Ana və analıq
Содержание
Страница 2 из 7 · 14%
Iıı. arvadlara hörmət etməlidir
Arvadlar xilqətdə əziz olub böyük bir vəzifəyə malik olduqda, onlara əziyyət etmək günahdır. Arvadı döymək, onu söymək xilqətə çirkin hərəkətlər isnad vermək kimidir. Haqqın dostunu məyus etmək onun özünü incitmək deməkdir. Insaniyyət nöqteyi-nəzərindən də baxsaq, arvadı döymək insafsız işlərdən biridir. Əsrimiz tərəqqi əsridir, adam döymək zamanı çoxdan keçib gedib. Indi ancaq vəhşi qövmlər arasında mövcuddur. Hərgah mədənilik adı qazanmaq istəyiriksə, belə çirkin hərəkətlərdən gərək əl götürək. Arvada da hörmət etmək hər bir kişiyə vacibdir. Küçədə qabaq-qabağa gəldikdə arvada ehtiram ilə yol verməlidir, tramvayda və ya konkada arvadlar ayaq üstə qalsa, gərək kişilər durub yerlərini onlara versinlər...
Belə-belə adətlər avropalılar və amerikalılar arasında mövcuddur. Məsələn, “Titanik” gəmisinin tarIxini nəzərə aldıqda, arvada nə dərəcədə hörmət edilməsi biz asiyalıları qeyrətə gətirir. Gözü ilə görən nağıl eləyir ki, “Titanik” suda üzən bir buz qayasına toqqaşıb ümidsiz bir halda xarab olduqdan sonra kapitan əmr elədi ki, kişilər qayıqlardan kənar çəkilsinlər. Kişilər kamali-sükutla kənara çəkildilər. Xanımlar qayıqlara əyləşdilər. Bir neçəsi ərlərindən aralanmağa razı olmayıb, bir yerdə suya qərq olmağı qəbul etdi. O cümlədən qoca bir qarı (milyoner Ştrausun) arvadı əri ilə qucaqlaşıb bir yerdə suya batdılar. Lazımi nizam bərpa idi, kişilər qayığa minib nicat tapmaq meylində olmadılar. Ağlamaq və qorxu səsi əsla eşidilmirdi.
Bu minvalla nəcib kişilər qayıqları arvadlara və uşaqlara verib özləri ölüm şərbətini mərdliklə içdilər (...)
Iv. arvada ixtiyar verməlidir
Arvadlarımızın ixtiyarsız bir parça şey mənziləsində olmadıqlarını qabaqda nağıl eləmişdik. Bu barədə burada müfəssəl danışmağın lüzumu yoxdur. Ancaq bunu deyəcəyəm ki, arvadlara ixtiyar verməməyə, onları ağlı naqis bilib özümüzə qul kimi tabe eləməyə heç bir haqqımız yoxdur. Bunsuz insanın diriliyi bir qəpiyə dəyməz. Arvada ağlı az demək də böyük səhvlərdən biridir. Avropalılar da axır vaxtadək bu məsələ ilə məşğul idilər, hükəma arvadın beynini ölçüb-biçməyə, tərəziyə qoyub çəkməyə vaxtını sərf eləyibdir. Bu minval ilə isbat edirdilər ki, arvadın ağlı kişininkindən azdır. Təcrübə isə əksinə göstərdi. Arvadlardan bir xeyli istedadlı ədiblər, rəssamlar, heykəltəraşlar, professorlar, həkimlər və qeyriləri əmələ gəldikdə “naqislik” məsələsi öz-özünə məhv olub getdi. Bizim təzədən bu barədə danışmağımız boş işlərdən biridir. Yaxşısı budur ki, arvadların üstündən bu töhməti vaxt ikən götürək. Bunlara xüsusi tərbiyə verilsə, bunlar üçün ləyaqətli məktəblər bina olunsa, kişilərə yol göstərməyə qadir olarlar. Indilikdə Qafqazda bir neçə xanımlarımız əmələ gəlib ki, istedad və elmləri sayəsində “naqislik” ləkəsini arvadların adından silib təmizləməkdədirlər. Möhtərəmə Həmidə xanım Cavanşir öz mülkünü dolandırmaqda, abad eləməkdə qeyri-zəmindar bəylərimizdən geri durmur. Bəlkə onlardan artıq karkün olub, istedadda, qabiliyyətdə hamını mütəhəyyir qoyub.
“Russkoe slovo”, 1912, №
Mənim “Arvadlarımızın halı” adlı risaləmə baxın (müəllif).
Bakıda Hənifə xanım Məlikova qız məktəbi nazirliyində millətimizə tərbiyəli analar yetirməkdədir. Bu hörmətli xanım müəllimlikdən savayı avam arvadlar üçün bir məsləhət yeri olub. Hər kimin nə dərdi var, buna deyib çarə istəyir. Kiminə ərizə yazır, müşküllərini həll eləyir, azarlılarına həkimi tanıdır, mərizxananı nişan verir. Bu həmin xanımdır ki, Peterburqda müəllimlər mədrəsəsində kişilərimiz cürət edib danışmadığı bir halda nitq söyləmişdi. Arvadların ağlı naqisdirsə Həmidə və Hənifə xanım kimi şəxslər necə əmələ gəlib? Bunlar min kişiyə ağıl öyrədər. Yenə, Bakıda həkim Aminə xanım Bəradərşah Peterburqda ali məktəb qurtarıb. Bu xanım da minlərcə arvad və kişiləri müalicə edib ölümdən qurtarıb. Ağlı az insanda da bir bu qədər istedad və kamillik olarmı?
Pəs, arvada ağlı naqis deməkdə səhvimiz var. Bunlara ixtiyar verib ağıllarının genişliyinə çalışılsa, heç bir şeydə kişilərdən geri durmazlar. Arvad ixtiyarsız olduqda bundan böyük ədalətsizlik baş verir. Bunun da xətəri həm arvada toxunur, həm də millətimizə. Bir qızı atası götürüb tanımadığı bir adama verdikdə görün nə qədər zülmlər əmələ gəlir. Ixtiyarsız qız atasının sözündən çıxa bilmir və cəmi ömrünü xoşlamadığı bir adamla keçirib diriliyini göz yaşlarında çürüdür. Ixtiyarsız arvad öz xahişi ilə ərindən boşana bilmir. Əri evindən qaçdıqda kişisi onu qeyri ərə getməkdən məhrum qoyur. Burada yeni müşküllər əmələ gəlir. Arvad boşanmaq üçün cürbəcür vəsilələrə əl atır: kəbinindən keçir, izzəti-nəfsindən keçir. Gündə bir mollaların, ağsaqqalların qabağında göz yaşları tökür ki, bəlkə ərini yola gətirələr, onu azad eləyə. Iş bununla qurtarmır. Qız tərəf talaq üçün yeni vasitələr axtarır və bu vasitələr də çox vaxt qanuna və insafa xilaf olur. Məsələn: Ittifaq düşür ki, arvadı azad etmək üçün onun ərini öldürürlər, çünki ər arvadına kağız verməmək fikrində olduqda ondan heç bir vasitə ilə arvadı boşamaq olmur. Kişinin ölməyi bu məsələni həll eləyir. Öldürmək mümkün olmasa, arvad cəmi ömrünü “kağız altında” keçirir və min cürə məşəqqətə davam edir. Belə də ittifaq düşür ki, kişi kağız verməyə razı olur, bu şərtlə ki, onu pul ilə razı eləsinlər. Onun da nəticəsi bu olur ki, əqdi-nigah müqəddəsliyini itirib oyuncağa dönür və hər yetən pul qazanmaq üçün qız almağa şüru eləyir. Axırda da qız bədbəxt olur.
Arvadı ərindən biizin boşamağa camaatımız yeni bir vasitə tapıb, bu da küfr təriqilə əmələ gəlir. Çünki arvadı ağlı naqis bilirlər, bunlar kafir olub bir də islama daxil olsalar tövbələri şərən dürüst olur. Deməli bir neçə şahid yanında küfr elədikdə ərindən boşanmış olur. Talaq verilib asudəliyə çıxdıqda yenə müsəlmanlığı qəbul eləyir.
Aşkardır ki, bu vasitə də şəriətin camaat gözündə nüfuzunu qırır, nigahın müqəddəsliyi yenə yox olur və əxlaq düşkünlüyü meydan tapır.
Bu bir belə bədbəxtliyin səbəbi arvadın ixtiyarsızlığıdır. Hərgah arvad da kişilərlə bərabər bir hüquqa malik olsa idi, bu işlər ittifaq düşməzdi.
Arvad övladının zəhmətini kişidən artıq çəkir, kişi isə özünü balalarının sahibi hesab eləyir. Halbuki arvadın təbii vəzifəsi qanununca o kişidən artıq ixtiyara malik olmalıdır ki, övladına tərbiyə və təlim verə bilsin. Bizim arvadlar avam ola-ola oxumuş kişilərdən çox maarifpərvərdirlər. Uşaqlarımızın məktəbə yollanmağının səbəbi çox vaxt anaları olur. Qız uşaqlarının oxumağına kişilər mane olduqda, arvadlar bu yolda var qüvvələri ilə çalışırlar. Bir müsəlman müəlliməsi nağıl eləyirdi ki, bir arvad qızını ikinci dərs başlananda məktəbə gətirirdi. Müəllimə arvaddan sual eləyir ki, niyə qızı məktəbə gec gətirir.
Arvad cavab verir: ərim qızımın oxumağına razı deyil. Ərimi bazaar yola salandan sonra qızı məktəbə xəlvəti gətirirəm. Ərim evdən gedincə də məktəbin vaxtı yetişir.
Burada da ixtiyarsızlıqdan böyük müşküllər əmələ gəlir. Bir-iki arvad ərlərindən xəlvət övladlarının oxumağı yolunda iş görə bilirlərsə, minlərcəsi görə bilmir və ərlərinin qorxusundan gözəl fikirləri arzu dairəsindən kənara çıxmır. Bu səbəbdən də köhnəliyimizdən aralanıb tərəqqi edə bilmirik. Arvadlara ixtiyar verilsə, işlər tamam dəyişilər.
Elm aramızda yayılar və onun işığında diriliyimiz də asanlaşar. Ixtiyarlı arvad özünü xoşbəxt edən kimi, özgələrinin də xoşbəxtliyinə bais ola bilər. Ixtiyarsız arvad müftəxorluğa adət edib, kişilərə əngəl olur. Hüquqa malik arvad isə kişiyə dərd və qəm yoldaşıdır. Belə arvadlar analıq vəzifələrini yerinə yetirəndən sonra kişilərlə bərabər təminiməişət üçün çalışmağa qadir ola bilirlər. Indi qədim zaman deyil ki, bir kişi neçə arvadı saxlamağa qüvvəli olsun, mübarizeyi-həyat hər yerdə şiddətlə irəliləməkdədir. Vaxt ikən arvadlara hüquq verilməlidir ki, bunlar kişilərə qoşulub dirilik boyunduruğuna şərik olsunlar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-ana-ve-analiq
Другие произведения автора
AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR*(ixtisarla)
Tarixi, coğrafi və iqtisadi AzərbaycanTARİXİ, COĞRAFİ VƏ İQTİSADİ AZƏRBAYCAN*Əziz yoldaşımız və böyük mürşidimiz
Litva tatarlarının tarixiLİTVA TATARLARININ TARİXİ MÜQƏDDİMƏ*Böyük Avropa müharibəsi bir çox millətlərə zərbələr vurduğu kimi, Litva tatarlarına da toxundu və əsrlərdən bəri Litvada, Lahistanda və Volında gəlmə olan tatarlar torpaqlarını və məskənlərini tərk etməyə məcbur oldular. Bu gün bu tatarların bir çoxunu Krımda görürüz: generallar, zabitlər, hüquqşünaslar, doktorlar, məmurlar və bir çox sənətçilər. Əvvəlcə vətənlərindən yay və qılıncdan başqa tişa bir şey götürməyən tatarlar, bu gün (tişdan) elm və fünun ilə təchizli olaraq geri dönür. Lakin çox yazıq, ana dillərini qeyb etmişlər. Bizim islamlıq və türklük borcumuz: Litvanyalı qardaşlarımızı hörmət ilə əski vətənlərinə qəbul etmək və onlara türk dili öyrətmək. Bu bizim həpimizin müqəddəs vəzifəmizdir. Krım tatarı münəvvər sinfinə çox möhtac olduğu üçün zəruri ehtiyacı bir parça dəf edərlər, zənnindəyiz.
Azərbaycan muxtariyyatı. Ayılın, toplaşın!AZƏRBAYCAN MUXTARIYYƏTI AYILIN, TOPLAŞIN!*Türk millətinə xitab
Стихи других поэтов
Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
Cəmalın şəminə, cana, yanar pərvanələr bir-birCəmalın şəminə, cana, yanar pərvanələr bir-bir,Çəkər zənciri-zülfün, həsrətin divanələr bir-bir.