyim heç unudulmaz.
Çayın altındakı torpaq birdisə,
O tayı bu taydan ayırmaq olmaz.

Neçə il əvvələ qayıdaq yenə
Diləklər dikəldi, "mən varam" - dedi.
Bu böyük diləyin zərbələrinə
Sərhəd dirəkləri tab gətirmədi

Bu taydan o taya haray qaldırıb,
Özünə güvəndi bu millət yenə.
Dəmir məftilləri dişiylə qırıb
Oğullar doladı biləklərinə.

Araz öz yoluyla yenə axırdı
Həsrət divarını o gün aşdılar.
Qardaşlar qırandan zənciri qırdı
Çayın ortasında qucaqlaşdılar.
Dərdi boğazlayıb o gün sevincdən
Onlar hönkür-hönkür hey ağlaşdılar.
Qardaşlar ağladı o gün doyunca
Soldatlar, sərbazlar dəhşətə gəldi.
O günün ertəsi Araz boyunca
Tikanlı dirəklər yenə dikəldi.

Qovuşdu birgünlük bu tay o tayla
Bir günlük sevincdən çaş-baş oldular.
Qardaşı qardaşdan ayırmasıyla
Soldatla sərbaz da qardaş oldular.

Ölmədi, o günü gördü Bəxtiyar Dedi: -
Haqq önündə zor bərbad olsun. Dedi: -
Mən o günü gördüm, Şəhriyar,
Qabaqda işıq var, ruhun şad olsun.

Bu yerdə ustadla neçə il əvvəl
Telefon söhbəti yadıma düşdü :
Mən ona "gəl" - dedim, o mənə "gəl-gəl"
Əllər görüşmədi, səslər görüşdü.
Məndən xəbər aldı: - Neçə yaşın var?
Yaşımı söylədim, dedi: - Min alqış!
Dedim: - Nəyə alqış, ustad Şəhriyar?
Dedi ki, cavansan, sən mənə baxmış.
Arzum göyərmədi, keçibdir yaşım,

O vüsal gününü sən gör, qardaşım".
Getməz ağzımızdan o günün dadı
Mən gördüm o günü bircə gün, ancaq.
Başımız üstündə yenə oynadı
Bu tayda "dubinka" ,
o tayda şallaq.
Biz bunu bacardıq... Ancaq nə fayda?
Verdik əlimizdən yelə fürsəti.
Allah bir də nə vaxt, hansı dolayda
Bizə verəcəkdir elə fürsəti?

Tarixdə neçə yol uduzduq, nədən?
Zirvəyə qalxmışdıq, biz niyə endik?
Səbrlə, tədbirlə ölçüb-biçmədən
Ağla güvənmədik, hissə güvəndik.

Səttarxan, Bağırxan və Pişəvəri
Bizimçün hər biri diridən diri.
Onlar qəhrəmandı, qəhrəman, fəqət
Təkcə igidliklə kar aşmır indi.
Uzağı görmədən, təkcə cəsarət
Arzuya, istəyə yol açmır indi.

Onlar ölçmədilər uzunu, eni
Tədbir tökmədilər, əzab çəkdilər.
Tuta bilsəydilər günün nəbzini
Arzu güllərini dərəcəkdilər.

Qırx il həsrət qaldı almana alman
Dövrana baxdılar, vaxta baxdılar.
Onlar qanadlanan arzularından
Zamanın çiyninə qanad taxdılar.

Düşündük, dərdimiz artdı ilbəil
Vaxtın damarını tuta bilmədik.
Siz: "zaman başqadır, vaxt o vaxt deyil",
Bizsə o arzuyla şeirlər dedik.

İstiqlal qazandı quzeydə ölkə
Bunu gözləmişdi millət yetmiş il.
Bu gün aldığımız azadlıq bəlkə
Bizi biz edəcək istiqlal deyil?

İstiqlal qazandıq, kim "oxay" dedi?
Təzə bəlalara biz sinə gərdik.
İstiqlal milləti sevindirmədi
İstiqlal qazanıb, torpaq itirdik.

Çəkdi bu milləti hərə bir yerə
Məqsəd - kürsü eşqi, amal - mənfəət.
O qədər çəkişdik, həm firqələrə
Həm də bölgələrə bölündü millət.

Umdu, nəsə umdu Vətəndən hamı
Amma unuduldu məmləkət dərdi.
Kürsüyə çatmaqçün biri Ağdamı
Biri də Şuşanı güdaza verdi.

Bunlar həqiqətdir, ay bədbəxt, sənin
Hansı amal ilə qəlbin döyündü?
Unudub dərdini bütöv Vətənin
Kürsü hərisliyi amala döndü.

4

İslam bayrağıyla başqası gəldi
Hamı düşündü ki, dünya düzəldi.
Solub-saralırdı sahibsiz, təki
Bizim viran olmuş könlümüzdəki
Arzu çiçəkləri...
o gün suladıq.
Biri-birimizi muştuluqladıq.
Bizim Söhrab Tahir, Balaş, Mədinə
Bayram libasları geydi əyninə.
Ertəsi eşitdik möhtərəm imam

Yaratdı ölkədə "cümhuri-islam".
Çox gözəl, cümhura nə irad, nə söz?
Məgər bu deyilmi istədiyimiz?

Şahlıq diyarında, şah ölkəsində
"Döndü həqiqətə" yüzillik xəyal.
Türkün öz dilində, öz ləhcəsində
Qəzetlər, dərgilər çıxdı dalbadal.
Nə oldu sonrası? Keçdi bir qədər

Boyalar silindi, bozardı üzlər.
Gördük vədlərdən təkcə söz qalıb
Zülm qah-qah çəkir, haqsa hönkürür.
Şahlıq devrilsə də, başqa rəng alıb
Yaşayır əvvəlki zülm başqa cür.

Adını dəyişib, əhdini danıb
Yenə də həmərı zülm, həmən əsarət.
Qarmağa taxılan ətə aldanıb,
Tələni görmədi zavallı millət.

Zülm nə din bildi, nə dil, nə Vətən,
Cəhalət uydurdu İslam adına.
Açıq fikirlilər qaçdı ölkədən,
Dözməyib cahilin xurafatına.
Düşünən başları qovdu ölkədən
Farsı da, kürdü də, türkü də qəsdən.
Deyən tapılmadı, otur yerində
Mən qafil deyiləm sözə aldanam.

De, hanı bəs sənin əməllərində
Şəri boğazlayan müqəddəs islam?
Məgər yuvasından didərgin düşən
O bədbəxt kimsələr müsəlman deyil?
İslamda insanlıq ləyaqətindən
Nitqlər söylədin minbərlərdə sən,
Yurddan qovduqların bəs insan deyil?

Minbərdən bağırdı söz gövşəyənlər:
"İslama hər yerdə dayağıq" - deyə.
Bizi darda qoyub "İslam" deyənlər
Niyə dayaq oldu bəs erməniyə?

Dandın həqiqəti sən bilə-bilə
Sübutun uydurma, dəlilin əbəs.
Erməni qəsbinə kiriməyinlə
Xoruzun quyruğu görünmürmü bəs?

Qorxuram bu yerdə belimiz sına
Adını qoymusan "İslam dövləti".
Özün de, budurmu din qardaşına
İslam dövlətinin xətri, hörməti?

Bunun da kökünü bilirik nədir?
Səninçin "arilik" dindən öndədir.
İslama "vay" dedi, dinə "vay" dedi
Arxaya çəkildi din qohumluğu.
Sizi erməniyə dayaq eylədi
Əcdadda birləşən qan qohumluğu.
Tapıldı bizdə də cəhalətindən
Dinin cövhərini anlamayanlar.
Atıldı meydana, yapışıb dindən
Onu ciblərinə qazanc sayanlar.

Kəbəyə getdilər hər il dalbadal
Ziyarət deyildi, ticarətdi bu.
Bəs hanı haqq yolu? Bu səfər, bu yol
Hacılıq adıyla tacirlik oldu.

Dedilər: Dərdlərə son qoymaq üçün
"İslam partiyası" gərəkmiş bu gün.
Bir deyən olmadı amma onlara "
A qardaş, din hara, siyasət hara?"
Nədir bu partiya? Mən anlamıram
Firqə, dar çərçivə, firqə bir qəfəs!
O boyda ucalıq, o boyda İslam
Firqə qəfəsinə sığışarmı bəs?

Din ilə ucalır ruhumuz göyə
Göylər bir qiyasa, ölçüyə gəlməz.
O böyük din ilə bircə firqəyə
Bəşərin yarısı sığışa bilməz.

5

Sökülür dan yeri, görmürsənmi sən
Zamanın özündən, vaxtın özündən?
Bu nə boş xəyaldır, nə şirin röya?
Közərir çmqa od külün içində.
Dünyanı titrədən qoca Rusiya
Bölünüb söküldü bir gün içində.
Köksünə dağ üstdən dağ çəkilən xalq
Bir gün dağ çəkəcək dağın köksünə.
Məftil çəpərləri qıra bilən xalq
Bir il gec, bir il tez - qıracaq yenə.

Torpağı yoğurur vaxt özü qanla
Vaxt gəldi, bircə söz min dünya açar.
Artıq anlamışıq ahla, amanla
Nə məftil əriyir, nə sərhəd uçar.

Zülm öz-özünə kəsilir qənim
Baxın öz yönünü dəyişən çarxa.
Suyun gəlməsinə şübhəm yox mənim
Bir vaxt şırıl-şırıl su gələn arxa.

Salaq yadınıza bu gün, cahanın
Rəngləri dəyişən beş qitəsini.
Biz də görəcəyik Azərbaycanın
Güneyli-quzeyli xəritəsini.

Noyabr, 1999

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов