Firuzə
Страница 3 из 3 · 67%
– Mən səni axtarırdım. Bəs o Aslan kimdir?
– Gedərik, görərsən, – deyə Firuzə gülümsəyərək, cavab verdi:
– Mən də sizi maşınla apararam, – deyib əlavə etdim və otaqdan çıxdım. Qayıdarkən işi başqa halda gördüm. Məmmədin üzü tamamilə dəyişmişdi, gözləri alışıb yanırdı. O gülürdü. Firuzə isə göz yaşlarını sezdirməmək üçün gözlərini silirdi. Mənə elə gəldi ki, o ağlayır, lakin dərddən deyil, sevincindən ağlayırdı.
– Hə, maşın hazırdır, gedirik? – deyə təklif etdim.
Məmməd ötkəm bir səslə:
– Gedirik, doktor! – deyə cavab verdi və addımladı.
Mən maşına minib sürməyə hazırlaşırkən, Məmməd sevinərək:
– Maşın özünüzündür? – deyə soruşdu.
– Bunu mənə, sərhəd boyuna yayılmış taun xəstəliyini tez və müvəffəqiyyətlə təsviyə etdiyim üçün mükafat vermişlər.
Yüngül “QAZ” yeni asfaltın ayna sinəsində axıb getdi. Çox sürətlə sürmür və hərdən qayıdıb ona baxırdım. O, heyrətlə ətrafa baxırdı. Elektrik işıqlarına qərq olmuş küçələri, çoxmərtəbəli yeni evləri, küçələrdə nəşəli qəhqəhələrlə gülən şən azərbaycanlı qadınları və gəncləri nəzərdən keçirirdi. Kommunist küçəsindən enib “Kitab Sarayı” yanından keçərkən, o, köksünü ötürdü; bu, heyrətdən deyil, sevincdən idi...
– Əşi, bunlar şəhərin başına nə iş gətirirlər? – deyə bağırdı.
Mən onu daha da təəccübləndirmək üçün maşını saxladım və Firuzədən maşını idarə etməsini rica etdim. Firuzə Azavtodorun dərnəyində çalışırdı. Şəhərdə maşın sürmək üçün vəsiqəsi vardı, çox zaman təkbaşına sürərdi. Firuzə sükanın dalında oturub maşını işə salarkən, Məmməd yenə təəccüb içində idi:
– Əşi, bunlar nə edir!
Məmmədin yanında oturub:
– “Bunlar” kimdir? – deyə soruşdum.
– Bizimkilər də! Hələ dünən, mən gəldiyim gün buradan keçmişəm. Tanıdığım birmərtəbəli köhnə bir evi sökürdülər. Bu gün isə burada gözəl bir park salınmışdır, asfalt ağaclar, fantan... Bəlkə iki günün içində köhnə evi sökmək, yeri düzəltmək, hətta asfaltlamaq və ağac əkmək o qədər də təəccüblü deyildir. Təəccüblü orasıdır ki, dünən əkilən ağaclar, bu gün çiçəklənmişdir və təzə yarpaqları ilə gözləri oxşayır. Mən hələ dünən Quba meydanından keçdim. Burası, vaxtilə Şərq mədəniyyətsizliyinin ən nümunəvi bir mərkəzi idi. Burada daima nərildəyən dəvələr yığıncaq qurardı. Uzun və qısa saqqallı dəllallar o tərəfbu tərəfə yüyürərdi, dərvişlər dişsiz ilanlarını oynadaraq, imamın şücaətindən və sahibəzzamanın uzunqulağa suvar olaraq zühur edəcəyindən danışardı. Dünən isə nə gördüm... Bütün o şərq köhnəliyi aradan qaldırılmış, onun yerində təzə və təmiz bir bağ salınmışdır. Buradan yüzlərlə maşınlar, tramvaylar, avtobuslar ötüb keçir. Inqilabdan qabaq tiryək alveri və tiryək çəkməyə məxsus küçələri ilə məşhur olan birmərtəbəli Xanım karvansarası xarabalığı yerində yeddimərtəbəli böyük bir bina yüksəlmişdir.
Firuzə öz sevimli nəğməsini oxuyaraq, cəsarətlə maşını idarə edir və çoxmərtəbəli gözəl evləri bir-bir geridə buraxırdı.
Məmməd Firuzənin maşını idarə etməsinə baxır və deyirdi:
– Bax, geridə qalmış avam bir qadın indi həkimdir, maşın sürür. Bu inqilabdır; həyatda inqilab, məişətdə inqilab, insanların şüurunda inqilab...
Maşın altımərtəbəli bir binanın ikinci qapısı önündə dayandı. Firuzə maşının açarını götürdü, ikinci mərtəbəyə qalxdıq. Bir otağa girdik. Firuzə düyməni burdu, ev elektrik işığına qərq oldu. Məmməd sevincindən baxırdı. Təmiz parket ayna kimi hər şeyi özündə əks etdirirdi. Qaz peçləri aynadan geri qalmırdı. Firuzə tez yüyürüb pəncərəni açdı, böyük bir ağacın budağı içəri soxuldu və sanki xoş bahar yeli ilə hərəkətə gələn təzə yarpaqlar Firuzəni təbrik etməyə başladı.
Firuzə, canlı insanlarla görüşmüş kimi:
– Xoş gördük, xoş gördük, dostlarım! – deyə yarpaqların təbrikinə cavab verdi.
Məmməd gözlərini və ağzını geniş açaraq, otağın ortasında durub, hündür ağ səqfə, pəncərələrə, mebelə və bütün gördüyü şeylərə baxırdı.
– Bax, bu mənim otağım, bu çarpayım, bu da Əsgərin çarpayısı.
Birdən Məmməd tutuldu, gözləri parıldadı.
– Hansı Əsgərin? – deyə təəccüblə soruşdu.
– Ərimin, gələcəkdə doktor olacaq Əsgərin, – deyə sakitcə cavab verən Firuzə Züleyxanın, Balaxanım xalanın otaqlarını, qonaq otağını, vanna otağını, mətbəxi, balkonu göstərərək, məlumat verirdi.
Onlar qayıdıb yanıma gəldikdə, qapı açıldı və otağa səs-küylə gənc bir qız və iyirmi yaşlarında bir oğlan girdi. Oğlan təmiz və qəşəng geyinmiş bir balaca uşağın əlindən tutmuşdu.
– Firuzə, bu kələkbaz məni aldatmaq istəyir, – deyə qız şən və gurultulu qəhqəhələrlə Firuzəyə müraciət etdi.
Qız məni görər-görməz yüyürdü və zərif əlləri ilə boynumu qucaqlayıb, uşaq kimi yanaqlarımı öpməyə başladı.
– Ata can, sənin bu kələkbaz oğlun Aslan mənə kələk gəlmək istəyir.
Burada Aslan hiyləgərcəsinə acıqlı bir vəziyyət aldı və:
– Züleyxa, mən sənə yad kişilərlə öpüşməyi qadağan edirəm, – dedi.
– O sənin işin deyil. Kefim necə istəyir, elə də edəcəyəm. Bu nə xüsusi mülkiyyətçilik xasiyyətidir? – deyə qız gözəl başını döndərərək, cavab verdi. Aslan isə gülür və deyirdi:
– Yad kişilərlə öpüşmək, həm də kənar adamların yanında...
– Kənar adam kimdir? – deyə qız tez ətrafına baxıb, yanda duran Məmmədi gördü. Tutuldu, məndən əl çəkdi və diqqətlə qonağa baxdı.
Məmməd dinmir, gülümsəyirdi. Birdən Züleyxa qəhqəhə ilə güldü, Məmmədə tərəf yüyürdü. Vəhşi pişik kimi onun boynuna tullandı.
Bərk-bərk qucaqladı və gözləri yaşardı.
– Qardaşım, əziz qardaşım! – deyə hıçqırıqlarla gülərək təkrar etdi.
– Yaxşı işdir, gəlinin olsun, məndən başqa dünyanın bütün kişiləri ilə öpüşsün, özü də mənim yanımda... Boşayıram, gedək bu saat zaqsa, gedək, – deyə Aslan zarafatla acıqlandı.
Züleyxa Məmmədin qucağından çıxmayıb, gözəl başını əydi və Aslanı hirsləndirmiş kimi, cavab verdi.
– O sənin işin deyil, kiminlə və harada öpüşmək istəsəm... Gedək zaqsa, boşanaq.
– Məmməd gülərək:
– Nə boşanmaq, Züleyxa! Sən mənsiz, mən burada yox ikən ərə getmişsən?
Qız isə qəhqəhə ilə gülərək:
– Qardaşım, o sənin işin deyil. Bu nə köhnəpərəstlikdir? Harada, haçan, kimə ərə getmək istəsəm, gedə bilərəm, – dedi.
Məmməd bir şey demək istədi, hətta başladı da:
– Dünənə qədər ağzından süd qoxusu gəlirdi...
Lakin Züleyxa kimsəyə danışmaq imkanı vermirdi:
– O dünəndi, indi isə müəlliməyəm, hesabdan, həndəsədən, cəbrdən və triqonometriyadan dərs deyirəm. Təşəkkür də almışam, indi göstərərəm...
– Elə birdəfəlik de ki, riyaziyyatdan da, – deyə Aslan onun sözünü kəsdi.
– O sənin işin deyil, kefim necə istər, elə də deyərəm, – deyə qəhqəhə ilə güldü və incə dodaqlarını qardaşının dodaqlarına yapışdırdı.
Bu halda Firuzə elektrik çayniki ilə içəri girdi, qucaqlaşan Züleyxanı və Məmmədi görüb:
– Ey, mənim ərimi öpmə, o “beynəlxalq” deyil, – dedi.
– O sənin işin deyil, kiminlə...
Züleyxa sözünü bitirməmişdi ki, Aslan bir replika atdı:
– Görünür, mənim nişanlım “beynəlxalqdır”, eləmi!
Qızlar gülüşdülər. Məmmədin üzü ciddi bir vəziyyət aldı. O cəsarətsiz bir halda yavaşca:
– Nə ər, Firuzə? Axı sən dedin ki, sənin Əsgər adlı, gələcəkdə doktor olacaq bir ərin var.
Qadınlar qəhqəhə ilə gülüşdülər.
Züleyxa tez qardaşından aralanıb, balaca uşağı qucağına götürdü və dedi:
– Onun əri budur. Gələcəkdə özü dediyi kimi, doktor olacaq.
Əsgər yoldaşın indi düz altı yaşı var.
Züleyxa uşağı atasının qolları arasına atdı. Məmməd uşağı bağrına basdı.
Firuzə gülərkən, ərinin qolundan tutdu və:
– İndi gəl gedək, əl-üzünü yu, – dedi.
Məmməd müqəssir bir halda heç bir söz demədi, ancaq uşağı daha bərk bağrına basdı. Firuzə onun qolundan tutaraq apardı.
Onlar otaqdan çıxmamış otağa səs-küylü bir qadın girdi; qolları çırmanmışdı. Yüksəkdən dedi:
– Firuzə, mənə bir az kağız ver, özün də gəl kömək elə, divar qəzetinə bir məqalə yazım. O bürokrat, ziyançı taxtalar və dəmir hissələri həyətdə, yağışın altında saxlayır. Deyirəm xarab olar, deyir sənin ixtiyarın yoxdur ki, mənim üstümə çığırasan, mən material hissəsi müdiriyəm, materiallar üçün məsul mənəm.
Züleyxa bir uşaq kimi anasına tərəf yüyürərək:
– Əlbəttə, ana, başqasının işinə qarışmağa sənin haqqın yoxdur, hələ qalsın onun üstünə çığırmaq, – dedi.
– Necə yəni haqqım yoxdur! Mən yerli komitənin üzvüyəm. Bəlkə o başa düşmür, bəlkə qəsdən materialları xarab edir, – deyə kiçik Əsgəri qucağına aldı.
Firuzə qızarmış, dodaqlarını nə üçünsə silərək, otağa girdi, nəşə ilə:
– Balaxanım xala, mən ərə gedirəm, – dedi, – bax, nişanlım da buradadır.
Gəl, tanış ol!
Firuzə qarını çəkə-çəkə əl-üz yuyulan otağa apardı. Mən qarının ancaq son sözünü eşitdim:
– Nə olar, qızım, Məmməd də özünə bir başqasını tapar.
Züleyxa şən bir halda yüyürüb məni qucaqlayaraq:
– Mən də başqasını tapdım, bax, bu kişini, – dedi.
– Yaxşı işdir, onlar orada öpüşsün, bunlar burada. Bəs biz adam-zaddeyilik, – deyə yenə Aslan zarafat etdi.
– O sənin işin deyil, – dedi, – təsnifi muğamdan ayıra bilməyən hər uşağı, hər iyirmi yaşlı bəstəkarı öpməyəcəyəm ki...
– Odur ki, sən öz gələcək ərindən başqa hamı ilə öpüşəndə Nyuton yerinə gah Arximeddən, gah da Pifaqordan yapışırsan.
– O sənin işin deyil...
Plastinka hərləndi, qız nəşə ilə yerindən sıçrayıb, Aslana tərəf yüyürdü və hamar, parlaq parket üzərində süzməyə başladılar. O biri otaqda ana ilə oğlun necə görüşdüyünü bilmirəm, ancaq onu bilirəm ki, onlar otağa girərkən, Məmmədin üzü tərtəmiz, Balaxanım xala isə qulaqlarına qədər sabun köpüyünə bulaşmışdı.
Mən ayna ilə üzbəüz oturmuşdum, qonşu otağın bir hissəsi bu aynada görünürdü.
Firuzənin, böyük bir həzlə ərinin üzərinə odekolon səpdiyini, birbirinə baxdıqlarını, Firuzənin onu qucaqladığını və hərarətli dodaqlarının bir-birinə yapışdığını aydınca görürdüm.
– Nə olar, – deyə düşündüm, – sosyalizm öpüşə zidd deyildir...
Doğrusunu desək, mən qibtə edirdim. Mən Firuzəni qısqanırdım. Onların bəxtiyarlıqlarına, gəncliyinə, bəxtiyarlıqdan alışıb yanan gözlərinə qibtə edirdim və: “Neçin 28 yaşında deyiləm?” – deyə heyifsilənirdim.
Züleyxa piano çalarkən, Firuzə ilə Aslan parket üzərində süzərkən, balaca Əsgər güclə nənəsini oynamağa dartarkən, Məmməd yanımda oturdu və məsud bir hal ilə yavaşca:
– Indi hər şey mənə aydındır, – dedi. – Bir baxın, doktor, köhnə Bakı nə idi, indi nə olmuşdur! Bu əvvəl nə idi, indi nə olmuşdur! Xam adam belə şeydən özünü itirməzmi? Siz isə mənim nəbzimi yoxlayırdınız. Iqtisadiyyatda inqilab, həyatda inqilab, məişətdə inqilab, insan şüurunda inqilab. Bu inqilab təbiətin köhnə qanunlarını belə dəyişdirir. Çılpaq, qumlu düzləri iki gün içərisində yaşıl, çiçəkli bir bağa döndərir. Onun sayəsində ölü qəbiristan belə canlanır, mədəniyyət və istirahət parkına çevrilir.
Məmməd doğru deyirdi. Lakin mən ona məsləhət gördüm ki, sabahdan aynanın yerini dəyişsin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-firuze
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cümə günü qəzetimizin ədəbiyyat dərnəyində, yoldaş Məmməd Səid Ordubadi “Şirvanşahlar dövründəki Azərbaycan ədəbiyyatı” xüsusunda məruzədə bulundu.Məruzəçi ilk əvvəl həmin dövrdə türk şairləri tərəfindən farsca yazılmış ədəbiyyatı qeyd ilə məruzəsini farsca birinci şeir yazan və fars şerinin atası olan Rudəkidən başlayır. Bu xüsusda ətraflı məlumat verdikdən və onun ilə Nizami arasındakı şairləri saydıqdan sonra farsca yazılmış ədəbiyyatın sarsılmaz bir sütununu təşkil edən Şeyx Nizami həyatı, ədəbi fəaliyyəti və ədəbiyyatının mahiyyəti ətrafında geniş məlumat verir.
“İblis”in son quruluşuBu cümə günü Dövlət Türk Teatrında 2-ci dəfə olaraq “İblis” pyesi oynandı.Bu yeni quruluş xüsusunda Xəlil İbrahim yoldaşın “Kommunist”dəki yazısına əlavə olmaq üzrə bir neçə məsələni qeyd etmək istərəm:
V.A.UğryumiDünən, nisanın 23-də Türk Tənqid-Təbliğ Teatrının baş rejissoru Vladimir Aleksandroviç Uğryumi (Kasabov) vəfat etmişdir.Uğryumi 1883-cü ildə Bakıda təvəllüd etmiş və Bakıda Birinci Gimnaziyanı bitirdikdən sonra, Odessada Novorusiya darülfünununun hüquq şöbəsini bitirmişdir. Hələ gimnaziyada oxuyurkən, səhnə ilə uğraşmağa, sonradan tələbə ikən Odessa teatrında çalışmağa başlamışdır.
Türk teatr məktəbi1Məktəbin açılışı və onu doğuran səbəblər
Стихи других поэтов
Gecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi,
Oldu: Məh yüzünə salmış bu mələkmənzərMəh yüzünə salmış bu mələkmənzərMüənbər zülflərin zərəfşan oldu,
Xam sevdaKönül çıxart başdanBu xam sevdanı
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.