Sitarə
Содержание
Страница 2 из 5 · 20%
Üçüncü pərdə
Tapdıq istədiyinə nail olmadıqda Sitarədən intiqam almaq üçün gedib onun
atasına deyir ki, Sitarə əxlaqsızlıq edir, mən ona göz olduğum üçün məni öz
adamlarına döydürmüşdür. Hacı, oğlu Ismayılı göndərir ki, Sitarəni öldürüb, məcərini
qana bulayaraq gətirsin. Ismayıl bacısı Sitarəni öldürmək üçün meşəyə gətirir.
Sitarə
(Rast üstə)
Qardaş, bu nə yerdi ki, gəldin, bəyan eylə;
Bəs hardadı atamla anam, sən əyan eylə!
İsmayıl
Atan-anan? Dəxi onları bir də görməzsən.
Söylə nə işdi sən eyləyibsən, bəyan eylə.
Tapdıq deyir ki, başlamısan işrət etməyə,
Sən altı aydı xainə xəlqi-cahan ilə.
Layiqmi lotular əzələr qardaşın başın,
Biçarənin dola başı-əndami qan ilə?
Qansız, həyasız, abrusuz, axırın gəlib,
Tez kəlməyi-şəhadəti virdi-zəban eylə.
Sitarə
(Bayatı-şiraz)
Qardaş, səni tanrı, belə böhtana inanma;
Aldanmagilən hiyləyi-şeytana, inanma.
Bica yerə öldürmə məni eyləmə rüsva,
Qondarmadı bu, and ola Qurana, inanma.
İsmayıl
(Təsnif)
Yoxdur sənə çarə, heç ağlama:
Hökm eyləyib atam qətlin mənə.
Indi gərək öldürəm səni mən,
Gərəkdir cəza verəm mən sənə.
Sitarə
Qar...daş, Tapdığın
Bi...ca...dır sözü...
Xa...in...lik edib,
Zülm... etdi özü...
İsmayıl
Bəsdir, belə dad etməgilən sən,
Səni gərək öldürəm bu gün mən.
Boyayıb qanınla məcərini,
Atamı inandıram onunla.
Sitarə
Qar...daş, rəhm elə...
Ö...ldür...mə məni...
Çatdır... atama,
Ö...ldür...mə məni...
İsmayıl
İndi ki, qorxursan, bəs nə üçün
Xainliyə iqdam etdin əvvəl?
Bilmirdinmi cəza verəcək
Axırda sənə cəlladi-əcəl?
Sitarə
(Şüştər)
Öldür, qurtar məni, dəxi mən canə gəlmişəm,
Düzlük yolunda xari-zəlilanə gəlmişəm.
İsmayıl
Gərək səni öldürüm bu gün mən,
Olmaz sənə ölümdən bir aman.
Atamın hökmünü ata bilmərəm,
Ağlama, etmə ürəyimi viran.
Sitarə
Könlüm bu gün qəza oxuna bir nişanədir,
Qəlbim əzən bəlavü-qəmə aşiyanədir.
Dövrani-dun sitareyi-bəxtim edib zəbun,
Bu macəralərə məni salmaq bəhanədir.
İsmayıl
(Simai şəms)
Düşdü axır, sözlərindən bir yanar od canıma:
Mən səni öldürmərəm get, bir də gəlmə yanıma.
Məcərin ver, mən onu quş qanıyla əlvan etdim,
Tanrı divanın edər, yox hacəti divanıma.
İsmayıl örpəyi alıb gedir, Sitarə meşədə yalqız qalır. Meşə yavaş-yavaş
qaranlıqlaşır.
Sitarə
(Bayatı-şiraz üstə tək oxuyur)
Bu dəştidə ürəyim, yarəb, ahi-zaridədir;
Mənə bu yerdən isə yaxşı yer məzaridədir.
Meşə qaranlıq, özüm tək də vəhşi heyvanlar,
Ölüm şərabı üç qəlbim intizaridədir.
Musiqi.
Dənilər, əhli-cəfalar çəkirlər zövqü-səfa,
Nədənsə əhli-sədaqət həmişə xaridədir.
Cahanda zövq çəkirlər həmişə yudalər,
Nədənsə həzrəti isalar övci-daridədir.
Olur nəsib gülün şəhdi nişi-zənburə,
Nəsibi-bülbüli-zar isə nişi xaridədir.
(Yıxılır)
Verir ziyasini ol şən xain insana,
Və leyki qisməti pərvanənin də naridədir.
İlahi, varmıdı çərxin dolanmağında vəfa,
Günahilər, demə, od çərxi-kəcmədaridədir.
Bir dəstə əsgər daxil olub oxuyurlar.
Xor
Bu gün şikarə çıxmışıq
Yaxşı məkanə gəlmişik;
Xəlvət meşə arasında
Bir gözəl qız tapmışıq.
Təəccüb işdir bu lap
Rast gəlmişik biz.
Musiqi.
Burda insan dolanmayır,
Bir zihəyat dayanmayır,
Bu qız bura hardan gəlib,
Insan onu qanmayır,
Burda bir ov durmayır,
Biz tapmışıq qız.
Mənsur xan
(daxil olur)
Yaxşı mənə xəbər verin,
Gedib ova şikar edin;
Burda dəxi dayanmayıb,
Kənar olub tez gedin;
Burda dəxi durmayıb
Kənar olun siz.
Əsgərlər gedirlər, Vəz ir gizlənir ağacın altında. Mənsur
şikəsteyi-fars üstə kənarə
Səhər-səhər nə gözəl bir şikarə uğramışam,
Əcəb şikaridir, ey dil, nigarə uğramışam.
Təəccüb iş degilmi burda qız görə insan;
Çətin bir işdi, təəccüblü karə uğramışam.
Gedim hələ soruşum bu sözü özündən bir,
Çıxar iş ondan yəqin aşikarə, uğramışam.
(Sitarəyə)
Gözəl Xanım, nə gəzirsən burada?
Söylə görüm haralısan, ay gözəl?
Bülbül məskən salmaz, söylə, yuvada,
Söylə görüm, haralısan, ay gözəl?
Gözəl Xanım, sevimlisən, şanlısan,
Hayalısan, işvəlisən, qanlısan,
Söylə görüm, kimsən, nə məkanlısan,
Hansı dağın maralısan, ay gözəl?
Sitarə
Soruşma sən mənim məkanım, elim,
Xain qardaş mənim soldurub gülüm.
Xəzan yeli lap edibdir bülbülüm,
Mən haralı, belə yerlər haralı!
Gözəl desən, gözəllərin gözüyəm,
Həştadıyam, doxsanıyam, yüzüyəm;
Adım Sitarə, Hacı Səyyadın qızıyam,
Mən haralı, belə yerlər haralı!
Mənsur
Ey ömrümün nişanəsi, bəxti-səadətim,
Mən aşiqəm camalında, yox səbri-taqətim.
Hicrində yandım, ey mələk, dəxi yetdi nəhayətim,
Dur gəl gedək, bu qəm yetə bəlkə nəhayətə.
Sitarə
Naməhrəm ilə bu hərəkətlər rəvamıdır?
Getmək səninlə, dərdimə, söylə, dəvamıdır?
Lənət bu çərxə, gərdişi kim cabəcamıdır?
Bu çərxidən gedim kimə bilməm şikayətə?
Mənsur
Şərilə ol hərəm mənə... sənə ver riza, gözüm,
Rədd etmə, dilbərim, səni tanrı, bu bir sözüm.
Gəl, ey gözəl, gedək, aparım mən səni özüm,
Yar ol mənə cahanda yetim mən səadətə.
Sitarə
Dövri-qəza bu dərdə giriftar edib məni,
Dərdü bəlavü qəmlə dilavər edib məni;
Bəlkə sənə bu dövri-qəza yar edib məni.
Bu çərxidən gərək yetə hər kəs kifayətə.
Gedirlər. Musiqi.
Vəz ir
Aldın əlimdən mənim şikarımı,
Gör nə cür səndən allam intiqamımı!
İntiqam! Intiqam! Intiqam...
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-sitare
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Novbahar oldu, günəş şölələnib nur saçır,Qar ərir sellər axır, ot göyərir səhradə.
Bayram saxlayanlaraYenə əhatə edib zehnimi xəyalətlər,Gözüm önündə gəzir başqa dürlü halətlər.
Boranlı qış gecəsiBoranlı qış gecəsi, şaxta şiddətilə kəsirKülək vıyıldayaraq səs salır biyabanə;
Bu həqiqətdir kiBu həqiqətdir ki, bir səslə edib aləm qəbul:Sarsıdar əflaki birlik, ittifaqın qüvvəti.